Fəthullah Gülən tərəfindən yazılmışdır. Bəm teli göndərildi
Həsəd və zülmə müqabil iman və ümid
Daim ümidli olmalı, başqalarına da ümid aşılamalısınız!
İradən diridirsə, qəmlənmə, kədərlənmə! Bacarırsansa, hamı üçün ümid mənbəyi ol! Elə otur, elə dur, elə düşün, elə danış, elə davran ki, səni görənlər ümidlə dolub-daşsın. Ümidləri qıran, gələcəyi qaranlıq göstərən düşüncələrdən uzaq ol! Zülmət qaranlıqda belə ümidvar ol!
“Mənhəlül-azbül-məvrud (şirin bulaq)” olun ki, insanlar suyunuzdan içsin! Hamı kuzə salsın bu bulağa! İnsanlar içməsələr, kuzə salmasalar, suyu quruyar! Hökmən bir şey verməlidir ki, ona da verilsin. Həmişə vermək lazımdır. “Verənlər”in yolundan getmək lazımdır. Verərsəniz, O da sizə verər! Verənə verər. Əl tutanın əlindən tutar. Yolları işıqlandıranın yolunu işıqlandırarr. Şamla yola çıxanların yolunu məşəllə işıqlandırar. Beləcə sizinlə borlikdə başqalarının da yolu işıqlanar.
Axirətdə siratı keçəcəyinə təminat almaq istəyən burada sirati-müstəqim yolunu tutmalıdır. Burada sapmadan, büdrəmədən, yıxılmadan, yolda qalmadan sirati-müstəqimdə gedirsinizsə, o bir tərəfdə köhlən kimi şahə qalxıb keçərsiniz. Xeyr, mələklər kimi qanadlanıb keçərsiniz! Cəhənnəm zəbaniləri sizə belə səslənər: “Tələsin, tələsin! Tez keçin, tez keçin! Odumuzu söndürürsünüz!” Burada yanan odu söndürmüsünüzsə, orada cəhənnəmin odu sizdən çəkinər. Ayağınız dəyən hər yer gül-gülüstan olar.
Bilrik və həmrəyliyin gücü
İnsanlığın İftixarı (sallallahu aleyhi və səlləm) buyurur: “İnsanlarla qaynayıb-qarışan, onların cəfasına dözən mömin xalqdan gen gəzən və onların verdiyi əziyyətlərdən uzaq olmağa çalışan mömindən daha fəzilətli və mükafatda daha üstündür”. Bundan əlavə, bilavasitə xalqın arasında yaşamaq, insanlarla əl-ələ verib uca bir idealı, bir məfkurəni həyata keçirməyə çalışmaq isə daha böyük işdir. Sizinlə eyni düşüncədə olan, eyni yolda gedən bir milyon insan varsa, onların savabı sizin dəftərinizə də yazılar. Bu yolda on milyonla həmdəm, həmhalsınızsa, “bünyani-mərsus (qurğuşunla hörülən möhkəm tikili)” kimi, qübbədəki daşlar kimi, yaxud da brilyant daşlar kimi çiyin-çiyinə verib mətin dayanmısınızsa, on milyonun savabı sizin dəftərinizə də yazılar, Allah o on milyonun hörmətinə üzünüzə baxar, on milyonun hörmətinə ruhanilər və mələklər sizinlə irtibat qurmağa can atar. Artıq siz bir şəxs deyil, on milyon olarsınız!
Birlik və həmrəylik çox vacibdir. Bu söz də o Sultana aiddir (Ustad Bədiüzzamanı nəzərdə tutur – tərc.): “Vifaq (bir fikir ətrafında dostca birləşmək, həmrəylik) və ittifaq (birlik) tövfiqi-İlahiyənin (İlahi yardım) ən böyük vəsiləsidir!” Bir və həmrəy olmaq Allahdan müvəffəqiyyət diləməkdir. Allah-taala dərgahına çatan duaları əliboş qaytarmaz. Allah bir olub səmaya əl açan, dərgahına dualar göndərən bəndələrini tamam başqa cür qarşılayar.
