Əmanətdə ğulul

Sual: 1

وَمَا كَانَ لِنَبِيٍّ أَنْ يَغُلَّ وَمَنْ يَغْلُلْ يَأْتِ بِمَا غَلَّ يَوْمَ الْقِيَامَةِ ثُمَّ تُوَفّٰى كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لاَ يُظْلَمُونَ

Yuxarıda keçən ayeyi-kərimədə çirkinliyindən danışılan və kəbairdən (böyük günahlardan) sayılan "ğulul" nə deməkdir? "Ğulul"un çərçivəsi nədir və bu günün insanı bu ayədən nə başa düşməlidir?

  • "Ali İmran" surəsinin 161-ci ayəsinin məalı belədir: "Bir peyğəmbər əmanətə xəyanət etməz. Kim xəyanət edib qənimətdən və ya xalqa aid maldan bir şey götürər və onu da gizlədərsə, qiyamət günü götürdüyü şey boynundan asılmış vəziyyətdə gələr. Sonra hər adama qazandığı şeylərin mükafat və ya cəzası bütünlüklə verilir və onlara haqsızlıq edilməz!" (01:30)
  • Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bəşərin sultanı olduğu kimi, sözləri də sözlərin şahıdır. İnsanlığın İftixarı Peyğəmbərimiz, eyni zamanda bütün gözəl xüsusiyyətlərin və gözəl əxlaqın ən böyük təmsilçisidir. Ayədə ifadə olunduğu kimi, heç bir nəbi ğulul etməmişsə, o mübarək şəcərənin ən münəvvər meyvəsinin də bir çirkin işə əl atması qeyri-mümkündür. (03:23)
  • Ğulul insanın haqqı olmayan bir şeyi mənimsəməsi, ona əl uzatması, ondan faydalanması, xalqın malını gizlicə aşırması, əmanətə xəyanət etməsi, qənimətdən mal oğurlaması kimi mənaları var ki, dövlət malından sui-istifadə də bu cür günahlardandır. (04:23)
  • Bəzən bir qoyun, bir toyuq, bir yumurta.. bəzən dövlət xəzinəsinə aid bir kisə pul.. bəzən layiq olmadan ələ keçərilən bir mövqe, məqam, vəzifə.. bəzən də zorla hökm etmə və "balyoz" vurma ğulul sayılır. Haqqın olmadığı halda mənimsədiyin, qəsb etdiyin, qeyri-qanunini qanuni kimi göstərib müxtəlif yollarla əldə etdiyin hər şey ğululdur. (07:11)
  • Bu ayənin nazil olma səbəbi ilə bağlı müxtəlif hadisələr nəql edilir ki, bunların da ən geniş yayılanı və məqbul sayılanı belədir: Uhud döyüşündə qənimət yığmaq üçün mövqeyini tərk edən bəzi şəxslər haqqında nazil olmuşdur. Bu insanlar: "Rəsulullahın (sallallahu əleyhi və səlləm) "Hər kəsin götürdüyü qənimət özünə çatacaq" deyib qəniməti bölüşdüməməsindən qorxuruq" demiş, Rəsulullahın (əleyhi əkməlüttəhaya) "Əmrim gəlmədikcə yerinizdən tərpənməyin" tapşırığını unudub qənimət yığmağa düşmüşdülər. Bu zaman Allah Rəsulu "Qənimətdə (bölüşdürülməsində) xainlik edəcəyimi, sizə pay verməyəcəyimi zənn etdiniz?" buyurdu və bu ayə nazil oldu. Bunu da yaddan çıxarmayaq ki, Səadət Əsrində müsəlmanlığı yeni qəbul etmiş bəzi insanları təşviq etmək, həvəsə gətirmək, cəsarətləndirmək üçün qənimət sözü verilmişdi. Amma Əshabi-kiramın, demək olar, hamısı "Mən buna görə müsəlman olmamışam, buramdan bir ox dəysin, şəhid olum deyə İslamı qəbul eləmişəm!.." deyən mərd insanlardır. (08:45)
