Keçmişdən bugünədək fitnələr və qədirbilməz insanlar

Fəthullah Gülən: Keçmişdən bugünədək fitnələr və qədirbilməz insanlar

  • Uca Allah Qurani-Kərim Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) belə xitab edir: “Doğrudan da, Biz səni ilahi rəhməti müjdə verən və kafirləri əzabla qorxudan bir peyğəmbər olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, onun içindən (kafirləri Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməsin!” (“Fatir” surəsi, 35/24)

Başqalarına kölə olmamağın bir yolu var, o da Allaha bəndə olmaqdır!..

  • Bəli, Allah-taala tərəfindən bəşər tarixinin müxtəlif dövrlərində bir mənada “Bu zəmanənin insanlarına bu şəkildə səslənmək lazımdır! Onların problemlərini və dərdlərini bu üsulla həll etmək lazımdır! Problemlərin analizini filan şəkildə etmək lazımdır!” deyən peyğəmbər və ilahi qanunlar göndərilmişdir. Lakin bir peyğəmbərin gəlişinin üstündən üç-dörd əsr keçmiş, insanlar da onun izini itirmiş, sözünü unutmuşlar. İzini itirmiş, onun yolunu tapa bilməmişlər, sözünü unutmuş, bir mənada mənəviyyatdan uzaqlaşmışlar. Çünki insan mənəvi aləmlərə ancaq ilahi nəfəslə, səmavi vəhylə, peyğəmbərin səsi-sədası ilə vara bilər. Bu səbəbdən də bəzi adamlar çox keçmədən totemlər çıxarmış, bütpərəstliyə üz tutmuşlar... Tiranlaşan insanları ilahlaşdırmış, “Toxunan cənnətlik olar, qoxulayan cənnətlik olar” - demişlər. Bilmək olmaz, bir də görərsiniz ki, bir az da ifrata varıb “Sənə sitayiş edirəm” - deyən kafirlər və facirlər çıxdı. Bu sözlər Peyğəmbər haqqında deyilsə belə, deyən kafir olar. Bu sözlər Həzrət Cəbrailə deyilsə, deyən kafir olar. Sitayiş, yəni ibadət, übudiyyət və übudət ancaq Allaha edilir.
  • Seyyid Qütbün söylədiyi kimi, “Başqalarına kölə olmamağın bir yolu var, o da Allaha bəndə olmaqdır!” Qurani-Kərimin sözü ilə desək, Peyğəmbər yolundan sapan başqa-başqa yolların, əyri-üyrü yolların yolçusuna çevrilər. Və beləcə, Allah eləməsin bir daha mənzil başına çatmaz.

“Yoxsa yarıb ürəyinə baxmısan?!”

  • İlahi mərhəmət, ilahi inayət və ilahi fəzl heç bir dövrdən əskik olmamışdır. Ancaq bəziləri haqq yoldan daha tez azmış, bəziləri gec azmışdır. Hətta bəziləri hal-hazırda din adından cinayətlər törədən, “canlı bomba” olub intihara cəhd edənlər, insanların ölümünə səbəb olanlar kimi, din “naminə” yoldan azıblar. Bir adam dillə də olsa “Lə iləhə illəllah, Muhammədur-Rasulullah” deyirsə, ona toxunmaq olmaz. “Ürəkdən demir!” deyirsənsə, ürəyini haradan bilirsən?! Yox “Filan günahı işləyəndə gördüm, bəhmən günahı edəndə gördüm!”... Bir insan “Lə iləhə illəllah” deyirsə, “Muhammədur-Rasulullah” deyirsə, ona toxunan öz dininə toxunmuş olar.
  • Döyüşlərin birində Üsamə ibn Zeyd Həzrətləri bir düşmən əsgər ilə çarpışıb elə onu öldürmək istəyəndə əsgər kəlimeyi-şəhadət gətirir. Ancaq Həzrəti Üsamə əsgərin ürəkdən deyil, qılınc qorxusundan kəlmeyi-şəhadət gətirdiyini düşünüb onu öldürür. Həzrəti Üsamə kimi böyük səhabənin hislərə qapılıb kimisə qeyz və nifrətlə öldürəcəyinə inanmırıq. Demək, məsələnin mahiyyətini hələ bilmirdi. Çünki o dövrdə hər şeyi tədricən, yeni-yeni öyrənir və həyata keçirirdilər. Allah Rəsulu (aleyhissalatu vəssalam) öyrətməsəydi, haradan biləcəkdilər?! Bundan xəbər tutan Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm): “Yoxsa yarıb ürəyinə baxdın?!” - deyərək Həzrəti Üsaməni elə məzəmmət edir ki, Zeyd ibn Harisənin oğlu bu igid sərkərdə: “Kaş bu günədək müsəlman olmayaydım!” - deyir. Yəni: “Kaş bu hadisədən sonra müsəlman olaydım, amma Peyğəmbərin məzəmmətinə tuş gəlməyəydim”.
  • Məsələnin zahirinə, görünən tərəfinə baxmaq və bunun əsasında hökm vermək islami bir prinsipdir. Bir insan kəlimeyi-şəhadət gətirirsə, o, müsəlman sayılır və tükünə də zərər vermək olmaz. Ona zərər vermək, dinə zərər vermək deməkdir. Ona zərər vermək Cənabi-Allahın qanunlarını pozmaqdır. Ona zərər yetirmək Peyğəmbərin (sallallahu aleyhi və səlləm) düsturlarına zərər verməkdir.

