Qurban və qürbət

Sual: 1

Qurban bayramı ilə əlaqədar ilk öncə cənub-şərqi Anadoluda həyata keçirilən yardım fəaliyyətləri son bir-iki ildir, böyük şəhərlərin yoxsul məhəllələrində də davam etdirilir. Hazırda isə Somali, Uqanda, Keniya və s. ölkələrin möhtac insanlarına da yardımlarımız gedib çatmaqdadır. Son dövrlərdə terror ab-havasının meydana gətirdiyi əndişəni də nəzərə alsaq, qarşıdan gələn qurbanı necə dəyərləndirməliyik?

  • Ustad Həzrətlərinin də “İşaratül-İcaz” adlı əsərində ifadə etdiyi kimi "...və min mə razəqnəhum yunfiqun – Və onlar verdiyimiz ruzidən infak edərlər" (“Bəqərə” surəsi, 2/3) ayəsindəki "mə" ümumi mənanı ifadə edir. Yəni infak təkcə mal və pulla edilmir. Elm, fikir, güc və əməl kimi şeylərdə də möhtac olanlara infak edilməlidir. Bu baxımdan qurban kəsmək də infaktır. (01:00)
  • Qurban Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) çox əhəmiyyət verdiyi bir ibadətdir. Hənəfi məzhəbində "vacib" sayılan qurbanın, Şafi məzhəbində "sünnət" olması (bu iki məzhəb arasındakı istilah fərqi də nəzərə alınmalıdır) qətiyyən etinasızlığa səbəb olmamalıdır. Qurban bayramı bir tərəfdən möhtaclara yardım istiqamətində çox yaxşı dəyərləndirilməli, digər tərəfdən bu mübarək ibadət hər kəsə sevdirilməli, hər kəsdə ona qarşı rəğbət hissi oyadılmalıdır (04:30)
  • Somali, Həbəşistan və Keniya kimi ölkələri bürüyən quraqlıq və qıtlıq xəbərlərini seyr edəndə də ağladım, oralarda yağış müjdəsini xəbər alanda da sevincdən göz yaşı tökdüm. Mənə elə gəlir, hər tərəfə yardım əli uzatmağa çalışan Anadolunun həssas insanları da eyni hisləri daşıyır. Bu hislərlə də, o ölkələrin möhtac sakinlərinin düçar olduğu dəhşətli yoxsulluğu görəndə “Türkiyədəkilər pis-yaxşı dolanırlar, bir az da Efiopiya, Somali, Keniya, Uqanda və ya Tanzaniyaya əl uzadaq” deyə bilərlər". Məncə, bu günə qədər bir qurban kəsən, mümkünsə, bu il iki qurban kəssin. Gücü çatan üçünü kəssin. Birini oralara göndərsin. İmkanı olan hər kəs cənub-şərqi Anadolu və yoxsul məhəllələrdə yardım gözləyən insanlara bayram sevincini yaşatsın. (06:43)
  • Qurban ayı təkcə möhtaclara yardım baxımından deyil, eyni zamanda bizim sarsılmaz qardaşlığımızın göstəricisi kimi də çox yaxşı dəyərləndirilməlidir. Hasbi ruhlar özlərindən çox o bölgələrdəki qardaşları üçün tir-tir əsməlidirlər. Çünki bu gün bəzi kimsələrin “çatlama”, “qırılma” və “qopma” meydana gətirmək məqsədilə qorxunc səy göstərməsinin müqabilində mütləq nəhəng qalalar inşa edilməli və bu cür hadisələrə əsla imkan verilməməlidir (10:54)
  • Bu günə qədər cənub-şərqi Anadolu və şəhər ətrafı yoxsul məhəllələrə etdiyiniz himməti artıraraq davam etdirməlisiniz. Başqa yerlərə də yardım edilməlidir, lakin “əhəmm”lə (ən mühüm) “mühüm” arasındakı tarazlıq pozulmamalıdır. Çünki ölkəmizin yoxsul insanlarına yardım etmək "əhəmm"dir, dünyanın müxtəlif ölkələrində yaşayan möminlərə yardım etmək isə "mühüm"dür. “Əhəmm” “mühim”dən üstün tutulmalıdır. (13:20)

