Boş sözlər və sənətin qayəsi
Çay süfrəsində həqiqət damlaları: “Allaha yaxın olma cəhdi”
- Cənabi-Allahın Üluhiyyət və Rübubiyyətinə layiq ibadət etmək mümkünsüz olsa da, mömin Ona ibadət və yaxınlaşmaq üçün əlindən gələni etməlidir. (00:41)
- Haq Doslardan biri deyir: “Ol sənə səndən yaxındır, sən saqın olma Ona iraq / Kəsrəti qov, vəhdəti bul, qəlbdəki ürfanla bax!” (01:18)
- Ümumiyyətlə Allah-taala murad və məqsədini əksəriyyətin anlayış səviyyəsinə uyğun şəkildə çatdırmışdır. İlahi kəlamın bu xüsusiyyəti “ət-tənəzzülatül-ilahiyyətü ilə uqulil-bəşər” adlanır. Hərçənd ki, Onun kəlamı təkcə Qurandan ibarət deyil. Kim bilir Allahın əzəmətinə uyğun neçə-neçə danışıq keyfiyyəti var ki, bunu ancaq müxatəbi bilir. Xülasə, əgər Allah Quranı Sina dağında Həzrəti Musa ilə danışdığı dildə nazil etsəydi, demək olar, heç kimin ona qulaq asmağa gücü çatmazdı. Zira Həzrəti Musa (əleyhissalam) kimi ülul-əzm peyğəmbərin belə o ülvi kəlamın ancaq bir hissəsini dinləməyə taqəti çatmışdı. Əksinə əgər Quran təkcə dühaların anladığı üslubda nazil olsaydı, insanların doxsan doqquz faizi ondan faydalana bilməzdi. Halbuki Cənabi-Allah əzəməti və Rübubiyyəti ilə yanaşı, iradəsinə müvafiq olaraq insanların bəşəri xüsusiyyətlərini nəzərə almış, bəndələrinin idrak səviyyəsinə uyğun xitab etmiş və ən ülvi həqiqətləri belə onların başa düşəcəyi bir üslubda ortaya qoymuşdur ki, (yuxarıda da qeyd edildiyi kimi) buna qısaca “tənəzzülati-İlahiyyə” deyilir. (02:17)
- Vəhy nazil olanda Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) bu aləmdən başqa bir aləmə keçir, bir mənada bizim aləmimizdən təcrid olunurdu... bu aləmdən çıxıb başqa bir aləmə qədəm qoyurdu. Vəyhin qəbulunda gedən əxzü-əta (ötürmə-qəbul etmə) prosesi bizə sirdir, bunu tam şəkildə izah edə bilmirik. Bəzi şeylərlə müqayisə edərək başa düşməyə, başa salmağa çalışırıq. Məsələn, qəbuledicilər morze əlifbası ilə göndərilən siqnalları hərflərə və sözlərə çevirir. Hər siqnal bir hərf, bir sözə bərabərdir. Qəbuledicinin başında dayanan məsul şəxs kim olur-olsun siqnalları qəbul edir, onları müəyyən hərf və sözlərə çevirir və anlayır. Vəhy prosesini qismən başa düşmək üçün buna bənzətmək olar. Bənzətmədə xəta olmasın, Peyğəmbərimizin mahiyyətinə yerləşdirilmiş minlərlə mənəvi reseptor gələn hər bir ilahi siqnalı bir kəlmə kimi qəbul edir. Bu baxımdan vəhyi bəşəri qəlibə salmaq böyük yanlışdır. Yuxarıdaki bənzətmə də bu məsələni anlamaq üçün kiçik bir nümunədir, vəhyin gerçək mahiyyətini ancaq Allah (cəllə cəlaluhu) bilir. (05:15)
- Cənabi-Allahın “tənəzzülati-İlahiyyə”si, yəni bəndələrinin idrak səviyyəsinə uyğun xitab etməsi və ülvi həqiqətləri onların başa düşəcəyi üslubda ortaya qoyması müqabilində mömin də mütəmadi şəkildə tərəffüata (mənən yüksəlməyə) çalışmalı və İslamı yaxşıca anlayıb Ona layiq bəndə olmaq üçün əlindən gələni etməlidir. (06:30)
