“Kaş bir rəssam o ayrılıq məqamlarını tabloya köçürəydi”

Xəbər verdiyimiz kimi, may ayının 30-dan iyunun 14-dək 135 ölkədən 1500 uşaq və yeniyetmənin iştirakı ilə “İnsanlıq əl-ələ” devizi altında Türkiyədə keçirilmiş X Beynəlxalq Türk Dili Olimpiadasında ölkəmizi təmsil etmiş məktəblilər 14 kateqoriya üzrə 13 qızıl, 10 gümüş və 3 bürünc medal qazanıb. Ölkəmizə bu mötəbər yarışda qızıl medal qazandıranlardan biri də Səma Sultanovadır. Qeyd edək ki, olimpiadaya “Könül yarası” adlı mahnı ilə qatılan Səma bu yarışın dünya üzrə ikincisi, Azərbaycan üzrə birincisi olub. Bu günlərdə redaksiyamızın qonağı olmuş Səma ilə söhbətimiz də əsasən X Beynəlxalq Türk Dili Olimpiadası barədə oldu.

- Səma xanım, əvvəlcə, X Beynəlxalq Türk Dili Olimpiadası ilə bağlı təəssüratınızı eşitmək maraqlı olardı.

- Hər şeydən əvvəl, qeyd edim ki, bu tədbirin həyatımda həmişə özəl yeri olacaq. Bilirsinizmi, dünyanın müxtəlif ölkələrindən gəlmiş, ayrı-ayrı dinləri, millətləri, irqləri təmsil edən şagirdlərin eyni dildə, yəni türkcə danışmaları, bir-biriləri ilə anlaşmaları, doğrudan da, yeni bir dünyadan xəbər verir. Məncə, bu xalqların ən böyük qazanclarından biridir. Əminəm ki, məhz bu tədbirə qatılan şagirdlər gələcəkdə daha gözəl, daha əmin-amanlı bir dünya quracaqlar. Bu tədbir həm də Türkiyənin, türklüyün, türk dili və mədəniyyətinin dünyada necə böyük bir sürətlə inkişaf etdiyini göz önündə sərgilədi, bu dilin sevgi, barış dili olduğunu bir daha dünyaya çatdırdi. Onu da deyim ki, Azərbaycan dili Osmanlı türkcəsinə daha yaxın olduğunu görə tədbir həm də bizim dilimizin təbliğinə xidmət edirdi.

- Bu yarışda belə yüksək uğur qazanacağına əmin idin?

- Mənim ifamda mahnımı dinləyənlərdə bir əminlik vardı: “Səma qalib olacaq”. Məhz onların bu əminliyi mənə qol-qanad verirdi.

- Yəqin ki, orada müxtəlif ölkələrin məktəbliləri ilə dostluq əlaqələri də qura bildiniz.

- Təkcə mən yox, bütün uşaqlar o günlərdə özlərinin dostluq meridianlarını genişləndirdilər. Orada olduğum bir ayda mən də xeyli dost qazandım. Ayrı-ayrı ölkələrdən gəlmiş uşaqlara o qədər öyrəşmişdik ki, bir-birimizi görməyəndə darıxırdıq. Türkiyədə onlardan ayrılanda hamı kimi, mən də göz yaşlarımı saxlaya bilmədim. Hərdən deyirəm, kaş bir rəssam o ayrılıq məqamlarını tabloya köçürəydi... İndi çoxu ilə internetlə əlaqə saxlayıram. Onlar da Türkiyədəki unudulmaz günlərdən söz açmaqdan doymurlar.

- Bəs Türkiyənin ən çox nəyini sevdin?

- O məkanın insanlarını sevdim, o məkanın hər guşəsini sevdim... Əsas isə o ölkədə bu tədbiri təşkil edənləri sevdim...

“Ağlıma gəlməzdi ki...”

- Finalda sizə mükafatı əksəriyyətin maraqla izlədiyi “Kurtlar vadisi” serialının baş rolunun ifaçısı Necati Şaşmaz təqdim etdi. Yəqin ki, onun bu təqdimatı sizin üçün gözlənilməz oldu.

- Əvvəla, onu deyim ki, X Beynəlxalq Türk Dili Olimpiadasının münsiflər heyəti tanınmış simalardan ibarət idi. Necati bəyin mənə mükafat təqdim etməsi, doğrudan da, gözlənilməz oldu. İnanın, o qədər həyəcanlı idim ki... Elə bil yuxu görürdüm. Məni yuxudan onun pıçıltı ilə dediyi: “Həlal olsun, nasıl söylədin, nasıl qırtlaq o”, - sözləri oyatdı.

