Hüznlü qürbətin son ramazanı

Aksiyon dərgisinin müxbiri Mustafa Sunqur bəyin suallarına cavab verən herkul.org internet saytının baş redaktoru Osman Şimşək Bəy Möhtərəm Fəthullah Gülən Xocaəfəndinin hüznlü qürbətindən və vətən həsrəti ilə qarşıladığı on ikinci ramazanından söhbət açdı. Bu müsahibədə Xocaəfəndinin səhhətindən ramazan ayını necə keçirməsinə, dərin ruh dünyasından son on üç illik sirdaşı olan kiçik otağındakı sadə muzeyinə, Suriya və Afrikada baş verən insanlıq faciəsindən duyduğu kədərdən şəhid xəbərləri ilə sarsılmasına qədər bir çox şeydən xəbər alacaqsınız.

Bildiyimizə görə, Xocaəfəndi bir çox xəstəlikdən əziyyət çəkir. Xəstəliklərinə baxmayaraq oruc tuta bilirmi?

İnsanda mərifət və məhəbbət dərinləşdikcə ibadət şövqü artır. Ona görə də həqiqi Haqq yolçusu seyru-süluki-ruhanidə inkişaf etdikcə ibadətü-taətə qarşı iştiyaqı şəhvət dərəcəsinə yüksəlir.. hətta tədricən elə vəziyyətə gəlir ki, artıq oturub-durub daim Allah Təalanı anır, hər an dualarla coşur; Haqq dərgahının bülbülütək həmişə qəlb diliylə Onu tərənnüm edir və ibadətlə nəfəs alıb verir, ibadətlə yaşayır. Belə bir qul hər məsələdə "əzimət"lərə (Allahın əmrlərini ən kamil şəkildə, nöqsansız yerinə yetirmək) yönəlir; nəfsə ağır gəlsə də, Allahın əmrlərini ən mükəmməl şəkildə yerinə yetirməyə və ibadətlərini həssaslıqla, nöqsansız əda etməyə səy göstərir. Üzrlü hala, və ya zərurətə görə dinin izn verdiyi "rüxsət"lərdən belə uzaq durur. Əzimətlə rüxsət arasında seçim qarşısında qalanda da, daim əzimət yoluna üstünlük verir. İnsanlara fətva verərkən, yol göstərərkən də "Asanlaşdırın, çətinləşdirməyin, sevdirin, nifrət etdirməyin!" peyğəmbər bəyanına uyğun olaraq daima asanlığı tövsiyə edir, dinin genişliyindən istifadə etməyi məsləhət görür. Öz nəfsiylə baş-başa qalanda isə çətini seçib əzəmi təqvaya üstünlük verir.

Möhtərəm Xocaəfəndidə həmişə olduğu kimi Ramazanda da belə bir ibadət şövqü və qulluq anlayışına şahid oluruq. Quran ayı şəfəqdə tüllənməyə başladığı gündən həkimlər: "Oruc tutmaq sizə təhlükəli ola bilər. Allah eləməsin, şəkəriniz qalxa, qan laxtalanıb damarları tıxaya bilər" deyirlər. Bu xəbərdarlığa baxmayaraq ibadət aşiqi Xocamız bir daha təbiətini dilləndirir: "Həkim bəy, oruc tutmasam, onsuz da ölərəm!" Əslində, ondan ağır xəstəliyə tutulan, sağalmağa ümidi olmayan xəstələrin və oruc tutmağa gücü çatmayan yaşlıların vəziyyətini soruşsanız, onlara oruc tutmağın zəruri olmadığını və tuta bilmədikləri "hər günün orucu əvəzində bir kasıbı doyuracaq" qədər "fidyə" verərək bu ibadət məsuliyyətindən qurtula biləcəyini deyər. Ancaq özü haqda başqa hökm verir. O, dinin müəyyənləşdirdiyi əzimət çərçivəsinə sadiq qalaraq mütləq orucunu tutur və "Rəbbimin hüzuruna sözünə əməl edən insan kimi çıxım, Peyğəmbərimin (əleyhissalatu vəssalam) yanına qulluq əhdinə sadiq olanlar kimi gedim!" deyir.

Ötən illərə görə indi səhhəti necədir?

Xocaəfəndi, demək olar ki, hər sahurda gün boyu şəkər və təzyiqini normal vəziyyətdə saxlamağın yollarını axtarır. Gün boyu hipoqlisemiyaya (halsızlığa, həddən artıq tərləməyə və yüngül bayğınlığa səbəb olan qanda şəkər miqdarının normadan aşağı düşməsi) mane olmaq üçün müəyyən dozada insulin qəbul etməli olduğuna görə hər gün diqqətlə bunun hesabını aparır. İftar və sahurda qəfl şəkər qalxmasına imkan verməmək üçün insulin iynəsindən istifadə edir. İftarda qısa və uzun müddətli təsirə malik qarışıq insulin, sahurda da sadəcə qısamüddətli təsirə malik insulin qəbul edərək qanda şəkər miqdarını normal səviyyədə saxlamağa çalışır. Qanda şəkər miqdarının natarazlığı və susuzluq qanın laxtalanmaya meyilliliyini artırır. Buna görə də damar problemləri ilə qarşılaşmamaq üçün içdiyi suyun miqdarına belə çox diqqət edir. Şəkər səviyyəsinin qəfl düşməsi ehtimalına qarşı təhlükəli anda dərhal qəbul etmək üçün konsentrat şəkərini də yanında gəzdirir. Ancaq ağız yoluyla bir şey qəbul edib orucu pozmaqdansa, – bəzi alimlərə görə orucu pozmayan – iynə vurmağı (daha sonra mütləq həmin günün orucunu qəza etmək) daha məqsədəuyğun bilib qlukaqon iynəsini də bütün ay boyu masasında hazır vəziyyətdə saxlayır. Təsəvvür edirsiniz, biz əlimizdə xurmayla iftarı, o isə qlukaqonla azan vaxtını gözləyir.

Xocamızın ürəyinə stent qoyulmadan qabaq daha çox çətinlik çəkirdi, xüsusilə ikindidən sonra tamamilə haldan düşür, iftar vaxtına güclə çatırdı. Hətta ötən il – əlhamdulillah – demək olar, bütün axşam namazlarını qıldırdı. Səhhəti o qədər yaxşı idi ki, iftardan əvvəl oxuduğumuz dərslərdə geniş izah verirdi. Ramazan boyu hər gün təfsirlə məşğul olduğumuza görə bu halını "Quranın kəraməti" ilə izah etmişdi. Bu il bir az çətin keçir, təəssüf ki, bir neçə gün ikindi dərsini oxuya bilmədik.

O, bu halı haqqında zarafatyana: "Bir oruc tutan insan var, bir də orucun tutduğu insan. Hər halda mən ikinci qrupa aidəm" deyir.

Bunu da qeyd etməliyəm ki, Xocaəfəndi (özü üçün) hər orucun çətinliyindən danışanda mədən ocaqlarında alın təri tökən işçilərdən tarlada qızmar günəşi altında qovrulan cütçülərə, odda çörəklə birlikdə bişən çörəkçilərdən çörək pulu qazanmaq üçün axşamacan özünü oda-közə vuran insanlara qədər çox çətin şəraitdə oruc tutanları xatırlayır, əsl savabı onların qazandığını vurğulayıb onlara dua edir.

Xocaəfəndinin Ramazanda günü necə keçir?

Xocamız təmkin saatını da nəzərə alaraq imsaqdan qırx beş dəqiqə əvvəl salona çıxır, 7-8 nəfərlə sahur edir. Həmişə olduğu kimi iftar və sahurda sadə yeməyə üstünlük verir. Sahurda nanə və kəklik otu qarışığı ilə zeytunyağına çörək batıraraq iki-üç zeytun, bir az pendir, bir-iki dilim pomidor, bəzən də bir az soyutma kartofla nahar edir. Süfrə başında bəzən Samanyolu kanalında gedən sahur verilişinin bir hissəsinə baxır.

