Bişkekdə beynəlxalq elmi konfrans keçirilib

Qırğızıstan, Bişkek, 27 fevral / Trend News, müxbir R. Мəşədihəsənli / Fevralın 27-də Bişkekdəki Vefa Center İş Mərkəzində Beynəlxalq "Ruhaniyyət" Assosiasiyasının təşəbbüsü ilə "Jusup Balasaqından Fəthullah Gülənədək olan tolerantlıq və dialoq məsələləri adlı" beynəlxalq elmi konfrans keçirilib.

Türkiyə, Rusiya və Qırğızıstanın Ali Təhsil müəssisələrinin akademik, professor, elm adamları, aparıcı KİV nümayəndələrinin iştirakı ilə keçirilən konfransda qloballaşan dünyada millətlərarası, dinlərarası etnik qarşıdurmaların yaranma səbəblərindən, həyatın ayrı-ayrı sahələrində səbirsizlik və təcavüz məfhumları ilə bağlı mütəxəssis-alimlərin məruzələri dinlənilib. Bu cür halların müxtəlif mədəniyyətlərə mənfi təsir göstərdiyi və dünyada sülhü təhlükə qarşısında qoyduğu vurğulanıb. XI əsrdə yaşayıb yaradan Yusif Balasaqunlunun və indiki dövrdə dünyanın hər nöqtəsində elm-təhsil ocaqları qurmağı ilə qürur duyulan Fəthullah Gülənin xeyirxahlıq, mərhəmət, tövsiyə, nəsihət və məhəbbət deyimləri geniş təhlil olunub və dünyanı narahat edən problemlərin həlli, terrorçuluğun, müharibənin və fəlakətlərin qarşısı yalnız və yalnız elmlərin, mədəniyyətlərin, dinlərin bir-biri ilə dialoqu sayəsində həllini tapması qeyd olunub.

Beynəlxalq konfransda həmçinin "DA" (Dialoq Avrasya) dərgisinin İslam və Xristian, eləcə də dünyada mövcud olan digər dinlər arasında körpü rolunu oynadığı da açıqlanıb.

Konfransda iştirak edən, Fəthullah Gülən ideyalarının Qırğızıstanda əməli təmsilçisi sayılan Beynəlxalq SEBAT Təhsil Mərkəzinin prezidenti Orhan İnandı Trend News-ə bildirib ki, "Jusup Hac Hatipdən - Balasaqından günümüzə işıq saçan nəsihətamiz deyimlərə əməl olunarsa, dünyada nə qan tökülər, nə də insanlar, irqlər arasında ayrıseçkilik olar."

"Nizami, Füzuli, Şota Rustaveli, Taras Şevçenko, Lev Tolstoy, Cəlaləddin Rumi, Jusup Balasaqın və nəhayət Fəthullah Gülən. Onlar bizə xeyirxahlığı, mərhəməti və məhəbbəti öyrədiblər. Öyrədiblər ki, biz də özümüzdən sonrakı nəsli öyrədək, bugünkü və gələcək müdrikliyimizi göstərək" - deyə İnandı əlavə edib.

"Jusup Balasaqından Fəthullah Gülənədək olan tolerantlıq və dialoq məsələləri adlı" beynəlxalq elmi konfrans kitab sərgisi ilə başlayıb Fəthullah Gülən sənədli filmi ilə davam etdi və Qırğızıstanın Mədəniyyət və Məlumat Naziri Sultan Rayev, MEA-nın akademiklərinin dəyərli çıxışları və qırğız milli musiqiləri ilə başa çatdı.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.