Terror və iztirab

Sual: 1

Xalqımız yenə də ürəkyaxan şəhid xəbərləri ilə sarsıldı. Terror hadisəsini və hazırda ölkəmizdə hökm sürən ümumi ab-havanı necə dəyərləndirirsiniz?

  • Əksər insanın itirdiyi dəyərlərdən biri də iztirablı məsələlərdə hüznlə, kədərlə qarşılamamlarıdır. Ürəkyaxan hadisələrə qəlbi yanmayanların problemləri həll etməsi qeyri-mümkün olduğu kimi, bəzi kimsələrin təsəlli niyyətli ah-vaylar da yalandır. Laqeydlik də bir günahdır, olmayan bir şeyi göstərmək də yalan və günahdır. (01:00)
  • Bir dünyada ki, heç kim başqasının məsləhətinə ehtiyac hiss etmir, hər şeyin öhdəsindən gələcəyinə inanır və bu anlayışla yaşayır, orada siz ən doğrunu təklif etsəniz belə, kimsəyə eşitdirə və o zehniyyətin məmurlarına, məsul şəxslərinə heç nə qəbul etdirə bilməzsiniz. Bu da böyük bir əngəldir: çox ciddi strategiya və həll yolları irəli sürsək də, təəssüf ki, bu gün heç kim onlara qulaq asmaz. Hətta – bu, yalnız peyğəmbərlərə nəsib olmuşdur və mümkün deyildir– vəhy və ilhama istinad edən müəyyən bəyanlar gətirsəniz belə qulaq asdıra bilməzsiniz. (04:11)
  • Tez-tez təkrar olunduğu kimi, Birləşmiş Millətlər və NATO-da böyük hərbi gücə, qüvvəyə və mexanizmlərə malik olan az sayda dövlətlərdənik. Bir az kinayə ilə desək, o güc, qüvvət və mexanizmlərin nələrə qadir olduğunu görmək istəyən 27 May çevrilişinə baxsın. O qüvvə öz xalqının başının üstünü aldırıb 25-30 milyon insanı əsir almışdır. Sonra da hər on ildə bir minlərlə insanı əzmiş, zindanlara atmış, sürgünə göndərmişdir.
  • Bir vaxtlar, sən orada bütün gücünü tətbiq etmisən, küçə-meydana hakim olmusan, ancaq ayıbdır, ardır, otuz ildir dağdakı bir ovuc quldurun öhdəsindən gələ bilmirsən. (05:48)
  • Belə bir dövrdə illərdir yol verilən laqeydliyə görə bəzi müəssisələr haqqında tənqidi danışmaq və onları günahlandırmaq doğru deyil. Ancaq bu mübarək vətənin bölünmə təhlükəsini görəndə Qandinin Hindistan haqqında sözlərini xatırlayıram, gözlərim yaşla dolur. Hindistanın bölündüyü, Pakistanın ayrıldığı günlərdə Qandi Məhəmməd Əli Cinnaha deyir ki, "Məni mişarla ortadan ikiyə böl, amma Hindistanı bölmə!" Bu cür iztirab olmasa, ortaya lazımi strategiyanı qoymaq və onun öhdəsindən gəlmək mümkün deildir. (08:42)
  • Ümidsizliyə düşməyək, amma laqeydliklik ucbatından bu günəcən görülməmiş işlər var. Kaş o bölgəyə göndərilən müəllimlər bu gün bütün dünyaya yayılan, böyük fədakarlıq göstərərək hicrət edən könüllülər kimi geri qayıtmamaq, orada ölmək və orada basdırılmaq niyyəti ilə gedəydilər. Kaş o xalqın xarakterinə yaxşı bələd olan, impatiya anlayışı ilə onları düzgün dərk edən və bu düşüncə ilə hərəkət edən vaizlər göndərəydik. Kaş, hər kəndə olmasa da, bir neçəsinə səhiyyə işçisi, həkim göndərəydik, məktəblərdə tibii yardım dərslərini onlar verəydi, həm vəzifəsini yerinə yetirməklə, həm də dərs dediyi uşaqlar vasitəsilə ailələrlə tanış olub yaxşı münasibətlər quraydılar. Kaş ədliyyədən xalqa qucaq açan insanlar və mülkü məmurları göndərə biləydik. Kaş evləri bir-bir gəzib xalqın dərdinə şərik və asayişin təminatçısı olan polis məmurları göndərə biləydik. Beləcə yadların xalqı yoldan azdırmasına imkan verməyib bütün “sızma yolları”nı tıxayaydıq. Otuz il deyil, on il əvvəl ölkəni idarə edənlərin bu işdən başı çıxsaydı və bu tədbirlər bu günə qədər lazımi səviyyədə görülsəydi, bu gün bu problemlər kökündən qurumasa da, ən az səviyyəyə endirilmiş olardı. (10:20)
