Hüseyn Çəlik: “Fəthullah Gülən Xocaəfəndi ilə qucaqlaşacağımız günü gözləyirik həsrətlə”
“Fəthullah Gülən Xocaəfəndi ilə qucaqlaşacağımız günü gözləyirik həsrətlə”, deyən AKP Sədr Müavini Hüseyn Çəlik Rusiya və Ukraynadakı Türk məktəblərini ziyarətində unuda bilmədiyi iki xatirəsini danışdı.
AKP Sədr Müavini və Partiya Sözçüsü Hüseyn Çəlik Kaynak Kültür Yayın Qrupu və Samanyolu Təhsil Qurumlarının Ankarada müştərək təşkil etdiyi üç günlük “Müqəddəs Doğum” tədbirində iştirak etdi. Tədbirin açılışında çıxış edən Çəlik hər bir məfkurənin və ona bağlı müəssisələrin bir mənəvi memarı və əzabkeş rəhbəri olduğunu söylədi. Fəthullah Gülən Xocaəfəndiyə şəfalar diləyən Çəlik: “Onunla Türkiyədə qucaqlaşacağımız günü hamımız həsrətlə gözləyirik. Müqəddəs bir məfkurənin yükünü çəkən, insanın fəzilətini dərk edən insanlar var. Burada əzab-əziyyət var, burada qürbət var, zəhəri bal bilib onu yemək var”, dedi.
Çəlik sözünə belə davam etdi: “Xocaəfəndi niyə bu qədər çırpınır? Bu insanın oğlu yox, qızı yox, həyat yoldaşı yox, sarayları, imarətləri yox. Daldalanası bir evi, bir göz otağı belə yox. Çünki ilham aldığı böyük ustad Səid Nursi vəfat edəndə, Rəhməti-Rəhmana qovuşanda kimsənin qarşısında əyilmədi, dünyadakı vəzifəsini yerinə yetirib ürəyi rahat köçüb getdi bu dünyadan. Arxada 26 lirə dəyərində mülkü qalmışdı. Allaha söykənən, o böyük qüdrətə sığınananlar insanlara baş əyməzlər.”
“Mən irticaçıya oxşayıram?”
Nazir olanda dünyanın hər yanında gözoxşayan əsərlərə şahid olduğunu və bu əsərlərin işıq saçdığını söyləyən Çəlik:
“Köhnə cümhuriyyət dünyagörüşü ilə məsələlərə yanaşan dövlətimiz çox vaxt bu gənclərimizi o ölkələrin dövlət rəsmilərinə pisləyirdilər. Bəziləri Rusiyada səs-küy qoparmışdı, fitnə-fəsad salmışdı. Guya bu insanlar irticaçıdır. Guya yalandan sevgi, tolerantlıq şüarları səsləndirirlər. Bu məktəbləri bağlamaq lazımdır və s. Mən də o əsnada Rusiya Təhsil Nazirinin dəvəti ilə Moskovadaydım. Dedim ki, “Hörmətli nazir, mənim üç övladım var. Üçü də bu məktəblərdən məzun olub. Mən heç irticaçıya oxşayıram? Sənə heç hücum çəkirəm? Təəssüf ki, sizə yalan məlumat veriblər. Bu belə deyil”, dedim. “Sizin dövlət adamlarınız belə deyir” dedi mənə.
Ukrayna səfərində “Meridian” təhsil qurumlarına baş çəkdim. Türkiyənin Ukrayna səfiri dörd il orada ola-ola bir dəfə məktəblərin qapısını açmayıb. Dedim ki, ona: “Bu məktəblərə baş çəkəcəyəm, səfər proqramına daxil edin”. Hava limanına getdim, sən demə, proqrama daxil eləməyibmiş. Dedim: “Sənə proqrama daxil elə demədim?” “Cənab nazir fikirləşdim ki, bunlar bizim insanlardır, dedim yəqin siz daha çox ukraynalılarla görüşmək istəyərsiniz, yenə də siz bilərsiniz”. “Hörmətli səfir, mən çox sadəlövh görünürəm? Sən özünə ağıllı sanırsan? Gəl, birlikdə gedəcəyik”. Gördüm nala-mıxa vurur “Cənab nazir mən getməsəm olmaz ...” “Xeyr, gələcəksən”, - dedim və birlikdə getdik məktəblərə.”
Səfirin oradakı müəllimlərə: “Siz Türk dilini də öyrədirsiniz?” deyə soruşduğunu deyən Çəlik tədbirdən sonra səfirin şagird və müəllimlərlə şəkil çəkdirmək istəmədiyini söylədi. Çəlik səfirə: “Cənab səfir halqaya girmisən, bundan sonra əleyhinə istifadə edə bilərlər” dediyini açıqladı.
- tarixində yaradılmışdır.