İzmir bizə qucaq açdı
Sevgini duyanda, onu yaşayanda bu ali hiss daha gözəl, daha cazibədar, daha unudulmaz olur. Qardaşlığı görəndə, canı bir, qanı bir insanlarla görüşəndə insan daha məğrur, daha yenilməz, daha da qüvvətli olur. Sənə qucaq açan ölkə görəndə həmin məmləkət daha da sevimli, doğma və cəlbedici olur.
Mən Türkiyədə olarkən bu ali duyğuları yaşadım, bu hisslərin təsiri altında gözəl günlər keçirdim. Üstəlik bura əlavə etsək ki, mən ilk dəfə idi ki, bu qardaş ölkədə olurdum, duyğu, hiss, həyəcan və sevgimin böyüklüyünü təsəvvür etmək məncə o qədər də çətin deyil.
Bəli, mən ilk dəfə idi ki, sevgilərin aynası, qardaşlığın dünyası olan Türkiyəyə səfər edirdim. Həyəcan, ilk təəssürat, təbəssüm, sevgi və hörmətlə qarşılanma... İstanbulda olduğum bir neçə saat ərzində bu hissləri yaşadım. Atatürk hava lıimanından İzmirə uçanda artıq az bir müddət keçməsinə baxmayaraq Türkiyə mənim üçün sonsuz dərəcədə doğmalaşmışdı.
55 dəqiqəlik uçuşdan sonra İzmir bizə qucaq açdı. Gəncədən gedən iştirakçılarla şəhərin bir neçə görməli yerlərini gəzdikdən sonra İzmir Sərgi Mərkəzinə yollandıq. İlk öncə onu qeyd edim ki, XI Beynəlxalq Türk Dili Olimpiadası çox yüksək səviyyədə təşkil olunmuşdu. Bunu Türkiyəyə qədəm basdığımız ilk dəqiqələrdən hiss etməyə başladım. Nümayəndələr üçün ayrılmış avtomobillər, gəzinti yerləri, yemək servislərinin yüksək səviyyədə olması, dəqiqlik, otellər... hər bir şey gözlədiyimizdən də yüksək səviyyədə idi. Bütün bunlar türk xalqının qonaqpərvərliyindən, qonaqlara yüksək səviyyədə qulluq göstərməısindən, dinindən və dilindən asılı olmayaraq tolerant bir ölkə olmasından xəbər verirdi.
XI Beynəlxalq Türk Dili Olimpiadasının açılış mərasimi çox yüksək səviyyədə keçdi. Aparıcıların şirin, şəkər türk dilində söylədikləri sözlər ürəyimə yağ kimi yayıldı. İllərdən bəri ürəyimdə yatan duyğularım baş qaldırdı. Xəyallarım məni bambaşqa bir dünyaya apardı. O dünyada sevgi, qardaşlıq və bir də məğrurluq var idi.
Çıxışlar bir-birindən maraqlı və mənalı idi. Amma nəqliyyat naziri Binali Yıldırımın çıxışı mənim yaddaşıma hopdu. Türkcənin universal bir dil olduğunu deyən nazir bu mədəniyyət bayramının çox əhəmiyyətli bir missiyanı yerinə yetirdiyini vurğuladı: “Dünyanın dörd bir tərəfindən ölkəmizə, İzmirimizə gələn sevimli gənclər, hamınızı sevgi və hörmətlə salamlayıram. İzmir tolerantlığın, turizmin, dənizçiliyin vətənidir. O, məşhur fransız yazıçısı Viktor Hüqonun xatirələrinə mövzu olmuş, kraliçaya bənzədilmiş bir şəhərdir. Bu şəhərə gəlməklə, bizim qonağımız olmaqla İzmirə gözəllik qatdınız. Xoş gəlib, səfalar gətirmisiniz. Ölkəmiz və millətimiz adına, İzmirlilər adına sizləri görməkdən böyük bir məmnuniyyət duyuruq. Sizlərin timsalında bütün dost və qardaş ölkə xalqlarını sevgi və hörmətlə salamlayırıq”.
Çıxışlar başa çatdıqdan sonra səhnə iştirakçıların ixtiyarına verildi. Dili müxtəlif, rəngləri ayrı-ayrı olan gənclər səhnədə yer alaraq türk dilində mahnılar oxudular, şeirlər söylədilər, rəqs edib, oynadılar. Çıxışlar bir-birindən o qədər maraqlı, o qədər rəngarəng idi ki, 3-4 saatlıq vaxtın necə ötüb keçməsindən belə xəbərimiz olmadı. “Yeni bir dünya” mahnısının səsləndirilməsi ilə mədəniyyət bayramının açılışı sona çatdı.
140 ölkədən 2 min şagirdin iştirakı ilə keçirilən Olimpiadanın bir gözəlliyi də tədbirin tanıtım stendləri idi. Müxtəlif mədəniyyətlərin, geyim və kulinariyanın təmsil olunduğu stendlərdə gəncləır iştirakçılara məlumat verir, öz ölkələri haqqında fikir formalaşdırırdılar. Bu da olduqca böyük maraq doğururdu.
“Türk dili insanlığa, sülh və qardaşlığa çağıran dilin adıdır. Türk dili könüllər arasındakı gizli körpülərin təməlini atan, insanlığa barışı, sevgini, xoşgörüşü izah edən bir dildir. Bir ölkənin dilini bilmək, o ölkənin mədəniyyəti ilə qardaş olmaq deməkdir”.
Bəli, İzmirdə olduğum müddət ərzində mən bu duyğularla yaşadım, bu sevgini, bu hörməti, bu qonaqpərvərliyi gördüm. Və daha da qürurlu, daha da yenilməz, daha da məğrur oldum. Və bir də gəlmək ümidi ilə sağollaşdım.
Türkiyəyə səfərim ömrümə qızıl hərflərlə yazıldı. Heç bir zaman pozulmayacaq, rəngini itirməyəcək hərflərlə. Məni XI Beynəlxalq Türk Dili Olimpiadasına dəvət edən təşkilatlara, insanlara, qardaşlarıma dərin minnətdarlığımı bildirirəm. (Elçın İsmayil)
- tarixində yaradılmışdır.