İmsaqdan on beş dəqiqə sonra qılınan səhər namazlarının ardınca növbə ilə bir gün "uzun təsbihat", bir gün "səhər duaları" oxunur. Peyğəmbərimizin (əleyhissalatu vəssalam) mütəmadi oxuduğu səhər zikrlərinə çox əhəmiyyət verir. Bu sünnənin əhyasının zəruriliyini, heç bir duanın Rəsuli-Əkrəmin sözləri qədər nurlu və bərəkətli olmadığını, dolayısilə sünnət olan səhər dualarının mütləq oxunması və oxudulması, bu peyğəmbər adətinin yaşadılmasının gərəkli olduğunu diqqətə çatdırır. Əlbəttə, hər dəfə şüurlu şəkildə dua etməyin zəruriliyini, duyaraq, hiss edərək oxumağın əhəmiyyətini də xatırladır.

Xocamız ramazanın mühüm əsası olan müqabilə sünnəsinə də ötən illərdə mütləq riayət edirdi. Səhər namazından sonra ətrafında halqa olan insanlara bir cüz oxudur, gözlərini yumub xuşu içində dinləyirdi. Özü Quran hafizidir, hafizəsi də çox güclüdür. Quranın hər hərfinin layiqincə oxunmasını istəyir, yanlış oxuyana dərhal yavaş səslə xəbərdarlıq edib səhvi düzəldirdi. İftardan sonra taqəti bir az yerinə gələn kimi ən az bir saat dərs oxudurdu. Məsələn, İbn Həcər Həzrətlərinin “Fəthul-Bari”si, Seyid bəyin “Mədxalı” və Abdulhakim Arvasi həzrətlərinin “ər-Riyadut-Təsəvvüfiyyə”si kimi əsərlər bu illər ərzində müqəddəs ay boyunca oxunan kitablardandır.

Hələ də bu cür üsulla davam edirsiniz?

Son illərdə Xocamız müqabilə ilə yanaşı, Qurani-Kərimi anlamaq, heç olmasa məzmununa bələd olmaq üçün məal və təfsirin oxunmasına üstünlük verir. İlk öncə bir ramazanda məal oxundu. Artıq iki ildir ki, səhər namazlarından sonra Almalılı Həmdi Yazırın təfsiri sətirbəsətir oxunur. İkindidən dərhal sonra isə həmin səhər oxunan ayələr haqda təxminən on beş-iyirmi təfsir kitabında keçən fərqli şərhlər xülasə edilir, hər yoldaş bir təfsiri oxuyub onun xülasəsini hazırlayır və beş on dəqiqə ərzində onu danışır. Yoldaşların öz aralarında bölüşdürdüyü təfsirlərin bəziləri: İmam Maturidi “Təvilatul-Quran”, Zəməhşəri “Kəşşaf”, Fəxrəddin Razi “Məfatihul-Qeyb”, Bəyzavi “Ənvarut-Tənzil” və Əsrarut-Təvil, Əbu Xəyyan “Bəhrul-Muhit”, Ebus-Suud “İrşadu Aklissəlim ila Məzayayi-Kitabul-Kərim”, Tantavi Cövhəri “əl-Cəvahir fi Təfsiril-Quranil-Kərim”, Seyid Qütb “Fi Zilalil-Quran”, Molla Bədrəddin Səncər “Əbdaul-Bəyan”, Bədiüzzaman Səid Nursi “Risaleyi-Nur Külliyyatı”.

Xocaəfəndi həm oxuduğumuz, həm də xülasə etdiyimiz məal, təfsir və şərhlərə diqqətlə qulaq asır, razılaşdığı və razılaşmadığı məqamları dərhal bildirir, əlavə şərhlər verir; sələfi-salehinin dini düzgün anlama və gələcək nəslə ötürmə naminə ortaya qoyduğu səylərə diqqət çəkib onları xeyirlə yad edir və dünənki anlayışı bu günün idrakıyla birləşdirib çağdaş məsələləri işıqlandırır.

Xocaəfəndinin Quranın başa düşülməsi üçün tətbiq etdiyi bu metod təkcə sizin məkana aiddir? Bu haqda nə düşünür?

Xocaəfəndi Quranı anlama istiqamətində göstərilən cəhdlərin geniş yayılmasını arzu edir. İmam-xətib işçilərinin beş vaxt namazın ardınca əşri-şərif oxuyandan sonra həmin ayələrin məalını da çatdırmasının xalqımızın Qurani-Kərimi anlamasında mühüm addım olacağını düşünür. Ramazan müqabiləsinin də eyni çərçivədə edilməsinin ənənəvi müqabiləyə nisbətən daha faydalı olacağı qənaətindədir. Hər gün oxunan bir cüzü iki yerə bölüb, məsələn, müqabiləni səhər namazından sonra on, ikindi namazından sonra da on səhifə şəklində Quranın ləfzi və məalıyla birlikdə oxumaq olar. Bizim kimi ana dili ərəbcə olmayan hər bir müsəlman xalqa aid olan Quranı anlama problemini, əlbəttə, bununla aradan qaldırmaq mümkün deyildir, ancaq belə bir fəaliyyət İlahi Kəlamın məna və məzmununu öyrənmək istiqamətində təşviqedici amil ola bilər. Məal oxunarkən ağıla ilişən və sual doğuran yerlər maraqlanan və düşünən insanlar üçün yeni təfəkkür sahəsi aça bilər və insanların istər öz səyiylə məal və təfsirə yönəlməsinə, istərsə imam-xətib məzunları, vaiz və müftilərlə müzakirələr aparmasına səbəb ola bilər. Əlbəttə, bu işdə, xüsusilə ən münasib və hər kəsin qəbul etdiyi geniş məal hazırlamaqda Diyanət İşləri Başqanlığına böyük iş düşür.

Sübh namazından sonra proqram necə olur?

Xocaəfəndi təxminən iki saat davam edən dərsdən sonra bir az istirahət etmək üçün otağına çəkilir. Ramazan boyu gündəmin aktual mövzuları ilə maraqlanmır, hətta qəzetlərə belə baxmır. Qalan vaxtlarda istirahət etməklə yanaşı, virdlə və ya Quran haqda yeni bir kitabın təshihi ilə məşğul olur.

Günorta namazı girən kimi otağından çıxır. Ümumiyyətlə, gün ikindiyə yaxınlaşdıqca ağrıları, xüsusilə də şəkər xəstəliyi öz təsirini göstərməyə başlayır, get-gedə ayaq üstə durmağa taqəti qalmır. Çox vaxt namazı ən axırıncı səfdə çətinliklə tamamlayır. Nadir hallarda da olsa, bəzən nafilələri oturaraq qılır. Buna baxmayaraq ikindidən sonra həmişəki kimi təfsir müzakirəsini davam etdirir.

Ah o iftar vaxtları.. ah o hüznlə heyranlığın qucaqlaşdığı dua anları... Başqa vaxtlarda (Ramazan istisna) hər gün yarım saat xüsusilə xalqımız, sonra bütün Məhəmməd ümməti və bütün insanlıq üçün dua edilən bu məkanda günəş qüruba əyiləndə artıq Xocamızın başını qaldırmağa taqəti qalmır. Kresloya söykənir, başı bir tərəfə əyilmiş vəziyyətdə azanı gözləyir. Buna baxmayaraq hələ də dodaqları tərpənir, bədəni yorğun olsa da, könlü dipdiri, gümrah halda Allaha yönəlir, dərdini Ona söyləyir, arzu və ehtiyacını bir-bir Ona ərz edir... Gözləri yumulu, əlləri yanına düşmüş halda gözləyir. Ağzının qupquru olduğunu, dilini güclə tərpətdiyini hiss etmək çətin deyil. Qalan taqəti ilə yer üzündə göz yaşlarının səngiməsi, ac və xəstələrin təcili kömək görməsi, məzlumların qurtuluşu, xüsusilə müsəlman ölkələrində sülhün bərqərar olması üçün dua etdiyini təxmin etmək elə də çətin deyil. Çünki söhbət açılan kimi sözü mütləq bu mövzuya gətirir. İftarı onunla birgə dualarla gözləyən və onu o halda görənlərdən kimisi nəfsini hesaba çəkərək daxilən "Mən də oruc tuturam?" deyə özünü sorğu-suala çəkib dualarına "amin" deyir, kimisi də həmin istək və arzuları yanaqlardan süzülən göz yaşlarına yükləyərək hal dili ilə tərənnüm edir. Qəlblər müştərək hislərlə döyünür, həmin an bircə duyğu bütün könülləri bürüyür: "Nə olar Allahım, təkcə Sənin rizanı arayan və onun uğrunda bu qədər çətinliyə dözən bu qulunun dualarını qəbul et!.."