  • İnsan öldürməklə bir nəticə əldə etmək və bir məqsədə çatmaq heç bir peyğəmbərin, heç bir Haqq dostunun dəftərində yazılmayıb. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Məkkədə on üç il əzildi, əzab-əziyyətə düçar oldu, amma bir qarışqanı belə tapdalamadı. O, inadkarlarla, o qolu zorbalarla, o zalımlarla həmişə insan kimi davrandı. O insanlara məhz bu ruhu anlatmaq lazımdır ki, dağa çıxmağın qarşısı alınsın. Bəli, basikarın kimliyindən asılı olmayaraq, qətl törətmək və qan tökməklə bir məqsədə çatmağa çalışmaq vəhşətdən başqa bir şey deyildir, cinayətdir, zülmdür və bununla insanlıq üçün heç bir xeyir əldə etmək olmaz. (15:45)
  • Bədiüzzaman Həzrətləri o bölgədən çıxmışdır. Bir vaxtlar tələbələrini başına yığıb Erməni daşnakları ilə könüllü vuruşan, alay komandiri rütbəsində Rus işğalçılarına qarşı mübarizə aparan, ayağı sınan, əsir düşən, Kastramanda həbsdə yatan və qeyri-adi şəkildə qaçıb Türkiyəyə qayıdan, İstiqlal Mübarizəsini dəstəkləyən, Milli məclisdə iştirak imkanı olsa da, amalına siyasətlə çata bilməyəcəyini düşünüb Ərək dağında inzivaya çəkilən Ustad Həzrətlərinə cürbəcür bəhanələr gətirib illərlə zülm vermişlər. Bu sözlər onun çəkdiyi iztirabların ifadəsidir: "Səksən illik həyatımda dünya zövqü dadmadım. Bütün ömrüm hərb meydanlarında, əsarət zindanlarında, yaxud məmləkət həbsxanalarında keçdi. Çəkmədiyim cəfa, görmədiyim əza qalmadı. Divanı-hərblərdə (hərbi məhkəmə) mənlə bir cani kimi rəftar etdilər, bir sərsəri kimi məmləkət-məmləkət sürgünə göndərdilər. Vətənin zindanlarında aylarla heç kimlə görüşməyə icazə vermədilər. Dəfələrlə zəhərləndim, təhqirlərə məruz qaldım. Elə anlar oldu ki, ölümü həyatdan min dəfə üstün tutdum. Əgər dinim intiharı qadağan etməsəydi, bəlkə, bu gün Səid torpaq altında çürüyüb getmişdi". Buna baxmayaraq o, qətiyyən mənfi bir işə əl atmamış və heç bir hərəkəti ilə xalqın əmin-amanlığına xələl gətirməmişdir. (17:12)
  • Mən Onun kargəri, qapı qulu, heç köləsi də ola bilmərəm, amma mən də illərdir burada öz vətənimdən cüda düşmüşəm. Orada olmağım ümumi ahəngə xələl gətirər deyə burada könüllü qalıram. Yaxşı bəs siz niyə o vəhşiliyə səbəb olursunuz?! Tarix haqqın bu cür tələb edilməsinə şahid deyildir. Nə peyğəmbərlərin nurlu həyatında, nə xalq liderlərinin, Zərdüştlərin, Hermeslərin, Buddaların, Brahmanların həyatında yoxdur belə bir şey. Bu ancaq şeytan yoluna xas ola bilər. (19:49)
  • Ən böyük problemimiz bizi bir-birimizə bağlayan mühüm bir əsası – dini dəyərləndirə bilməməyimizdir. (21:13)
  • Həzrəti Bədiüzzaman ta Məşrutiyət illərində Vanda Mədrəsətüz-Zəhra adlı bir universitet açılmasını təklif etmişdi. Burada Ərəb dilini fərz, Türk dilini vacib və Kürd dilini caiz qəbul edərək hər dilin öyrədilməsinin zəruri olduğunu deyirdi. Niyə məktəblərdə Kürd dilinin tədrisinə imkan vermədilər? Ölkə xaricindəki məktəblərimizdə, hətta Amerikada belə Türk dili seçmə fənn kimi keçirilir və heç kim buna əngəl olmur. Böyük dövlətin xüsusiyyəti də məhz budur. (21:35)
  • Bədiüzzaman Həzrətləri nə qədər zülmə məruz qalsa da, heç kimi zərrə qədər incitməmiş, "intiqamımı alın" deməmiş, hətta ona qisas təklifi edənlərə etirazını bildirmişdir: "Türk milləti əsrlərdən bəri İslamiyyətin bayraqdarlığını etmişdir. Neçə-neçə övliya yetişdirmiş və neçə-neçə şəhid vermişdir. Belə bir millətin nəvələrinə qılınc çəkmək olmaz. Biz Müsəlmanıq, onlarla qardaşıq, qardaşı qardaşla vuruşdura bilmərik. Bu şəriətə görə caiz deyil. Qılıncı xarici düşmənə qarşı çəkərlər. Daxildə qılıncdan istifadə etməzlər." Hər kəsə məhz bu düşüncə aşılanmalıydı və təəssüf ki, buna nail ola bilmədik. (24:30)
  • Bu günə qədər bir çox fürsət fövtə verilmişdir, amma bu, “hər şey bitdi” demək deyil. Bəlkə, bəzi inadkarları güc tətbiq etməklə yola gətirmək və nəzarətdə saxlamaq da olar, lakin əsas məsələ o toplumun qəlbini, ruhunu fəth etmək üçün yollar açmaq, qardaşlıq ruhuna təkrar can vermək, vifaq və ittifaq strategiyaları qurmaq və bunlarla ilahi inayətə zəmin hazırlamaqdır. (27:14)