- “Ayətül-Kübra” risaləsində kainatda Xaliqini axtaran səyyah ətalətdən uzaqlaşmağa və kamillik yolunda əzm göstərməyə ən gözəl nümunədir. O mütəfəkkir səyyah kainat kitabının səhifələrini oxuduqca imanı qüvvətlənir, mərifəti ənginləşir və qəlbindəki Allaha iman həqiqəti dərəcə-dərəcə yüksəlir. Kainat kitabının göy və yer kimi bir çox səhifələrini oxusa da, yenə doymaq bilmir, məsələn, dənizlərin, çayların zikrinə də qulaq verib elə hey “Həlmin məzid – Yenə varmı?” deyir. Bəli, o səyyah kimi olmaq çox vacibdir. Peyğəmbər məclisinə baş çəksə də, Cənabi-Allahın camalını müşahidə etsə də, ətalət nədir bilməyən və daima “Yenə varmı?” deyən kamil mömin olmaq lazımdır. (08:00)
- Qüdsi hədis kimi rəvayət edilən bir mübarək kəlam var: “Ey insan oğlu, nəfsini tanıyan Məni tanıyar, Məni tanıyan Məni axtarar, Məni axtaran mütləq tapar, Məni tapan da bütün arzularına, hətta artığına da nail olar... və Məni başqasına dəyişməz. Ey insan oğlu mütəvazi ol ki, Məni tanıyasan... aclığa öyrəş ki, Məni görəsən... ibadətində səmimi ol ki, Mənə çatasan”. (10:50)
- Bəziləri də əngin rica hissi ilə belə niyaz etmişlər: “Gər günahım kuhi-Qaf olsa, nə qəmdir, ya Cəlil / Rəhmətin bəhrinə nisbət ənnəhü şeyün qəlil”. (Ey gözəl isimlərindən biri də Cəlil olan ulu Sultanım! Hərçənd günahlarım Qaf dağından böyükdür, ancaq nə qəm! Yenə qaçqınlar kimi, Sənin qapına gəlmişəm! Dağ boyda günahlarım Sənin mərhəmət və əfv dəryalarının yanında bir damladır”. (11:32)
Sual: Təfsir kitablarında “Loğman” surəsinin 6-cı ayəsinə verilən şərhlərdə musiqi sənəti, roman, hekayə və şeir janrları “ləhvəl-hadis” (boş söz) kateqoriyasına daxil edilmişdir. “Ləhvəl-hədis”i necə başa düşməliyik, sözügedən incəsənət sahələrinin faydalı olması nədən asılıdır? (12:41)
- “İnsanlar içərisində eləsi də vardır ki, heç bir dəlilə söykənmədən xalqı Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız (oyun-oyuncaq) sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.” (“Loğman” surəsi, 31/6). Rəvayətlərə görə bu ayə aşağıdakı hadisə ilə əlaqədar nazil olmuşdur: “Məkkəli Nadr ibn Haris adlı bir müşrikin İranla ticarət əlaqələri varmış. Bu insan mal almağa gedəndə oradan əcəm nağıllarından ibarət kitabları satın alıb gətirmiş və həmvətənlərinə belə demişdi: “Məhəmməd sizə Ad və Səmud xalqının əfsanələrini danışır, mən də sizə rum və əcəm nağıllarını danışacağam”. Elə sanırdı ki, bunları oxumaqla xalqı Qurandan uzaqlaşdıracaq.” Bəzi müfəssirlər “ləhv” sözünü “insanı Allah yolundan uzaqlaşdıran mahnı” kimi izah etmişlər. Bu ayənin bəyanı ümumi olub Quranı məsxərəyə qoyan hər kəsə şamildir. (13:17)
- Bir musiqi əsəri əgər sizi Qurana yönəldir, Allaha qovuşma arzusunu coşdurur, ürəyinizə qor atıb alnınızı səcdəyə çəkir, milli, dini dəyərlərlə bağları möhkəmləndirir, sizə öz romantizminizi pıçıldayır, eyni zamanda ədəbə zidd və çirkin mənzərələr ehtiva etmirsə, demək, o, çox gözəl əsərdir. Məzmununda qeybətə yer verən, əxlaqsızlığı təsvir edən, şəhvət hislərini təhrik edən, ümidsizlik aşılayan əsərlərə gəlincə, onlar haqqında “dinləmək olar” demək qeyri-mümkündür. Bəzi alimlər musiqi mövzusuna daha həssas yanaşmış, təkyə musiqisinin belə əleyhinə olmuşlar. Düzü, ruhumuzla həmdəm olan, bizi təfəkkürün zirvələrində gəzdirən, ülvi hislər aşılayan və məst edib məna aləminə uçuran musiqi çox faydalıdır. Bəzi insanların bu kimi sövqedici ünsürlərə ehtiyacı var. (15:30)
