Həyat fəlsəfəmiz
- Nə dünyanın dəbdəbə və səltənəti yol-yönünüzü dəyişdirməli, nə ahu gözlü dilbərlər, sahilyanı villalar, saraylar, var-dövlət, nə də vəzifə, şan-şöhrət və qüvvət. Çünki bu yol “adanmışlar”ın, təmənnasızların yoludur. (00:36)
- Günəş ol, oxşa varlıqların başını, eybi yoxdur, qoy sənə hidrogen, helyum göndərən olmasın!.. Alışıb yan, qovrul, ancaq heç kimdən heç nə umma. Çaylar kimi aşıb-daş, başını çırp daşlara-qayalara, zinhar heç kimdən bir şey gözləmə. Torpaq ol, ana kimi aç ağuşunu hər toxuma... ayaq altında qal, amandı başa sıçramağa çalışma... Külək ol əs, onu bununla, bunu da onunla tozlandır, saqın əvəzində heç nə gözləmə... Qoy adın unudulsun, sən bunlara bel bağlama!.. “Dəfnimə gəlsinlər” demə... “Namazımı qılsınlar” demə... Allah sənə yetər!.. (03:00)
- Cənabi-Allah: “Ey iman gətirənlər! Sədəqə verdiyiniz insanlara minnət qoymaq və əziyyət verməklə əməllərinizi puça çıxarmayın” (“Bəqərə” surəsi, 2\264) buyuraraq başa qaxmağın, minnət qoymağın və beləcə insanlara əziyyət verməyin görülən işin savabına balta çaldığını bildirir. Bəli, böyük-kiçik hər növ sədəqəyə bu prizmadan yanaşmalı, riya, süma, əza-cəfa, qaxınc və minnət ucbatından yaxşı əməllərimizi hədər etməməliyik. Gözəl işləri təmənna ummaqla çirklətməməliyik. (06:27)
- İsteğna və təmənnasızlıq Peyğəmbər yolunun şüarıdır. İnsanları xilas etmək üçün öz həyatını heçə sayaraq hər gün bir neçə dəfə ölüb dirilmək, həmişə çalışıb-çabalamaq, zəhmət çəkmək, əzab-əziyyətə dözmək, amma əvəzində zərrə qədər mükafat ummamaq irşad yolunun prinsipidir. Həzrəti Nuh, Həzrəti Hud, Həzrəti Saleh, Həzrəti Lut və Həzrəti Şueybin (Allahın salət və salamı Peyğəmbərimizə və bütün peyğəmbərlərə olsun):
وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلَّا عَلَى رَبِّ الْعَالَمِينَ
Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!” (“Şuəra” surəsi, 26\109) - “Yasin” surəsində keçən qəhrəmanın (Həbibi-nəccar)
اِتَّبِعُوا مَنْ لاَ يَسْأَلُكُمْ أَجْراً وَهُمْ مُهْتَدُونَ
Sizdən (haqqa dəvət müqabilində) heç bir mükafat istəməyən və özləri də doğru yolda olan kəslərin ardınca gedin!” (“Yasin” surəsi, 36\21) - “Yusuf” surəsinin:
قُلْ هٰذِهِ سَبِيلِۤي أَدْعُو إِلَى اللّٰهِ عَلٰى بَصِيرَةٍ أَنَا وَمَنِ اتَّبَعَنِي
"De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar ( insanları ) – kor-koranə deyil – bəsirətlə (açıq-aşkar bir dəlillə) Allaha çağırırıq” - Ömrünü iman və Qurana xidmətə həsr edənlərin sərvəti isteğnadır, heç kimə əl açmamaq, təmənnasız olmaqdır, “Fədakarlıq, ya Hu” deyib “Hu” çəkməkdir. Sizin qardaşlarınız bu məhdud imkanlarla dünyanın müxtəlif ölkələrində min məktəb açıbsa, bunun kökündə təmənnasızlıq, Haqqa təvəccöhün Haqdan təvəccöh görməsi və natamam da olsa, müsəlmanlığı yaşamaq dayanır. (14:13)
- Səhabələrin dini həssasiyyətini və islami həyəcanını həsrətlə anan Həsən Bəsri həzrətləri bir gün müasirilərinin həyatı ilə əshabi-kiramın yaşayışını müqayisə edib üzülmüş və belə demişdi: “Yetmiş Bədir qazisi gördüm. Çoxunun geyimi sadə yun qumaşdandı. Onları görsəydiniz, dəli sanardınız, onlar sizi görsəydi, əxlaqın əldən getdiyini deyər, pislərinizi görsələrdi, axirət inancının qalmadığını deyərdilər”. Bəli, din yolunda ağlını itirməyən, fədakarlıq edib dünyadan imtina etdiyinə görə “dəli” adını almayan bir insanın kamala çatması mümkün deyil. İslamın məcnunu olmayanların isə bəşəriyyətə əbədiyyət şərbətini içirməsi mümkünsüzdür. (16:54)
- İsar insanın ehtiyacı ola-ola başqalarının ehtiyacını aradan qaldırmağa çalışması, qardaşlarını özündən üstün tutması, cəmiyyətin mənafe və mənfəətini birinci sıraya qoyması və yaşatmaq üçün yaşaması deməkdir. Adanmış insanlar böyük isteğna və fədakarlıq göstərməli, bir mənada “isarlaşmalıdır”. Təkcə maddi fədakarlıqda deyil, mənəvi feyzlərdə də başqalarını özlərindən üstün tutmağı bacarmalıdır. Çünki özü ilə məşğul olan başqasını görə bilməz. (18:33)
