Gülən Fəaliyyəti İslamafobiyaya Meydan Oxuyur

Amerikanın tanınmış din üzrə sosioloqlarından biri olan prof. Helen Rouz Ebauf (Helen Rose Ebaugh) 5 illik araşdırmaları nəticəsində ərsəyə gətirdiyi "Gülen Hareketi" adlı kitabını və təəssüratlarını "Zaman" qəzeti ilə bölüşdü. Hyuston Universitetinin əməkdaşı Ebauf Fəaliyyətlə 11 Sentyabr hadisəsində sonra tanış olur.

"O vaxt gözlərim terrorizmi qınayan Müsəlmanlar axtarırdı" deyən amerikalı sosioloq hadisədən iki gün sonra "Vaşinqton Post (Washington Post)" qəzetində Fəthullah Gülənin terroru qınayan bir səhifəlik yazısı ilə qarşılaşır və Fəaliyyəti araşdırmaq qərarına gəlir. Araşdırma apararkən iki əsas dinamizmlə – "təhsil və dinlərarası dialoq" fəaliyyətləri ilə qarşılaşdığını söyləyir. Gülən Fəaliyyətini 11 Sentyabr hadisəsindən sonra Qərbdə güclənən İslamafobiyaya qarşı "padzəhər" sayan Ebauf "Gülən Fəaliyyəti İslamofobiyaya meydan oxuyur" deyir.

Helen Rouz Ebauf Amerikanın din üzrə tanınmış sosioloqlarından biridir. Hyuston Universitetinin əməkdaşı Ebauf müxtəlif din mənsublarının dinlərarası əməkdaşlıq qurumlarını və onların ictimai fəaliyyətini araşdırır. Könüllülər Fəaliyyəti ilə isə 11 Sentyabr hadisəsindən sonra tanış olur. "O vaxt gözlərim terrorizmi qınayan Müsəlmanlar axtarırdı" deyən amerikalı sosioloq hadisədən iki gün sonra Vaşinqton Post qəzetində Fəthullah Gülənin terror aktını qınayan bir səhifəlik yazısı ilə qarşılaşır. İşlədiyi Hyuston Universitetinin magistrlərindən Gülənin adını tez-tez eşidən Ebauf 2006-cı ildə 5 il çəkən tədqiqatın "bünövrəsini qoyur". Türkiyə, Brüssel, Azərbaycan, Fransa, Hollandiya və Avstraliyada araşdırma aparan Ebauf Fəaliyyətə dair suallarına cavab axtarır. Yüzlərlə könüllü ilə görüşən sosioloq fikrini belə bildirir: "İslam dünyanın əksər yerində geridə qalmış, təhsildən uzaq bir din kimi tanınır. Belə bir şəraitdə Fəthullah Gülən Müsəlmanların təhsilli, müasir, elmə bağlı, həmçinin İslami həyatı yaşayan insanlar olduğunu bütün dünyaya göstərdi".

Jurnalistlər və Yazarlar Vəqfinin (Gazeteciler ve Yazarlar Vakfı) qonağı olan amerikalı sosioloq prof. Ebaufla müəllifi olduğu kitab və Könüllülər Fəaliyyəti haqqında müsahibəmiz oldu.

– 11 Sentyabr hadisəsindən əvvəl İslamiyyətə baxışınız necə idi?

Hadisədən əvvəl də din sosiologiyası fənnini tədris edirdim. Hadisə baş verəndə mən dərsdə idim. Tələbələrə "Televiziyadakı bu kadrları yaxşı baxın" dedim. Çünki dünya artıq əvvəlki kimi olmayacaq. Bunu da bilin ki, bundan sonra Müsəlmanları ittiham edəcəklər. Amma bu hücumlar bütün Müsəlmanları təmsil etmir.

– Kitabın başlanğıcında qısaca Türkiyə tarixinə yer vermisiniz. Sizcə, Gülən Fəaliyyətinə start verən hərəkətverici amil nə idi?

Fəaliyyətin başlanması üçün bir yetkinləşmə dövrünə ehtiyac var idi. Bu yetkinləşmə də Türkiyədə gənc nəsli ələ keçirmək istəyən Marksizm və Feminizm kimi axınlar oldu. Cəmiyyəti təhdid edən bu axınlar Güləni hərəkətə gətirdi. Ümumiyyətlə, xalq da gənclərin gələcəyindən narahat idi. Yeni və fərqli bir şey gözləyirdilər. Açıq desək, 60-cı illər bu Fəaliyyətin ortaya çıxmasının əsl vaxtı idi.

– Fəthullah Gülənlə görüşdünüzmü?

Bir neçə dəfə görüş imkanın vardı, amma heç birini qəbul etmədim. Çünki mən bir sosioloqam və faktları elmi metodlarla araşdırmalıyam. Bu prinsipə sadiqəm. Dolayısilə, istəmirəm, elə vəziyyət düşüm ki, gözlə gördüyümü çatdıra bilməyim. Gülənlə görüşsəydim, "Onun dediyini yazır" deyəcəkdilər. Buna görə bacardığım qədər daha məsafəli və obyektiv olmağa çalışıram. Kitabımı məhz bu səbəblə bir akademik nəşriyyatda çap etdirdim.