Xocaəfəndinin etikafından danışa bilərsiniz?

Xocaəfəndinin əhyasını zəruri saydığı sünnələrdən biri də etikafdır. Bildiyiniz kimi, etikaf camaatla namaz qılınan bir məscid və ya buna bənzər bir yerdə ibadət niyyətiylə qalmaq deməkdir. Hərçənd möminlər etikafdan xəbərdar olsa da və dünyanın bir çox ölkəsində yerinə yetirilsə də, müasir dövrdə bu ibadətə də kifayət qədər dəyər verilmir. Halbuki Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Mədinəyə hicrətdən vəfatına qədər hər Ramazan ayının son on gününü etikafda keçirərdi. Xocaəfəndi də illərdir sünnətə uyğun olaraq Ramazanın son on günü mütləq etikafa çəkilərdi; elə illər olurdu ki, iyirmi, hətta otuz gün etikaf edirdi. Xocaəfəndi Ramazan boyu inziva və etikafda olduğu üçün dəvətləri qəbul etmir, onu aktual məsələlərə girməyə vadar edəcək qonaqları ağırlamır. Vaxt girəndə xurma və ya su ilə orucunu açıb əvvəlcə axşam namazını camaatla qılır, sonra təkbaşına iftar yeməyini yeyir. Süfrə başında bəzən Samanyolu xəbərin bir qismini izləyir. İftardan sonra gücü çatdığı qədər az sayda qonaqlarla və hər hansı bir məsələdə məsləhət istəyənlərlə görüşür, onların dərdini dinləyir, çarə söyləyir.

Təravih namazını qıla bilirmi?

Hər gecə vaxt girər-girməz camaatla yatsı namazını qılırıq. Biz qonaqlarla birlikdə aşağıda salonda xətmlə (Ramazanın hər günü təravih namazında bir cüz oxuyub 30 günə Quranı bitirmək) təravih qılırıq. Xocaəfəndi də təravih namazını xətmlə, ancaq çox diqqət və həssaslıqla qılır. Biz iyirmi rükəti bitirəndə Xocaəfəndi hələ namazın yarısında olur. Salona çıxıb bir az istirahət etdikdən və şəkər səviyyəsini tarazlamaq üçün bir-iki loğma yedikdən sonra digər on rükəti də tamamlayır. Uzun çəkən qiraəti gücü çatdığı qədər ayaq üstə oxuyur, çox narahat olan vaxtlarda nadir hallarda oturaraq qılır, buna baxmayaraq namazı xətmlə qılır, hətta bəzən bir xətmlə də kifayətlənmir. Öz sözü ilə desək "Haydı, bu ikini də ayaq üstə qıl, o birində oturub qılarsan!" deyə-deyə "nəfsini aldadır" və əksər rükətləri ayaq üstə qılaraq tamamlayır.

Gecə çox az istirahət edir, xüsusilə, son on gecəni demək olar, yatmır, Quran və dua ilə məşğul olur. Yanında qalanları da, xüsusilə, son on gün çox az yatmağa və o bərəkətli anları gözəl dəyərləndirməyə təşviq edir. Bir vaxtlar kiminləsə dua bölüşmüşsə, onu indi də davam etdirir. Otuz qırx il əvvəl bəzi dostlarıyla bölüşərək oxuduğu virdlərini bu gün də oxuyur. Bir qrupla əl-Qulubud-Daria, başqa bir qrupla Cövşən, digəri ilə salati-təfriciyə bölgüsündən payına düşən hissələri hər gün mütləq oxuyur. Təbii ki, bu da hər gecə bir-iki saatını alır.

Bu Ramazanı ötən Ramazanlardan əsas fərqi nə idi?

Hərçənd insanlığın, ümməti-Məhəmmədin (əleyhissalatu vəssalam) və xalqımızın həllini gözləyən bir çox problemi vardı və hələ də var. Lakin bir tərəfdə qonşumuz Suriyada axan qan və göz yaşı, digər tərəfdə Afrikanı qovuran quraqlıq və aclıq fəlakəti bizə bu Ramazanda digər dərdlərimizi müvəqqəti də olsa, unutdurdu və bütün dərdləri əvəz edib qara bulud kimi üstümüzə çökdü.

Bu il dərslərdə fərqli hüzn, iftarlarda başqa bir kədər, gecələrdə bambaşqa bir qüssə var. Küçənin ortasında başından vurulub yerdə qıvrılan insan mənzərələri və aclıqdan bir dəri bir sümük qalan uşaqlar gözümüzün önündən getmir. Müzakirələrimizin mövzusu nə olur-olsun, söz gəlib Somali, Kenya, Uqanda və ya Efiopiyada aclıqdan ölən insanlarda düyünlənir.

Ramazanlarda o xoşbəxt evin ab-havası necə olur?

Qonaqlar asudə və mənəviyyat qoxan bu evdə özlərini Anadolunun isti ocaqlarının birində hiss edir. Burada özlərini, demək olar, həmişə edilən ibadətlərin, müzakirə olunan mövzuların, düşüncə və inanc dünyamızla bağlı təhlillərin, tərkiblərin, başqa ictimai məsələlərin ənginliyinə atır, yuxu kimi günlər keçirirlər. Həqiqətən burada çox vaxt əsrarlı bir axın, sirli bir sükunət və hüzur gətirən səkinə hiss edirlər. Könüllərinin fərqli ab-hava, mənəvi ləzzət, başqa bir nəşvə və müstəsna əsintilərlə dolub-daşdığını duyurlar.

Bu evin sakinlərinə gəlincə, onlar daha təmkinlidir. Xocaəfəndini daim iztirabda görmək, həmişə onun göz yaşlarına şahid olmaq, buna baxmayaraq onun üfüqündən uzaq olmaq o zahiri xoşbəxtləri ciddi tərəddüdə, ziqzaqlara sövq edir, nəfsin amansızcasına hesaba çəkilməsi digər bütün hisləri təsir altına alır. Üstəlik çoxunda aradan keçən illərə baxmayaraq hələ də tələbəlik psixologiyası və hər gün dərs vermə həyəcanı var. Lakin hər kəs öz halından məmnundur.. günləri oxuyub təfəkkür etməklə, təfəkkürlə Haqqa yaxınlıq yolları aramaqla keçir.

Digər tərəfdən, Ramazan ayında səxavəti qat-qat artan Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) və sələfi salehin kimi, o Müşfiq İnsan da uzaq-yaxın hər kəsi sevindirir. Malının bir hissəsini gecə, bir hissəsini gündüz, bir az gizli, bir az da açıq verən Həzrəti Əbu Bəkir və Həzrəti Əli kimi Xocaəfəndi də bu ayın əvvəlində hələ heç bir yardım fəaliyyəti olmadığı bir vaxtda “Kimsə Yoxmu” dərnəyinin "Afrika Qida Kampaniyası"na on min dollar bağışladı. Bəzən də insanları xeyirxahlığa təşviq etmək üçün göstərdiyi yardımın dilə gətirilməsinə etiraz etmir, çox vaxt da heç kim olmamasından istifadə edib ehtiyacı olanlara əl uzadır, hətta başqasının vasitəsilə onun ehtiyaclarını təmin edir və elə davranır ki, elə bil özü heç nə etməyib. Xocaəfəndi bu məkanın mətbəxdə işləyəndən tələbəsinə qədər hər kəsin hal-xətirini soruşur, dərdlərinə şərik olur və gizli və ya aşkar onlara əl uzadır. Əslində onun bir təbəssümünə belə o məkanın – yuxarıda qeyd etdiyim – bütün çətinliklərin dözməyə kifayətdir, hələ artıqdır.

