Taylandda Türk Dili olimpiadasının seçim turu keçirilib
Taylandda keçirilən XII Türk Dili olimpiadasının ölkə finalı və mədəniyyət festivalı tədbiri maraqlı görüntülərə səhnə olub. Tədbirdə Taylandın milli geyimi ilə çıxış edən şagirdlər birinci olmaq üçün bir-biri ilə yarışıblar.
Paytaxt Banqkokda keçirilən tədbirdə Taylandda fəaliyyət göstərən “Marmara” təhsil qurumları idarə heyətinin sədri Ufuq Civələk, Türkiyədən dəvət olunan alim və iş adamları, Taylandda yaşayan Türk vətəndaşları və bu təhsil müəssisələrində oxuyan məktəblilərin valideynləri iştirak edib.
Tədbirdə taylandlı valideynlər Türk paxlavasına qonaq edilib. Paxlavadan dadan valideynlər ləzzətindən heyranlıqla bəhs ediblər. Taylandlı şagirdlər mahnı, şeir və milli rəqs olmaqla üç kateqoriyada yarışıblar.
Ölkə turunu keçib Türkiyədə keçiriləcək olimpiadada iştirak etmə hüququ qazanan şagirdlər sevinərkən seçim mərhələsində uğur qazana bilməyənlər isə kədərləniblər. Onları müəllimləri və məktəbli yoldaşları təsəlli edib.
Tədbirdə iştirak edən Huriyə Çoban Cihan Xəbər Agentliyinə verdiyi açıqlamada: “İlk dəfədir Türk olmağıma görə fəxarət hissi keçirdim. Şagirdlərin çıxışlarını izləyərkən sevinc və həyəcandan tüklərim biz-biz oldu. Buradakı müəllimlərin öz işlərini sevgi ilə, ürəkdən etdiklərini bilirəm. Hamıya minnətdarlığımı bildirir, Türkiyəyə gedəcək şagirdlərə uğurlar arzu edirəm”, - dedi.
Tədbirin sonunda yarışda iştirak edən bütün şagirdlərə müxtəlif hədiyyələr verilib. Türk Dili olimpiadası təşkilatçıları Taylandda keçirilən müsabiqədə 4 məktəbdən 250-dən çox şagirdin iştirak etdiyi və onlardan 6 şagirdin final mərhələsində iştirak hüququ qazandığını açıqlayıblar.
Sonda bütün şagirdlər birlikdə “Yeni bir dünya” mahnısını səsləndiriblər. Tədbir iştirakçıları məktəblilərlə xatirə şəkli çəkdiriblər.
- tarixində yaradılmışdır.