Pis əməllərdə əlbir olanlar və ağır vəballar
Bu məsələ xeyir işlərə şamil olunduğu kimi, həyasızlıq, anarxiya, tiranlıq, narsizm kimi şər əməllərə də aiddir. Bu cür mənfi xüsusiyyətlərə malik bir şəxs cəmiyyətdəki mövqeyi, məqamı, vəzifəsi, nüfuzu səviyyəsində insanlara zərər verə bilər. O, adi, sıravi bir fərddirsə, yalnız bir insanı zəhərləməyə gücü çatar. Bir adamı yoldan çıxara bilər. Bu, bir mənada, şər əməllərdə xəlvətilikdir, təkbaşına hərəkət etməkdir.
Ancaq əgər mövqe, məqam, nüfuz və hörmətə malik bir adam kütlə psixologiyası ilə, Allah göstərməsin, insanları öz ardınca çəkib aparırsa və bu insanların sayı minlərə, milyonlara, milyarlara çatırsa, demək ki, bu qədər insanın vəbalını öz boynuna götürmüş olur. İnsanların gözünü bağlamaq, hislərini korşaltmaq, bir məfkurəsizin ardınca aparmaq, yalanlarını da doğru kimi göstərmək... Belə bir vəbala girdiklərinə görə bir mənada həmin vəbalın “timsalı”na çevrilirlər. Günah “timsalı” na, xəcalət “timsalı”ına, rəzalət “timsalı”na çevrilirlər... Başdakı nə donquldanırsa, onlar da onu təqlid edirlər. Hara gedirsə, dalınca sürüklənirlər. Özlərini elə bir axına atıblar ki, ondan geriyə dönüş yoxdur, sonu fəlakət, həlakətdir. Bu da ki, həmin məsələnin şər yönü.
Biz xeyir tərəfində olmalıyıq. Üzr istəyirəm, onların ədəbsiz hərəkətlərinə, ədəbsiz sözlərinə, ədəbsiz düşüncələrinə əhəmiyyət verməməliyik. Belə şeylərlə məşğul olmamalı, fikrimizi dağıtmamalıyıq. Özümüzü toplayıb öz dünyamızı dirçəltməyə, ruh abidəmizi yüksəltməyə çalışmalıyıq, Allahın izni və inayətilə.
Tutduğunuz yola şübhə etmirsinizsə...
Əksər hallarda bu, belə olmuşdur, Allahın izni ilə. Siz burada digər qardaşlarınızla hislərinə şərik olduğunuz kimi, çöldə əsən xəzan yelinə əhəmiyyət vermədiyiniz kimi, inanın mənə, məktəb, universitet, kültür dərnəkləri, tədris mərkəzləri, imam xətib tipli məktəblər açmaq üçün, irşad niyyəti ilə dünyanın müxtəlif ölkələrinə gedən könül ərənləri də zərrəcə sarsılmamışdır. Vətəninizdə, o mübarək torpaqlarda şiddətli firtınalar əssə də.... Bu fırtınanaya qapılıb sarsıntı keçirənlər olsa da... Hətta bəzən umduğunuz mənzərələrlə qarşılaşmasanız da... Evlərdə, tələbə yataqxanalarında, hazırlıq kurslarında, universitetlərdə təhdilərə məruz qalıb – hamıda eyni dərəcədə dözüm, müqavimət gücü olmur – sarsıntı keçirən insanlarla qarşılaşsanız da... dünya öz mehvərində dövran edir, hamı bildiyini eləyir.
