Fəthullah Gülənin Sözlərinə Dəstək

Fəthullah Gülən Xoca Əfəndinin ailədə qadın döymə ilə əlaqədar, "Qanuni boşanma səbəbi adına ictihad" olaraq qəbul edilən sözləri ictimaiyyətdə geniş əks-səda doğurdu.

İslam dinində heç bir şəkildə zorakılığa yer olmadığını ifadə edən ilahiyyatçılar Xoca Əfəndinin sözlərinin dinin qadınlara verdiyi haqların xatırladılması baxımından olduqca əhəmiyyətli olduğunu söylədilər.

Ailədaxili zorakılıq, xüsusilə də, ailədə qadının döyülməsi müxtəlif zamanlarda gündəmə gələn ictimai bir yaradır. "Zaman" qəzetinin köşə yazarı Əhməd Kurucanın Fəthullah Gülən Xoca Əfəndinin fikirlərini qələmə aldığı yazısı ilə bu mövzu bir daha gündəmə gəldi.

"Əri tərəfindən döyülən qadınlar, əgər ortada uşaqlar olmasa, boşansınlar deyərdim. Kişinin həyat yoldaşını döyməsinin "güclü zəifi hər zaman əzər" zalım fəlsəfəsindən nə fərqi var? Siz mənə siyərdə Əfəndimizin (s.ə.s.) xanımlarına əl qaldırdığını göstərə bilərsinizmi? Hz. Əbu Bəkir və Hz. Ömər kimi cahiliyyənin içindən çıxmış insanlar xanımlarına bir şillə də olsa, vurdularmı? Deməli, onlar müsəlmanlıqları ilə cahiliyyəyə aid hər şeylərini tərk etmişdilər. Hətta əri tərəfindən döyülən qadınlar cüdo, karate, tekvando kurslarına getsə… Əri bir yumruq vurursa, o da ikisi ilə cavab versə. "Döymə, haqsız yerə edilən feili bir təcavüzdür və cinayətdir. Bu təcavüzə qarşı nəfsi müdafiə etmək məşrudur. Hətta müdafiə etməmə, ayrı bir cinayətdir, deyilə bilər".

Marmara Universiteti İlahiyyat Fakültəsi Dekanı Raşit Küçük:

"Bir kişinin həyat yoldaşını döyməsi boşanma səbəbi ola bilər. Niyə də olmasın. Bir kişinin həyat yoldaşını daim haqsız yerə döyməsi ona zülm etməsi ailə nizamını pozması, onu sarsıtması, qısaca qadın həmişə buna səbir etməlidir deyə bir şey yoxdur. Əlbəttə ki, bu bir boşanma səbəbi ola bilər. İslam zülmün hər növünü, bunun içərisinə haqsız yerə döymək də daxil olmaqla, qadağan etmişdir. "Bu zülmdür və bunun qarşısı alınmalıdır", deməkdən daha təbii bir şey ola bilməz".

Prof. Hayrettin Karaman:

"Deyilən sözlər, məncə, yerində və zamanında deyilmişdir. Başdan bəri bu məsələ İslamda səhv başa düşüldü. İslam fiqhində qadın evlilik həyatından məmnun deyilsə, zülm görürsə, zorakılığa məruz qalırsa, bugünkü qanunlardakı səbəblər də daxil olmaqla, qadın hakimə müraciət edib, əri boşanmaq istəsə də, burası çox əhəmiyyətlidir, istəməsə də bu səbəblərlə boşanma haqqına malikdir".

Qadınların cəmiyyətdə daim hörmət görməyə layiq olduğunu ifadə edən Fəthullah Gülən Xoca Əfəndinin fiqhi mənada yeni-yeni ictihadlara təkan verə biləcək görüşü, ictimaiyyətdə həll olunmaz kimi görünən ailə probleminin dini əsaslarını da ehtiva edir. İlahiyyatçılar Xoca Əfəndinin sözlərinin dinin qadınlara verdiyi haqqın müəyyən edilməsi baxımından əhəmiyyətli olduğunu ifadə edir.

Prof. Mehmet Ərdoğan:

"Ailələr xoşbəxtlik, səadət yuvası olmaq əvəzinə cəhənnəmə çevrilir. Xoca Əfəndi də bu barədə haqlı olaraq deyir ki, belə həyata razı olmaqdansa, bir dəfəlik bitsin bu iş. Buna baxmayaraq, bunu davam etdirib, istinadını da Quranda, hədisdə axtarmağa çalışsaq, yanlış olar".

Ailədə qadının döyülməsi sadəcə İslamın, ya da müsəlman ailələrin deyil, din, dil, irqindən asılı olmayaraq bütün insanlıq ailəsinin ümumi bir problemidir. İlahiyyatçılar qadının ailədə döyülməsini İslamla əlqələndirməyin doğru olmadığını ifadə edərkən, Quran və hədis başda olmaqla, İslamda bunu təsdiqləyən dəlilin olmadığında vurğulayırlar.

Prof. Dr. Hayrettin Karaman:

"Qadın yemək duzlu olub deyə, yemək vaxtında hazır deyil deyə, haqqı olmayan bir əmrini yerinə yetirmədi deyə əsassız səbəblərlə döyülə bilməz. Hamımıza məlumdur ki, bu gün Anadoluda qadın döyülür. Üstəlik bunu da unutmamalıyıq ki, buna yalnız adı müsəlman olanlar deyil, müsəlman olmayanlar, ya da belə deyək sadəcə adı müsəlman olanlar da əl atır. Yəni bu işin dinlə əlaqəsi yoxdur. Bu iş təhsil və əxlaqla bağlı məsələdir. Bu təhsilsiz və əxlaqı olmayan sözdə dindarlar arasında da qadına əl qaldıranlar var. Dindar olmayanlar arasında da qadını döyənlər var. Və bunun İslamda hər hansı bir hökm və istinadını tapmaq mümkün deyildir. Tamamilə doğrudur, bu bir cahiliyyə adətidir".

İlahiyyatçılar Xoca Əfəndinin qadın haqları ilə bağlı görüşlərinin örtülü qalmış dini həqiqətlərin üzə çıxması yolunda böyük əhəmiyyət daşıdığını vurğulayırlar.

Ailədaxili münaqişələrin həlli yönündə yeni fikirlər ortaya atan Fəthullah Gülən Xoca Əfəndinin gündəmə gətirdiyi bir başqa mövzu da siqaret idi. Daha əvvəl siqaretlə əlaqəli çox qəti görüşlərini də dilə gətirən Xoca Əfəndi bu dəfə də siqaret çəkməyənlərin haqlarının qorunması istiqamətində diqqətəlayiq bir görüş irəli sürür.

M. Fəthullah Gülən:

"Siqaret çəkmədiyi halda siqaret çəkənlərlə eyni məkanı paylaşanlar sağlamlıqlarına verdikləri zərərdən ötrü onları məhkəməyə verməli və şikayətçi olmalıdırlar. Əgər siqaret çəkən ata isə,həyat yoldaşı, uşağı fərqi yoxdur, onu məhkəməyə verə bilməlidir".

İndiki dövrdə siqaretin insan sağlamlığına olan zərərlərinin elmi olaraq da isbat edildiyini söyləyən ilahiyyatçılar, İslama görə heç kimin özünə və başqasına zərər vermə haqqına sahib olmadığını vurğulayırlar.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.