  • Müəyyən məqama gəlmiş insanlar çox diqqətli yaşamalıdırlar. Çünki sizin ən böyük sərmayəniz xalqın etibarıdır. Xalq sizə etibar edir: "Bunlar yemir, içmir, oğurlamır; həyatlarında zərrə qədər spekulyasiyaya yer yoxdur!" deyib sizi dəstəkləyirlər. Elə isə onların etibarına layiq olmalı və ğulul sayılan ən kiçik bir şeydən də uzaq olmalısınız. Məsələn, "Kimsə Yoxmu"nun böyük xidmətləri var; dünyanın harasında bir sınma, çatlama olsa, onu təmir etməyk, heç olmasa yaraları sarımaq üçün dərhal hərəkətə gəlir, bütün imkanları səfərbər edir. Bu yardım könüllüləri insanlığa yardımı millətimizin himmətinə arxalanaraq edirlər. Elə isə orada, ya da bu kimi təşkilatlarda işləyənlər sırf Allah rizası üçün işləməlidirlər. Bu təşkilatlarda işləyənlərin başqa gəlirləri yoxdursa, sırf bu işlə məşğuldurlarsa, onlara müəyyən qayda-qanun çərçivəsində məvacib vermək lazımdır. Ancaq "Onsuz da imkan var, biz də peşəkar jurnalist qədər maaş alaq", ya da "Dünyanın hər yerinə gedirik, bu da bizim haqqımızdır!" deyə ehtiyacdan və normadan artıq məvacib almaq da ğululdur. Bu halda haqq yolda ola-ola yoldan azma və ya doğru yolda ola-ola yarı yolda qalma ehtimalı var. Ağlıma "Kimsə Yoxmu" dərnəyi gəldiyi üçün onun adını çəkdim, bu məsələ hər müəssisəyə aiddir; məktəb, universitet, hazırlıq kursu, və ya bir mədəniyyət ocağının başında duran insanlar xalqa hesab vermə həssaslığı ilə yaşamalıdırlar. (12:20)
  • Həzrəti Ustad da hesab vermə şüuru ilə: "Əynimdəki bu sakonu (paltoya bənzər geyim) yeddi il əvvəl almışdım, alanda geyilmişdi. Beş ildə (istifadə etdiyim) paltara, başmağa, coraba dörd lirə yarım xərcləmişəm... Bu toyuğun yazda çıxardığı kiçik bir cücəsi vardı. Ramazanı-Şərifin başında yumurtlamağa başladı, qırx gün yumurtladı. Həm də anası yumurtanı kəsən kimi o başladı, məni yumurtasız qoymadı" deyir. Yediyi yumurtanın belə haradan gəldiyini açıqlayır. Bəli o, böyük məhkəməni düşünərək millətə hesab verir; necə yaşadığını açıqlayır, gəlirinin mənbəyinini göstərir, "iqtisad" düsturuna diqqət çəkir. Biz də çox həssas yaşamağa məcburuq. Ağızımıza qoyduğumuz bu loğmalar haqqımızdır, yoxsa deyil? Görəsən nə yeyir, nə içirik? Bu sualları özümüzə verərək həyatımızın hər anını hesaba çəkməliyik. (16:05)
  • Səhih-Buxari və Müslimdə rəvayət edildiyinə görə Əbu Hureyrə (r.a.) belə deyir: "Rəsulullah (sallallahu əleyhi və səlləm) bir gün ayağa qalxıb "ğulul"dan danışdı, məsələnin vacibliyini izah etdi və belə dedi: Qiyamət günü heç birinizi boynunda böyürən bir dəvə ilə görməyim. Mənə gələr və "Ya Rəsulullah! İmdadıma çat" deyər. Mən: "Mən sənə kömək edə bilmərəm. Mən sənə təbliğ etdim" deyərəm. Qiyamət günü heç birinizi boynunda kişnəyən atla görməyim. Mənə gələr və "Ya Rəsulullah! İmdadıma çat" deyər. Mən: "Sənə kömək edə bilmərəm. Sənə təbliğ etdim" deyərəm. Qiyamət günündə kimsəni boynunda mələyən bir qoyunla görməyim. Mənə gələr və "Ya Rəsulullah! İmdadıma çat" deyər. Mən: "Sənə kömək edə bilmərəm. Sənə təbliğ etdim" deyərəm. Qiyamət günü heç birinizi boynunda çığırıb-bağıran bir nəfslə görməyim. Mənə gələr və: "Ya Rəsulullah! İmdadıma çat" deyər. Mən: "Sənə kömək edə bilmərəm. Sənə təbliğ etdim" deyərəm. Qiyamət günü heç birinizi boynunda tərpənib xışıldayan kağızlarla görməyim. Mənə gələr və "Ya Rəsulullah! İmdadıma çat" deyər. Mən: "Sənə kömək edə bilmərəm. Sənə təbliğ etdim" deyərəm. Qiyamət günü heç birinizi boynunda bir zirehlə görməyim. Mənə gələr və "Ya Rəsulullah! İmdadıma çat" deyər. Mən: "Sənə kömək edə bilmərəm. Sənə təbliğ etdim" deyərəm. (19:10)

