Zalımlara meyl etməyin!..

Çay süfrəsində həqiqət damlaları ...

  • Təqdir və alqışdan vicdanən narahat olmaq lazımdır. Nəfsin təqdir, təbcil (ucaltmaq) və alqışdan xoşu gəlsə də, özünü dərindən sorğu-suala çəkən kamil insanlar təqdir və alqışı təhqir kimi qarşılayıb narahat olurlar. (01:08)
  • Ən çətin, ən önəmli və ən qiymətli istiğna (gözü toxluq) təqdir, təbcil və alqış ummamaq, gözləməməkdir. (02:07)
  • Gözü-könlü tox insan çox güclüdür, çünki təmənnasızdır və buna görə də heç vaxt kiminsə yanında gözükölgəli, minnətli olmaz, bunuin əvəzini qaytarmağa məcbur olmaz... (04:03)
  • Demək olar ki, bu gün ən fədakar insanlar Türk Dili Olimpiyadalarında Türkiyəni sevindirən o şirin şagirdlərin müəllimləridir. O müəllimlərin yetirmələri alqışlanır, amma onlar səhnədə deyil, həmişə pərdənin arxasındadır. Bəzi qədirbilən insanlar onlara da təşəkkür edirlər, "İşin memarları onlardır!" deyirlər, ancaq onlar həmişə arxada dayanırlar. (05:22)
  • Toxum atıb getmək lazımdır, onu kim becərəcəksə, becərsin! Dünyanın hər yanında nami-cəlili-Məhəmmədin şəhbal açmasında (Allah Rəsulunun adının yayılmasında) – bir müsəlmanın bundan böyük arzusu olmaz – azca əməyiniz varsa, "Allahım, o günü çox arzulayıram, amma "Bunun da bu işdə zəhməti var" deyə alqış səsini eşitməmək üçün bu mənzərəni o biri tərəfdən seyr etməyə üstünlük verirəm!.." deməyi bacarmalı və "Allah İslamın gələcəyini parlaq etsin, lakin cüzi bir əməyim varsa, mən onun nəticəsini görmək istəmirəm, o biri tərəfdən seyr etməyə üstünlük verirəm!" hissiylə dolub-daşmalıyıq... (06:15)
  • Allah-taala masivadan (Allahdan qeyri hər şey) üz çevirən insana min yerdən qapı açar. "Bir qapı bənd edərsə, min qapı eylər küşad (açar)/Həzrəti Allah, əfəndi, müfəttihul-əbvabdır (qapıları açan)." (Şəms) (11:11)
  • Həzrəti Bədiüzzamanın sözüylə desək, “məsuliyyət və zərərə səbəb olan rəhbərlikdənsə, tabeçiliyə üstünlük verib başqalarını narahat etməmək üçün imamət və öncülük işində öndə görünməmək, digər möminlərin xidmətlərini də alqışlayıb onların müvəffəqiyyətləri ilə sevinmək” də istiğnanın bir başqa dərinliyidir. (12:33)
  • Seçilmək arzusuna qapılan deyil, seçən olmaq lazımdır. Seçilmə arzusuna düşənlər "Aman, olum" deyib meyarları alt-üst etmə və xəta işləmə təhlükəsiylə üz-üzədir. Çünki "Aman, olum" deyənlər arasında səhv eləməyən adam yoxdur; "Aman, olsunlar" deyənlərdən isə səhv edən azdır. (13:49)
  • Söhbətin birində "isar ruhunu yaymalı, hər kəsə aşılamalıyıq" demişdim. İsar insanın öz ehtiyacı ola-ola başqalarının ehtiyacını aradan qaldırması, din qardaşlarını özündən üstün tutması deməkdir. Məhz bu anlamda "isar ruhunu yayaq" demişdim. Bir də nə görsəm yaxşıdır, yoldaşlardan biri bunu qeydə alıb orada-burada "Xocaəfəndi “İsa ruhunu yayaq” söylədi" deyib. Həqiqətən, bu gün təkcə maddi mənafedə deyil, mənəvi füyuzat (feyz) hislərində də başqasına üstünlük verməyi bacaran isar ruhuna ehtiyac var. (14:30)

Sual: İstiqaməti əmr edən ayənin ardınca "Zalımlara meyl etməyin!" bəyanı gəlir. Bunun hikməti nədir? Həmçinin sözügedən xəbərdarlığın arxasınca "Namazı iqamə edin!" buyurulur. Bu əmri namazın hər cür zülmə qalxan olması aspektindən dəyərləndirə bilərsinizmi? (16:10)

  • Lüğəvi mənası "doğruluq" olan istiqamət, istilahi mənada etiqadda, əməldə, müamilətdə və yemə-içmə kimi bütün davranışlarda ifrat və təfritə yol vermədən, təqva dairəsinə girərək nəbilərin, siddiqlərin, şəhidlərin və salehlərin yolunda olmaq deməkdir. İstiqamətin də dərəcələri var və Allah Rəsulu "Sənə əmr edildiyi kimi, düz (yolda) ol" (“Hud” surəsi, 11/112) ayəsini öz qulluq səviyyəsinə görə anlamış və həyatını bu müstəvidə davam etdirmişdir. Onun duyğu, düşüncə və davranışları daim istiqamətdə olduğuna görə bu ayə Ona "Həmişə belə ol!" deyir, Məhəmməd ümmətinə isə istiqaməti əmr edir. (16:35)
  • Həmin ayədə buyurulur: “Elə isə ey Rəsulum, tövbə edənlərlə birlikdə, əmr olunduğu kimi doğru hərəkət et. Həddi aşmayın, çünki O sizin nə etdiklərinizi görəndir, əməllərinizin qarşılığını da verəcəkdir!” (“Hud” surəsi, 11/112).