- Sonradan Necati bəylə görüşə bildinmi?

- Yox, sadəcə, imkan olmadı. Lakin güman edirəm ki, yaxın vaxtlarda onunla görüşə biləcəyəm.

- Daha hansı türk sənətçilərindən xoş sözlər eşitdiniz?

- Olimpiadanın bağlanış mərasimində tanınmış türk sənətçisi Mustafa Sandal məni səhnədə bağrına basdı. O da Polad Alemdarsayağı: “Kız, nasıl söyləməkdir öylə?”- dedi. Emel Sayın isə gözəl səs imkanlarımın olduğunu söylədi. Onu da deyim ki, mən Emel Sayınla bu olimpiada çərçivəsində təşkil olunmuş “Nət gecəsi”ndə Peyğəmbərimizə həsr olunmuş “Tumurcuklar açılyorken” mahnısını ifa etdim. Təbii ki, Emel Sayın kimi əfsanə ifaçı ilə birgə mahnı oxumağımdan da qürur duyuram. Yadıma düşmüşkən, sizə bir maraqlı hadisəni də nəql edim. “Kollama” və “İnsan aldandı” teleseriallarının rejissoru hələ Bakıda bu olimpiadaya vəsiqə qazananda mənə demişdi ki, hansı aktyorlarla görüşmək istəyirsən, de, onları final gecəsində səninlə görüşdürüm. Mən də həmin seriallardakı 4-5 nəfər aktyorun ifa etdikləri obrazların adlarını sadaladım. Uzun sözün qısası, final gecəsində mahnımı ifa edib, yenicə kulisə keçmişdim ki, bir də gördüm həmin o aktyorlar əhatəmdədirlər. Onda elə sevindim ki, elə bil mənə dünyanı bağışladılar. Təbii ki, bunları söyləməkdə məqsədim, türk sənətçilərinin mənim kimi məktəblilərə verdikləri dəyəri vurğulamaqdan ibarətdir. Ümumiyyətlə, onlar olimpiadanın hər bir iştirakçısına qarşı diqqətli idilər. Təkcə onlarmı? Mən deyərdim ki, bu olimpiada bütün Türkiyənin diqqət mərkəzində idi... Mən bu olimpiada çərçivəsində İstanbul, Ankara, İzmir, Qaziantepe şəhərlərində oldum. O şəhərlərdə necə coşğu ilə qarşılandığımızı dilə gətirməkdə çətinlik çəkirəm.

- Siz Türkiyədə neçə mahnı ifa etmisiniz?

- “Könül yarası”, “Əziz İstanbul”, “Tumurcuklar açılyorken”... Bir də, makedoniyalı iştirakçı “Uzayan bir şəfəq” şeirini söyləyərkən onu mahnı ilə, müşayiət etdim. Olimpiadanın himni olan “Yeni bir dünya”nı isə uşaqlarla birgə oxudum.

“Bu medalın özəl yeri var”

- Səma xanım, ümumiyyətlə, reperturınızda hansı mahnılar var?

- Bütün xalq mahnıları, o cümlədən muğamlarımız... Təbii ki, bəstəkar mahnıları da. Muğam dedim, yadıma bununla bağlı bəzi xatirələr düşdü. İnandırım sizi, qatıldığım bütün görüşlərdə məndən muğam oxumağı xahiş edirdilər. Onlara mənim etdiyim “boğazlar” olduqca maraqlı gəlirdi.

- Bəs nə əcəb respublikamızda keçirilən muğam festivallarında iştirak etmirsiniz?

- İnşallah, bu il qatılmaq niyyətim var.

- Türkiyədə qazandığınız uğur ilk uğurun idi?

- Yox, bu, mənim ölkəmizdən kənarda qazandığım ilk böyük uğurdur. Ölkə daxilində müxtəlif adlar altında keçirilən 16 tədbirin qalibi olmuşam. Elə bu il “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilmiş III Beynəlxalq Uşaq Muğam Festivalının baş mükafatını (“Qran- Pri”) qazanmışam. Amma Türkiyədə əldə etdiyim medalın özəl yeri var...

- Bu uğuruna görə ən çox kimlərə minnətdarsan?