Tutduğumuz yolun doğru olduğuna inanırıqsa, o halda vəzifəmiz, Allahın izni və inayətilə bu yolda sarsılmadan irəliləməkdir. Allahın ulu adını ucaltma amalına şübhəniz varmı? Bunun müsbət bir iş olduğuna şübhə edirsinizmi? Məhəmmədi ruhun dünyanın dörd bir yanına yayılmasının mühüm bir hadisə olmasına bir şübhəniz varmı? Qurani-Kərimi hamıya tanıtmağın, öyrətməyin məqsədəuyğun bir iş olmasına şübhə edirsinizmi? Tarixdən miras qalan, ruh və məna köklərimizdən süzülüb gələn dəyərlərin bəşəriyyət üçün faydalı olmasına şübhəniz varmı? Əgər bu məsələlərdə bir şübhəniz yoxdursa, Allah sizinlədir! Bunlara inanırsınızsa, zəiflik göstərməyin, qayğılanmayın, Allah sizinlədir! Allah (cəllə cəlaluhu) əlinizdəki bayrağın yerə düşməsinə imkan verməyəcəkdir, inşallah!
İnanır və axirət mehvərli yaşayırsınızsa, qayğılanmayın, Allah sizinlədir!...
Bu gün sizə əziyyət verirlərsə, başqaları da əziyyətlərə məruz qalıb! Hal-hazırda sizə hücum çəkənlər, sizin əleyhinizə iş görənlər, inanın mənə, and içə bilərəm, sizdən çox iztirab çəkirlər. Çünki siz dünyanı itirsəniz də, axirətiniz var! Allahınız var! Peyğəmbəriniz var! Yalan danışmırsınız, iftira, böhtan atmırsınız, kin, nifrət bəsləmirsiniz, kobudluqdan, qeyzdən uzaqsınız, xalqı bölüb parçalamaqla məşğul deyilsiniz! Ona görə də dünyanı tamamən əldən versəniz də, axirətdə sizi cənnət bağları gözləyir. Ancaq inanın, əgər bu yolda ixlasla addımlasanız, Allah dünyada da sizi tək qoymayacaq.
Hicrət yolunda Allah Rəsulunun yolu Sevrdən (mağara) düşdü. Onun izi ilə gələn Məkkə müşrikləri mağaraya o qədər yaxınlaşdılar ki, kölgələri içəri düşdü və təhdidləri Sevrdə əks-səda verdi. Arada bir metr ya var, ya yoxdu və Həzrət Əbu Bəkir təşviş içində idi. Çünki o, Rəsuli-Əkrəmi bir əmanət bilir və ona görə, nigarançılıq çəkirdi. Halbuki, Allah Rəsulu həmişəki kimi təbəssüm edir və O, dostuna təsəlli verərək: “Qəm yemə, Allah bizimlədir, − deyir və əlavə edirdi, − İki nəfər – ki, üçüncüsü Allahdır, − haqda narahat olmağa dəyərmi?” Sayı çoxaltmaq olar: üç nəfərsinizsə, unutmayın, dördüncünüz sizi qoruyan Allahdır, dörd nəfərsinizsə, beşinciniz Allahdır... Burada İnsanlığın İftixarı Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) öz yəqin, təvəkkül, təslimiyyət və tövfizini ortaya qoymaqla yanaşı, həm də bir rəhbər olaraq bizə yol göstərir. Bizə belə deməyi öyrədir:
“Qəm yeməyin! Allah bizimlədir” (“Tövbə” surəsi, 9/40). “Ruhdan düşməyin və qəmgin olmayın, əgər iman edirsinizsə, üstünsünüz!” (“Ali İmran” surəsi, 3/139) “Əgər siz yara aldınızsa, o biri dəstə də o cür yara aldı” (“Ali İmran” surəsi, 1/140)
Əgər siz bir yara aldınızsa, sizi incitdilərsə, sizə dəydilərsə, bilin ki, bunun daha betəri sizdən əvvəl bunları sizə rəva görənlərin başına gəlib. Gecələri gözlərinə yuxu girmir, yastıq, yorğan və döşəkləri ilan-çayan yuvasına dönüb. Başlarını yastığa qoysalar da, yuxulaya bilmirlər, “Görəsən nə uyduraq, nə edək ki, bir az təsəlli tapaq!” deyirlər. Bu isə sizin daha üstün olduğunuzu göstərir. Çünki sizin tutduğunuz yolun yolçuları heç vaxt itirməzlər. Bu yolda olanlar yıxılsalar da, bir də görürlər ki, ayaq üstə mətin dayanıblar, Allahın izni və inayəti ilə... Bu yol peyğəmbərlərin yolu, Allahın adını yayma yolu, millət ruhunu ucaltma yolu, ruh və məna körlərimizdən süzülüb gələn dəyərləri hayqırma yoludur.
