Fəthullah Gülənin yeni kitabı “Kalbin solukları”

Oxuculara təqdim olunan“Kalbin solukları” kitabı Fəthullah Gülənin 30 il ərzində qələmə aldığı və müxtəlif jurnallarda nəşr olunan ədəbi-fəlsəfi məzmunlu məqalələrinin toplusudur.

Sözlə xitab, könüllə hal dili arasında qurduğu münasibətlə sözə başlayır “Kalbin solukları”. Çünki söz – söz, kəlmə-kəlmə sahibindən danışır və onun duyğu və düşüncələrini əks etdirir. Hər sözün dəyəri könüllə bağlılığı qədərdir: “Bəyan bir açarsa, o açarla açılan işıqlı dünyanın adı da könüldür. Dil-dodaqla ifadə edilənlər sadəcə könül bəyanının bir kölgəsindən ibarətdir”. Elə isə söz təkcə xitabın görünüş və şəklini süsləyən bir ünsür deyil, xatib və müxatəbdə bir dünyagörüşü formalaşdıran mühüm xüsusiyyətdir. Buna görə M. Fəthullah Gülən könül dilini Haqq kəlamının bir əksi olaraq vəsf edir.

Xoca Əfəndinin üslubundakı gözəllik, eşq və estetika anlayışları onun həssas hissiyat və idrakına işarə edir. Qələmə aldığı məqalələrdə Yaradan və sevgi arasında dərin fəlsəfəyə nüfuz edir, insan həyatının maddi-mənəvi bütün yönlərini ehtiva edən geniş bir təfəkkür “ziyafəti” təqdim edir.

İnsanda şəfqət və məhəbbət nə qədər dərindirsə, varlıq naminə duyulan iztirab və qayğı da o qədər dərindir. Uca bir sevginiz varsa, göz yaşınız əskik olmaz. Zərif qəlbli, ali bir ruhun təfəkkür sancılarını hiss etdiyimiz “Kalbin solukları”nda eyni zamanda abid və zahid bir şəxsiyyətin daxili tərənnümlərini də duyuruq. Möhtərəm Gülənin həyata, insana, cəmiyyətə və “Kainatın Yaradanı”na məxsus eyhamlarını, nəfs və ruh tərbiyəsi ilə bağlı təcrübə və düşüncələrini nəqş etdiyi yazılarda güclü mənəviyyat və tövhidi görməmək mümkün deyil.

“Kalbin solukları” uzun bir yolun hekayəsidir. “Ondan gəldik Ona dönəcəyik” həqiqətindən işıq alaraq insanın yaradılış qayəsini yenidən kəşf etməyin hekayəsidir. Başqa sözlə, insanın mahiyyətinə yolçuluğun macərasıdır...

Zəkanın könüldən vicdana süzülüb əks-səda verən düşüncələri – “Kalbin solukları” “Nil” nəşriyyatında çapdan çıxdı.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.