Gülən inqilab edən bir mühafizəkar

Potsdam Konfransı: Gülən Hərəkatı ənənəvi mənəvi əsaslara sadiq qalaraq müasir dəyərlərə uyğunlaşa bilir. Hərəkat Qərb üçün həm ortaq, həm də zəngin bir ilham mənbəyidir.

26-27 may tarixlərində Almaniyanın Potsdam Universitetində Gülən Hərəkatı mövzusunda keçirilən konfrans bir çox yönü ilə fərqlənirdi. Avropada ilk dəfə Gülən Hərəkatı ilə bağlı bu səviyyədə bir konfrans keçirilirdi. Konfransın keçirildiyi Potsdam Universiteti və xüsusilə də, universitetin Abraham Geiger Kolleci Avropa yəhudiliyinin iri təhsil müəssisələrindəndir. Kollecin rəhbərlərindən və konfransın təşkilatçılarından biri olan Haham Professor Walter Homolka bütün Avropa Yəhudiliyi adından söz demə nüfuzuna malik bir şəxsiyyətdir. Homolka Yəhudilər arasında nə qədər böyük nüfuza malik bir şəxsiyyətdirsə, konfransın idarəsi ilə məşğul olan Professor Khristiyan Troll da Almaniya Xristianlığında bir o qədər nüfuza malikdir. Konfransda həmçinin Gürcüstan Dövlət Başçısı Mixail Saakaşvilinin anası Professor Giuli Alasania və Focolare Hərəkatının Dinlərararası Dialoq Mərkəzindən Paul Lemari də iştirak edirdi! Potsdam Konfransı iştirakçıların nüfüzu ilə gələcəkdə öz ölkələrində buna bənzər konfranslar tərtib etmək istəyənlərin zirvə toplantısını xatırladırdı.

Konfrans gələcək konfransların hədəfini yüksəltməklə yanaşı, həmin konfranslara mövzular da hazırladı. Bir neçə çıxış "bu da gələcək konfransın mövzusu ola bilər" ifadəsi ilə bitirdi. İştirakçıların çoxu Gülən Hərəkatı ilə bağlı şübhə və qorxuların yersiz olduğunu ifadə etməklə yanaşı, bu əndişələrin də analiz edilməsinə ehtiyac olduğunu bildirdi. Konfransa Hollandiyadan qatılan Professor Karel Steenbrink qeyd etdi ki, iki həmkarı onu konfransa getmək fikrindən daşındırmağa çılışmış və buradakı çıxışının Gülən Hərəkatına "xaricdən gələn dəstək" kimi qələmə veriləcəyini bildirmişdi. Salonun təxminən yarısı "xaricdən gələn" alimlər, siyasətçilər, dövlət nümayəndələri, din adamları və tələbələrdən ibarət idi. Lakin Steenbrink həmkarlarının qorxduqları xüsus gələcək konfransların tədqiqat mövzusu olaraq qaldı.

On ildən çox Gülən Hərəkatını izləyən Professor Tomas Mişel konfransa "ixlas" mövzusu ilə gəlmişdi və yekunda səmimiyyətlə Gülən Hərəkətının bir "iştirakçısı" olduğunu ifadə etdi. İsveçli gənc alim Professor Klas Grinellin çıxışı da bəzi təzadlarla yanaşı, Fəthullah Gülənin təqdim etdiyi nəzəriyyə ilə hərəkat fəaliyyətinin üst-üstə düşdüyünü ortaya qoyurdu. Amma Grinell çıxışına "Çıxışım hərəkatın yox, müxaliflərin işinə yarayacaq" qeydi ilə başladı.

Grinellin tənqid olduğu zənni ilə etdiyi çıxışı, əslində, bir məsələyə aydınlıq gətirməkdən ibarət idi. Gülən Hərəkatının özünü apolitik (qeyri-siyasi) bir hərəkat kimi təqdim etməsinin doğru olmadığını bildirən Grinell Gülənin: "daha gözəl bir sevgi və xoşgörü mədəniyyəti qurma fəaliyyətinin" siyasi bir ifadə olduğunu iddia etdi. Çıxışında F. Gülənin partiya siyasətinə girmədiyini və iqtidar arzusunda olmadığını xatırladan Grinell yenə də Gülən Hərəkatının siyasi bir ifadə tərzi olduğunu söylədi. Bu izah hərəkatın lehinə idi. Grinell bu mövzu ilə bağlı bir sualı: "Apolitik bir hərəkat olduğunuzu desəniz, Avropadakı bəzi bəd niyyətlilər sizi daxili ziddiyyətdə günahlandırar. Bunun əvəzinə "partiya siyasətinə bulaşmayan, lakin siyasi bir mövqeyə malik hərəkatıq deməlisiniz" şəklində cavablandıraraq daha yararlı şərh verdi.

