“İslamla müasirlik bir-biri ilə təzad təşkil eləmir”

İslamla müasirlik bir-biri ilə təzad təşkil eləmir

Almaniyanın tanınmış qəzetlərindən olan “Frankfurter Allgemeine Zeitung” (FAZA) təxminən bir aylıq fasilədən sonra Fəthullah Gülən Xocaəfəndiyə təkrar yer ayırdı. Türkiyə üzrə tədiqaqatçı Reyner Herman (Rainer Hermann) əvvəlki yazısında Xocaəfəndi ilə görüşündən, o cümlədən ABŞ-da həyata keçirilən təhsil və dialoq fəaliyyətlərindən bəhs etmişdi.

Reyner Herman budəfəki yazısında Xocaəfəndidən götürdüyü müsahibəni ətraflı şəkildə oxuculara təqdim etdi. Herman Xocaəfəndi ilə müsahibəsində müsəlmanların müasir dünyada qarşılaşdığı sınaqlardan terror hadisələrinə, İslamın qadına münasibətindən, AKP-Hizmət əlaqələrinə qədər bir çox məsələ haqda suallar yönəltdi. Müsahibə alman cəmiyyətinin xüsusilə İslam və Hizmətlə əlaqədar maraqlandığı bir çox məsələlərə aydınlıq gətirdiyinə görə böyük maraqla qarşılandı.

Hörmətli Gülən, müsəlmanlarla xristianların sülh şəraitində birgə yaşaması mümkünmü?

Bəli. Müsəlmanlarla Xristianların sülh şəraitində birgə yaşamasına əngəl törədənlər hər iki tərəfin marjinal qruplarıdır. Bəzi müsəlmanlar İslamiyyətin müqəddəs dəyərlərinə edilən hücum və təhqirlərə münasibət bildirərkən, etiraz edərkən ifrata yol verirlər. Halbuki bu qaralama kampaniyalarını həyata keçirənlərin əsl niyyəti qəzetlərə verdikləri bəyanatlardan da gördüyümüz kimi, müsəlmanları kəskin etirazlara sövq eləmək və bununla İslamiyyəti gözdən salmaqdır. Bunu anlamayan müsəlmanlar da müəyyən qrupların törətdiyi hadisələrə görə bütün Qərb və xristian dünyasını islamofobiyada ittiham edir.

Məhəmməd peyğəmbər haqqında çəkilən təhqiramiz film əksər İslam ölkələrində qismən də olsa, zorakılıqla müşayiət edilən etirazlara səbəb oldu. Sizcə, hansı daha əhəmiyyətlidir, fikir azadlığı, yoxsa dinlərə hörmət?

Bütün dinlərə hörmət etməyə ehtiyacımız var. BMT və ya AB bütün müqəddəs dəyərlərin müdafiəsinə dair bir qanun ortaya qoya bilərmi? Bu, fikir azadlığı ilə təzad təşkil edərmi, etməzmi? Mənə elə gəlir ki, bu, çox çətin məsələdir. Məncə, bu məsələnin həllində ən yaxşı yol müsbət xarakterli insanlar yetişdirməkdir. Hüquqi qayda və qanunlar bu məsələni həll edə bilmir.

Niyə kamikadzelər tərəfindən törədilənlər İslamla əlaqələndirilir?

Keçmişdə bəzi hökmdarlar zülm, haqsızlıq etmiş, sonra da İslamiyyətin arxasında gizlənmişdir. Bu gün bundan da dəhşətlisini edirlər. “Biz din uğrunda döyüşürük” deyirlər. Ancaq sanmıram ki, belədir. Bu işdə şəxsi mənafeyin rolu var. Din adından cinayət törədirlər. Halbuki bu, dinə qarşı bir cinayətdir. Kamikadze cənnətə deyil, cəhənnəmin düz ortasına düşür. Heç kimin din adından cinayət işləməyə, ədaləti tapdalamağa, vəhşi əməllərlə dini zalım göstərməyə haqqı yoxdur.

Türkiyədə siz İslamın novatoru və yeni Anadolu elitasının mənəvi lideri kimi tanınırsınız. İslamın müasir olması mümkündürmü, yoxsa müasir dünya islamlaşdırılmalıdır?