Din alimi sayılan insanların talançılığa səs çıxarmaması günahların geniş yayılmasına zəmin hazırlayır!..

  • Bu gün hüsnü-zənn anlayışı yerlə-yeksan olub. Onun-bunun xoşuna gəlməyəndə, kiminsə əmrlərinə tabe olmayanda, beyət eləməyəndə sağa-sola baxmadan “Bunların qeybətini etmək caizdir! İftira atmaq caizdir! Böhtan atmaq caizdir! Qaralamaq caizdir!” deyir və ən çirkin şeyləri mübah sayırlar ki, bu da bu çirkin əməllərin ayaq tutub yeriməsinə gətirib çıxarır... Cəsarətli bir adamın durub “Daha bəsdir!..” dediyini görmədim! Biz məhz belə bir dövrdə yaşayırıq.
  • Elə bir dövrdə yaşayırıq ki, kimsə durub yalana “yalan” demir, talançılığa talançılıq demir, iftiraya “iftira” demir. Üstəlik məscidlərdə “Filan sözləri deyin! Xütbələri filan məzmunda oxuyunr!” kimi göstərişlər verərək bir mənada xütbələrin məzmunu qabaqcadan müəyyənləşdirirlər. Bu cür hallar da həmin cürmləri mübah göstərərək geniş yayılmasına gətirib çıxarır! Dinin biliciləri sayılan insanların buna etiraz etməməsi də görülən işin doğruluğana, haramların caizliyinə dəlil olur. O günahları işləyənlərin vəbalı onların da ayağına yazılacaq. Və əgər o günah bir camaata qarşı, bir neçə camaata qarşı, insanlara qarşı işlənirsə, bunların da vəbalı bellərinə yüklənəcək. Çünki Qurani-Kərimin sözləri ilə desək, günaha səbəb olanlar azdırdıqları, yoldan çıxardıqları insanların vəbalını da – səbəb olduqları üçün – daşımalı olacaqlar.
  • Bəli, hər şeyin əndazədən çıxdığı, islami düşüncənin əsil məcrasından uzaqlaşdırıldığı bir dövrdə heç olmasa, bir Cameə (camaat) dilinə yalan gətirməməli, ürəyinə şər qoymamalı, duyğu-düşüncələrini daima gözdən keçirməlidir. El-aləmin günah işləməsi günahları mübah etməz! Hər kəsin günahı özünə aiddir. Heç kim heç kimin günahına görə sorğu-suala çəkiləsi deyil. Ənbiyayi-izam gəlib, ağı-qaradan, pisi yaxşıdan ayırıb, yolları işıqlandırıb, insanları əyri yolun pis əncamından çəkindirib, təbşir edib (doğru yolun gözəl aqibətini müjdə verib), doğru yolun gözəl aqibətini xəbər verərək qəlbləri şad eləyib, sevindirib, şahlandırıb, ruhlandırıb. Allah (cəllə cəlaluhu) heç bir dövrü boş qoymamışdır. İnşallah, Onun bizi boş qoymadığını düşünərək, bunun şüurunda olaraq doğru yol, yəni istiqamət düşüncəmizi bir daha gözdən keçirməli, Allaha layiqincə bəndə olmağa çalışmalıyıq.
  • Bu gün də keçmişdə olduğu kimi hər cür fitnə var. Kimisi firavan gələcək üçün özünü oda-közə vurur. Kimisi səltənətini qorumaq üçün hamının qarşısında əyilir, səcdə etmədiyi adam qalmayıb: “rüku bəs deyil, əyilmək azdır” - deyib başını yerə qoyur. “Sitayiş edirəm” - deyir. “Toxunan qurtular, cəhənnəm odu dəyməz” - deyir. Cürbəcür yalanlar, böhtanlar, iftiralar... Bir tərəfdən də “qarşı tərəf” adlandırdıqları, “yadlar” dedikləri insanlara hücuma keçirlər... və o zavallı kütlə, şüursuz kütlə bütün bu cinayətlərə dilsiz şeytan hissi ilə səssiz-səmirsiz qulaq asır. Əslində qulaq asmır, qulaq assa idilər, reaksiya verərdilər. Adama iynənin ucu dəyəndə reaksiya verir, ancaq elə bir səssizlik çöküb ki, zərrə qədər reaksiya, zərrə qədər etiraz eşidilmir: “Hiss yox, hərəkət yox, ağrı yox... Leş olmusan? / Heyrət verirsən mənə... Sən böylə deyildin. / Qurtulmağa əzmin niyə, bilməm ki, sürəksiz? / Özünmü sənin, yoxsa ümidinmi ürəksiz?” (M.Akif Ərsoy)

Gün gələcək peşman olacaq, üzr istəyəcəklər!..

