Qırğızıstanda Türk məktəbində təhsil alıb Efiopiyada müəllimlik edir
Vətən torpaqlarından çox uzaqlardadır onlar. Adlarını bilməsək də, onlar Türkiyəni və Türk dilini sevən şagirdlər yetişdirməyə davam edir. Qırğızıstanlı Məhəmmədiyar Botirəliyev də məhz bu fədakar müəllimlərdən biridir. İyirmi dörd yaşlı qırğız müəllim vətənindən çox uzağa – Efiopiyaya müəllimlik etmək üçün gedib. İki ildir Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Nəcaşi Beynəlxalq Efiopiya Türk Məktəblərində şagirdlərə İngiliz dilini öyrədir.
Orta məktəbi Qırğızıstanda Türk Səbat Liseyində, ali təhsilini isə İstanbul Fatih Universitetində alan Məhəmmədiyar müəllim 22 yaşında məzun olar-olmaz Efiopiyaya yollanır. Qırğızıstanda Türk müəllimlərinin fədakarlığına heyran qalan Məhəmmədiyar: “Allahım, mənə də onlar kimi qürbət ellərdə müəllimlik etməyə nəsib et” deyə dua edirmiş. Məhəmmədiyar Botirəliyevin duaları universitet bitən kimi qəbul olunur. Məzun olandan sonra Qırğızıstandakı Türk məktəblərindən təklif gəldiyini söyləyən Botirəliyev: “Təklifi qəbul etmədim. Vətənimdən uzaqda Türk müəllimləri kimi müəllimlik etmək istədiyimi söylədim. Sonra Efiopiyadan təklif gəldi. Dualarım qəbul oldu”, - deyir.
“Dünyadan heç bir təmənnam yoxdur” deyən Botirəliyev yeganə məqsədinin fədakar Türk müəllimləri kimi gözəl insanlar yetişdirmək olduğunu söyləyir. Məhəmmədiyar Botirəliyev: “Valideynlərim Hizməti tanımır, amma Türk məktəblərinə etibar etdiklərinə görə, mənə qarşı çıxmadılar. “Etibarlı əllərdəsən, biz Türk məktəblərinə güvənirik, onlardan sənə zərər gəlməz, get!” dedilər”, - söylədi.
Beynəlxalq Dil və Mədəniyyət Festivalında iştirak etmək üçün Efiopiyaya gələn qırğız şagirdlərinin onu görüb çox təəccübləndiyini söyləyən Botirəliyev: “Məni görüb, “Burada nə işin var, necə gəldin bura?” kimi suallar verdilər. Şagirdlər məəttəl qalmışdılar”, dedi.
Baş Nazirə haqqımı halal etmirəm
Baş Nazir Tayyib Ərdoğanın son vaxtlarda Hizmət hərəkatı haqqında söylədiyi “Xaşxaşi, virus...” kimi ifadələrinə çox incidiyini deyən Botirəliyev: “Allah var, əvvəllər ona böyük hörmətim vardı. Amma son vaxtlar sərf etdiyi ifadələr təkcə məni deyil, bütün fədakar müəllimləri dərindən üzmüşdür. Baş Nazirə haqqımı halal etmirəm. Mən ömrümdə bir dəfə olsun siqaret çəkməmiş, içki içməmiş, narkotik maddələrin isə heç üzünü görməmişəm”, - deyir.
Efiopiyaya gözü yaşlı vida
Beynəlxalq Türk Dili Dərnəyi (TÜRKÇEDER) tərəfindən bu il “Dünyanın rəngləri” şüarı ilə keçirilən Beynəlxalq Dil və Mədəniyyət Festivalının Efiopiya mərhələsi sona çatıb. Böyük maraqla qarşılanan tədbir Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Beynəlxalq Nəcaşi Efiopiya Türk Məktəbində təşkil edilən vida tədbirində başa çatıb. Tədbirdə çıxış edən 27 ölkənin şagirdləri Efiopiyanı çox bəyəndiklərini söyləyiblər. Tədbirin açılışında çıxış edən Beynəlxalq Nəcaşi Efiopiya Türk Məktəblərinin Aləmgələ Peşəsi üzrə filialın müdiri Həsən Çolak: “Siz gəlmədən əvvəl çox həyəcanlı idik. “Görəsən, tədbiri uğurla başa vura biləcəyikmi?” deyə düşünürdük. İndi də siz gedirsiniz deyə, kədərlənirik”, - deyib. Ərbildən (İraq) gələn və “Namın duyulsun” adlı mahnını ifa edən 14 yaşlı Muhamməd Havta isə Efiopiyaya gəldiyinə görə çox şad olduğunu söyləyib. Dörd gün ərzində müxtəlif ölkələrdən şagirdlərlə dost olduğunu söyləyən Havta: “Efiopiya gözəl ölkədir. Qonaqpərvər xalqı var. Festival da çox gözəl keçdi. Hər şey əla idi”, - deyib. Festivalda “Bağa gəl, bostana gəl” adlı mahnını ifa edən 14 yaşlı tacikistanlı Əfzəlşah Səfərzoda Afrikaya ilk dəfə gəldiyini və Efiopiyanın bu qədər gözəl olacağını gözələmədiyini söyləyib.
- tarixində yaradılmışdır.