Sual: 2) İki növ idarəçi var: Biri, əmanət aldığı imkanları işlədiyi insanlara bol-bol paylayıb könüllərini fəth edir. Digəri isə işçilərinin ehtiyaclarını heç görmür və nəzarət etməklə vəzifəli olduğu imkanları onların istifadəsinə vermir. Bu örnəklər əsasında ideal bir idarəçi necə olmalıdır? (22:08)

  • Xalq arasında geniş yayılmış bir söz var: "Mərifət iltifatdan asılıdır". Bəlkə də bəzi insanlar üçün bu söz keçərli ola bilər. Yəni bəzi insanlar xalqın iltifatını görüncə bütün istedad və qabiliyyətlərini ortaya qoyarlar. İltifat ümumi mənada insanları həvəsə gətirən bir amil, hətta ehtiyac da sayıla bilər. Lakin adanmış bir ruhun düşüncəsində "iltifat mərifətdən asılıdır". Siz öhdənizə düşəni edər, lazım olan işləri yerinə yetirərsiniz, bundan sonra el-aləm istər iltifat etsin, istər etməsin; işləri buna görə görmək olmaz. Hətta onlardan iltifat gələndə də: "Deyil bu mənə layiq bu bəndə, mənə bu lütf ilə ihsan nədəndir" deyib nəfsinizi sorğu-suala çəkərsiniz. (22:34)
  • Bacarıqlı insanları mükafatlandırmaqla digər potensialı olan insanları üzə çıxararaq bacarıqlı insanların sayını artırmış olursunuz. Bu baxımdan idarəçilər mövcud şərtləri də nəzərə alaraq və imkanlarını düzgün hesablayaraq işə can yandıran insanlara bunun haqqını verə bilərlər. Yoxsa, tərəfdar yığmaq, qrup qurmaq, bir ətraf yığmaq, özünü də onların ortasında bir ay kimi görmək də haqsızlıqdır və ğulul sayılır. (24:25)
  • Tərəfdar toplamaq üçün yalnız ona rəğbəti olanlara bir şey vermək, onu dəstəkləyənlərə fayda vermək ifrat olduğu kimi, heç kimə heç bir şey verməmək, haqqı olanların haqqını belə ödəməmək, hər şeyi əlinin altında saxlamaq da bir təfritdir. İkinci qrup idarəçilər ən azı işçilərinin ehtiyaclarını təmin etməli, heç olmasa bacarıqlılarını mükafatlandırmalı, nəzarətində olan imkanlardan onları faydalandırmalıdır. (25:06)
  • Öz şəxsi üçün imkanları sağa-sola sovurmaq nə qədər qəbuledilməzdirsə, istedadlı insanlara qarşı biganəlik də bir o qədər qəbuledilməzdir. (26:33)
  • İnsanın şəxsi-mənəvinin adından öz hesabına istifadə etməsi də ğululdur. (27:53)
  • Bir də əldə edilən uğurları sahiblənmə ğululu var. Bir camaatın, bir heyətin və bir millətin səyi ilə əldə edilən bir nəticəni təkcə bir şəxsə aid etmək millətin haqqını mənimsəmək deməkdir. (30:09)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.