Fəthullah Gülənin Ərdoğanın dəvətinə cavabı

“Əstağfirullah. Öncə qeyd edim ki, O, özünə yaraşanı etdi. Bu (dəvət) ilk dəfə deyil, bu günədək dəfələrlə hörmətli prezident də, o da ya açıq şəkildə, ya da bir vasitə ilə dəvət etdilər. Bir sıra başqa dövlət adamlarımız özlərinə yaraşan o mərdliyi göstərdilər: "Artıq Türkiyəyə qayıtma vaxtı çatmadımı?” dedilər.

Onlar öz öhdəsinə düşəni, özlərinə yaraşanı edirlər. Mən də ‒ “mən” demək də çox çirkin şeydir ‒ aciz qənaətimcə, mənə yaraşanı etməliyəm. İndi onlar dəvət edirlər, “gəl” deyirlər, bu təbii haldır. Millətimiz də “Onlar dəvət etməlidir” deyə düşünə bilər. Mənə elə gəlir, hər halda, orada (tədbirdə) alqışın ritmi, dozası bir az yüksələndə “Belə bir tələb var” deyə düşündü hörmətli Baş Nazir. Yəqin buna görə "alqışlardan belə başa düşürəm" dedi. “Onlar çağırmalıdır, çağırmasalar qayıda bilmərəm, Türkiyə etibarlı, güvənli bir yer deyil, başıma bir iş gələ bilər” (deyə qayıtmadığımı zənn edənlər də ola bilər.)

Sözlərim ola bilsin ki, xoşagəlməz olsun, ancaq mən heç vaxt “başıma iş açaram” dərdi ilə hərəkət etməmişəm. 27 May (çevrilişini) gördüm, təhdid gördüm, hətta ölümlə təhdid edildim. Qarşıma çıxan bir polis rəisi pilləkənlərin başında əgər “dayan” deməsəydi, filmlərdə olduğu kimi, pilləkənlərdən aşağı atacaqdı məni. “Dayan” deyəndə, oradaca dayandı. Sonra da qovdu məni oradan. “Nə işin var sənin burda?!”. Onda hələ əsgərliyə getməmişdim, məsciddə imam idim. Arxasınca 12 Mart (çevrilişi) gəldi. Məhkəmə üç il davam etdi, mən üç il məhkum edildim. Bir il də sürgünə göndərildim. Aylarla içəridə yatdım. Könül xoşluğuyla girdim, heç şikayət etmədim. Şikayət eləmişəmsə, siz bilərsiniz,. 12 Sentyabrda (çevriliş) bir cani kimi 6 il qaçmaq məcburiyyətində qaldım. İçəriyə girənlər vardı, deyirdilər "Girənə aman vermirlər". Hərbidən çıxmış Cahid əfəndi vardı, içəriyə girdi, çıxdı "Aman, xocam", dedi... Əvvəl tale mənə təslim olmama yolunu göstərdi. Mən də o yolla getdim. Təslim olmağı fikirləşmədim. Sui-niyyətləri varmış, pis şeylər düşünürmüşlər. Əvvəllər çox pis şeylər düşünürdülər, onda daha pis şeylər düşünürmüşlər.

Daha sonra 28 Fevral, 27 Aprel məsələləri (çevrilişləri) oldu. O dövrdə də təhdidlər oldu, hətta mən onda yenə Amerikadaydım, 1997-ci ildə. Dövlətin başında duran insan mühüm bir dəyişiklik olan kimi mənə zəng elədi, "Qayıt", - dedi, "Vəziyyət dəyişdi, əmin-amanlıqdır, qayıt", - dedi. Qayıtdım. Təkrar səhhətimlə əlaqədar Mayo Klinikasına gəldim (yəni Amerikaya qayıtdım), müalicə üçün gəldim. Stend taxdırmaq üçün gəldim. İş eləcə qaldı.

Əslində, şəxsim üçün narahat deyiləm, olmamışam da. Məni dünyaya bağlayan heç nə yoxdur. Ola bilsin sözlərim bir az iddialı çıxsın. Daşı-daş üstünə qoymamışam. Oğul-uşağım yoxdur. Şəxsimə adi gələcək planlarım yoxdur. Belə şeyləri mənsub olduğum, könül verdiyim, qayə bildiyim məfkurəyə, düşüncəyə həmişə əks görmüşəm.

Utanaraq da olsa, bir şeyi danışım sizə: əsgərlikdə olanda anam-atam əmimi göndərmişdi, bütün böyüklərim üstümə tökülmüşdü, mənə "Həyatını dəyişdir" dedilər. Əmimə "Mən sizin dininizdən (imanınıza) şübhə edirəm", - dedim. "Din əldən gedir, mən başımı bu yola qoymuşam, siz də ayağıma zəncir vursanız, məni batırarsınız", - dedim, - mən bu haqda heç düşünmürəm.