Xocaəfəndinin otağını təsvir edə bilərsinizmi?

Bəziləri hamıya özlərinin dünya hərisliyi və həyat eşqi “pəncərəsi” ilə baxaraq bağ-bağçalardan, villalardan, təmtəraqlı həyatdan bəhs etsələr də, Xocaəfəndi on iki ildir, günlərini səhərdən axaşamadək o kiçik otaqda keçirir. Üstəlik həmin otaq o qədər şəraitsiz – istilik və səs keçirmə baxımından – bir binada yerləşir ki, Türkiyədə ondan heç iyirmi-otuz nəfərlik bir tələbə yataqxanası da olmaz.

Bəli, M. Fəthullah Gülən Xocaəfəndi bir təpənin üstündə yerləşən şirin bir bağda tikilmiş yeddi-səkkiz evdən birinin bircə otağında qalır. Yatağı, masası, paltar şkafı, kitabxanası, kiçik soyuducu, dəstəmaz otağı, qaçış aparatı və Türkiyənin müxtəlif yerlərindən gələn torpaqları da əziz bir hədiyyə kimi saxladığı muzeyciyi... hamısı bu bir otağa sığışdırılıb.

Xocaəfəndi axirətə yönəlik, dünyadan uzaq o üqba tələvvünlü otaqda ömür sürür. Orada yazır-pozur, orada oturub-durur, orada aparata çıxıb yeriyir, orada istirahət edir və orada gecə boyu Haqq Təalaya əl açıb dualarla yalvarır. Gah yarım-yamalaq bir daxmada, gah bir məscid pəncərəsində, gah da taxta komada sakin olan o əziz insan hazırda yaşadığı o xoşbəxt məkanı yeganə müsafirxana kimi görür. O sadə otaq sinəsində Xocaəfəndinin həsrət və hicranını gizlədir, göz yaşlarına şahid olur o iztirablı sakinin.

Xocaəfəndinin zahirən kiçik, mənaca çox dəyərli vitrinində (muzeyciyində) yer alan əşyalardan bir neçəsi: Lihyeyi-şərif (saqqalı), Türkiyənin dörd tərəfindən göndərilən torpaq qutucuqları, Kəbə örtüyündən bir parça, Məscidi-Nəbəvinin xalçası, Həzrəti Ustadın papağı və sarığı, cürbəcür rəngarən təsbehlər.. bir də Türkiyənin tozu, torpağı, havası hopmuş kostyumu və ayaqqabıları. Xocaəfəndi hər əşyasını hədiyyə etməyə hazırdır, əlinə nə keçsə paylayır, ancaq o kostyumla ayaqqabıların yeri bambaşqadır. Bir gün çox sevdiyi vətəninə qayıtmaq nəsib olsa, inşaallah, onları geyinəcək.

Xocaəfəndi Türkiyə ilə bağlı ən çox nəyin həsrətini çəkir?

Xocaəfəndi vətənin hər qarışından, hətta şəhərlərarası səfər zamanı yolda istirahət etdiyi, bir bardaq ayran, bir stəkan çay içdiyi çayxanlarından, istirahət yerlərindən ötrü darıxır. Qorucuq kəndini, İzmiri, Bozyaxadakı otağını və taxta komasını, Ədirnəni və Üç Şərəfəli Məscidin pəncərəsini həsrətlə yad edir. Əlbəttə, ən çox da xidmət ərənlərindən, simalarıyla inşirah tapdığı məfkurə yoldaşlarından və 12 ildir həsrətini çəkdiyi bəzi dostlarından ötrü darıxır.

O yerlərdə Süleymaniyyə, Sultan Əhməd və Qocatəpə kimi məbədlər yoxdur. Evimizin demək olar hər otağına qoyduğumuz elektron saatlarla azan həsrətimizi ovuduruq. Burada minarələrin o sehrli sədası eşidilmir; məbədlərdən o coşqun salavat və təkbir səsləri yüksəlmir. Dolayısilə Xocaəfəndi okeanın o tayında da olsa, bizim üxrəviliklə yoğrulan məscidlərimizi, onları dolduran Haqqın sadiq qullarını, onlardakı xəşyət, ehtiram və məhabəti xəyal edərək təsəlli tapmağa çalışır. Bəzən gözlərini yumub özünü ya bir şadırvan başında, ya mələklər kimi səfdə düzülən insanlar arasında, ya bir kürsüdə, ya da bir mehrabda xəyal edir, bəzən də ramazanlaşan dünyanı evlərimizə gətirən Samanyolu kanalı vasitəsilə məbədlərdən yüksələn o saf və pak səslərdən və könüllərə inşirah verən mənzərələrdən payını götürmə həyəcanını duyur. Dünyanın dörd bir bucağında bir məşəl alovlandırma eşqiylə rəqabətsiz yarışan təhsil könüllüləri haqda göz yaşlarıyla, təqdir hissləriylə və xeyir-dualarla seyr edir. Yenə ən qaranlıq diyarlarda belə xoşgörü və dialoq çətiri altında bir araya gəlib barış və dostluq mesajlarıyla ətrafa işıq saçan bəxtiyarları "dialoqun meyvələri"ndə heyranlıqla izləyir və "Allah pis gözlərdən qorusun, ixlas və istiqamətdən ayırmasın!" deməyi də unutmur. Övladını hicrətə yola salan ana-atalarla şəhid ailələr üçün verilən iftar yeməklərindəki hüznlü mənzərələr və o fədakar insanların ürəkyaxan sözləri süfrə başında ona elə göz yaşları tökdürür ki, bunları dilə gətirməyə nə iç aləmimiz, nə də ifadə gücümüz yetər.

Zənnimcə, mediada da əksini tapan Xocaəfəndinin bu sözləri onun vətən həsrətini çox gözəl ifadə edir: bir gün belə demişdi: “Elə istəyirəm ki, Türkiyənin müxtəlif yerlərindən gələn bu torpaqları geniş bir yerə sərim, qarışdırıb qatılaşdırım və ondan bir səccadə düzəldim. Düzəldim ki, namazlarda artıq vətən torpağına səcdə edə bilim. Bəli, bunu çox istəyirəm, amma bir bidət çıxararam deyə bu hissimi boğur və vətən həsrətini ürəyimdə həbs edirəm.

Sizcə, bu Ramazanda onu ən çox üzən və ən çox sevindirən nə idi?

Görə bildiyim qədər, Xocaəfəndini ən çox müharibə, xaos, fitnə-fəsad və şəhid xəbərləri kədərləndirir. Türkiyənin bəzi şər əllərlə qarışdırılması və əsgər, polis, təhlükəsizlik orqanları və digər vətəndaşlarımızın – şəhadət şərbəti içsələr də – ölümünə çox üzülür.

Bununla yanaşı, Xocaəfəndini bu Ramazanda ən çox üzən hadisə bir tərəfdə qonşumuz Suriyada axan qan və göz yaşı, digər tərəfdə Afrikanı qovuran quraqlıq və aclıq fəlakəti oldu.