Grinell özünün də qəbul etdiyi kimi, konfransa biri-biri ilə təzad təşkil edən iki qənaətlə gəlmişdi: Fəthullah Gülən klassik bir mühafizəkardır, lakin eyni zamanda bilgi fəlsəfəsinə və siyasət nəzəriyyəsinə aid cəhətləri ilə inqilabçı bir ziyalıdır. Grinellin son dövrlərdə Latın Amerikasında ortaya çıxan "Dekolonyalite" fəaliyyətini xatırladaraq Gülənin "mənbəyi Qərb olmayan siyasi bir nəzəriyyə və elmi fəlsəfə meydana gətirməyə çalışdığı" müşahidəsi özünün "mühafizəkarlıq" iddiasına zidd idi. Çünki F. Gülən mənbəyini özündən götürən bir elmi fəlsəfə formalaşdırır; elmi və siyasi paradiqmasını bu yeni fəlsəfənin üzərində qurursa, "mühafizəkar" ifadəsinin varlığı da, mənası da şübhə altına düşür…

Konfrans boyunca Gülən Hərəkatının siyasi mənada bir inqilabçı olduğunu heç kəs iddia etmədi. Ancaq natiqlərin çoxu hərəkatın xüsusi mənada Türkiyədə, ümumi mənada isə bütün dünyada inqilab mahiyyətli dəyişikliyə vəsilə olduğunu da qeyd etdi. Professor Reiner Hermann Gülənin İslamı Türkiyənin demokratikləşmə və müasirləşməsinə zəmin hazırlayan bir sosial qüvvəyə çevirdiyini dedi. Professor Bekim Agai bir vaxtlar Avropanın problemi olan Türk immiqrantların Gülən Hərəkatı sayəsində nəinki immiqrantların problemlərinə, Avropanın özünəxas problemlərinə həll tapan bir kütləyə çevrildiyini bildirdi. İngiltərədən Keşiş Professor Simon Robinson Fəthullah Gülənin "təşkilati sosial məsuliyyət" anlayışının hüdüdlarını ümumbəşəri səviyyədə genişləndirdiyindən bəhs etdi. Robinsona görə, bu töhfə "təşkilati sosial məsuliyyət" ətrafında aparılan akademik tədqiqatların gedişatını dəyişdirəcək səviyyədədir.

Professor Reiner Hermann: Gülən ilham mənbəyidir

Türkiyə Cümhuriyyəti din və dövlətin ayrı olduğu dünyəvi dövlət deyil, elitlərin uzun müddətdir dini sosial həyatdan çıxarmağa çalışdıqları "laisist" bir dövlətdir. Düzü, hakim Kamalist elitlər hələ də dinin öz xüsusi dairəsinin xaricinə çıxan kimi siyasiləşəcəyini, cəmiyyət və dövlətdən teokratik system qurmağı tələb edəcəyini düşünürlər. Fəthullah Gülən bu düşüncəni alt-üst etmişdir. Fəthullah Gülən İslamı Türkiyənin demokratikləşməsinə və müasirləşməsinə zəmin hazırlayan bir sosial gücə çevirmişdir. Onun söhbət və fikirlərinin hədəfi siyasət deyil, insandır. Onun fikirlərindən bəhrələnənlər üçün bu fəaliyyət Allaha xidmətdir. Bununla yanaşı Gülən qonşunu sevməyi, aktiv fədakarlığı və dünyaya qarşı zühdü də tövsiyə edir. Bu dəyərlər insanlara daxili sülh (rahatlıq), cəmiyyətə də canlandırıcı bir güc verir. Bu dediklərim Türkiyə üçün tamamilə yeni şeylərdir. Çünki bu günə qədər rəsmi idealogiya şəxsə deyil, əksinə milli təhlükəsizliyi qorumaq üçün vətənin daxili və xarici düşmənləri ilə mübarizə ehtiyacına uyğun qurulmuşdu. Türkiyənin qlobal sistemə inteqrasiyası artdıqca bu ideologiya da öz enerjisini itirir. Gülənin fikirləri və söhbətləri Türkiyənin uzun müddət laqeyd yanaşdığı "ögey övlad Anadolu" nun iqtisadi dirçəlişinin təməllərini atdı. Anadoluda yeni bir düşüncə, yanaşma ortaya çıxdı. Kamalistlər Gülən Hərəkatını gizli bir hərəkat və gizli gündəmə malik olmaqda ittiham edirlər. Bir şeyi görmək istəmirsinizsə, onu görməyiniz qeyri-mümkündür. Düzdür, hərəkat hələ tam mənada təşkilatlanmayıb. Ancaq ictimai təbəqədə böyük bir arenaya sahibdir. Mətbuat, təhsil və dialoq sahəsində böyük rola malikdir. Gülənin fəaliyyəti Türkiyədə Qərb və müasir düşüncəyə malik kütlə ilə müvazinət içində yaşaya bilən, lakin bununla yanaşı, inandığı həqiqətləri də yaşmağa davam edən bir İslam yorumunun ortaya çıxmasına zəmin hazırladı. Gülənin ardıcıllarının Türkiyədəki fəaliyyətləri İslamın qarşıdurmanı deyil, dinc, yanaşı, qarşılıqlı anlaşma şəraitində yaşamağı təmin edən bir din olduğunu, siyasi güc deyil, daha kamil bir cəmiyyət vəd etdiyini göstərir. İslamın bu yorumu Qərb üçün həm ortaq, həm də zəngin bir ilham mənbəyidir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.