Sual: 1

İyirmi beş ildir davam edən terror hadisələri və hər bir hadisədən sonra verilən eyni açıqlamalar xalqımızın etibarını sarsıtdı və bəzi kimsələrin provakasiyaların təsiri altına düşməsinə zəmin hazırladı. Bu aspektdən sağlamfikirliliyə çağırışları necə başa düşmək olar, həm terrora, həm də işini layiqli yerinə yetirməyən məsul şəxslərə etirazın yolu, yöntəmi necə olmalıdır? (29:30)

  • Türkiyənin beynəlxalq arenada sözükeçən, bölgədə nüfuzlu bir dövlət olmasını istəməyən düşmənləri var, bu, danılmazdır. Belə düşmənçiliyi əvvəllər bəzi müstəmləkəçi Avropa ölkələri yürüdürdü. Hazırda çevrəmizdə və Yaxın Şərqdə bölünmüş, parçalanmış, öz fəlsəfələri əsasında sistemlərini qurmuş dövlətlər də sizin böyüməyinizi istəmir. O dağı hazırda kimlərin dəstəklədiyini bilmirik. Yoxsa, haradan olur o qədər silah.. haradan olur o qədər imkan.. onları dağ doğmur ki... Mütləq kimlərsə onlara kömək edir, sizi diz çökdürmək və istədiklərini almaq üçün. Hər tərəfdən bu cür mühasirədə olan bir millət çox tədbirli və təmkinli hərəkət etməlidir. (30:00)
  • Dünəndən bu günədək şər qüvvələr bir tərəfdən bəzilərini təhrik edib küçələrə tökür, bəri tərəfdən də onlara qarşı çıxanları qızışdırır, onlara hücüm etdirir və insanları üz-üzə gətirib vuruşdurur, beləcə öz mənafeyini əldə etməyə çalışır. Eyni əllər, necə ki 27 May çevrilişindən başlayıb 80-cı il çevrilişinə qədər, hətta sonra da davam edən buna bənzər provakasiyalarda, insanları “sağ-sol” düşərgələrinə bölmüş, onları qızışdırmış və vətən övladını bir-birinə qırdırtmış, ardınca da axan qanın üstündə öz səltənətlərini qurmağa çalışmışlar. Hazırkı şəraitdə də eyni ssenarilərin səhnəyə qoyulması, Kürd-Türk münaqişəsinin çıxarılması, hətta axırda məsələnin Birləşmiş Millətlərə qədər aparılması ehtimal daxilindədir. (32:48)
  • Ölkəmizin hər bucağını, rəngini, naxışını və insanını sevən hər kəs çox diqqətli və təmkinli olmalı, təhriklərə məhəl qoymamalı və "müqabileyi-bilmisil" zalım qaydasına yol verməməlidir (Eyni şəkildə cavab vermə qaydası). Qışqırıb bağırmaqla, "Şəhidlər ölməz, vətən bölünməz" şüarları ilə problemləri həll etmək olmaz. O fitnə-fəsadın qarşısını almaq istəyənlər tənqid və təkliflərini başqalarına yol göstərməklə, səlahiyyətli şəxslərə obyektiv sənəd və məlumat şəklində təqdim edə bilərlər. (37:11)
  • Məsələni qışqırıb bağırmaqla, yandırıb dağıtmaqla, öldürməklə deyil, ağıl, fərasət və şəfqətlə həll etmək olar. Bir az əvvəl işarə etdiyim kimi "haqqı kötək olanlar"ı istisna saysaq, o toplumun yüzdə doxsan beşi şəfqətlə və mərhəmətlə qucaqlanmalı, onlarla mülayim rəftar edilməlidir. (40:03)
  • Hər kəs bu məsələnin həlli üçün duanın gücünə də sığınmalı, hər fürsətdə qəlbini Uca Dərgaha açıb "Allahım, birliyimizi təmin et, aramızı düzəlt, bizə vifaq və ittifaq ver. Hidayət vermək istədiyin insanları islah et, qəlbini, zehnini islah et. Əgər düşmənçilik edənlər arasında islahını murad etmədiyin və islah olmaq istəməyən insanlar varsa, onları da yerlə-yeksan elə, birliyini dağıt, yuvalarına od sal, köklərini qurut və işini bitir" deyə niyaz etməlidir. (40:32)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.