Yaxşı ki, xalqımız insanlığın ölmədiyini göstərib bu qəm yurdunda üzümüzə təbəssüm qondurdu. Dövlət adamlarımızdan iş, sənət, idman, media və siyasət dünyasının tanınmış simalarına qədər hər bir təbəqənin nümayəndəsi həm şəxsən yardım əlini uzatdı, həm də insanları yardıma çağırdı, çağırırlar. Dövlət qurumları ilə yanaşı, özəl qurumlar da bütün imkanlarını səfərbər edərək "imdad" harayına çatmağa çalışır.

Samanyolu kanalı və “Kimsə Yoxmu” Dərnəyinin birgə təşkil etdiyi "İnsanlıq Ölmədi" proqramı və yardım kampaniyası Xocaəfəndini çox sevindirdi. Ümumən gün boyu televizoru açmadığı halda, Amerika saatıyla iftardan əvvəl başlayıb iftardan sonra da davam edən o proqramı göz yaşlarıyla izlədi. Studiyaya gəlib telefonlara cavab verən məşhur simalar, daha çox yardım cəlb etməyə çalışan könüllülər, canlı gedən verilişə zəng edən dövlət böyükləri, iş adamları, əliaçıq xalqımız, hətta uşaqlar Xocaəfəndini ağlatdı. Xocaəfəndi başqası nə düşünür-düşünsün həmin proqramı ağlayaraq seyr etdiyini deyən E. Özkökün "Yalnız gözləri böyüyür... Niyə" adlı yazısını da bir millət kimi xeyrxahlıq üçün birləşə biləcəyimizin və xalqımızın Afrikaya yardıma göstərdiyi diqqətin bir əlaməti sayıb təqdirlə qarşıladı.

Son cümlənizdə "Başqası nə düşünür-düşünsün" dediniz. Bu sözə niyə ehtiyac duydunuz?

Bəziləri illərlə müxalif və məsafəli davranan, hətta bir mənada pislik etmiş insanların indi müsbət söz deməsini və müsbət yanaşmasını işi bitmiş, gözdən düşmüş şəxslərin gündəmdə qalma cəhdləri kimi dəyərləndirir. Bu fikir bəziləri haqqında doğru da ola bilər. Ancaq Xocaəfəndi bir insan haqqında – kimliyindən asılı olmayaraq – bu cür fikirləşməyin doğru olmadığını, insanlara fürsət verməyin vacibliyini və ən şərəfli məxluq insanın mahiyyətində var olan o şərəfə uyğun hərəkət etməyə meyilli olduğunu dilə gətirir. Bu baxımdan, insanın mahiyyətində yaxşılıq və gözəlliyin mövcudluğuna inanan möminlərin ən kiçik müsbət söz və ya hərəkəti alqışla qarşılamalı olduğunu vurğulayır. Ona görə də, başqalarından gözlədiyimiz diqqət və anlayışı ilk öncə özümüz göstərməliyik və hər kəsdən qabaq biz özümüz impatiya bəsləməliyik.

Ancaq hər insan bu qədər həssas deyil. Hətta Xocaəfəndiyə qarşı ədəbsizcəsinə yazı yazanlar və hər mənfini bu hərəkətla əlaqələndirənlər olur?

İlk öncə qeyd edim ki, onlar bizim müəllimlərimiz deyil, hər kəs öz xarakterini nümayiş etdirir. İnancımıza görə, eyni şəkildə cavab vermək bir mənada zalımların işidir; döyənə əlsiz, söyənə dilsiz və qəlbsizlərə belə könülsüz davranmaq isə Xocaəfəndinin tez-tez dilə gətirdiyi əsaslardandır.

Təəssüflər olsun ki, sayı az olsa da, səsi çox çıxan bir təbəqə sizin dediyiniz kimi hərəkət edir və bəlkə də, bundan qara propaqanda kimi istifadə edir. Keçən gün də bir fəlsəfəçi başqa təriqətlərdə olduğu kimi bu hərəkatın da "azad iradəni qəbul etmədiyini" və "robot yetişdirdiyini" söylədi, üstəlik bir cümlədə, bəlkə də, on iddia sıraladı ard-arda, ancaq heç biri həqiqəti əks etdirmirdi.

Təəssüf ki, əksəriyyəti həqiqətdən uzaq və əzbər danışırlar. Hərəkatı araşdıran bir amerikalı alim demişdi ki: “Kitabıma məlumat toplamaq üçün həm Xocaəfəndini sevənlərlə, həm də onun əleyhdarları ilə görüşdüm. Heyrət etdim: Gülən əleyhinə atıb-tutanların heç biri onun bircə kitabını da başdan axıra kimi oxumayıb və hərəkatın könüllüləriylə bir iki saatlıq da olsa, görüşməyib. Sadəcə qəzet xəbərləri ilə danışırlar, eşitdikləriylə hökm verirlər".

Həqiqətən, Xocaəfəndini yaxından tanıyanlar və ondan ilham alan müəssisələrin fəaliyyətinə az-çox bələd olanlar təkcə elə o fəlsəfəçinin ortaya atdığı iddiaların belə nə qədər əsassız, qərəzli və ümumiləşdirici olduğunu görərlər. Zənnimcə, belə insanlar İslam mədəniyyətinə xas məşvərət, müzakirə və mühasibə ənənəsindən bixəbərdir. Halbuki, Xocaəfəndi də sələfləri kimi hər şeyi övladı yaşında olan insanlarla belə məsləhətləşir. Üstəlik o, ilahiyyat məzunlarından ibarət ən az on nəfərlik qrupa doktorluq səviyyəsində dərs oxutduru və indiyə qədər dərs verdiyi onlarla tələbəylə birlikdə demək olar hər məsələni müzakirə etmişdir. İlahiyyat eqoizmi ən güclü olan ixtisaslardan biridir. Belə bir ixtisasa sahib insanların hər eşitdiyinə inanması mümkün deyildir. Üstəlik Türkiyədə fikirləri ən çox müzakirə edilən insanlardan biri yenə də Xocaəfəndidir. Bu baxımdan, ilhamını ondan alan Hərəkatın mahiyyəti itaət və robotluq deyil, məntiqli, ağlabatan məsələlərdə bir araya gəlmək və təklif edilən xidmətin məntiqli olmasıdır.

İddia etmək yaxşı şey olmasa da, bu mövzuda iddiaya girə bilərəm. Əgər hər bir təklif sırf Xocaəfəndinin ağzından çıxan kimi qəbul edilib tətbiq olunsaydı, bəzi məsələlərdə və bəzi yerlərdə, bəlkə də, daha çox uğur əldə edilərdi. Lakin həqiqət belə deyil. Böyüklər fikrini söyləyir, sonra insanlara seçimdə sərbəstlik verirlər, hətta bəzən səhv olduğunu görə-görə – həyati əhəmiyyətli məsələ deyilsə – onların təcrübə etməklə yetişməsinə şərait hazırlayır və insanların önünü açırlar.

Xocaəfəndi bu tənqid və ittihamları eşidib üzülmürmü? Münasibəti necə olur?

Əlbəttə, üzülür, lakin inanıram ki, Xocaədəndinin üzüntüsü qətiyyən öz şəxsi ilə bağlı deyil. O, xidmət medalına layiq ola-ola günahkar kimi rəftar görən adanmış ruhlara görə üzülür. Öz şəxsinə görə həmin insanların və xeyirxah fəaliyyətlərin dəyərsiz sayılmasından iztirab çəkir. Bildiyiniz kimi, Sinan Çətin bəy sırf Xocaəfəndini təqdir etdiyi üçün nələr çəkdi: medianın hücumuna və cəmiyyətin təzyiqinə məruz qaldı. Hörmətli Sinan Çətin kimi insanların rəncidə edilməsi onu şəxsən məruz qaldığı zülmlərdən daha çox üzür.