– Yaxşı bəs söhbətlərini dinləmə və ya kitablarını oxuma imkanınız oldumu?

İzləməyə, dinləməyə o qədər imkanım olmadı. Çünki hamısı Türk dilindədir. Əlbəttə, görünüşü ilə tanış olmaq, səsini eşitmək üçün seyr etdim. Kitablarını oxuduğumu da deyə bilmərəm, çünki mənim əsas sahəm onun fikirlərinin insanların həyatına necə təsir etməsi idi.

– Kitabınızda Fəaliyyətin maliyyə qaynaqlarından bəhs edirsiniz. Əldə etdiyiniz məlumata görə, işçidən iş adamına qədər hər kəsin maliyyə işlərinə dəstək verdiyini yazırsınız. İnsanları buna vadar edən nədir?

Sədəqə, zəkat kimi İslami anlayışlarla Türk xalqına xas qonaqpərvərlik, qonşuya əl uzatma dəyərləri qaynayıb-qarışmışdır. Həmçinin söhbət məclisləri də çox mühüm rol oynayır. Çünki insanlar bir bölüşmə şəbəkəsinə girir və hər birində yardım etmə istəyi yaranır. Eyni zamanda bu söhbətlərdə mənsubluq, qardaşlıq, dostluq hissini yaşayırlar. Bu Fəaliyyətdə olmaq onlar üçün mükafat mahiyyətini daşıyır.

– Kitabda qeyd etdiyinizə görə, bəzən bursalı işçi heyəti ilə, bəzən də iş adamları ilə görüşmüsünüz. Bu insanlardan eşitdiyiniz, çox təsirləndiyiniz, amma kitaba daxil etmədiyiniz bir hekayə varmı?

İşçilərdən dinlədiyim hekayələr mənə çox təsir etdi. Məsələn, biri işdən atılır, gəliri olmadığı üçün Fəaliyyətə aylarla maddi dəstək verə bilmir. Sonra "madam, pul verə bilmirəm onda vaxtımı verim", deyib könüllü olaraq məktəblərin birində işləməyə başlayır. Məsələn, Səma xəstəxanasında görüşdüyüm bir həkim illik gəlirinin 40 faizini Fəaliyyətə bağışlayır və "mən bu müəssisələr olmasaydı, oxuyub həkim ola bilməzdim" deyir. Hazırda evlidir, 4 uşaq atasıdır və çox xoşbəxtdir.

– Görünür ki, Gülən Fəaliyyətinin dirəyi olan təhsil könüllüləri ilə çox vaxt keçirmisiniz. Onların bariz xüsusiyyəti nədir, sizcə?

Adanmışlıq hissi. Həyatını Fəaliyyətin inanc və dəyərlərinə həsr etmişlər və hədəfə çatmaq üçün özlərini fəda etməyə də hazırdırlar.

– Yaxşı bəs, qadınların Fəaliyyətdə rolunu necə dəyərləndirirsiniz?

Bu, çox qarışıq və müzakirəsinə ehtiyac duyulan bir mövzudur. Mühüm vəzifələrdə qadınlar var, amma kifayət deyil. Bunun bir səbəbi mədəni dəyərlər, digər səbəbi isə qadınların İngilis dilini çox yaxşı bilməməsidir. Bir neçə il gəzdiyim ölkələrdə əvvəl qadınlar gözə az dəyirdi, amma dövr dəyişir. Bəzi Avropa şəhərlərində qadınlar çox fəaldır və belə davam edəcəyini düşünürəm.

– Bəzi ölkələrdə məktəbləri də gəzdiniz. Ən çox diqqətinizi çəkən nə oldu?

Məktəblərin çoxu etnik azlıqlar yaşayan bölgələrdə olsa da, imkanlı ailələr və ödənişə imkanı çatan hər kəs uşağını oxutdurur. Hətta Azərbaycanda yüksək səviyyəli dövlət adamlarının övladlarını bu məktəblərə göndərmək üçün sırada gözlədiyinə şahid oldum. Çünki məktəblərdə yüksək təhsil verilir. Türkiyədə, xüsusilə Şərq və Cənubi-Şərqdə bu məktəblərdə oxuyan uşaqların PKK-ya qoşulmayacağına inanıram.

– Dəstək verən insanlar bu Fəaliyyəti "Könüllülər Fəaliyyəti" adlandırır. Siz hansı ada üstünlük verirsiniz?

Mən bu Fəaliyyəti sivil fəaliyyət hesab edirəm. Cəmiyyətə töhfə verir və açıq-aşkar siyasi məqsədi yoxdur. Yalnız daha gözəl, daha yaxşı bir dünya üçün çalışırlar. "Hizmət" sözündən xoşum gəlir. Möhtərəm Gülən də bu sözdən tez-tez istifadə edir. Bu, insanların başqa insanlara xidmət etməsi fəaliyyətidir.

