Kaş filankəslə dostluq etməyəydim!..
Çay süfrəsində həqiqət damlaları: “Hüvə nöqtəsi”
- Daima şövqlü, iştiyaqlı olmaq və insanların ruhuna həyat üfürmək Allahla irtibatın dərinliyi ilə düz mütənasibdir. Həzrəti Ustadın “Hüvə nöqtəsi”ndə qeyd etdiyi kimi, ehtiyacımıza uyğun lütf edilən və qeyri-iradi alıb-verdiyimiz hər nəfəsdə iradi olaraq Onu ansaq, yenə azdır. (00:44)
- Süleyman Çələbi həzrətləri “Mövlüdi-Şərif”də deyir: “Hər nəfəsdə Allah adın de müdam / Allah adıyla olar hər iş tamam”. Sədi Şirazi də “Gülistan”da: “İnsan hər nəfəsdə Allaha iki şükür borcludur” deyir. Hər nəfəsdə insana iki dəfə həyat bəxş edən Allahdır. Belə bir Mövlayi-Mütəalə şübhəsiz ki, qəlb, dil və bütün varlığımızla təşəkkür etməli, hər nəfəsi “Hu” rəngi ilə süsləməliyik. (02:30)
- Allah-taala aşağıdakı ayələrdə həm bəxş etdiyi nemətləri xatırladır, həm də bəndələrinin qarşısına çıxan dik yoxuşlardan və o yoxuşları keçə bilməyənlərdən bəhs edir: “Məgər o insan heç kəsin ona gücü çatmayacağını zənn edir? Və: Mən xeyli mal-dövlət sərf etmişəm!” – deyir? Məgər o heç kəsin onu görmədiyini güman edir?! Məgər Biz ona iki göz vermədikmi?! Eləcə də bir dil və qoşa dodaq (vermədikmi)?! Biz ona iki yol (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?! Lakin o, dik yoxuşu keçə bilmədi (özünə verilən bu qədər nemətlərə şükür etmədi). (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, dik yoxuş nədir?! (O), bir kölə azad etməkdir; Yaxud qıtlıq vaxtı yemək verməkdir - qohumluq əlaqəsi çatan bir yetimə. Və ya (taqətsizlikdən) torpağa sərilmiş bir miskinə! Dik yoxuş həm də ürəkdən iman gətirib bir-birinə səbir və şəfqət tövsiyə etmək, səbir və şəfqət timsalı olmaqdır!” (“Bələd” surəsi, 6\5-17) (04:00)
- Cənabi-Allahın lütfü olmasa, dünyaları versək də, heç bir ehtiyacımızı təmin edə bilmərik. Deyirlər ki, Harun Rəşidin qarşısına çıxan bir Allah dostu ondan soruşub: “Harun! Susuz qalsan, bir bardaq su üçün bütün sərvətini verərdin?” Harun Rəşid: “Bəli” deyib. Allah dostu:”Yaxşı bəs, suyu içsən, amma bayıra gedə bilməsən, müşkülünü həll etmək üçün sərvətinin o biri yarısını da verərdin?” deyir. Harun Rəşid: “Bəli” deyir. Arif insan sözünə nöqtə qoyur: “Ey Harun! Bil ki, sənin bütün sərvət və səltənətin bir bardaq sudan ibarətdir!” Bir stəkan sudan tutmuş hər an möhtac olduğumuz havaya qədər bütün nemətlər qapımıza hazır gəlir. Allah-taala bizə hər fəsil növ-növ meyvələr lütf və ehsan edir. Bizə qalsa, nəinki həmin meyvələri, bütün cahana tən gələn bir çəyirdəyi belə əldə edə bilməzdik. (06:00)
- “Hüvə nöqtəsi” əslində çox dərindir. Böyük acizliklə etiraf edirəm ki, mən onu anlaya bilməmişəm. Əli Fuad Xoca demiş: “Həzrəti Piri-Muğanın başqa əsəri olmasaydı, təkcə “Hüvə nöqtəsi” kifayətdi!” (10:45)
Sual: “Furqan” surəsində məhşər gününə aid bir mənzərənin təsvirində zalımların Peyğəmbərin yolunda getmədiklərinə görə peşman olub barmaqlarını dişləməsindən və “Kaş, filankəslə dost olmayaydım! Vallah məni Qurandan o sapdırdı”, - deyə yanıb-yaxılmasından bəhs edilir. Axirətdə bu mənasız peşmançılıq və arzu dünyada işlənən hansı xətaların nəticəsidir? Axirətdə faydasız, bihudə “kaş ki”lərlə inildəməmək üçün dünyada nələrə diqqət etməliyik? (11:41)
