Fədakarlıq üfüqü - isar ruhu

Sual: 1) “Qəlbin zümrüd təpələri (Kalbin zümrüt tepeleri)” adlı əsərdə "isar" insanın başqalarını özündən üstün tutması, yaşamaq zövqü ilə deyil, yaşatma həzzi ilə var olması kimi təsvir edilir. İsar yalnız təsəvvüf termini kimi işlənən bir anlayışdır? Günümüz “qarasevdalı”larının səhabə fədakarlığı ilə dünyanın hər yerinə əl uzatmasını da "isar ruhu" ilə izah etmək mümkündürmü?

  • İnsanın başqalarını özündən üstün tutması mənasına gələn isar əxlaqçılara (moralistlərə) görə toplumun mənafeyini şəxsi mənafedən üstün tutmaq.. təsəvvüf ərbabına görə isə ən xalis təfani (bir-birində fani olmaq) düşüncələri ilə şəxsi mənafedən tamamən imtina edib yaşama zövqünün əvəzinə yaşatma həzzi ilə var olmanın ünvanıdır.
    وَلاَ يَجِدُونَ فِي صُدُورِهِمْ حَاجَةً مِمَّا أُوتُوا وَيُؤْثِرُونَ عَلى أَنْفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ
    "Onlar möminlərə verilən şeylərə görə narahat olmaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar" (“Həşr” surəsi, 59/9) ayəsində – Əshabı-kiramın yüksək əxlaqının bir dərinliyi olaraq – isarın zirvə nöqtəsi öz əksini tapır . (01:08)
  • Həzrəti Əbu Hüreyrə rəvayət edir: “Bir gün Allah Rəsulunun hüzuruna bir nəfər gəlib Ona yaxınlaşdı və belə dedi: "Ya Rəsulullah! Neçə gündür, dilimə bir loğma da dəyməyib. Dalbadal ac-acına oruca niyyət etmişəm". Allah Rəsulu ətrafa göz gəzdirdi, lakin onu evinə aparıb qonaq edəcək bir adam görə bilmədi. Xeyli sonra Allah Rəsulunun çox sevdiyi səhabələrdən Əbu Talha ayağa qalxıb: "Ya Rəsulullah, onu mən qonaq edim" – dedi və onu götürüb evinə apardı. Bu insanlar hər şeyini İslam yolunda sərf etmiş, əldə-ovucda bir şey qalmamışdı… hərdənbir evlərində şorba bişərdi. Ehtimal ki, həmin gün Ümmü Süleym uşaqlarına bir qədər şorba bişirə bilmişdi. Və onu uşaqlarına yedirəcəkdi. Evinə qonaq gələn ər-arvad öz aralarında sözləşdilər: "Bu gecə yeməyi Allah Rəsulunun qonağına yedirək. Biz bu gün də ac-acına oruc tuta bilərik. Uşaqları birtəhər yatırdarıq.. səhər ona da bir çarə taparıq". Belə qərar verdilər: Yemək süfrəyə gələndə Ümmü Süleym “yanlışlıqla” şamı söndürəcək və ev yiyəsi qaşığı boş aparıb boş gətirəcəkdi… çünki yemək iki adamı doyuracaq qədər deyildi… beləliklə qonaq qarnını doyuracaqdı. Razılaşdıqları kimi də elədilər. Beləliklə səhər oldu və hər kəs səhər namazında Allah Rəsulunun arxasında səflərə düzüldü. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) səhər namazını qıldırdı. Üzünü onlara çevirib Əbu Talha və qonağını soraqladı: "Bu gecə nə etdiniz ki, haqqınızda bu ayə (“Həşr” surəsi, 59/9) nazil oldu:
    وَيُؤْثِرُونَ عَلَى أَنْفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ
    "Özləri ehtiyac içində olsalar belə, başqalarını özlərindən üstün tutarlar" (01:35)
  • İsar mərifət və qulluqdan doymayan, daim daha çox istəyib "Daha yoxdurmu?" deyən, qulluq hədəfini həmişə yüksəldən və özünü daim yeniləyən Haqq ərənlərinin vəsfidir. (03:33)
  • Gənclər arasında “İsar ruhunu yaymalı, hər kəsə aşılamalıyıq” demişdim. İsar insanın özünün ehtiyacı ola-ola möhtac insanların ehtiyacını ön plana çəkib onları aradan qaldırmağa çalışması, qardaşlarını özündən üstün tutması deməkdir. Məhz bu mənada “İsar ruhunu yayaq” demişdim. Bir də nə görsəm yaxşıdır, yoldaşlardan biri qeyd götürüb orada-burada “Xocaəfəndi “İsar ruhunu yayaq” dedi” deyib və üstəlik özünə görə bir çox izahlar də verib. Bəzən bu cür yanlış anlama da olur. (07:33)