İzmirə gələndə çox sevdiyim Yaşar xoca boynuma sarıldı, Kəstanəbazarının həyətində, "Ay xocam", dedi, "Filankəslə...", dedi. "Xocam”, - dedim, - mən heç vaxt ağlımdan keçirməmişəm, həyatımı bu işə həsr etmişəm. Başqa şeyi düşünməyi özümə haram sayıram". Bu fikir obyektiv deyil, hər kəsə şamil etmək olmaz, mən zəif adamam, iki yükü birdən çəkə bilmərəm... Boynuma sarıldı "Sən də sözümə qulaq asmasan, kim qulaq asar?", - dedi. Onu kədərli qoyub getdim.

Dünya naminə heç bir sevdam olmadı, heç bir şeyə bənd olmadım. Çox cazibəli təkliflər ayağıma qədər gəlsə də, "Bu da mənim olsun" demədim, ağlımdan keçirmədim. Yeganə arzum Allah və Rəsulunun adının dünyanın hər tərəfinə yayılması oldu. Amma o mövzuda məramımı düzgün çatdıra bilmədim, söyləyə bilmədim. Nəfsimi qarışdırdım... Səsimi tənzimləyə bilmədim. (Hönkürtü ilə ağladı)

Sizin sualınıza gələndə isə: Mən şəxsən özümə görə heç vaxt narahat olmamışam, hətta “Qırx dörd yaşında, bəlkə, məni asarlar" deyirdim, "Qırx dörddə asmadılar, bəlkə, əlli beşdə, altmış altıda..." dedim, altmış altı oldu, asmadılar. Mən həmişə bu xəyallarla yaşamışam. Rəbbim şahiddir. Ancaq əgər sizin bir qayəniz varsa, bir məfkurəniz varsa... Türkiyədə yeni-yeni problemlərin aradan qalxmasını, bəzi xoşagəlməz hadisələrin olmamasını, bir qisim nailiyyətlərin - Allah qorusun- itirilməməsini istəyirsinizsə, əgər sizin oraya getməklə yüzdə bir ehtimalla da olsa bu məsələlərə zərər gələcəksə... Şəxsimə görə deyil, mən sırf buna görə narahatam, buna görə getmək istəmirəm. Görsəm ki, heç bir narahat olası bir məsələ yoxdur, onda bu fəqir bir qərar verər. "Mən" demirəm, çünki bu sözdən ənaniyyət (təkəbbür) qoxusu gəlir, "Mən" demirəm “fəqir” bir qərar verər.

Fərz edək ki, gedəsi oldum... Qisas almaq istəyənlər bəzi müəssisələrə zərər verərək yüzdə bir ehtimalla da olsa dövləti çətin vəziyyətə qoyacaqsa, Türkiyənin müsbət fəaliyyətlərə mənfi təsir edəcəksə, ölkəmə, millətimə, ölkəmdə olan o gözəl işlərə zərər verməmək üçün “vətən həsrəti” deyib, - ömür vəfa edərsə - burada qalacağam... həsrətdən burnumun ucunu göynədən xatirələrdən qaçacaq, burada qalacağam, burada yaşayacağam...

Bütün bu əndişələr aradan qalxanda oturub yoldaşlarımla, eyni taleyi bölüşdüyüm insanlarla ətraflı görüşəcəyəm, ondan sonra...

Mən də arzulayıram. Əgər burada ölsəm, öz ölkəmdə, öz torpağımda basdırsınlar, mən bunu arzu edirəm. Gələndə fikirləşirdim ki, burada ölüb qalaram. Ona görə də yoldaşlara, "Burada bir yer alın, bizə aid olsun, Türk millətinə aid olsun, oraya basdırın" demişdim, sonra fikrimi dəyişdim, vətən həsrəti məni buna məcbur etdi.

Öz ölkəmdə ölməyi və mübarək anamın ayaqlarının dibinə basdırılmağı arzu edirəm. Bu da mənim vəsiyyətim olsun!.. Gördüyüm işlərin, düşüncələrimin, planlarımın, fəaliyyətlərimin millətimə, ölkəmə zərər verməsinə razı olmaram. Yüzdə bir ehtimalla da olsa, razı olmaram.

O tələb edən yoldaşlarımız, dövlət adamlarımız, məni bağışlasınlar!.. Onlar mərdlik göstərib dəvət etdilər. Onlara hörmətim də məni bu haqda düşünməyimə vadar edir...

Məni bağışlasınlar..."

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.