Filippindən Fəthullah Gülən Xocaəfəndiyə sülh və sevgi mükafatı
Ötən ay Cənubi Koreyada “Manhi” (Manhae) sülh mükafatına layiq görülən Fəthullah Gülən Xocaəfəndi indi də Uzaq Şərqin bir ölkəsində mükafatlandırılıb. Filippin Respublikası Silahlı Qüvvələrinin Rəhbərliyi Hizmət Hərəkatının humanitar yardım fəaliyyətləri və beynəlxalq sülhə verdiyi töhfələrə görə Fəthullah Gülən Xocaəfəndini xüsusi mükafata layiq görüb. Filippin Respublikası Silahlı Qüvvələrininin Başçısı general Leonardo B. Querrero (Guerrero) Xocaəfəndiyə və Hizmət Hərəkatına minnətdəralığını bildirib.
Filippin Respublikası Ticarət Palatası, Türk məktəbləri və Silahlı Qüvvələr birgə iştirakı ilə Manilada keçirilən qurbanlıq ətlərin paylanması mərasimində Fəthullah Gülən Xocaəfəndi ümumdünya sülhünə və sevgiyə verdiyi töhfələrə görə xüsusi mükata layiq görülüb. Bu il ikinci dəfə keçirilən mərasim Silahlı Qüvvələrin Rəhbərliyinin istəyi üzrə I Ordu Komandanlığında baş tutub.
Mərasimdə 100-dən artıq yüksək rütbəli zabit və Türkiyədən çox sayda qonaq qatılıb. İştirakçıların arasında Silahlı Qüvvələrin Başçısı general Leonardo B. Querrero, Jandarma Qüvvələri Mülki Əməliyyat Komandanlığının rəisi polkovnik Arnulfo Marselo (Marcelo) B. Burqos (Burgos), Ordu Komandanı polkovnik Ramiro Manuez A. Rey, “Foundation” Beynəlxalq Türk Məktəblərinin direktoru Malik Gəncər, Pasifik Dialoq Filippin Vəqfi Başçısı Fərhad Kazkondu, Filippin Respublikası Sənaye və Ticarət Palatasının Sədri İrfan Karabuludla Vendeka Bilik Texnologiyasının Prezidenti Baqi Kuran da olub.
Filippinli yüksək rütbəli hərbçilər çıxışlarında Türk müəssisələrin fəaliyyətlərinin Filippin xalqı tərəfindən rəğbətlə qarşılandığını qeyd edərək Fəthullah Gülən Xocaəfəndinin bütün bəşəriyyətə nümunə olan xeyriyyəçilik və xoşgörü anlayışını vurğulayıblar.
Jandarma Qüvvələri Mülki Əməliyyat Komandanlığının rəisi polkovnik Arnulfo Marselo (Marcelo) B. Burqos (Burgos) çıxışında: “İki ölkə arasında əlaqələri möhkəmləndirən bu əlamətdar günü sizinlə birlikdə qeyd etmək bizim üçün şərəfdir”, − deyib. Burqos Fəthullah Gülən Xocaəfəndiyə dünyada sülhün bərqərar olmasına verdiyi töhfələrə görə minnətdarlığını bildirib.
Ehtiyac içində olan Filippin xalqına paylanacaq
Filippin Ticarət Palatasının sədri İrfan Karabulud Filippin-Türkiyə əlaqələrinin sürətlə inkişaf etdiyini qeyd edərək: “Üç böyük dinin ortaq peyğəmbəri Həzrəti İbrahimi yad etdiyimiz bu məkanda müharibələrin və qarşıdurmaların sona çatmasını ümid edirik. Üzvlərimizin ianəsi ilə kəsilən qurbanların ətini sizinlə birlikdə Filippin xalqına paylamaqdan, qarşıdan gələn Qurban bayramını da sizlərlə bölüşməkdən qürur duyuruq”, − deyib.
Çıxışdan sonra Türkyədən gələn qonaqlar 600 baş qurbanlıq heyvan qiymətində çeki Filippinli rəsmi şəxslərə təqdim edib. Bu çeklə alınan qurbanlar ehtiyac içində olan filippinlilərə paylanacaq.
Silahlı Qüvvələrin Başçısı: “Minnətdarıq, Gülən xalqları bir-birinə yaxınlaşdırır”
Tədbirin sonunda “Cihan” xəbər agentliyinə müsahibə verən Filippin Silahlı Qüvvələrinin komandanı general Leanardo B. Querrero: “Türkiyəli iş adamlarının sponsorluğu ilə təşkil edilən bu tədbirə görə minnətdarıq. Bu cür xeyriyyə tədbirlərinin keçirilməsinə öndərlik edən Fəthullah Gülən Xocaəfəndiyə şəxsən təşəkkür edirəm. O, bu hərəkata mənəvi öndərlik etməklə təkcə səxavət və xeyriyyəçilik timsalı olmaqla qalmır, eyni zamanda hər iki ölkə vətəndaşlarının bir-birini tanıyıb daha yaxşı anlamasına təşəbbüskarlıq edir”, − deyə bildirib.
Jandarma Qüvvələri Mülki Əməliyyatlar Komandanı Arnuflo Marselo B. Burqos isə “Cihan”a müsahibəsində deyib: “Filippin ordusu və Türk Ticarət Palatasının birgə fəaliyyəti nəticəsində yardıma möhtac olan bir çox insana əl tuta bilirik. Ümid edirəm ki, gələcəkdə də bu cür fəaliyyətlərlə daha çox insana yardım əli uzadacağıq”.
“Foundation” (Faundeyşn) Beynəlxalq Türk Məktəblərinin direktoru Malik Gəncər iki ölkə arasında qurulan “sevgi körpüsü”ndən bəhs edib. Bir neçə ay əvvəl Filippin parlamentinin sədrinin, indi isə Silahlı Qüvvələr komandanının söylədiyi xoş sözləri xatırladaraq, “Xocaəfəndinin təşviq etdiyi ümumdünya təhsil və yardım səfərbərliyinin nə qədər lazımlı və doğru olduğunu” bir daha göstərdiyini vurğulayıb.
Xatırladaq ki, Xocaəfəndi başqa bir Uzaq Şərq ölkəsi Cənubi Koreyanın nüfuzlu mükafatı olan “Manhi” sülh mükafatına layiq görülmüşdü. O, mükafatla birlikdə verilən 28 min dolları Jurnalistlər və Yazarlar Vəqfinin nəzdində həyata keçirilən “Sülh layihəsi”nə bağışlamışdı.
- tarixində yaradılmışdır.