Misirin müftisi ən az on məktəbin açılmasını istədi
Misirin müftisi professor Əli Cümə türkiyəli iş adamlarından Misirdə ən az on məktəb açılmasını istədi. Paytaxt Qahirənin cənubunda yerləşən Bəni Süveyf şəhərində ikinci Türk məktəbinin açılış mərasimində iştirak edən Cümə bu məktəblərdə yetişən şagirdlərin ana dili ilə yanaşı, İngilis dilini də mükəmməl öyrəndiklərini bildirdi.
Peyğəmbərimizin (s.ə.s.) xarici dili öyrənməyə təşviq etdiyini vurğulayan Cümə “Bu yolla İslamiyyəti insanlara daha rahat çatdırmaq olar”, - dedi. Bəni Süveyfli Cümə imanlı nəsillərin yetişməsi üçün təhsilin çox mühüm olduğunu da vurğuladı.
Məktəb binasını tikdirib türkiyəli iş adamlarına bağışlayan misirli xeyriyyəçi iş adamı Murad Ramadan məktəb müdirinin fədakarlığına heyran qaldığını bildirdi. Tikinti işləri qurtarandan sonra məktəb müdiri ilə birlikdə müəllimlərin səhərə qədər təmizlik işi apardığını, bu hiss və fəaliyyətdən sonra uğurun labüd olduğunu vurğuladı.
Tədbirdə iştirak edən “Hira” jurnalı və Səlahəddin Türk Məktəblərinin idarə heyətinin sədri Mustafa Özcan bir ölkənin gələcəyində fabrik və zavodların böyük rol oynadığını, ancaq ən böyük sərmayənin şübhəsiz, təhsilə qoyulan sərmayə olduğunu qeyd etdi.
Qahirənin təqribən 150 kilometr cənubunda yerləşən Bəni Süveyf şəhərində fəaliyyət göstərən Səlahəddin Türk Məktəbi Ərəb və İngilis dilində təhsil verir. Təxminən 300 şagirdin təhsil aldığı məktəbə misirlilər böyük rəğbət göstərir. (Cumali Önal-Əmr Mustafa)
- tarixində yaradılmışdır.