“Kim bir söz danışırsa, o dəqiqə ona “nurçu” deyirlər” – Mübariz Qurbanlı
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bəzi millət vəkillərinin və rəsmi şəxslərin adlarının nurçuluqda hallanması məsələsinə münasibət bildirib.
YAP-çı deputat M.Qurbanlı Publika.Az-a açıqlamasında deyib: “Mən Milli Məclisdə təmsil olunan deputatların siyasi mənsubiyyətini bilirəm. Onların arasında partiyalarda təmsil olunan və müstəqil deputatlar var. O ki qaldı nurçu məsələsinə, mən əminəm ki, bunlar boş söhbətlərdir. Axı nurçu nə deməkdir?
Nurçu siyasi partiyadır, nədir? Nurçu hərəkatdır, siyasi partiyadır? Bunun bir təşkilatı və ya mərkəzi var? Nurçu necə təriqət olur? Məgər İslamda nurçu təriqəti var? İslamda təriqətlər olub və bitib. Kimsə bir söz deyirsə, o dəqiqə ona “nurçu” deyirlər. Axı nə nurçu? Bütün bunların hamısı mətbuatın yaratdığı dedi-qodulardır. Heç Türkiyənin özündə belə bilmirlər ki, nurçu nədir.
Danışırlar ki, camaat belə və sairə. Məgər Türkiyə əhalisi camaat deyil? Mən Türkiyənin özünə də baxıram, nə danışıqdıqlarını bilmirlər. Bir nəfər bir söz deyən kimi deyirlər ki, o adam nurçudur. Axı, başa düşə bilmirəm ki, nurçu pisdir, yoxsa yaxşı? Hələ bunu anlaya bilmirəm. Mən Milli Məclisdə təmsil olunan deputatlarımızdan hər hansı birinin xarici təsir altında olması və hər hansı ideologiyanı götürərək onun ətrafında fəaliyyət göstərməsini müşahidə etməmişəm. Bu cür əfsanə və nağılları da mətbuata çıxarmağa ehtiyac yoxdur. Hesab edirəm ki, bütün bu məsələlər ya mövzu qıtlığından irəli gəlir, ya da insanlar ciddi söhbətlər apara bilmirlər.”
M.Qurbanlı “nurçu təşkilat” kimi tanınan “Çağ Öyretim İşlətmələri”nin Azərbaycandakı fəaliyyətinə də toxunub: “Kimsə gəlib maarifçiliklə məşğul olursa, ona nurçu deyirlər. Məgər məktəb açmaq qəbahətdir? Məktəb açan adam məktəb açdığı ölkənin qanunlarına uyğun tədrisi həyata keçirməlidir. Bu edilməyəndə, istənilən ölkədə həmin məktəbin qarşısı alınır. Ümumiyyətlə, İslamda da nurçu təriqəti yoxdur.”
Vasif Həsənli
- tarixində yaradılmışdır.