  • Bu və bu kimi ayələrə diqqətlə baxanda görürük ki, "İstiqamətdən ayrılma" əmrində olduğu kimi, müsbət hərəkətlərdə birinci şəxsin təkindən istifadə olunaraq birbaşa Peyğəmbərimizə xitab edilir. "Həddini aşmayın" kimi qadağaların ikinci şəxsin cəmində işlənməsi isə bu ikinci xitabın birbaşa ümmətə aid olduğunu göstərir. (17:57)
  • İstiqamətin əmr edildiyi ayədən sonra buyurulur: "Zülm edənlərə meyl etməyin, yoxsa sizə atəş toxunar. Sizin Allahdan başqa dostunuz (himayədarınız) yoxdur. Sonra Ondan da kömək görməzsiniz!" (“Hud” srəsi, 11/113) (19:03)
  • Tövhid yolundan azıb Xaliq-məxluq, əbd-Məbud əlaqələrini pozma mənasına gələn “şirk” ən böyük zülmdür. Haqq-hüququ açıq-aşkar tapdalamaq, başqalarına əzab-əziyyət vermək, onları aldatmaq, etibarına xələl gətirmək, qeybət etmək və s. ikinci dərəcəli zülm sayılır. Allahın əmr və qadağanlarına əməl etməmək, haramlardan imtina edib məşru zövqlərlə qane olmamaq isə ayrı bir zülmdür. Qurani-Kərim ədalət və ibadətə üstünlük verdiyi qədər hər cür zülm və haqsızlığa qarşı çıxaraq möminləri inhirafdan (doğru yoldan çıxmaq), əzab, əziyyət verməkdən və xəyanət etməkdən uzaq olmağa səsləyir. (19:55)
  • Qurani-Kərim zülmü əhatəli təsvir edir, onu növlərə ayırır və hər cür zülmdən çəkinməyə çağırır. Qurana görə, Allahın qadağan etdiyi şeylərə əl uzatmaq, ilahi əmrlərə laqeyd yanaşmaq, vicdanlara təzyiq göstərmək, insanların dini mükəlləfiyyətlərini yerinə yetirməsinə mane olmaq, əxlaqsız əməllərə, harama meyil göstərmək, xalqın haqqını tapdalamaq, millətin malını qəsb etmək, haram-halal tanımamaq və Allahın qanunlarına üsyan etmək, fitnə-fəsad törətmək, iftira, qeybət etmək və sözə yalanla bəzək vurmaq, din yolunda xidmət edənlərin əleyhinə olmaq, düşmənçilik və ya paxıllıq hissi ilə onlardan əl çəkməmək, möminlərə sui-zənn bəsləmək və onları həzm etməmək yalan danışmaq, sözdən dönmək və əmanətə xəyanət etmək, dini şəxsi, siyasi maraqlara alət etmək, müqəddəs dəyərlərdən dünyəvi arzu və məqsədlərə çatmaq üçün istifadə etmək kimi əməllərin demək olar, hamısı bir zülmdür, ona görə də bunlardan uzaq olmaq, bu işlərlə məşğul olanlara meyl etməmək əmr olunur. (20:35)
  • Zülmdən uzaq durub istiqamətdə olmağın mükafatından bəhs edən bir ayədə buyurulur: "Rəbbimiz Allahdır!” – deyən, sonra da istiqamətdən ayrılmayıb doğru yolda gedənlərə mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!" (“Fussilət” surəsi, 41/30) (22:30)
  • Zülmü alqışlayan və zalıma “əhsən” deyən insanlar qorxu, mənfəət hissi, vəzifə sevgisi, alqış arzusu, tamah və tuli-əməl kimi ruhunu istila edən “virus”lar ucbatından bir çox haqsızlığa susur, hətta onun tərəfini tuturlar. (23:44)
  • "Zülm edənlərə meyl etməyin" əmrindən sonra gələn ayə bir mənada namazın insanı qorumasına işarə edir: "Gündüzün iki başında və gecənin gündüzə yaxın bəzi saatlarında namaz qıl. Çünki yaxşı əməllər pis işləri yuyub aparar. Bu, düşünən və ibrət görtürənlərə bir öyüd-nəsihətdir." (“Hud” surəsi, 11/114) (28:07)
  • Qurani-Kərimin əksər ayəsində və hədisi-şəriflərdə “namaz qılmaq” mənasında "iqamə" sözü işlənmişdir. İqamə “İşarətül-İcaz”da da qeyd olunduğu kimi, "namazın tədili-ərkanına riayət etmək, ibadətin mahiyyətinə xas mütəmadiliyə əməl etməkdir". Yəni namazın bütün şərt və əsaslarına riayət edərək, onun solmasına, əvvəlki təravətini itirməsinə imkan vermədən birinci günün şövq və həyəcanını qorumağa çalışmaqdır. Bəli, namazın zahiri şərt və rüknləri ilə yanaşı, xalis niyyət, xüşu və hududan ibarət batini şərtləri də var. Namazın zahiri və batini şərtlərinə riayət, bunun mütəmadiliyini təmin və bu hisləri itirmədən qulluğa davam etməyə "iqamə" deyilir. (28:12)