Sual: 2

"Onların nə əti, nə də qanı, əlbəttə, Allah çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır" (“Həcc” surəsi, 22/37) məallı ayə "Üç-beş kilo ət paylamaqdan nə olacaq?" deyənlərə də bir cavab ola bilərmi? (13:46)

  • Məalı verilən ayədə deyildiyi kimi, qurban kəsməkdə məqsəd ixlas, təqva və Allaha yaxınlaşmaq olmalıdır. Bu məqsəd və qayə olmadıqdan sonra kəsilib paylanan ətin, tökülən qanın Allah dərgahında heç bir dəyəri yoxdur. Çünki Allahın nə insanın ibadətinə, nə də qurbanına ehtiyacı var. Onun dərgahında qəbul olan ixlas və səmimiyyətdir. Buna görə də bu ibadəti yerinə yetirərkən hədəf və məqsədimiz Allahın rizası olmalı və kəsdiyimiz qurbanla lazım gəlsə həyatda ən qiymətli malımızı Onun yolunda fəda etməyə hazır olduğumuzu göstərməliyik. (14:09)
  • Məruf (xeyir əməl, yaxşılıq) sayılan heç bir şeyi kiçik görməməlisiniz. Hansı əməllə qurtulacağımızı bilmirik ona görə də, ələ düşən hər fürsəti bir bəraət fərmanı saymalı və onu dəyərləndirməyə çalışmalısınız. Bir gün Həzrəti Abbas yuxuda soruşur, "Ya Ömər, Allah-taala səni nəyə görə, hansı əməlinə görə bağışladı?" Həzrəti Ömər belə cavabı verir: "Bir gün küçəyə çıxmışdım. Gördüm ki, bir uşaq bir quş tutub onu incidir. Dərhal yanına getdim, üç-beş qəpik verdim, quşu alıb azad elədim. Mizanda məhz bu əmələ görə qurtulduğumu söylədilər". Bəli, insan hansı əməllə qurtulacağını bilmədiyinə görə qabağına çıxan heç bir yaxşılığı fövtə verməməli, bütün əməlləri bir “sürpriz qutu” şəklində axirətə göndərməlidir. Qurban da məhz bu cəhətdən dəyərləndirilməlidir. (16:00)
  • Mələklər yalnız feil və əməlləri yazırlar. Qəlbi əməl sayılan təmiz niyyət, təqva, ixlas və mülahizə dərinliyinə gəlincə, onları bircə Allah bilir və axirətdə sürpriz olaraq qulların qarşısına qoyacaq. İbadətlərin savabı birə on, yetmiş, yeddi yüz... yəni kəmiyyətə görə verilir. Allahla münasibətdə ortaya qoyduğunuz qəlbi əməllər, yəni niyyət, ixlas, təqva və s. kimi qəlbə xas əməllər isə keyfiyyət müstəvisində mükafatlandırılır... onlarda riyazi ölçü və rəqəmlər yoxdur. Möminlər məhz bu cür dərinliklərə baş vurmalıdırlar ki, bütün bəşəriyyəti əhatə edən əzmkarlıq da bu qəbildəndir. (20:00)
  • Ustad Nəcib Fazil Paskal haqqında "Limana qədər gəldi çatdı, gəmiyə minə bilmədi" deyərdi. Allah Rəsulunun gəmisinə minmək çox əhəmiyyətlidir. Sədi “Bustan” əsərində "O ümmətin nə dərdi var ki, mindiyi gəminin kapitanı İnsanlığın İftixarıdır" deyir. Bəli, Onun gəmisinə minə bilməyənlərin halı hicrandır və möminlər bütün insanların bu hicranını hiss etməlidirlər. (22:05)

Sual: 3

Ötən illərin Qurban bayramı və insanların yardımsevərliyi təkcə qurban əti verilən insanlara deyil, qapı-qapı gəzib ət paylayanlara da çox təsir etmişdi. Bunu qurbanın həm Allaha qürbət, həm də insanlara yaxınlıq olmasının göstəricisi hesab etmək olar? (23:38)