- Doğrudur, bu mahnının mənim ifamda səslənməsinə çoxlu sənət adamı yardımçı olub. Onlardan kiminsə adını unudacağımdan ehtiyatlanaraq ad çəkmək istəmirəm. Amma məni belə geniş arenada tanıdan “Çağ” Öyrətim İşlətmələri Şirkəti oldu. Odur ki, belə tədbirlər təşkil etdiklərinə, ədalətli seçim apardıqlarına görə həmin qurumun rəhbərliyinə minnətdarlığımı bildirirəm.

“Söz vermişəm ki...”

- Səma xanım, bu sənətin sirlərinə yiyələnməyində hansı amillər önəmli rol oynayıb?

- Bəri başdan deyim ki, anam Dərya xanım Ağcabədidəki musiqi məktəbinin xanəndəlik sinfini bitirib. Amma sonradan bu sənətin dalınca getməyib. Xeyli vaxtdır ki, dərzilik edir. Atam Habil isə tarın sirlərinə yiyələnib (pianinonu, sazı, gitaranı da dilləndirməyi bacarır), lakin o da bir peşəkar kimi fəaliyyətini davam etdirməyib, kiçik bizneslə məşğuldur. Onu da deyim ki, bacım və qardaşım da xanəndəliyin sirlərinə yiyələnirlər. Xatırladım ki, biz əslən qarabağlıyıq.

- Bəs sən necə? Bu sənətin dalınca gedəcəksən?

- Söz vermişəm ki, 6 yaşımdan könül verdiyim xanəndəlikdən heç vaxt uzaqlaşmayım. Çünki bir gün musiqisiz qalanda özümü narahat hiss edirəm. Odur ki, xanəndəlik üzrə təhsilimi Konservatoriyada davam etdirmək niyyətindəyəm. Bir arzum da var: o da vəkil olub, haqqın, ədalətin müdafiəsində dayanmaq.

“Adımı özüm qoymuşam”

- İstanbul səmalarını fəth etmiş Səma xanıma adı ilə bağlı bir sual vermək istəyirəm.

- Buyurun...

- Bu adı sizə kim verib?

- Adımı özüm qoymuşam.

- Axı bu necə ola bilər?!

- Deməli, belə. Mənə nənəm Suğranın adını vermişdilər. Elə bu səbəbdən bütün qohum-əqrəba məni harada görsəydi: “Nənəm” deyə müraciət edirdi. Doğrusu, belə müraciət mənə xoş gəlmirdi. Odur ki, iki il əvvəl rəsmi şəkildə adımı dəyişdirdim. Artıq iki ildir ki, Səmayam.

“Dəcəl uşaq olmuşam”

- Səma xanım, mahnı bəstələməyə, yaxud şeir yazmağa marağınız varmı?

- Yox...

- Bəs xobbiniz nədir?

- Rəsm çəkməyi, bir də həyətimizdə futbol, voleybol oynamağı sevirəm.

- Mətbəxlə aranız necədir?

- Anam evdə olmayanda gəlib-gedəni yola salmağı bacarıram.

- Ürək sözlərinizi kiminlə bölüşürsən?

- Nuranə adlı rəfiqəmlə. O həm də mənə yaxşı məsləhətlər verir.

- Olimpiadadan sənə təqdim olunmuş pula nə aldın?

- Studiyaların birində mahnılarımı yazdıracağam.

- Yəqin albom buraxmaq niyyətindəsən?

- Yox, ona imkanım yoxdur.

- Bu yaşda belə tanınmaqdan qürurlanmırsan ki?

- Başımı aşağı salıb işlərimlə məşğulam.

- Yəqin toylara dəvət olunursan?

- Toylarda oxumağı xoşlamıram.

- Məşq prosesində qonşularınızın etirazı ilə qarşılaşırsan...

- Heç zaman, əksinə, mən mahnı oxumağa başlayan kimi qonşuların çoxu bizə gəlir.

- Səma xanım, bəlkə, məktəb illərinlə bağlı bir xatirə danışasan?

- Birinci sinifdə oxuyarkən axırıncı dərslərin birində məni yuxu tutdu. Handan-hana müəllim məni oyadıb dedi: “Bala, dərs başa çatdı, dur, get evinizə...” Bir də, boyum balaca olduğuna görə əlim yazı taxtasına çatmırdı. Odur ki, stulun üstünə çıxıb lövhədə yazı yazırdım. Amma onu da deyim ki, mən çox dəcəl uşaq olmuşam.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.