  • Hədis kitablarında belə bir hadisə keçir: bir gün gənc bir səhabə nəfsinə hakim ola bilməyib bir qadına yaxınlıq edir. Lakin sonra çox peşman olub özünü Rəsuli-Əkrəmin hüzuruna atır. Həlak olmaqdan qorxaraq tezliklə “yuyunub-təmizlənmə”, bağışlanma yolunu axtarırdı. Əslində ən kiçik xəta üzündən həlak olma qorxusu bütün səhabələrdə vardı. Onlar ruhları yaralanar-yaralanmaz dərhal Təbibə üz tutub dərdlərinə dərman axtarırdılar. Bir qüsurdan ötrü günlərlə göz yaşı tökür və xətaların izini yaşlarla yumağa çalışırdılar. O gənc bir xətaya yol vermişdi, lakin çox keçmədən dərin bir peşmançılıqla, qolu-qanadı sınıq bir quştək özünü könüllərin Təbibinin (sallallahu əleyhi və səlləm) hüzuruna atmışdı. Dərdini açıb danışdı, hər sözündən "Məhv oldum!" sızıltısı tökülürdü. Buna şahid olan Həzrət Ömər (r.a.): "Allah səni örtüb, kaş sən də örtəydin, günahını aşkara çıxarmayaydın, tövbə edib əfv diləyəydin!" deyir. Əvvəlcə Allah Rəsulu (əleyhissalatu vəssalam) heç bir şey demir, bir qədər sonra: "Gündüzün iki başında və gecənin gündüzə yaxın bəzi saatlarında namaz qıl. Çünki yaxşı əməllər pis işləri yuyub aparar. Bu, düşünən və ibrət görtürənlərə bir öyüd-nəsihətdir" (“Hud” surəsi, 11/114) ayəsinin nazil olduğunu xəbər verir, namazdan yapışıb onunla təmizlənməyi tövsiyə edir. Rəsuli-Əkrəm (əleyhissalatu vəssalam) "Ey Allahın Rəsulu, bu hökm sırf sual verənə aiddir?" deyə soruşan səhabəyə isə: "Hər kəsə aiddir ..." cavabını verir. (32:00)
  • Bir insan namazı həqiqi mənada əda edərsə, onun həyatında nurlu dəqiqələri çoxalar, zülmət və qaranlıq anları isə azalar. Bast halları daha çox özünü büruzə verər, qabz halları isə, demək olar, ortadan qalxar (geniş məlumat üçün bax.: http://az.fgulen.com/content/view/1408/). Daxili aləmində şeytanlığa, nəfsaniliyə açıq pəncərələr bağlanar, mələkliyə, ruhaniliyə aid qapılar da taybatay açılar. Bütün bunlar namazın mahiyyətini dərk edib layiqincə qılmaqdan asılıdır... Bəli, ürəyin atlanmasından, hislərin cuşa gəlməsindən, ruhun ürpərməsindən asılıdır. Bu baxımdan "Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər." (“Ənkəbut” surəsi, 29/45) ayəsinin təsvir etdiyi namaz həqiqi namazdır. Bu namaz üfüqünə çata bilməyənlərin xəta etməsi qaçılmazdır. (33:45)
  • İbadətlərdə Cənabi Allahın əmr və qadağaları, Rəsuli-Əkrəmin də təbliğ və təmsili əsasdır. Heç kim öz hissiyyatına görə ibadətləri bir qəlibə, şəklə və formaya sala bilməz, şəxsi qənaətinə görə nəsə əlavə edə və ya nəsə çıxara bilməz. Din bir ibadəti hansı qaydada verirsə, ibadətin mahiyyətini qorumaq üçün həmin qaydalara uyğun yerinə yetirilməlidir. Bununla yanaşı, Allah-taalayla münasibətdə əsas məsələ məna, mahiyyət və ruhdur. Təəssüf ki, əksəriyyətimiz zahirdən, şəkildən, surətdən və kültür müsəlmanlığından (ibadətləri ilahi əmr və dini mükələfiyyət olduğu üçün deyil, sadəcə adət-ənənə kimi yerinə yetirmək) əl çəkib o məna və mahiyyəti qavraya bilmədiyimizə görə namaz kimi ibadətlərlə təmizlənməyi və qorunmağı bacarmırıq. (40:04)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.