"Tarixdə qalan düşmənçiliyi bu günə daşımayaq"

Bugün Antalyada “Dialoq Avrasiya” (DA) Platforması 8-ci Baş Məclisi çərçivəsində “Təhsildə tolerantlıq və ayrı-seçkilik” mövzusunda beynəlxalq konfrans işinə başlayıb.

Tədbirdə giriş sözü ilə çıxış edən platformanın hazırkı sədri Rastislav Rıbakov Avrasiya xalqlarının keçdiyi yoldan, Rusiyanın DA-ya sədrliyi dövründə görülən işlərdən, platformanın genişlənməsindən danışıb. O, həmçinin bəzən təhsil vasitəsilə xalqlar arasında düşmənçilik toxumları səpildiyini də bildirib. R. Rıbakov DA-nın məhz bu ayrı-seçkiliklərin aradan qaldırılmasına çalışdığını və buna nail olunacağına inandığını deyib.

Azərbaycan nümayəndə heyəti adından danışan DA-nın Azərbaycan milli komitəsinin sədri, millət vəkili Nizami Cəfərov təhsilin xalqların və millətlərin taleyi üçün çox önəmli faktor olduğunu vurğulayıb. O deyib ki, sovet dönəmində təhsil vasitəsilə eyni köklü xalqlar arasında ayrı-seçkilik və düşmənçilik toxumu səpilib: “Həmin dövrün tarix kitablarında Türkiyə və Azərbaycan xalqlarının, hər iki ölkə türkünün bir-birinə düşmən olması ilə bağlı təqdimatlar vardı”. N. Cəfərov bir müddət əvvəl türk xalqları üçün ortaq ədəbiyyat və tarix kitablarının yazılması ilə bağlı təkliflərlə çıxış edildiyini vurğulayıb. O artıq türk xalqlarının təhsil proqramlarında bəzi məsələlərdə ortaq mövzuların olduğunu, lakin bunun daha da genişləndirilməsinin vacibliyini qeyd edib. O, həmçinin Türkiyə alimlərinə və yazarlarına səslənərək, nəşr edilən kitabların təkcə Türkiyə deyil, ümumilikdə türk dünyası üçün yararlı ola biləcəyini nəzərə almalarını xahiş edib.

“Müxtəlif ölkələrlə bağlı araşdırma mərkəzlərinin təşkilinə ehtiyac var”

Dialoq Avrasiya Platformasının qurucusu və başqanı Harun Tokak DA-nın artıq 10 ildir fəaliyyət göstərdiyini deyib. H. Tokak bu toplantının mövzusunun təsadüfi seçilmədiyini də bildirib. DA-nın xalqlar arasında düşmənçilik toxumu səpən tarix kitablarının yığışdırılmasını təklif etdiyini söyləyən H. Tokak, həmçinin platformanın müxtəlif ölkələrlə bağlı araşdırma mərkəzlərinin yaradılmasını, xalqların bir-birini daha yaxından tanımaları üçün qurumlar yaratmağın vacibliyini vurğulayıb. O, xüsusilə, Türkiyədə Rusiyanı öyrənəcək araşdırma mərkəzinin yaradılmasını vacib sayıb. H. Tokak savaş qəhrəmanlarına olduğu kimi, barış qəhrəmanlarına da heykəllər qoyulmasının, onların da məşhurlaşdırılmasının və tanıdılmasının vacibliyini söyləyib. DA başqanı qurumun Ermənistan-Azərbaycan münaqişəsinə də öz töhfəsini verməli olduğunu bildirib.

“Tarix hər bir xalq üçün çox önəmlidir”

Tədbirdə çıxış edən Türkiyənin təhsil naziri Hüseyin Çelik DA-nın fəaliyyətindən və ideoloji hədəflərindən danışıb. O, təhsilin xalqların yaxınlaşması, dünyanın qloballaşmasına çox böyük təsir göstərdiyini deyib. Nazir bildirib ki, tarix kitablarından başqa, ölkələrə düşmənçilik təbliğ edən məqamların çıxarılması ilə bağlı müzakirələr aparmaq heç bir xalqın tarixini təhrif etməyə və ya unutdurmağa çalışmaq demək deyil: “Tarix hər bir xalq üçün çox önəmlidir. Tarixdə olmuşları necə anlatmaq da bir o qədər əhəmiyyətlidir. Məsələn, bizə orta məktəb kitablarında öyrədirdilər ki, Türkiyənin üç tərəfi dənizlərlə, dörd tərəfi düşmənlərlə doludur. Amma zamanla bu dəyişdi, indi biz “Türkiyənin dörd tərəfi qonşularıdır” deyirik. Yəni əslində tarixi gənc nəslə necə, hansı tərzdə öyrətmək çox önəmlidir”. Nazir onu da vurğulayıb ki, dialoq bir millətin dilindən, dinindən, mədəniyyətindən ayrılması, tarixini danması demək deyil: “Əksinə, bunların hamısına sahib olan xalq digər xalqlarla daha yaxşı anlaşır, daha yaxşı əlaqələr qura bilir. Çünki özünə hörmət edən digərlərinə də hörmət edə bilir”. H. Çelik xarici ölkələrdə açılan türk məktəblərinin bu dialoqa xidmət etdiyini söyləyib. Tədbirdə Antalya bələdiyyə başqanı Menderes Türel, DA-nın Gürcüstan komitəsinin rəhbəri Qiuli Alasaniya, Türkiyə təmsilçisi Naci Bostançı və digər ölkələr üzrə milli komitə başqanları da çıxış ediblər.

Qeyd edək ki, bu tədbirə Azərbaycandan da geniş tərkibdə nümayəndə heyəti qatılıb. Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi Azərbaycanın nümayəndə heyətinin tərkibinə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli, millət vəkilləri - Qənirə Paşayeva, Nizami Cəfərov, Rəbiyyət Aslanova, Azay Quliyev, tanınmış jurnalist Qulu Məhərrəmli, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, APA-nın baş direktoru Vüsalə Mahirqızı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Super-Market” qəzetlər qrupunun rəhbəri Etibar Bağırov, Azərbaycanda Atatürk Mərkəzinin direktorunun müavini Osman Musayev, “Çağ” Öyrətim Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərən, Azərbaycan-Türk Liseylərinin Baş İdarəsinin rəisi Adəm Ünal, həmçinin Cəsarət Valehov və Faiq Qürbətov daxildirlər.