– Bu Fəaliyyətin qlobal sülhə hansı töhfələri var?

Böyük töhfəsi var, əlbəttə. Əvvəlcə Jurnalistlər və Yazarlar Vəqfi bir çox insanı bir araya gətirərək dialoqun qurulmasını təmin edir. Türklər getdikləri yerlərdə ilk öncə dialoq dərnəyi qurur. Bunun da sülhün bərqərar olmasında böyük rolu var.

– Kitabınızda Fəaliyyətin şəffaflığını vurğulayırsınız. Bu haqda təsbtləriniz varmı?

Türkiyədə apardığım araşdırmalarımda Fəaliyyətə dəstək verən iş adamları ilə görüşdüm. İdarə heyətləri mənə qarşı olduqca şəffaf davrandılar. Hesab sənədlərini çəkinmədən mənə göstərdilər. İnsanlar həmişə onlara şübhə ilə baxır. Bunun səbəbi Fəaliyyətin çox böyük, çox güclü və çox zəngin olmasıdır. Ortada böyük miqdarda pul var, niyə gizli planları olsun ki? Belə bir şübhəm, təmənnam olmadı, gördüklərimə də inandım.

– Beş illik araşdırmanızın nəticəsində cavabını tapmadığınız bir sual qaldımı?

Heç bir sual qalmadı, çünki hər kəsin gəlirindən 10 faizini verdiyini düşünsək, bunu min insana vursaq, böyük bir rəqəm ortaya çıxır. Eyni zamanda müəssisələr bir-birini dəstəkləyir.

– Könüllülər Fəaliyyətinin dünya miqyasında bu səviyyədə qəbul edilməsində əsəs faktor, sizcə nədir?

Gördükləri yaxşı işlər və təmiz qəlbli olmaları. Hər kəs gənc nəslin təhsil almasının, düzgün yetişməsinin tərəfdarıdır. Bu ümumbəşəri ehtiyacdır. Bu, insanlar da təməl dəyərlərə üstünlük verir və gözəl işlər görürlər.

– Qərb Fəaliyyətin bu qədər böyüməsini necə dəyərləndirir?

Fəaliyyət təmiz qaldıqca bir problemin olacağına inanmıram. Terrora bulaşmadığı, çılğın işlərə girişmədiyi və ya kiminsə işinə yarayan yanlışlara yol vermədiyi müddətdə Qərb də, dünya da həmişə Onu müsbət qiymətləndiriləcəyini düşünürəm.

– İslamafobiyanın artdığı belə bir dövrdə dialoq və tolerantlığa üstünlük verən Gülən Fəaliyyəti dünyanın axtardığı sülhün təmin edilməsində bir alternativ ola bilərmi?

Amerika 11 Sentyabr hadisəsinə qədər İslamiyyəti tanımırdı. Hadisədən sonra tanıdı, amma terrorist kimi. Bu baxış bir reallıqdır. Bu Fəaliyyətin İslamafobiyaya meydan oxuyan güclü potensialı var. İnanmıram ki, Hyustonda bu Fəaliyyətə qarşı çıxan olsun. Təhsilə, mədəni fəaliyyətlərə, dinlərarası dialoqa hamımızın ehtiyacı var. Qərəzli və şərtli baxışın qırılmasında Fəaliyyətin böyük potensiala malik olduğunu düşünürəm. Şərtli və qərəzli baxışa qarşı ən təsirli yol üz-üzə təmasda olmaq, bir-birimizi tanımaq, anlamaqdır. Fəaliyyət də bunu edir. Mən onların evinə gedirəm, onlar mənim evimə gəlir. Beləliklə də, qərəzlilik, şərtlilik aradan qalxır.

Tənqid edənlərdən fakt istəyirəm, amma göstərə bilmirlər

– Gülən Fəaliyyətinin əleyhinə olanların arqumentləri nələrdir? Siz bu tənqidlərə necə baxırsınız?

Onlardakı bu qayğıları ciddi qəbul edirəm. Bir mənada haqlıdırlar və onları başa düşürəm. Ancaq problem bundadır ki, hər dəfə "mənə bir sənəd, fakt gətirin" deyirəm, amma heç bir sənəd gətirə bilmirlər. Buna görə də, tənqidlərin səbəbi qorxu və ideoloji mahiyyətlidir. Məni ən təəccübləndirən isə onların Fəaliyyətin dövləti ələ keçirmək üçün orduya, məhkəməyə sızmasını iddia etməsidir. Bu haqda mənə bir sənəd, ya da ad verin deyirəm. "Bunu hər kəs bilir" deyirlər. Bu insanlar özü kimi düşünən bir qrupun parçalarıdır. Onların 50 faizi Fəaliyyətin heç bir mənsubunu tanımır və əsas mənbədən məlumat almamışlar. (Dilek Hayırlı - Ayşe Tosun)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.