Kasta sisteminin “Sən kimsən?!” nəqarətini təkrar edən binəvalar həsədlə qıvranırlar!..
Sözügedən məsələni həmin işin şər yönü ilə müqayisə edəndə hansı tərəfdə dayandığınızı daha aydın görəcəksiniz. Əlhəmdulilləh, Allah bizi belə bir yolun yolçuları edib. Bu, ilahi bir sövqdür. Bizi həmişə bir yola yönəldib, o yolda ətrafa nəzər salmış, “Burada bu, əlverişlidir, orada filan şey əlverişlidir... Ay Allah! Bütün bunları kimsə qabacadan hazırlayıb” demişik. Bizim gördüyümüz iş “Qədər” risaləsində deyildiyi kimi, ancaq bir seçim, bir meyildən ibarətdir... Bizim indiyədək gördüyümüz işlər yalnız bu meyildən ibarət olub (Hər işi görən Allah-taaladır tərc.) İndiyədək bu formada, bu yolda görülən bütün işlər, inanın ki, ən böyük dövlətlərin belə aciz qaldığı bir fəaliyyətə çevrilmişdir.
Bəzilərini narahat edən bir məsələ də budur: “Kimdir bu uşaq-muşaqlar... Bizim karyeramız var, siyasi təcrübəmiz var, ardımızca gələn şüursuz kütlə var. Biz dünyada otuz məktəb aça bilmədik, bunlar dünyanın yüz altmış ölkəsində min üz yüz məktəb açıblar!” deyirlər. Üstəlik, dərnəklərin, tədris mərkəzlərinin sayını bilmirəm. Bu heyətin nə qədər investisiyası var, onu da bilmirəm. Qazancları, xəcləri nə qədərdir, onu da bilmirəm.
Bu, Cənabi-Allahın sövqü ilə, mənəvi sövqlə, bir mənada vicdanın rəhbərliyi ilə gördüyünüz işlərdir. Bunu Allahdan bilmək lazımdır. Allahdan bilsəniz, şükür etmiş olarsınız.. O da sizə daha çox nemət verər. “Bir yaxşılığın əvəzində insanlara təşəkkür etməyən, – belə adamda təşəkkür etmə ədəbi yoxdur – Allaha da təşəkkür etməz”. “Aza şükür etməyən, çoxa da etməz”. Təşəkkür əxlaqını mənimsəməli, təbiətimizə hopdurmalıyıq. Bundan ötrü də Allaha minlərlə həmd-səna olsun, “Nəfs cümlədən ədna, vəzifə cümlədən ala” (Nəfis hər şeydən alçaqdır, vəzifə isə hər şeydən alidir). “Hər kəs yaxşı, mən yaman / Hər kəs buğda, mən saman” misralarında deyildiyi kimi, yüksək ideallara sahib olmasaq da, ilahi sövqlə bir də baxdıq ki, bir çox gözəl fəaliyyətlərin başındayıq. Bu, Allahın bir lütfüdür. Belə düşünmək Allaha şükürdür. “Biz etdik, biz elədik, biz qurduq, biz tikdik” düşüncəsi Cənabi-Allahın icraatına qarşı saymamazlıq olduğuna görə, nankorluqdur. Siz neməti görmürsünüzsə... Allah neməti görməyənlərin əlindən alar, görənlərə verər. O baxımdan daim mənən, ruhən gümrah, sayıq olmalı, şükürlə şahlanmalı, Allah həmd-səna etməliyik.
Sizi savadsız, dəyərsiz, kasta sisteminin onuncu pilləsində, sizə yuxarıdan baxırlar. Belə ki, bir nəfər “Kimsən sən, kimsən sən, kimsən sən?!” deyirdi. Sizə bu gözlə baxan insanlar, əslində öz xarakterlərini nümayiş etdirirlər, yəni binəva özü nədirsə, onu dilə gətirir. Sizə bu gözlə baxan insanlar Allahın sizin vasitənizlə ortaya qoyduğu şeyləri sizdən bildiklərinə görə, həsəd edir – həsədin küfrdən daha böyük ziyanı var – qısqanırlar, Allah bizdən uzaq eləsin.