Məsələnin bir də vicdani və mühasibə (öz-özünü hesaba çəkmə) yönü var. Xocaəfəndi kimi insanlar məruz qaldıqları haqsızlıq və müsibətlərə görə öz nəfsindən başqa günahkar axtarmazlar. "Ey iman edənlər! Siz özünüzə baxın! Siz doğru yolda olduqdan, hidayəti xarakterinizə çevirdikdən sonra zəlalətə düşmüş kəslər sizə zərər verə bilməz" (“Maidə” surəsi, 5/105) ayəsinə əsaslanaraq hər mənfi hadisədə ilk öncə özlərini sorğu-suala çəkirlər. İnsanlar haqsızlıq etsə də, qədərin ədalət etdiyini düşünür və hər bir mənfi hadisədə istiğfara (tövbəyə) üz tuturlar.

Mövzunun aydın olması üçün konkret örnək verə bilərsiniz?

Bu mövzuda sizə yeni bir örnək vermək istəyirəm: Bildiyiniz kimi ötən günlərdə zəlzələ baş verdi, episentri Virciniya ştatının paytaxtı Riçmond idi. Yeraltı təkanları Pensilvaniya ştatında biz də hiss etdik. Bu bölgədə on iki il ərzində ilk dəfə idi ki, zəlzələyə şahid olurduq. Zəlzələdən sonra ölkənin elədiyi zülmləri xatırladan və bunu ilahi bir xəbərdarlıq kimi izah edən bir çox mülahizələrə şahid olduq. Ertəsi səhər Xocaəfəndinin fikrini öyrənmək üçün zəlzələ haqqında sual verdik. Cavabı belə oldu: “Yatağımda oturmuşdum, istirahət etməyə hazırlaşırdım, o əsnada yerin titrəyişini hiss etdim. Dedim ki, ölkəmizdən dalbadal şəhid xəbərləri gəlir, Suriyada müsəlman qanı dayanmır və Afrikada aclıqdan, quraqlıqdan minlərlə insan ölür... hər halda bu qədər ağır bir dövrdə mənim vəzifəm başımı səccadəyə qoymaq və ağlamaqdır. Yəqin buna görə ayağımın altında yer silkələndi. Mən zəlzələnin mənə aid yönünü belə şərh etdim. Hər kəs Allahla münasibətinə, ümməti-Məhəmmədə bağlılığına və qəflətlə məsafəsinə baxıb hadisəni belə dəyərləndirməlidir. Elə insanlar var ki, göydən bir meteor düşsə: "Mənim ucbatımdan düşdü, çünki mən Allahın lütf etdiyi imkanları yaxşı dəyərləndirə bilmədim" deyir. Bu, mömin düşüncəsidir. Bəziləri də "Kim bilir, Virciniyada nə xəta etdilər, onlar ucbatından Allah yeri sirkələdi" deyə bilər. Qafil insan heç nəyi boynuna almaz, ilahi xəbərdarlıqdan bir şey anlamaz. Özünü baiskar görmə.. qiyamət qopsa, özünü basikar saymaq.. "Yəqin mənim ucbatımdan qopdu. Çünki mövqeyimə layiq ola bilmədim. Hislərimlə davrandım. Onun sevdiyini sevə bilmədim, sevdiyim də Onun sevdiyi deyildi. Maraq göstərdiyim Onun dəyər verdiyi deyildi. Onun dəyər kimi təqdim etdiyi şeylərə də dəyər vermədim. Məhz buna görə bu fəlakət gəldi". Məsələyə həmişə bu cür yanaşmaq lazımdır.

Bəli, Virciniyadakı zəlzələyə belə münasibət bildirən bir insanın bilavasitə şəxsinə aid məsələlərə baxışını anlamaq o qədər çətin deyil.

Xocaəfəndinin bu Ramazana aid xüsusi ismarıcı oldumu?

Xocaəfəndi ötən səhər çox da vurğulanmayan əhmiyyətli bir mövzuya diqqətimizi çəkdi: “Bəli, qıtlıq və quraqlıqla mübarizədə maddi səbəblərə mütləq riayət edilməlidir, lakin möminlər ilk öncə Müsəbbibul-Əsbaba (Bütün səbəbləri yaradan Allaha) üz tutmalı və feili dua ilə birgə qövli duanı da yerinə yetirməlidirlər.

Təəssüf ki, bu gün əksər insanlarda ciddi etiqad problemi var; hər məsələni naturalizmlə və təbiət hadisələri ilə izah etmə xəstəliyinə mübtəla olanlar hadisələrin pərdə arxasını görə bilmirlər. Dolayısilə, quraqlıq və qıtlıq kimi təbii fəlakətlər haqqında da düzgün fikir yürütmür və əsl nicat qapısını bilmirlər.

"Möminlərin dərdini çəkməyən onlardan deyildir" hədisini xatırladıb: "O insanlara uzadılan yardım əlindən hansının ilahi dərgahda qəbul olacağını bilmirik. Yağmur duası da bir yardım vəsiləsidir" deyən Xocaəfəndi dünyanın hər yerində ehtiyac içində olan afrikalı qardaşlarımız üçün yağmur duasının edilməsini istədi.

Xocaəfəndidən gələn bu xəbərdarlıq və təşviqdən sonra www.herkul.org saytı vasitəsilə insanları Yağmur duası etməyə çağırdıq, bir dua hazırlayıb saytımıza yerləşdirdik. Biz də burada yeddi gün dalbadal hər səhər yağmur duası etdik; hədislərdə bildirildiyi kimi, Rəbbimizə əl açıb Afrika üçün Ondan ruzi dilədik; xüsusilə Somali, Kenya, Uqanda və Efiopiyadakı qardaşlarımız üçün yağış, bərəkət və yardım istədik.

Bəli, madam ki, media vasitəsiylə bu qıtlıq, quraqlıq və aclıqdan xəbərimiz var, buna biganə qala bilmərik. Dünyanın harasında olsaq da, əlimizdən gələn maddi yardımı etməklə yanaşı, heç olmasa səmimi bir "amin"lə də qardaşlarımızın dərdinə şərik olmalıyıq. Hələ də gec deyil, indiyə qədər edə bilməyənlər, inşaallah, tezliklə imkan tapan kimi yağış duasına çıxarlar.

Xocaəfəndinin Afrikada baş verən quraqlıq və qıtlıq haqqında söhbətlərində, maddi yardım və yağmur duası ilə bağlı məsləhətlərində hansı xüsuslara diqqət çəkdi? Onu dinləyən bir insan kimi fikirlərinizi öyrənə bilərikmi?

Əvvəla insanların qıtlıq, quraqlıq və aclığın pəncəsində qıvrıldığını göstərən mənzərələr bizi kədərləndirməli, ancaq Həqiqi Rəzzaq haqqında sui-zənnə səbəb olmamalıdır. Uca Yaradan mərhəmətlidir və möhtacların ürəkyaxan mənzərələrini görür. Kim bilir, o aclıqda da Allahın necə hikmətləri var. Bəlkə də, başda Afrika xalqı olmaqla bütün müsəlmanların oyanması üçün bu, bir vəsilə olacaq. Bəlkə, küllli istiğfar lazımdı ki, səmanın qapıları açılsın. Bəlkə də, burada çəkdikləri əziyyətlərə müqabil Haqq Təala o insanlara Cənnət nemətlərini bəxş edəcək və bununla bütün dünyaya bir şey anladır. Bəlkə də, o yardıma möhtac insanlara can atan ölkələrin gələcəyi parlaq olacaq, edilən maddi-mənəvi yardımlar o bölgələrin inkişafına vəsilə olacaq, üstəlik məktəb və tibb ocaqları kimi uzunömürlü sərmayələrlə gələcək nəsillərə əl uzadılacaq. Və bəlkə də, digər ölkələrdə yaşayan Məhəmməd ümməti öz hallarına şükr edəcək, bu hadisə sayəsində onların qəlbində yardım şüuru kimi məziyyətlər təkrar oyanacaq. Bu ilk ağıla gələn xüsuslardır. Ancaq möminlər bu işin pərdə arxasını düşünməli və ilahi icraat haqqında qətiyyən sui-zənn etməməlidirlər. Məsələnin əvvəl-axır, zahir-batin hər cəhətini nəzərə alıb dəyərləndirməlidirlər.