- Allah-taala buyurur: “O gün zalım barmaqlarını dişləyib deyəcəkdir: “Kaş, mən Peyğəmbərlə birlikdə bir yol tutaydım; Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim; And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan (Qurana iman gətirməkdən) o sapdırdı. Şeytan insan (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər)”. (“Furqan” surəsi, 25/27-29) (12:25)
- “O gün zalım barmaqlarını dişləyib...” (13:35)
- “Vay halıma! Kaş ki o Peyğəmbərlə birlikdə bir yol tutaydım!” bihudə “kaş ki”dir. Elə “kaş ki”lər də var ki, faydalıdır və insana savab qazandırır. Faydasız, bihudə “kaş ki”lər isə insanın nədamətini, peşmançılığını və dolayısilə müsibətini iki qat çoxaldır. (15:00)
- “Vay halıma! Kaş ki filankəsi özümə dost (xəlil) bilməyəydim”. Xəlil canbir dost, vəfalı yoldaş və sadiq yar deməkdir. Hər insandan xəlil olmaz. (18:52)
- Bir çox xətalar var ki, axirətdə insanın bu cür puç xəyallara qapılmasına səbəb olacaq. Bu xətaların başında küfr dayanır. Çünki Rəcaizadə Əkrəmin sözü ilə desək, “Böyük bir kitabullahdır başdan-başa kainat / Hansı hərfi yoxlasan mənası Allah çıxar”. Həzrəti Pir də bildirir ki, kainatın sətirlərini diqqətlə oxuyanlar hər birinin səmadan insana göndərilmiş bir məktub olduğunu görəcək. “Kainatın sətirlərini diqqətlə mütaliə et. Çünki onlar Məleyi-Əladan sənə göndərilmiş məktublardır”. Yəni bu kainatın səhifə və sətirlərində gəzən, hər kəlməni gözdən keçirən, hər hərfini yoxlayan “Allah!” hayqırtısını eşidəcək və onun səsinə səs verəcək. Çünki bu cür mükəmməl bir sistemi başqa şeylə izah etmək mümkün deyil. Göyü və yeri yaradıb sonra mükəmməl bir nizam quran Allah olduğu kimi, insanın mahiyyət və fiziologiyasında ahəng yaradan da Allahdır (cəllə cəlaluhu). Buna görə də Onu inkar etmək ən böyük xətadır. (20:54)
- Yer üzü heç vaxt peyğəmbərlik nurundan məhrum olmamış, müvəqqəti bir quraqlıq yaşansa da, arxasınca leysantək rəhmət yağmış və hər insan az-çox bu rəhməti görmüş, eşitmiş, dadmış, doymuşdur. Ancaq hansı bölgənin insanları (dini) sürətlə təhrif etmişsə, fətrət dövrü də bir o qədər tez gəlmiş və o yerləri qaranlığa qərq etmişdir. Hər gecəni bir gündüz, hər nuru bir zülmət izləmiş, qeyri-iradi qaranlıqda qalanlara da Haqq-taala mərhəmətinin müjdəsini vermişdir: “Biz peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!” (“İsra” surəsi, 17/15). Deməli, ilk öncə xəbərdarlıq, sonra mükəlləfiyyət, daha sonra da əzab və ya mərhəmət ... Düzdür, təfərrüatda bir az fərqli düşünən məzhəb imamları da var. Məsələn, İmam Maturidi və ardıcılları: “Kainatda hər biri bir kitaba bərabər minlərlə dəlil ola-ola Allahı tanımayan üzrlü sayıla bilməz” deyirlər. Əşarilər isə: “Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!” ayəsinə istinadən əzabın təbliğdən sonra gəldiyini düşünürlər, yəni ilk öncə təbliğ olmalıdır ki, insan əzaba və ya mərhəmətə layiq olsun. İki imamın fikrini birləşdirənlər də var: “Bir insan peyğəmbər görməmiş, üstəlik küfür edərək bütə də tapınmamışsa, əhli-nicatdır. Çünki elə insanlar var ki, nə təfəkkür edib mahiyyətə vara, nə də əşya və hadisələrin gedişatından bir məna çıxara bilir. Ona görə də bu cür insana ilk növbədə Haqqın yolu göstərilir, həqiqətlər çatdırılır, məhz ondan sonra əməllərinə görə cəza və ya mükafat verilir. Belə ki, Həzrəti Ustadın II Dünya Müharibəsində ölən on beş yaşdan kiçik uşaqlar, qocalar, qadınlar haqda “Bir insan təbliğə müxatəb olmayıb, şəxsən öyrənməyə imkan tapmayısba, fətrət dövrünün insanı sayıla bilər” deməklə bu fikri müdafiə edir. Amma bir insan işi-gücü küfürdüsə, bu düşüncəni yayır və bilərək Allaha üsyan edirsə, dünyanın ən ucqar yerində də olsa, axirətdə inkar və ilhadının cəzasını çəkəcək. (22:42)