Yenilikçi və mənəvi liderliklə bağlı sözlərinizi qəbul etmirəm. Bu da bir həqiqətdir ki, müasirliyə birtərəfli tərif verilmir. Qaynaqlarda müasirliyin düşüncə və elmin əhəmiyyəti, fərdlərin başqa insanların və ya iqtidarın təzyiqindən azad olması, inanc və fikir azadlığı, insan hüquqlarının müdafiəsi, hüququn və demokratik hakimiyyətin üstünlüyü və s. prinsiplərindən bəhs edilir. Bunların heç biri İslami dəyərlərlə təzad təşkil etmir. Müsəlmanların bu prinsipləri fərd və dövlət müstəvisində həyata keçirməsi İslamiyyətin müasirləşdirilməsi demək deyil. Burada daha çox İslamın ictihad sahəsinə daxil olan məsələlərinin müasirliyin nəticəsi olan və İslamın əsas düsturları ilə ziddiyyət təşkil etməyən prinsiplər istiqamətində şərh olunmasından söhbət gedir. Digər tərəfdən İslamın müasirlik kimi izah olunan hər cür tələbi qəbul etdiyini də demək olmaz. Məsələn, insana və kainata tamamən materialist aspektdən yanaşılması, dünyəviliyin dinsizlik kimi təbliğ olunması, mütləq azadlıqlar və ya dinin öz təsir gücünü itirməsi fikri və ya ağıl və elmin onun yerini tutması kimi iddialar. Digər tərəfdən, Müsəlmanların müasirliyə öz çalarlarını qatmasına və müəyyən məsələlərdə öz fikirlərini irəli sürməsinə də “müasirliyin İslamlaşdırılması” demək doğru olmaz.

Avropada ateizm yayılır. Müsəlman belə bir mühitdə necə yaşaya bilər?

Hər bir insan insandır. İnsan Allahın şah əsəridir və ən önəmli məsələ də ona hörmətdir. Allah Quranda: "Biz insanı ən gözəl şəkildə yaratdıq" buyurur. Əgər hörmət istəyirsinizsə, qarşı tərəfə qüsursuz hörmət etməlisiniz. Ateistlə də belə davranmalıyıq. Ancaq elə əməllər var ki, ona hörmət etmək olmaz. Bu, müsəlmanda da ola bilər, xristianda da, ateistdə də, deistdə də ola bilər. Əgər bir insan zülm edir, qan tökür, insan hüquqlarını tapdalayırsa, yüksək əxlaqa xələl yetirir, demək. Əgər insan mübarizə aparmaq istəyirsə, bu cür şeylərlə mübarizə etməlidir.

Demokratiya, plüralizm və insan hüquqları kimi əsas məfhumlar yalnız Qərbə məxsusdur, yoxsa ümumbəşəri dəyərlər kimi müsəlman cəmiyyətlər də bundan yararlana bilər?

Demokratiya, plüralizm, insan hüquqları Qərbdə və müasir dövrdə ortaya çıxmış dəyərlər deyildir. Demokratiya müxtəlif inkişaf mərhələlərindən keçmişdir. Demokratiyanın adı "ictimai", "liberal", "Xristian", "birbaşa", “nümayəndəli”, "parlamentar" və s. müxtəlif anlayışlarla birgə çəkilir. Halbuki praktikada bəzən bunlardan biri digərini demokratiya kimi qəbul etmir. Əgər burda söhbət demokratiyanın əsasını təşkil edən bəzi prinsiplərdən gedirsə, bunlar əslində, islami dəyərlərlə və İslamın idarəçilik prinsipləri ilə üst-üstə düşür. Şura, ədalət, din azadlığı, insanların və azlıqların hüquqlarının müdafiəsi, xalqın öz idaərçilərinin seçə bilməsi və idarəçilərin gördüyü işlərə görə məsuliyyət daşıması, azlıq və ya çoxluğun zorakı hökmranlığına imkan verməmə həm İslamiyyətin, həm də demokratiyanın dəyər və prinsiplərinə daxildir. Qəti şəkildə bildirirəm ki, İslamın idarəçiliklə bağlı ümumi prinsipləri müsəlman cəmiyyətdə demokratik prinsiplərin tətbiqinə mane deyil, əksinə demokratik qaydaların həyata keçirilməsinə əlverişli zəmin hazırlayır.

Sizcə, Mədinə yəhudiləri ilə əlaqədar ayə və ona oxşar bir çox ayələr qeyri-müsəlmanların hüquqlarına məhdudiyyət qoymurmu?

Bəzi surələr zahirən bir-birinə zidd görünsə də, ayələrin nazil olma səbəbinə diqqətlə baxmaq lazımdır. Surələrdəki hökmlər ümumiləşdirici mahiyyət daşıyır, şəxs və qruplara deyil, hərəkət və davranışlara aiddir. İslamiyyət Xristian, Yəhudi və müşriklərlə münasibətlərini fərqli inanc müstəvisində deyil, onların hərəkət və davranışlarına görə müəyyənləşdirmişdir. Din azadlığı müsəlmanlar qədər qeyri-müsəlmanlara da şamil edilən islami bir prinsipdir.

Sizin düşüncə dünyanızda qadının rolu necədir?