- Həzrəti Ustadın "Gözümdə nə Cənnət sevdası, nə də Cəhənnəm qorxusu var; millətimin imanını salamat görsəm, Cəhənnəmin alovları içində yanmağa razıyam!" prinsipi idealınız, bu səviyyədə isteğna da məqsədiniz olsun. “Adanmış”ın həyat fəlsəfəsi bu olmalıdır. (22:10)
- Amr ibn As, Xalid ibn Vəlid və Əbu Sufyan kimi insanların birdən şaquli istiqamətdə mənən yüksəlişinə heyrət edirəm. Məsələn, həqiqi insanlıq və təmənnasızlıq zirvəsinə yüksələnlərdən biri olan Amr ibn As (radiyallahu anh) verilən qənimətdən imtina edib: “Ya Rəsulallah, mən qənimət üçün müsəlman olmamışam!” deyir. Eyni şəkildə, adını bilmədiyimiz bir səhabə İnsanlığın İftixarı (əleyhissalatu vəssalam) ona qənimətdən pay vermək istəyəndə: "Ya Rəsulullah! Mən bunu qəbul edə bilmərəm. Mən (boğazını göstərərək) buradan bir ox zərbəsi ilə şəhid olmaq üçün müsəlman oldum" demiş və arzu etdiyi kimi şəhid olmuşdu. (24:03)
- Həzrəti Xalid (radiyallahu anh) dünyada heç bir şey qoymadan vəfat etmişdi. Sad ibn Zeyd deyir: “Həzrəti Xalid hər kəsin öydüyü bir sərkərdə idi, onun ölümü İslam üçün böyük bir itkidir... ondan bir at, bir qalxan, bir də qılıncdan başqa bir şey qalmamışdı.” (25:55)
- Həzrəti İkrimə müsəlamanlığı qəbul edəndə: “Ya Rəsulallah! Sənin və İslamın əleyhinə nə qədər mal-mülk sərf etdimsə, bundan sonra iki qatını İslamiyyət üçün sərf edəcəyimə söz verirəm...” deyir. Yermükdə sözünü tutur... hətta canını da bu yolda fəda edir. Yermük müharibəsində həyat yoldaşı və uşağı ilə birlikdə iştirak edir... Yaralanır, bir çadıra gətirirlər... Göz yaşı tökən zövcəsinə: “Ağlama!” deyir, “Mən zəfəri görmədikcə ölməyəcəyəm”. Bu da onun kəramətidir... Çadıra əmisi Haris ibn Hişam girib: “Muştuluq, Allah bizə qələbə nəsib etdi!” deyir. Bu vaxt: “Məni ayağa qaldırın. Çünki Allah Rəsulu gəldi” deyən İkrimə Ona xitab edir: “Ya Rəsulallah! Sözümə əməl etdimmi? Əhdimi yerinə yetirdimmi?” (26:30)
- Güman edirəm ki, burada isar şüuru ilə ömür keçirənlər Cənnətə girəndə belə bu ruhla hərəkət edəcəklər. Hədis kitablarında axirətdən bir mənzərə təsvir edilir, varlılarla alimlərin qarşılaşması diqqətə çatdırılır. Var-dövlətini Allah yolunda infaq edən varlılarla elminə əməl edən alimlər Cənnət qapısında görüşürlər. Alimlər səxavətli zənginlərə: “Buyurun birincilik sizin haqqınızdır, əvvəlcə siz girin. Çünki əgər siz var-dövlətinizi Allah yolunda infaq etməsəydiniz, elm ocaqları açmasaydınız, təhsil üçün şərait hazırlamasaydınız, biz elm öyrənə, doğru yolu tapa bilməzdik. Biz sizin vəsilənizlə elm yolunu tutduq və alim olduq, biz sizə borcluyuq. Dolayısilə, bu haqq sizə aiddir, buyurun!” deyir və hörmət əlaməti olaraq bir addım geri çəkilirlər. Ancaq səxavətli zənginlər: “Əslində biz sizə borcluyuq. Əgər siz o əngin elminizlə gözümüzü açmasaydınız, bizə gözəl rəhbərlik etməsəydiniz, təkvini və təşrii qanunlara birlikdə əməl etməyi, halal qazanıb Allah yolunda infaq etməyi öyrətməsəydiniz, biz var-dövlətimizi belə bir xeyir işə sərf edə bilməzdik. Siz irəli düşüb bir verib min qazanmağın yollarını göstərdiniz. Buna görə də dünyada olduğu kimi, burada da siz bizim öncülərimizsiniz, buyurun əvvəlcə siz girin!” deyirlər. Bu şirin mükalimədən sonra alimlər qabağa keçir və sıra ilə Cənnətə girirlər.” (28:06)
- Cənabi-Allah buyurur:
قُلْ كُلٌّ يَعْمَلُ عَلَى شَاكِلَتِهِ فَرَبُّكُمْ أَعْلَمُ بِمَنْ هُوَ أَهْدَى سَبِيلاً
De: “Hərə öz qabiliyyətinə (xislətinə) görə iş görər. Rəbbin kimin daha doğru yolda olduğunu daha yaxşı bilir!” (“İsra” surəsi, 17\84)
- tarixində yaradılmışdır.