Həsəd, paxıllıq... “Niyə biz onlar kimi deyilik?.. Niyə mən onlar kimi deyiləm?.. Niyə 160 ölkədə mənə ehtiram göstərmirlər?.. Elə-hey bunların fəaliyyətlərindən danışırlar?..” Həsəd bəzən elə şeylərə gətirib çıxarır ki, küfr belə ona çatmaz. İnsanı küfrlə yanaşı, nankorluğa da sövq edər.
Allahın izni və inayətilə əldə etdiyiniz bu qədər nailiyyətlər, təbii ki, kimlərisə həsədə sövq edəcək. Həsən Bəsri həzrətləri deyir ki: “Mən həsəd edən məzlumdan daha böyük bir zalım görməmişəm”. Bu özünə zülm edən zalımlar, nə eləyirlərsə, özlərinə edirlər. Peyğəmbərimiz bir hədisində: “Həsəddən uzaq olun! Çünki od odunu yandırıb kül etdiyi kimi, həsəd də yaxşı əməllərin axırına çıxır, − buyurur. Bəli, həsəd insanın əməlini, hətta əməllərini cayır-cayır yandırar, kül edər, eynilə od odunu yandırıb kül etdiyi kimi. Bu səbəbdən həsəd insanı cayır-cayır yandırar. İnsan oduna dönübsə, demək, yanmağa layiqdir.
Allaha minlərlə həmd-səna olsun ki, sizi o səviyyəyə yuvarlamadı, heç vaxt başqalarına bu gözlə baxmadınız. “Onlar qul, kölə, biz isə onları idarə etməyə layiq mələk kimi insanlarıq” düşüncəsinə qapılmadınız. Özünüzü heç vaxt belə görmədiniz. Bu düşüncə, Allah qorusun, insanı batırar.
Həzrət Pir: "Ey riyakar nəfsim! “Dinə xidmət etdim" deyə qürurlanma. "Şübhəsiz ki, Allah bu dini facir (günahkar, haqq yoldan çıxan) adamla da qüvvətləndirər” hədisi sənin təmizlənmiş, pak bir insan olmadığını göstərir. Dolayısilə, özünə facir gözü ilə bax, Haqq yolunda xidmət və übudiyyətini verilən nemətlərin şükrü, fitri bir vəzifə, yaradılışın qayəsi və ilahi sənətin nəticəsi bil, kibr və riyadan qurtul" deyir. Allah şahiddir ki, o, dinə xidmət etmişdir. Zəmanəmiz dinə xidmət fəlsəfəsini onun qədər bilən, onun qədər tutarlı xidmət edən ikinci bir şəxsiyyət yetirməmişdir. Böyük şəxsiyyətlər olub: övliyalar, qütblər olub, lakin Allah bu işi istədiyinə gördürür. Ətrafına xalqı toplayıb onları irşad edən, insanları Allaha çağıran böyük insanlar var... onların ayağı başımın tacıdır, bu, başqa məsələ... Ancaq Allah (cəllə cəlaluhu) qaranlıq bir dövrdə ona elə işlər gördürmüşdür ki... Bəlkə də, çağdaş nəsillər hələ də bunu yaxşı anlamayıb, onu layiqincə tanımayıb... amma gələcək nəsillər ona daha doğma münasibət bəsləyəcək, onu yaxından tanıyacaq və onun yolu ilə gedəcəklər.
Cənabi-Allah inayətini bizdən əskik etməsin... sizi, bizi hər iki cahanda əziz etsin... günahlarımızı bağışlasın... sizə haqsız yerə hücum çəkən, həsəd edən, paxıllığınızı çəkən insanlara da hidayət versin, onları da islah etsin... Cənnətdən, dəyərlərdən məhrum etməsin...