Fərqli Bir Aləm və Qəbir Həyatı
Sual: Dini əsaslar baxımından qəbir həyatının mahiyyəti barədə nə deyilə bilər? Yanıb külə dönən, bədəni paramparça olan və ya hər hansı bir səbəblə dəfn edilə bilməyənlər də nəzərə alınsa, qəbirdəki sorğu-sual və qəbir əzabı ilə əlaqəli bir mömin nə düşünməli və səhih dünyagörüşü necə olmalıdır?
- Qəbir həyatı bir baxımdan axirətin giriş qapısı və başlanğıcı sayılır. İstər qəbirə dəfn edilsin, istər edilməsin; istər yırtıcı heyvanlar tərəfindən parçalansın, istər yanıb külü sovrulsun, istərsə də dənizdə itib-batsın, ölən insan üçün qəbir həyatı başlamışdır. Qəbir fərqli bir aləmdir, onun özünə xas xüsusiyyətləri vardır; onu dünyəvi meyarlarla şərh etmək və maddi ünsürlərlə dəyərləndirib anlamağa çalışmaq doğru nəticə verməz. (00.58)
- Bir çox əhli-təhqiq (həqiqətləri dəlillərlə bilən alimlər) “zərrati-əsliyə”dən, yəni insandakı əsl və təməl zərrələrdən bəhs edir. İnsanın bu ilk zərrələri insan bədəninə sanki qaidə və təməl olaraq yerləşdirilmişdir. Hədisdə "acbuz-zənəb" deyə keçən və büzdüm sümüyü olaraq ifadə olunan bu zərrati-əsliyənin harada olduğunu tam təsbit etmək mümkün deyil. Allah (c.c.) insanı bu təməl zərrələr üzərində yaratmışdır və axirətdə də onlar üzərində həşr edəcəkdir. İnsana aid xüsusiyyətləri özündə cəmləyən bu zərrələr, kim bilir, bəlkə də, genlərdir. (05.58)
- Qəbir həyatına inanmaq əsasdır, lakin onun keyfiyyəti ilə əlaqəli iddialar xoşagəlməzdir, hətta Allaha qarşı hörmətsizlikdir. Qəbir həyatı “xəlqi-cədid”, yəni bir yenidən yaradılış əsəridir. Həzrəti Adəmin mələkləri heyran edən yaradılışı kimi, qəbir əhlinin həyatı da elə bir yaradılışdır ki, insanlar dünyəvi ölçü və qaidələri ilə onu dərk edə bilməz, anlamaqda çətinlik çəkərlər. Bu səbəbdən, bu mövzuda təfərrüata girmək yeni-yeni problemlərə səbəb olar. (06.47)
- Cənabi-Allah səsdən, kəlmədən, sözdən, havadan və gözəl şeylərdən müxtəlif məxluqat yaradır. Məsələn, burada bir dəfə "Əlhəmdulillah" deyən orada bir Cənnət meyvəsi yeyər. Dünya fərqli bir aləm, Bərzəx fərqli bir aləm, Mizan fərqli bir aləm, Sirat fərqli bir aləm, Cənnət fərqli bir aləm və Cəhənnəm də fərqli bir aləmdir. (15.01)
- İnsan öldükdən sonra qəbirə qoyulanda Münkər və Nəkir adla iki mələk gələrək: "Rəbbin kimdir? Peyğəmbərin kimdir? Dinin nədir?" deyə soruşur. İman və gözəl əməl sahibləri bu kimi suallara doğru cavab verər və onlara Cənnət qapıları açılar, onlara Cənnət göstərilər. Kafir və ya münafiqlər isə bu suallara doğru cavab verə bilməz; onlara da Cəhənnəm qapıları açılar, oradakı əzab göstərilər. Möminlər, ümumiyyətlə, nemət içində, rahat və dinc həyat yaşarkən, kafir və münafiq isə qəbirdə əzab görəcəklər. (16.44)
- Qəbir eyni zamanda bəzi xətaların hesaba çəkildiyi və insanın "ləməm" deyilən kiçik günahlar başda olmaqla bəzi günahlardan təmizləndiyi yerdir. (18.15)
- Bəzi hədislərdən öyrəndiyimizə görə, Həzrəti Abbas (r.a.) çox istəsə də, Həzrəti Öməri (r.a.) ancaq vəfatından altı ay sonra yuxusunda görə bilir və soruşur: "Harada idin, ya Ömər?" Həzrəti Ömər: "Heç soruşma, hesabımı hələ indi verə bildim" – deyir. Bəlkə də ən xırda, iz qalmasın deyə Mövla (Allah) onu belə bir sorğuya çəkmişdir. Bu da nəzərə alınmalıdır ki, onun sorğu-sualı öz səviyyəsinə və müqərrəbin (Allaha yaxınlığına görə) olmasına görə dəyərləndirilməlidir. Bəli, günah və zəllələrin (çox xırda xətalar) təmizlənməsində qəbrin böyük rolu vardır. (18.55)
Sual: Hədislərdə nəcasətdən lazımi səviyyədə qorunmayan və söz yayan, dedi-qodu edən möminlərin də qəbir əzabı çəkəcəyi bildirilir? Bunların xüsusi nəzərə çatdırılmasının hikməti nədir?