İkncisi, səbəblərə riayət əsasdır və çalışıb-çabalamadan ruzi gözləmək doğru deyil. Bununla yanaşı, Haqq-Təalanın Müsəbbibul-Əsbab olduğunu, hətta millətin verdiyi yardımların ən vacib bölgələrə çatdırılmasında belə Onun hidayətinə, inayətinə ehtiyac olduğunu unutmamaq lazımdır.

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bizə qıtlıq və quraqlıq zamanında edilən yağmur duasını öyrətmiş və onun üsulunu, ədəbini şəxsən göstərmnişdir. Möminlər bu ədəbə uyğun dua edib yalvarmalı, duanı da "Biz dua edək, Allah istəsə yağdırar, istəsə yağdırmaz!" kimi yanlış düşüncəylə deyil, "Rəbbimiz rəhmət qapılarını mütləq açacaq" inamıyla, Onun səbəbləri yaradıb ağlımıza gəlməyən yerdən ruzi göndərə biləcəyinə ürəkdən inanaraq etməlidirlər.

Şəxsən iştirak etdiyim bir məclisdə Xocaəfəndi: "Rəbbimizin mərhəmətindən şübhəniz olmasın və Onun icraatını sorğu-suala çəkməyin, siz özünüzə və vəzifənizə baxın!" dedi və bunu deyərkən də çox ağladı.

Mustafa Bəy, Mərhum Həmdi Yazarın üslubuyla desək, Allahın iki əli də açıqdır; yədi-camalı (camal əli) da açıq, yədi-cəlalı (cəlal əli) da. Bir vaxtlar bəziləri "Yədullahi mağlulətun-Allahın əli bağlıdır" demiş, başqa məsələlərlə birlikdə, inananların çəkdiyi əziyyətləri – haşa – Uca Yaradanın acizliyi və mərhəmətsizliyi kimi izah etmişdilər. Haşa, O, xəsis deyil, mütləq comərddir, aciz deyil, mütləq qadirdir. Rəzzaq Odur, ruzi Ondandır. Haqq Təala istəsə, səhranı gülşənə çevirər. Necə istəsə, elə də verər, istəsə verər, istəsə verməz.. istəsə az verər, istəsə çox, istəsə az-az, planlı verər, istəsə saysız-hesabsız verər, istəsə bir səbəblə verər, istəsə səbəbsiz.

Bir vaxtlar göydən bildirçin əti və qüdrət halvası göndərib səhranın ortasında səmavi süfrələr açan, bir əsa zərbəsiylə daşın köksündən on iki çeşmə fışqırdan və ömrünü Haqqa həsr etmiş Həzrəti Məryəmə xariqüladə şəkildə ruzi verən Həqiqi Rəzzaq istəsə, bizim heç ağlımıza gəlməyən vəsilələrlə və sadə yollarla qullarını yedirib-içirər. Sizi vasitə etməsi və mərhəmətli əllərinizlə möhtaclara su, yemək, dərman çatdırması elə Onun icraatı deyilmi?

Müheymin olan Allah bir qurtum su, bir dilim quru çörək üçün inləyən insanları görür. Allah, Lətif, Xabir və Rəhmandır. Onun əngin mərhəməti ola-ola acıma hislərinə nə hacət! Kim bilir, bəlkə də, bu, Afrikanın deyil, digər insanların, xüsusilə, inanan insanların imtahanıdır.

Ramazan boyu Türkiyədən gələn şəhid xəbərləri Ona necə təsir etdi?

Budağından vaxtsız qopan bir yarpağın hüznünü yaşayan Xocaəfəndinin gənc əsgərlərin şəhid olnmasından doğan hicranını təsvir etməkdə acizim. Hələ bir ay əvvəl İzmirdə təlim uçuşu zamanı nasazlanan təyyarənin insanlara zərər verməməsi üçün canını fəda edən pilotlarımıza tökdüyü göz yaşı qurumamış əsgərlərimizin Diyarbəkirin Silvan çölündə şahidlik şərbətini içməsi xəbərini aldığı anı xatırlayıram. Gözümün qabağından getmir: xəbəri eşidər-eşitməz beli büküldü, yanaqlarından həsrət damlaları süzüldü və əlləri dua üçün yuxarı qalxdı.

Keçən dəfə sübh namazından sonra dərs halqasında yerimizi tutub başlamaq üçün işarə gözləyirdik. Gördük ki, Xocaəfəndi yenə çox kədərlidir. Əvvəlcə səbəbini başa düşmədik. Sonra titrək səsiylə özü dedi. Məgər gecə yarısı qara xəbər alıb; Haqqarinin Çuxurca mahalında hərbi maşın karvanının yoluna basdırılmış minanın işə salınması nəticəsində on nəfərdən çox əsgər şəhid olub, bir çoxu da yaralanıb... O əzab və ağrı ilə, azacıq inşirah tapmaq üçün otağına çəkilibmiş. Xalqımıza və şəhidlərimizə dua etmək üçün masasında olan əl-Qulubud-Dariyayı əlinə götürmüş, təfəül etmək istəyincə qarşısına Əshabi-Bədirlə bağlı dua çıxmış. Sözlərinin eyhamı və ürəyimizdən keçən mülahizə: inşaallah o igidlər "Bədir Səhabələri"nə qonşu olar, onlarla həşr olunar.

Bu məsələnin çözümü haqda fikir bildirdimi?

Xocaəfəndi hər fürsətdə terrorun bir nəticə əldə edə bilməyəcəyini, xalqımızı bir müddət ağlatsa da, millətimizin bəsirətinə mütləq məğlub olacağını deyir. Əslində Xocaəfəndi illərdir bu mövzuda təkliflərini yazılı və şifahi olaraq bildirmişdir. Təkcə güc tətbiq etməmək, diplomatik yollara baş vurmaq, hərbi və sivil çozüm axtarışlarının tarazlı aparılması, həmin bölgənin cazibə mərkəzinə çevirilməsi, müəllim, həkim, imam və sair dövlət məmurlarının şəxsən həmin bölgələrdə yüksək fədakarlıq göstərməsi, qeyri-hökumət təşkilatlarına daha aktiv rol verilməsi və terrorla mübarizədə tədbirlərin insan hüquq və azadlığını məhdudlaşdırmadan görülməsi kimi tövsiyələri, təklifləri var.

O cümlədən Xocaəfəndi son söhbətlərindən başa düşdüyüm qədər hal-hazırda iki sirli anlayış var:

Birincisi, “müştərək ağıl”: Bu dərdin öhdəsindən təkcə bir təşkilat və ya kütlə gələ bilməz; bu ölkənin, bu xalqın istiqbalını və iqbalini istəyən –Türk-Kürd, iqtidar-müxalifət, əsgər və sivil - hər kəs əl-ələ verməli və birlikdə çalışmalıdır.

İkincisi isə, səmimiyyət: Kollektiv şüuru ortaya qoyanların səmimi olması zəruridir. Təşəbbüsü ələ alma, tarixdə iz qoyma, təmsilçi olma, vəzifəyə keçmə, dünya malı yığma... kimi bir gizli niyyəti olanlar bu problemi qətiyyən həll edə bilməzlər. Gözləri dolmuş halda "Təki, silahlar sussun, qan axmasın, bu məsələ həll olunsun və xalqımız sülh şəraitində yaşasın, lazım olsa, canımı verməyə hazıram" deyən tanınmış kürd siyasətçisini Xocaəfəndi gözü yaşlı dinləmiş və "Bu müşkül işi məhz bu səmimiyyət həll edəcək!" söyləmişdi. Kaş həmin şəxs hislərində səmimi olaydı, sözləri əməlləri ilə üst-üsə düşəydi. Və kaş bu dərdi həll etmək üçün səmimi insanlar təmənnasız bir masa başında toplana biləydi!.