- Həzrəti Pir, Nəcib Fazil, Cəmil Meriç və Nurəddin Topçu kimi böyük şəxsiyyətlər “roman”ı ciddi tənqid etmiş və “ölü can verə bilməz” qənaətinə gəlmişlər. Buna baxmayaraq, onların bəzisi romana bənzər əsərlər qələmə almış, bəzi həqiqətləri, bir çox İslam alimi kimi, təmsil üslubunda hekayə yazmaqla çatdırmağa çalışmışlar. Bu baxımdan roman və hekayə janrının, habelə teatr və kino sənətinin üstündən xətt çəkmək və üzərinə “qadağandır” etiketi yapışdırmaq, məncə, doğru deyil. Demək, əsas məsələ bunlara qadağa qoymaq deyil, hansı məzmunda olub-olmamasıdır. Batilin (yanlış inanc, yanlış və sapqın düşüncə, xurafat) təsvir edilməsinin dində caiz olmadığını hər kəs yekdilliklə qəbul edir. Üstəlik İslamda haram sayılan zina, föhş, içki, uyuşdurucu, qumar, oğurluq, qətl və s. kimi şeylərə təşviq edib maraq oyandıran bütün təsvir, təhkiyə və görüntü də, təbii ki, qəbulolunmazdır. Roman, hekayə və digər janrları yerli-dibli inkar etmək doğru deyil. Quranda keçən qissə və təmsillər, Peyğəmbərimizin hədis və rəvayətləri bu məsələdə orta yolu tapmaqda əsaslı dəlillər olub bizə yol göstərir. (21:12)
- Quran həqiqəti tapıb ona bağlanmayan bir şairi, dolayısilə o şairin şeirlərini “Şairlərə gəlincə, onlara yalnız azğınlar uyar! Məgər görmürsənmi ki, onların hərəsi bir vadidə (fəlsəfi və ədəbi axınlara qapılaraq) sərgərdan gəzib-dolaşır? Və onlar etmədikləri şeyləri deyirlər!” (“Şuəra” surəsi, 26\224-226) təsvir edir və ilahi çərçivədən kənara çıxan bu qəbil şeirlərdə nəfsani hislərin cövlan etdiyini, etmə ehtimalını vurğulayır. Arxasınca: “Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən (şairləri)!” (“Şuəra” surəsi, 26\227) istisna edərək onun (Quranın) meyarlarına uyğun söz söyləyən şeir ustadlarını bir mənada, təqdir edib alqışlayır. Bəli, bu meyarlara söykənən şeir söz cövhərindən düzülmüş elə bir bəyan incisi, qəlbin ən rəqiq telləri ilə səsləndirilən elə sehrli bir nəğmədir ki, hər kəsin könlünü oxşaya və ovsunlaya bilər. Belə bir şeir öz ritmini tapıb səslənəndə ən təmtəraqlı bəyanlar belə qarşında əmrə-müntəzir dayanar, ehtiramla baş əyərlər. (27:13)
- Mehmet Akif, Şeyx Qalib, Nabi və Həzrəti Mövlana kimi böyük şəxsiyyətlərin nəzm əsərlərindən elm, ürfan və mərifət süzülür. Şeir bu mənada insanın özünü, varlıq aləmini, məna aləmini və daxili dünyasını könül, hiss və duyğuların dili ilə səsləndirməsidir. Bu şeirlərdə könül və duyğulardan süzülüb gələn səslər eşq və gözəllikdə insanı nəfsani və cismani qəyyalara sürükləmir, batili təsvir edərək zehinləri kirlətmir, fantaziyalarla, yaxud da əcaib-qəraib şeylərlə məsələləri qabardaraq oxucu, dinləyici “ovuna” çıxmır, dərin görünmək məqsədi ilə süni mübhəmliyə əl atıb mövzuları qəlizləşdirmir... (28:30)
- Müasir dövrdə roman, teatr, televiziya, internet və kino sənətindən insanları yoldan çıxarmaq üçün istifadə edirlər. Möminlərin də bu sahələrədə mütləq aternativi olmalı və yeni nəsillərə hidayət yollarını göstərməlidirlər. (30:09)
- tarixində yaradılmışdır.