- Axirətdə insanın bu cür puç arzulara – “kaş ki”lərə qapılmasına səbəb olan xətalardan biri də zəlalətdir. Zəlalət iman və İslamiyyətdən üz döndərmək, yoldan çıxmaq, haqq-həqiqət yolundan azmaq deməkdir. Bir dəfə hidayətə çatmaq əbədi qurtuluş demək deyildir. Hər kəs hər an büdrəyib yıxıla bilər. Buna görə biz gündə qırx dəfə: “Bizi siratəl-müstəqimə, doğru (düz) yola! Nemət verdiyin kəslərin yoluna yönəlt!” ayəsini oxuyur və beləcə: “Allaha və Peyğəmbərə itaət edənlər Allahın nemətlər verdiyi nəbilər, siddiqlər, şəhidlər və salehlərlə bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (“Nisa” surəsi, 4/69) bəyanında təsvir olunan insanlardan olmağı Rəbbimizdən diləyirik. Deməli, siratəl-müstəqimə girəndən sonra yolda qalma və ya doğru istiqamətdən uzaqlaşma təhlükəsi sovuşmuş sayılmır. “Hücumatı-sittədə” keçən mənəvi “virus”ların hər biri insanı yolundan azdıra bilər. Bu cür zəlalətə düşənlər də o biri tərəfdə “kaş ki”lərlə inildəyəcəklər. (25:17)
- Bəzi insanlar da küfür və zəlalətdə olmasalar da, şöhrətpərəstlik kimi xəstəliklərə düçar olduqlarına görə axirətdə “kaş ki” deyəcəklər. (29:40)
- Rəyn bir şeyin pasla örtülməsi, hər tərəfinin paslanması deməkdir. Allah-taala: “Xeyr (belə deyildir). Həqiqət budur ki, onların qəlbləri etdikləri o pis işlər üzündən his-pas qaplamışdır (ki, buna görə inkar edirlər)” (“Mütəffifin” surəsi, 83/14) buyurmuş, Allah Rəsulu da: “Hər günah qəlbdə qara bir nöqtə əmələ gətirir, bir ləkə qoyur. Əgər qul tövbə edib bu əməldən əl çəkir və əfv diləyirsə, qəlbi yenə parlayır. (Əksinə) qayıdıb günah işləyirsə, həmin ləkə böyüyə-böyüyə bütün qəlbini tutur. Quranda uca Allahın buyurduğu “ranə” məhz budur” kəlamı ilə bu ilahi bəyanı və orada işlənən “ranə” sözünü şərh etmişdir. Bəli, pas tutmuş qəlbin bütün üfüqləri qaralır; o yaxşını pisdən seçmə qabiliyyətini itirir, ağı qara, qaranı da ağ görməyə başlayır və belə bir qəlbin bir daha düzəlməsi, fitri saflığına qayıtması çox çətindir, hətta tamamilə mümkünüzdür. Qafilliyi və pis əməlləri ucbatından mənəvi “deformasiya”ya uğramış insanın artıq dalbadal xəta işləməsi qaçılmaz olur. (31:35)
- Bir də müsbət “kaş ki”lər vardır. Məsələn, dini qaydalara olduqca həssas yanaşan Həzrəti Əbu Bəkrin “Kaş kəlalənin (atası və övladları olmayıb mirası qardaşlarına verən şəxs) hökmünü Allah Rəsulundan soruşaydım!”, “Kaş mirasda nənə haqqını Rəsuli-Əkrəmdən öyrənəydim!” sözü, “Kaş Xalidi farsların üstünə göndərəndə Öməri də romalıların üstünə göndərəydim. Beləcə, iki məsələni birdən həll edəydim” kimi sözləri alqışalayiq “kaş ki”lərdəndir. Çünki bu, ən əlaya və ən yüksək qayəyə yönəlmiş “kaş ki”lərdir. Bəli, bu sözlər daha mükəmməli istəyən bir insanın bu işi görə bilmədiyi üçün “kaş ki” deməsidir. Bu, istiğfar mənasına gəldiyindən və səmimi niyyət olduğundan Allah onlara savab yazır. (34:00)
- Allah Rəsulu (sallallahu əleyhi və səlləm) xəşyətdən dəm vuran qeyri-ciddi insanlar haqda danışarkən: “Əgər qəlbində xəşyət olsaydı, mütləq əzalarında, hərəkət və davranışlarında əks olunardı” ‒ buyurur. (39:00)
- tarixində yaradılmışdır.