  • Ən əzablı və iztirablı günlərdə belə geri qayıdıb ümmətin əlindən tutma niyyəti ilə Cənnətdə qalma təklifini qəbul etməyən Rəsuli-Əkrəmə (sallallahu əleyhi və səlləm) Cənnəti tərk etdirən bu dərin şəfqətin, o peyğəmbəranə üfüqdən süzülüb gələn işıqlarla coşub-daşan ən Sadiq Yarın "Bədənimi o qədər böyüt ki, Cəhənnəmi doldursun, başqalarına yer qalmasın" harayı ilə sərgilədiyi mərhəmətin, "Gözümdə nə Cənnət sevdası, nə də Cəhənnəm qorxusu var; millətimin imanını salamat görsəm, Cəhənnəmin alovları içində yanmağa razıyam" deyib iki büklüm olan Müşfiq İnsanın qəlbindəki təmənnasız sevginin nəticəsi isar ruhudur. (08:33)
  • Ərzurumda Hacı Musa adlı ömrünü xidmətə həsr etmiş, Nurların kəramət və ikramını görmüş çox səmimi bir insan vardı. Ondan mövzumuzla bağlı bir hadisə eşitmişdim. Hacı Musa Əfəndinin danışdığı hadisənin qəhrəmanı Çörəkçi İshaq Baba idi. Bildiyiniz kimi, tarix boyu çörəkçilər və dəmirçilər arasından çoxlu Haqq dostları çıxmışdır. Həmişə axirətin çətinliyini xatırladan ağır işlərdə işləyən və Cəhənnəm alovundan xəbər verən odla çox məşğul olan bu insanlar bu işlərdə “bişib” kamilləşmişlər. İshaq Baba da odla işləyə-işləyə odun nə demək olduğunu yaxşı dərk edən insanlardan biri imiş. Bir dərsi də buraxmayan, Risalələri ürəkdən dinləyən və yaxşı bilən, çox danışmağı sevməyən, ancaq ehtiyac olanda bir-iki sözlə kifayətlənən könül insanı idi. İshaq Baba Hacı Musa Əfəndi ilə birlikdə həccə gedərkən avtobus bir yerdə fasilə verir. Hər kəs bir işlə məşğul olur, İshaq Baba isə gözlərini yumub fikrə dalır. Bir qədər sonra İshaq Babanın həm gözlərindən yaş axır, həm də dodaqları yavaş-yavaş tərpənməyə başlayır. Həmin anda qırx nəfərlik avtobus əsməyə, bir metrə qədər gah irəli gah geri getməyə başlayır. Hər kəs həyəcanla nə baş verdiyini öyrənmək üçün ətrafa göz gəzdirir, Hacı Musa Əfəndinin gözləri isə İshaq Babaya sataşır. Baxıb görür ki, o Haqq dostu tamamən başqa aləmdədir, elə bil özündən gedib. Hacı Musa Əfəndi bir qədər sonra soruşur: "İshaq Baba, nə oldu, nə düşünürsən, nə deyirsən?". O belə cavab verir: "Axirəti, sorğu-sualı, Cənnət və Cəhənnəmi düşünürdüm. Birdən Cəhənnəm alovları gözlərəmin qabağında qalxmağa başladı. Əksər insanın üsyankar kimi ora gedəcəyini düşündüm. O qədər üzüldüm ki, bu dəhşətli əzabı vicdanımda dərindən hiss etdim, hiss edən kimi də Rəbbimə niyaz etdim və qeyri-ixtiyari dəfələrlə "Yandırma Allahım, bu biçarə qullarını yandırma; istəyirsən sonra onların yerinə məni at, oda" dedim!” (09:09)
  • Həzrəti Bədiüzzamanın ifadəsiylə, təbiiyyəti (tabe olmağı, tabeçiliyi) məsuliyyət və xətər (qorxu, təhlükə) olan mətbuiyyətdən (başçılıqdan) üstün tutmaq, imamət və liderlikdə başqalarını narahat edəcək qədər irəlidə görünməmək, digər möminlərin xidmətlərini də alqışlayıb onların uğurlarına sevinmə də isarın bir dərinliyidir. (13:10)