Qadın öz təbiətinə sadiq qalmaq və dinin prinsiplərinə əməl etmək şərtilə cəmiyyətin demək olar, bütün sahələrində, hakimlik və dövlət başçılığı da daxil olmaqla, müxtəlif vəzifələrdə çalışa bilər. Qadının rolu təkcə ev işləri ilə məşğul olmaq və uşaq böyütməkdən ibarət deyil. Hazırda İslamda qadın mövzusu, xüsusilə də Qərb dünyasında mənfi müstəvidə ən çox hallanan məsələdir. Zahirən mənfi görünən məsələləri o dövrü və o dövrün hakimiyyətinin icraatlarını nəzərə alaraq qiymətləndirmək lazımdır. Üstəlik bəzi bölgələrdə və toplumlarda müsəlmanlıqdan əvvəlki adət-ənənələrin İslamiyyətdən sonra da, hətta bu gün də davam etməsi nəzərə alınmalıdır. Bunları İslamın adına çıxmaq doğru deyil. İslamiyyət qətiyyən qadının cəmiyyətdəki roluna və “hərəkət sahəsi”nə məhdudiyyət qoymur. Təəssüf ki, bu gerçəyə bəzi müsəlmanlar belə göz yummuşlar.

Hərəkatda qadının rolu necə olmalıdır?

Keçmişlə müqayisədə xeyli irəliləyiş olsa da, istər cəmiyyətdə, istərsə də hərəkatda qadınların iştirakı istənilən səviyyədə deyil. Hərəkatın qadın könüllüləri də insanlıq naminə mühüm işlər görürlər, demək olar ki, hər fəaliyyətdə kişilər kimi, əllərindən gələni əsirgəmir, hərəkət və davranışları ilə başqalarına nümunə olurlar. Təhsil və təcrübə səviyyəsindən asılı olaraq, idarəçilik də daxil olmaqla, öhdələrinə düşən vəzifələri yerinə yetirirlər, lazım gələndə onlar da dünyanın müxtəlif ölkələrinə gedirlər.

Türklərin alman toplumu ilə inteqrasiya etmək istəməməsi və ya inteqrasiya edə bilməməsi və bu səbəbdən alman cəmiyyətinin bir parçasına çevrilə bilməməsi haqda fikirlər dəfələrlə səsləndirilmişdir. İnteqrasiya barəsində nə tövsiyə edirsiniz?

Yaxın keçmişdə inteqrasiyada müəyyən problemlər olmuşdur ki, bunun səbəblərini də hər iki tərəfdə - həm Türk immiqrantlarında, həm də Avropa ölkələrində axtarmaq lazımdır. İmmiqrantlar yeni cəmiyyətlə inteqrasiya barədə heç düşünmürdülər, çünki bir gün vətənə qayıtma ümidi ilə yaşayırdılar, amma qayıda bilmədilər. Bunun cəzasını da həm özləri, həm də övladları çəkdi. Getdikləri ölkələr də, eyni səbəbdən, ilk illərdə inteqrasiya yönündə tədbirlər görmədilər. Onların inteqrasiyası üçün təhsil başda olmaqla siyasi, ictimai, mədəni, iqtisadi sahələrdə lazımi imkanlar təqdim etmədilər. Eyni zamanda immiqrantların vətənləri də vətəndaşlarına getdikləri ölkələrdə kifayət qədər və vaxtında dəstək olmadı.

Bu gün hər iki tərəfin münasibətinin dəyişməyə başladığını görürük. Avropa dövlətləri artıq son illərdə inteqrasiyanın önündəki maneələri birfdəfəlik aradan qaldırmağa çalışırlar. İmmiqrantlar da oralarda uzun müddət yayacaqlarını düşünərək gənc nəsilin təhsilinə əhəmiyyət verir, müəyyən sahələrə sərmayə qoyur və təşəbbüskar davranırlar. Məhz bu çərçivədə Hizmətə aid təhsil müəssisələri almancanı öyrətmək də daxil olmaqla, akademik, mədəni və ictimai sahələrdə inteqrasiyaya dəstək verir. Bu müəssisələr yeni nəsillərin kültürünü tamamilə inkar etmədən onları vətəndaş cəmiyyətində fəal iştiraka cəlb etməyə çalışır.

“Allah rizası” anlayışı təliminizdə mərkəzi bir yeri tutur. Bu, nə deməkdir?

Allahın razılığına aparan yolları axtarmaq son dərəcə qiymətli bir işdir. Əgər bir insan bunu özünə qayə seçmişsə, qalan hər şey kiçik və ikinci dərəcəli əhəmiyyət kəsb edir. Fərz edək ki, insanlar kainatı ələ keçirib, orada özlərinə yaşamaq üçün məkanlar hazırlayırlar. Bu böyük bir hadisə olardı. Ancaq Allahın razılığından üstün bir şey yoxdur, ola bilməz. İnsan bunun üçün səy göstərməlidir. Əgər bunun üçün səy göstərirsə, artıq heç bir maneə, məhdudiyyət onu saxlaya bilməz. Allahın rizasını qazanmaq üçün köməyə ehtiyacı olan universitet tələbələrini təşviq edərək insanlığa xidmət etmək mümkündür. Əgər dialoq qurmaq niyyyətindəyiksə, təhsillə bəşəriyyətə xidmət edər, sülh və dialoq üçün körpülər qurarıq. Bu, Allah rizası üçün edilərsə, insanlar yorulmaq bilmədən çalışarlar. Bu yolda tərəddüd etmədən hər şeylərini son qəpiyə qədər fəda edərlər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.