YAP-çı professor türk liseylərinin bağlanmasını pislədi

YAP-çı professor türk liseylərinin bağlanmasını pislədiTanınmış təhsil eksperti, parlamentin təhsil komitəsinin keçmiş sədri, məşhur “91-lər”dən olan YAP-çı professor Şahlar Əsgərov Azərbaycanda türk liseylərinin bağlanmasının doğru olmadığını düşünür.

Şahlar Əsgərov bu barədə moderator.az-a müsahibəsində maraqlı açıqlamalar verib. Şahlar Əsgərov bu məktəblərin bağlanmasını ürək ağrısı ilə qarşıladığını deyib.

YAP-çı professor qeyd edib ki, bu məktəblər ən azı son 15-20 ildə az qala qürur mənbəyimizə çevrilmişdi: “Ona görə ki, təqribən bu 10-15 məktəbin illər boyu qazandığı medalların sayı Azərbaycanda mövcud olan 3500 orta məktəbin qazandığı medalların sayından çox idi. İmkanı çatan hər bir Azərbaycan ailəsi öz övladlarını məhz həmin məktəblərdə oxutmağa cəhd edirdi. Müraciət edənlərin sayı çox olduğundan həmin məktəblərə qəbul zamanı da seçim edilirdi və ən layiqli, ən talantlı uşaqlar götürülürdü”.

Ş.Əsgərovun sözlərinə görə, sözügedən liseylərin əsas üstünlükləri bu idi ki, mükəmməl ingilis dili öyrədirdi və tədris zamanı millətin dininin, tarixinin, adət-ənənələrinin, mənəvi dəyərlərinin qorunmasına, təbliğinə xüsusi diqqət yetirilirdi: “Yəni bu məktəblər mənəviyyata bağlı bir təhsil sistemi idi. Deyək ki, sovetlər dönəmində də, elə indi də orta məktəblərdə bizim rus bölmələri də olub. Həmin məktəblərdə tədrisi əla öyrətsələr də mənəviyyata bağlılığı öyrətməyiblər, yəni bu təhsil mənəviyyata bağlı olmayıb. Deyim ki, bu özəl türk liseylərinin bir çox tədbirlərində mən iştirak etmişəm, rəhmətlik Heydər Əliyev və indiki prezidentimiz İlham Əliyev də bu məktəblərə həmişə yüksək qiymət veriblər. Yadınızdadırsa, vaxtilə ulu öndər bu məktəbləri Azərbaycanla Türkiyəni bir-birinə daha sıx tellərlə bağlayan mənəvi körpü adlandırmışdı.

Ona görə də mən bu məktəblərin bağlanması səbəbini bilməsəm də ağrı ilə qarşıladım və inanmıram ki, bu boşluğun yerini doldura bilək. Çünki məktəb qurmaq yeni bir şey deyil. Məktəb qurmağın min illik tarixi var, məktəb qurmaq olsaydı, elə indiyə qədər özümüz qurardıq də. Deməli, təhsil sistemini hərəkətə gətirmək üçün bir neçə arzunun reallaşması yetərli olmur, gərək rol oynayan kompleks faktorları bir yerə toplaya biləsən. Bu baxımdan ”Çağ öyrətim" bu prosesi çox əla idarə edirdi və idarəetmənin mexanizmini tuta bilmişdilər".

Ş.Əsgərov Fətullah Gülən camaatı ilə nurçuların fərqli olduğundan da danışıb: “Mən son vaxtlar internetlə sıx işləyərək Fətullah Gülənin kimliyi ətrafında məlumatlar toplamağa başladım. Deyim ki, nurçuluqla Fətullah Gülənin demək olar ki, heç yolları da kəsişmir. Nurçuluq hardasa dini-ideoloji bir məktəbdir, Fətullah Güləninkilərsə maarifçilik məktəbidir. Bunların məqsədləri də tamamilə müxtəlif olub. Özü də bizdən fərqli olaraq Türkiyədə bunlara Fətullah Gülən camaatı deyirlər, nurçu demirlər. Bizimkilərsə elə yeri gəldi-gəlmədi nurçu ifadəsindən istifadə edirlər. Ona görə də ilk növbədə cəmiyyətdə nurçuluqla Fətullah Gülənçiliyin fərqləri aydınlaşdırılmalıdır ki, doğrudanmı bunların hər ikisi də eyni şeydir, yoxsa bunların heç bir-birinə dəxli yoxdur. Bax bu, açığı, mənim üçün qaranlıqdır”.

Ş.Əsgərov Azərbaycanda təhsil maşınının işləmədiyini də bəyan edib: “Telekanallardan biri dünən mənə zəng vuraraq bir suala cavab istədi ki, orta məktəbin 9-cu və 11-ci siniflərindəki buraxılış imtahanlarında şagirdlərin 80 faizi 2 alıb, bunun səbəbi nədir. Əgər buraxılış imtahanında bu cür nəticələr göstərilirsə, bu, o deməkdir ki, ölkədə təhsil maşını işləmir. Yəni obrazlı desək, motor işləyir, mühərrikin səsi gəlir, amma hərəkət yoxdur. Dövlətin və cəmiyyətin təhsilə ayırdığı pul biliyə çevrilmir”.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.