- İstibra nəcisdən uzaq durmaq, təmizlənmək və sidikdən sonra gələn sızıntını aradan qaldırmaq deməkdir. İstibra hərəkət etmək, yerimək və ya öskürmək kimi müxtəlif yollarla edilə bilər. Sızıntının kəsintisini yəqin edənə qədər istibra davam edilməlidir. Bundan əvvəl dəstəmaza başlamaq caiz deyildir, çünki dəstəmaz aldıqdan sonra gələn axıntı dəstəmazı pozur. Xüsusilə, kişilərin buna diqqət etməsi lazımdır. (26.19)
- Bəzi insanlar istibra niyyəti ilə xoşagəlməz işlər edib başqalarını da buna məcbur edərək dinin ruhuna zidd davranarkən, bəziləri də ayaqyolu ehtiyacını ödəyən kimi dəstəmaz alır və namazın səhihliyini təhlükəyə atırlar. Hər məsələdə olduğu kimi, istibra məsələsində də tarazlıq əsasdır. İfrat və təfritdən uzaq olub məsələnin orta yolunu tapmaq lazımdır. (30.45)
- İncidici, üzücü və incikliyə səbəb olan sözləri birindən alıb başqasına çatdırmağa "nəmimə" deyilir. Bu əməl dinimizə görə çirkin sayılan və haram davranışdır. (33.40)
- Dedi-qoduçular eşitdiyi xəbərə yalan da qataraq və ya onu deyilmə məqsədindən yayındıraraq qarşı tərəfə çatdırırlar. Sözlərinə yalan qatdıqları üçün fərqində olmadan nifaqa da düşə bilərlər. Buna görə də Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) Əfəndimiz: "Dedi-qoduçular Cənnətə girə bilməz!" buyurmuş və "nəmimə"nin necə böyük bir günah olduğunu göstərmişdir. (35.22)
Sual: Qəbirin genişlənməsi, işıqlanması, qəbir əhlinə səhər-axşam Cənnətdəki yerlərinin göstərilməsi və onlara saleh əməllərin yoldaşlıq etməsi kimi nemətlərdən də bəhs olunur. Bunları necə izah etmək olar?
- Bərzəx başqa sözlə qəbir həyatı hədisin ifadəsi ilə: "Ya Cənnət bağlarından bir bağ" və ya "Cəhənnəm çuxurlarından bir çuxurdur". Möminlərə qəbirdə nemətlər verilər, ancaq bu nemətləri dünyəvi və maddi meyarlarla ölçmək mümkün deyil, çünki bərzəx çox fərqli bir aləmdir. (36.20)
- Qəbirin sıxmasını səhabə Sad b. Muaz (r.a.) kimi bir insanda da görürük. Səhih hədis qaynaqlarına görə, Sad b. Muaz (r.a.) qəbirə qoyulanda Peyğəmbər Əfəndimiz (sallallahu əleyhi və səlləm) "Fə sübhanallah, qəbir Sad b. Muazı da sıxırsa!.." buyurmuşdur. Bəli, qəbrin sıxmayacağı insan, deyəsən, yoxdur; bu da bir həqiqətdir ki, ora möminlərin təmizlənmələri üçün ayrı bir fürsət yeridir. (37.47)
- tarixində yaradılmışdır.