“Hizmət Hərəkatı” “60 minutes”un verilişində

Amerikanın məşhur xəbər proqramı “60 minutes (60 dəqiqə)” “Hizmət Hərəkatı”nın dünya miqyaslı təhsil fəaliyyətlərinə, habelə son 10 ildə Amerikada müqaviləli dövlət məktəbi (“charter (çarter)” məktəbi) statusu ilə açılmış təhsil müəssisələrinə veriliş həsr elədi.

Amerika dövləti ştat rəhbərliyinin razılığını alan hər bir təhsil müəssisəsinə şagird başına fond ayırır və yerli təhsil sisteminə müvafiq “charter məktəbləri”nin açılmasına imkan verir. Lesli Stelin (Leslie Stahl) xəbərinə görə, Amerikada “Fəthullah Güləni sevən türkiyəli immiqrantlar”ın açdığı “charter məktəbləri”ndə təhsil dəqiq fənlər təmayüllüdür.

Xəbərdə bildirilir ki, bu məktəblərdən ikisi ötən illərdə “Newsweek (Nyusvik)” jurnalının təşkil etdiyi “ən yaxşı 10 Amerikan məktəbi müsabiqəsində qaliblər sırasına girib. Həmçinin xəbərdə qeyd edilir ki, bu müəssisələrdə İslam dini öyrədilmir, müasir tədris avadanlıqları ilə təchiz edilmiş siniflərdə şagirdlərə fənlər praktiki metodla keçirilir. Verilişdə Fəthullah Gülənin "Fizika, kimya, riyaziyyat elmlərini öyrətmək də ibadətdir" sözləri xüsusi diqqətə çatdırılır. Gülənin “məscid yerinə məktəb açın” tövsiyəsi vurğulanır. Xocaəfəndinin bu kimi tövsiyələrindən ilham alan bir çox insanın dünyaya yayılaraq Türkiyədən Toqoya, Tayvandan Texasa minlərlə məktəb açması xüsusi vurğulanır.

Bir çox insanın müsahibəsini ekrana gətirən verilişdə “Harmony (harmoni)” məktəblərinin idarəçilərindən Culi Nortının (Julie Norton) fikirlərinə də yer verildi. Nortın məktəblərində 20 min şagirdin təhsil aldığını, 30 min şagirdin isə məktəbə qəbul olunmaq üçün gözlədiyini bildirdi. Verilişi hazırlayan Lesli məktəblər haqqında ətraflı məlumat toplamaq üçün Türkiyəyə getdiyini bildirərək təəssüratlarını çatdırdı: "Gördüm ki, Gülən məktəbləri ölkənin hər yerində var və bu məktəblər verdiyi təhsilin keyfiyyətinə görə ən yaxşı məktəblər kimi tanınır. Məktəblərin əksəriyyəti milyonlarla dollar qiymətində müasir avadanlıqlarla təchiz olunub. Qız və oğlan şagirdlərə eyni imkan və şərait verilib".

Verilişdə “charter məktəb”lərinin Amerikanın 26 ştatında fəaliyyət göstərməsindən bəhs edilərək Amerikada yaşayan Türk iş adamlarından Alp Aslandoğanın "Gülən ictimai problemlərin həllinin təhsildən asılı olduğuna inanır" sözünə də yer verildi. Lesli Stelin "Türkiyədən gəlib ABŞ-da məktəb açırlar, bunu məntiqim almır" sözlərinin cavabında Türk iş adamı yerli ailələrin dövlət məktəblərində, xüsusən də dəqiq elmlərinin tədrisindən şikayətçi olduqlarını və Türkiyədən gələn yüksək təhsilli müəllimlərin bu problemin aradan qaldırılmasında yaxından iştirak etdiyini diqqətə çatdırdı.

Texas “Charter” Məktəbləri Birliyinin səlahiyyətli nümayəndəsi Devid Dan (David Dunn) bildirdi ki, aparılan araşdırmalar məktəblərdə İslamın öyrədilmədiyini göstərdi. Dunn: "Mənim üçün əsas olan təhsilin keyfiyyətidir. Bu məktəblərdə oxuyan şagirdlər riyaziyyat, fizika, kimya, İngilis dili kimi əsas fənlərdə müvəffəqiyyət qazanırlar," ‒ dedi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.