  • Həm bura ilk gəldiyim günlərdə, həm də digər xaricə səyahətlərdə, ümmətin bir fərdi olaraq Peyğəmbərimizin yanında çox xəcalət çəkmiş, çox utanmışdım. Utanmışdım, çünki biz Onun adını (buralara) çatdıra bilməmişdik, biz yeri zirvələr olanı çiyinimizə götürüb ucalda bilməmişdik. "Buralarda çox az anılırsan, ya Rəsulullah, yəqin çox qürbətdə hiss edirsən!" demişdim. Onun ruhaniyyyətindən üzr istəyərək: "Davudun səsi Səninkindən yüksək çıxır. Süleymanın səsi Sənin səsindən daha çox eşidilir. Hər tərəfdən Musanın səsi, İsanın sədası gəlir. O səs və sədalara da ruhumuz qurban. Amma ya Rəsulullah, ən gur və yüksək səda Sənin səsin olmalı deyildimi? İdmanda uğur qazana bilməmiş bir komandanın bayrağının bir neçə pillə aşağıya endirilməsi kimi, nami-cəlilinin aşağıya çəkildiyini görürəm, içim parçalanır" deyib inləmişdim. (15:06)
  • İnsanlığın İftixarının (əleyhissalatu vəssalam): "Mənim adım günəşin doğub-batdığı hər yerə çatacaq!.." bəyanı həm gələcəkdə olacaq bir hadisədən xəbər verir, həm də ümmətinə bir hədəf göstərir. (16:27)

Sual: 2) İsar xüsusiyyətinin səviyyələrindən bəhs olunarkən ilk sırada "Haqq yolunda və əhli-iman uğrunda lazım gəlsə, candan keçmək" dayanır. İkinci sırada "riyasət (rəhbərlik) və məqam mövzusunda hər cür fədakarlıq göstərmək"dən danışılır. Daha sonra da maddi rifahı və xoşbəxtlik məsələsində başqalarını düşünmək, mal və gəlirdən infaq etmək, elm və təfəkkürün “haqqını” vermək kimi yaxşılıqlar sıralanır. Riyasət və məqamda fədakarlıq etmək daha çətindir ki, ikinci sırada verilmişdir? (17:52)

  • Bir məqam və mənsəb onu dəlicəsinə istəyəib ardınca qaçanlara verilməz. Çünki vəzifəyə keçmək istəyən belə insanda hərislik var. Hərislik isə insanı istədiyini əldə etmək üçün bəzi həqiqətlərdən keçməyə sövq edə bilər. Buna görə, bir yerə yüksəlmə, bir vəzifəyə keçmə kimi ehtiraslar insanların çox vaxt bəzi həqiqətləri görməsinə mane olur. (18:53)
  • Cövdət Paşanın "Qisseyi-Ənbiya" əsərində təmas etdiyi kimi, riyasət və vəzifə istəməmək barəsində nəbəvi xəbərdarlıqları eşidən Həzrəti Əbu Bəkir (r.a.) Həzrəti Əliyə (r.a.) göndərdiyi bir məktubunda bu meyarı dilə gətirir: "Vəzifə o adamındır ki, o, “vəzifə mənim deyil” deyir. O adamın deyil ki, vəzifəyə layiq olduğunu iddia edir." (19:35)
  • Həzrəti Əli (radiallahu anh) ona hədiyyə edilən gözəl bir ata baxıb "İmamlıqdan (idarəçilikdən) qaçmaq üçün çox gözəl atdır!.." deyərək məsuliyyətin və əmanətin ciddiyyətini ifadə etmişdir. (21:28)
  • Bizim ən böyük sərmayəmiz istiğnadır; hər cür məqam və mənsəbdən müstəğni (gözü, könlü tox) olmalıyıq. Vəzifə istənilməməli, istəmədən veriləndə də könülsüz qəbul edilməlidir. Ancaq bu məsələdə bir istisna var: Əgər bir işi sizin qədər yaxşı görəcək başqa bir mömin yoxdursa, Həzrəti Yusifin “Bu yerin xəzinələrini (qorumağı) mənə tapşır. Çünki mən qoruyanam, (bu işi) bilənəm”. (“Yusuf” surəsi, 12/55) deyərək qibtilər içində vəzifə istədiyi kimi, belə bir tələb irəli sürə bilərsiniz. Həzrəti Yusif (əleyhissalam) bu sözü ilə müsəlman olmayan, peyğəmbərlik ruhundan uzaq, Allahdan bixəbər bir yerdə riyasəti tələb etmişdir. (22:25)
  • İstiğna.. və isar... (Məhz budur bizim üçün zəruri olan iki xüsusiyyət...)
    Yoldaşlar gəlin, Allah rizası üçün, isarda dərinləşək!.. (25:15)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.