  • Allaha yaxınlaşmaq üçün bir yol olan qurban qəlblərin bir-birinə yaxınlaşmasında da mühüm vasitədir. Təkcə qurban deyil, bütün ibadətlər fiqhi mənada, təabbüdi sahəyə daxil olur və vəhy əsasında formalaşır. Bəli, ibadətlər "təabbüdi"dir. Yəni bu ibadəti sırf Allah əmr etdiyi üçün Onun istədiyi vaxt, Onun göstərdiyi şəkildə və Onun rizasını qazanmaq niyyətiylə etsək və ya sırf Allah qadağa qoyduğu üçün bəzi şeylərdən çəkinsək, məhz bu zaman əməllərimiz ibadət hökmünə keçər və bizi Allaha yaxınlaşdırar. (23:55)
  • İxlas və təqva şüuru ilə qurban kəsən insan bir tərəfdən ilahi rizanı qazanar, digər tərəfdən də belə xalis əməl sayəsində könüllərdə taxt qurar. Könüllərdə bu cür taxt quran insanı da heç bir güc oradan sala bilməz. (25:10)
  • İnsanların doxsan doqquz faizinin ürəyi ürəyimizlə bir döyünür. Ona görə də yolunu azmış bir ovuc insana əhəmiyyət verməməliyik. Təhdid etsələr də, qabağımızı kəssələr də, onları görməməliyik. Yaxşılıq edərkən də nə o yaxşılığı edənə, nə də başqasına zərər dəyməlidir. Buna görə də səbəblərə riayət etmək lazımdır. Yol təhlükəsizliyi təmin edilməli, yardımlar dövlətlə müştərək aparılmalıdır. Yardımları mülki məmurlar və asayiş keşikçiləri ilə görüşərək möhtaclara elə çatdırmaq lazımdır ki, heç kimə zərər dəyməsin. (28:10)
  • –Hicri 9-cu ildə Peyğəmbərimizdən (sallallahu əleyhi və səlləm) məktub alan Nəcran Xristianları böyük bir heyətlə Mədinəyə gəlib bir neçə gün qalırlar. Bu müddət ərzində Allah Rəsulu ilə İslam dini haqqında, xüsusilə də İslamda Həzrəti İsa, Həzrəti Məryəmin yeri və s. bir çox məsələ ətrafında söhbət və müzakirələr aparırlar. İbadət vaxtı gələndə Peyğəmbərimizin (əleyhissalatu vəssalam) icazəsi ilə Məscidi-Nəbəvidə üzü şərqə ibadətlərini də yerinə yetirən Nəcranlılar həqiqəti heç cür qəbul etmirdilər. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ilahi əmrə əsasən mübahilə təklif etmişdi. Nəcranlılar Rəsuli-Əkrəmin əzəmət və inandırıcılığı qarşısında həyəcanlanıb, təşvişə düşüb dərhal mübahiləni qəbul etmədiklərini bildirmiş, vətəndaşlıq vergisi vermək şərti ilə İslamın hakimiyyəti altında yaşamağı qəbul etdiklərini bildirmişdilər. Peyğəmbərimiz də nəcranlılara onlara hüquq və daşıdıqları məsuliyyətlərini bildirən amannamə vermişdi. Rəsulullahın haqq Peyğəmbər olduğunu bilən və qardaşına da bunu etiraf edən Nəcran Yepiskopu və yanındakı heyət Rum krallarının verdiyi bəxşişlərdən məhrum olmamaq üçün şəhadət gətirməkdən üz çevirmişdilər. Buna baxmayaraq qəlbləri fəth edilmişdi və "Müsəlman olmayacağıq, amma bundan sonra bizdən narahat olmayın!" demişdilər. (30:00)
  • Nəzərə almaq lazımdır ki, bu gün də bəziləri buna bənzər bəxşişləri imtina edə bilmədikləri üçün yanlış yoldan dönməməkdə israr edirlər. Lakin insanın təbiətində bir alicənablıq var, fitrəti təmizlənməyə müsaitdir, yaradılışdan tövbəyə, inabəyə, övbəyə meyillidir; dolayısilə bu gün səhv edənlərin sabah gəlib halallıq istəməsi həmişə ehtimal daxilindədir. Bu baxımdan da hazırda yaşanan çeşidli qürbətlərdən sıyrılmaq üçün qurban kimi qürbətə vəsilə olan ibadətlər çox yaxşı dəyərləndirilməlidir. Hətta bu mövzuda başqalarına da örnək olmaq və insanları, təşkilatları da bu xeyirxahlıq səfərbərliyinə təşviq etmək lazımdır. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurur ki: "Bir yaxşılığa vəsilə olana o yaxşılığı edən qədər savab var" (Müslim, İmarə 133). (32:37)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.