Türkiyənin stabilləşməsi və demokratiyada məsafə qət eməsi haqqında fikir söylədimi?

Xocaəfəndi seçkilərin ümumilikdə sakit keçməsini demokratiya üçün bir uğur hesab etdi və bundan məmnun oldu. Ancaq istər seçki ərəfəsində, istər seçkidən sonra yanlış üslubdan istifadə edilməsinə çox üzülür. Onun fikrincə, üslub elə insanın özüdür; insanın dəyəri onun üslubundan aydın olur və heç bir səbəb yanlış üsluba əl atılmasına əsas ola bilməz. O cümlədən, tənqid edərkən istər filan partiyanın tərəfdarlarının, istərsə də filan təşkilat nümayəndələrinin hamısını hədəf seçmək və məsələni ümumiləşdirərək həmin dairəyə mənsub bütün insanları qaralamaq çox çirkin davranışdır, lakin təəssüf ki, bu gün bu çirkinlik geniş yayılmışdır. Məsələn, hər müəssisədə olduğu kimi ədliyyə və orduda da bəzi insanlar çirkin işlər görə bilər; onların üzündən o müəssisələri tamamilə qaralamaq və gözdən salmaq zülmdür.

Ötən gün bir televiziya verilişində bu yaxınlarda təqaüdə çıxan və ya hələ də həbsdə olan bəzi generalları ifrat səviyyədə tənqid etdilər. Xocaəfəndi buna belə münasibət bildirdi: “Kaş vəzifədən gedən, əlindəki iqtidarı itirən insanlar haqqında fikir bildirərkən insaf əldən verilməyəydi. Özünü müdafiə etmə imkanı olmayanlara zərbə endirmək möminə yaraşmaz. Anadolu mədəniyyətində yıxılana balta çalmaq yoxdur. O insanlar səhv iş görübsə, onsuz da məhkəmə lazım olanı edəcək. Bu haqda dedi-qodu etmək bizə düşməz. O insanlar vəzifədə və iqtidarda olarkən sizə hücum etsəydilər, yenə də özünüzü yalnız hüquq çərçivəsində müdafiə edə bilərdiniz. Müsəlman olaraq sizə yaraşan ağıl və vicdan çərçivəsindən kənara çıxa bilməzsiniz, habelə heç vaxt başqalarının yalnışını örnək götürə bilməzsiniz. Bir neçə nöqsan və ya bir neçə nöqsanlı insan üzündən Peyğəmbər Ocağını qaralamaq dövlətimizə və millətimizə bir fayda verməz. Mənə görə, hər kəsə hörmət etmək lazımdır, hər bir insanın qüruru, şərəfi qorunmalıdır və heç kim təhqir edilməməlidir, xalqın başında olan və xüsusi mövqeyə gələn insanların izzət və şərəfinə daha diqqətli, daha sayğılı olmaq lazımdır. Çünki belə insana hörmət edilməməsi, rəncidə edilməsi təkcə bir şəxsin şərəfinə xələl gətirməz, onun təmsil etdiyi müəssisələrin də etibarını zədələyər. Əlbəttə ki, haqq və ədalətin öz yerini tapması çox əhəmiyyətlidir və hər kəs ədalət qarşısında bərabərdir. Ancaq hakim qarşısına çıxanlar insandır, buna diqqət yetirmək lazımdır. Qənaətimcə, məsələ bu iki şey bir-birinə qarışdırılmadan həllini tapmalıdır.

Sual: "İbrətamiz Xatirələr" "Yanıq Ürəklər" və "Pensilvaniya Sürgünündə Bir Uşaq" adlı kitablarınızda daha çox Xocaəfəndi haqqında qələmə aldığınız yazılar yer alır. Bu kitablarla insanlara nəyi çatdırmaq istəyirsiniz?

İlk öncə, məsələ bir insanı tərifləmək və ucaltmaq məsələsi deyil, Xocaəfəndinin tərifləməyə ehtiyacı yoxdur. Ancaq bu kitablarda əksini tapan bəzi mövzular və örnəklər Xocaəfəndinin təvazökarlığından dilə gətirmədiyi, faş etmədiyi və Rəbbi ilə arasında qalmasını istədiyi hadisələrdir. Onlar ancaq məsələdən bu və ya digər şəkildə agah olan ikinci və ya üçüncü şəxslər vasitəsilə xalqa çatdırıla bilərdi və nəticə etibarilə o yazılarda danışan yalnız həqiqət idi. Sözügedən kitabların bir məqsədi Xocaəfəndinin bəzi media orqanlarının əks etdirdiyi kimi olmadığını, qulluğunu, elmi cəhətini, mahviyət və təvazösünü nəzərə çatdırmaq, digər məqsədi də həm Xocaəfəndinin məruz qaldığı haqsızlığa zəif səslə də olsa etiraz etmək, həm də öz dəyərlərimizin bir qisimini fərqli bir üslubla yenidən dilə gətirmək, dinimizin ənginliyini və gözoxşayan gözəlliklərini hadisələrin dili və Xocaəfəndinin davranışları ilə anlatmaq idi.

Bir kitabınızın adında "Pensilvaniya Sürgünü" ifadəsini işlətmisiniz, bu, nə ilə bağlıdır?

Möhtərəm Xocamız Amerikaya öz istəyi və seçimi ilə getsə də, onun sonrakı halını, yaşadığı məkanı və oranın şəraitini ancaq “sürgün” sözü ilə ifadə etmək olar. Düzü, "sürgün" bir cinayətə verilən cəzanın adı olduğuna görə bu sözü onun haqqında işlətməyi heç uyğun görmürəm. O qutlu yolçunu "mühacir", müvəqqəti yaşadığı yeri də “məhcər”ə (“hicrət diyarı”) adlandırmağa üstünlük verirəm. Lakin o iztirab insanının çəkdiklərini, "adanmışlar"a, "könüllülər hərəkatı"nın sevgi qəhrəmanlarına zərər gəlməməsi üçün göstərdiyi fədakarlığı, on iki ildir hər gün içini qanadan vətən həsrətini... düşünəndə Pensilvaniya meşələrinə sürgün yeri, onun halına da "iradi sürgün" deməkdən özümü saxlaya bilmirəm. On iki ildə evdən on-on beş dəfə çıxıb, çoxunda da xəstəxana üçün. Amerikanın bircə alış-veriş mərkəzinə, hətta bir marketinə belə girməyib, yəni dünyadan o qədər uzaqdır.. məscid kürsülərindən minlərlə insana xitab etməyə vərdiş eləməsinə baxmayaraq bəzən aylarla qonaq qəbul etmir, üç-beş nəfərlə oturub-durmağa məcbur olur... bütün bunları bilə-bilə onun bu vəziyyətini "iradi sürgün", ya da "ixtiyari həbs" sözündən başqa nəylə izah etmək olar. Düşünün ki, ən təhlükəli məhkumları belə müəyyən vaxtlar həyətə və ya koridora gəzintiyə çıxarırlar, bir az nəfəs dərməsinə, istrahət etməsinə şərait hazırlayırlar. Ancaq Xocaəfəndi neçə illərdir otağı ilə namaz qılınan salon arasında gedib-gəlməyə sanki məcburdur, hətta elə vaxt olub ki, altı ay evdən çölə addım da atmayıb.

“herkul.org” internet saytının izləyiciləri sizdən bir xoş xəbər gözləyir. Ramazandan sonra söhbətlər başlayacaqmı, sayt yenilənəcəkmi?

Allah nəsib etsə, Xocaəfəndinin həftədə üç gün etdiyi ikindi söhbətləri bayramdan sonra təkrar başlayacaq. İnşaallah, həm “Kırık Testi”, həm də “Bamteli” bölmələrini hər həftə təzələyərək möhtərəm Xocaəfəndinin ən son söhbətlərini hər kəsə təqdim etməyə çalışacağıq.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.