  • Belə bir dövrdə Həzrəti Əbu Bəkir, Həzrəti Ömər, Həzrəti Osman, Həzrəti Əli, Həzrəti Həsən, Həzrəti Hüseyn (radiyallahu anhum əcməin) kimi doğruluqdan ayrılmayan heç olmasa bir Cameə olmalıdır... söyənə dilsiz, döyənə əlsiz olan, təhqirlərə görə küsüb-incinməyən bir Cameə olmalıdır. “Müqabileyi-bilmisl qaideyi-zalimanə (Zülmə zülmlə cavab vermək zalımlıqdır)” düsturuna sadiq qalan, problemləri böyütmədən, el-aləmin eşələdiyi, yaranı sağalmaz hala saldığı bir məsələyə paslı xəncəllə toxunmadan əlini, dilini, – Hacı Bektaşi Vəlinin sözü ilə desək – uçqurunu (belini) qorumalıdır.
  • Tufanlar azacıq səngisin, baharın nəfəsi azacıq hiss edilsin, hətta bir fəcri-kazib (dan yerinin sökülməsi) zühur etsin – indidən əlamətləri də görünür – peşmançılıq və üzr mövsümü də gələcəkdir, Allahın izni və inayəti ilə. Onda bu nümunəvi Hərəkatın, bu örnək camaatın mövqeyi təqdir ediləcəkdir. Bu mövqeyin gözəlliyini və həqarətlərin xalqa bir fayda gətirmədiyini hamı anlayacaq.
  • Toplum olaraq Orta Asiya ilə əlaqələrimiz var, Yaxın Şərqlə əlaqələrimiz var, Uzaq Şərqlə əlaqələrimiz var, Hindistanla, Pakistanla, Banqladeşlə, İndoneziya ilə əlaqələrimiz var. İslamiyyətə söykənən qardaşlıq əlaqələrimiz var... və bəlkə də, bütün dünya ilə ümumbəşəri dəyərlərə söykənən əlaqələrimiz var. Bu əlaqələr sayəsində, zənn edirəm ki, utopiya hesab edilən bu camaatdan, bu Hərəkatdan nümunə götürəcəklər. Bir mənada, bir vaxtlar hər kəs Söyüddəki “söyüd” ağacının kölgəsinə can atdığı kimi, sizdən də örnək götürəcəklər, Allahın izni və inayətilə.
  • Bunun sayəsində fitnə-fəsad fırtınası da sakitləşəcək, Allahın izni və inayətilə. Ancaq bundan ötrü özümüzü tez-tez gözdən keçirməliyik, uzun yola çıxan gəmimizin əyər-əksiyini yoxlamalıyıq, bu yolun enişli-yoxuşlu olduğunu unutmamalıyıq, ehtiyatımızı tədarük etməliyik... və ən vacibi həmişə Allahın rizasını düşünməliyik.

Sual: Müxtəlif ayələr bəzi insanların Zati-Üluhiyyətə, Rəsuli-Əkrəm Peyğəmbərimizə və Qurani-Kərimə qarşı qədirbilməzlik etdiyini bildirir. İstər iqtisadi, istərsə də şəxsi və ictimai münasibətlər fonunda imanın kamilliyi ilə qədirbilənlik fəziləti arasındakı əlaqəni izah edərsiniz?

  • Qurani-Kərimdə “Zati-Üluhiyyətə layiqincə qiymət verə bilmədiniz” mənasına gələn müxtəlif ayələr var. Ayələrin birində buyurulur: “Onlar Allahın qüdrət və əzəmətini lazımınca qiymətləndirmədilər, Ona layiqincə təzim etmədilər. Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. (Allah müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır!” (“Zumər” surəsi, 39/67). Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) xütbədə bəzi ayələri oxuyanda bərk həyəcan keçirərdi ki, onlardan biri də bu ayədir.

“Allahım, Sənə layiqincə təzim edə bilmədik!..”

  • Ayədə buyurulur ki: “İnsanlar Zati-Üluhiyyətin əzəmət və üluhiyyətini layiqincə uca tutmadılar. Bu səbəbdən də Ona layiqincə ehtiram göstərə bilmədilər, Onun yoluna sadiq ola bilmədilər, dönük çıxdılar”. Şübhəsiz, Ona sadiq insanlar da var və onlardan ən birincisi bəşəriyyətin baş tacı ənbiyayi-izamdır, ənbiyayi-izamın da baş tacı İnsanlığın İftixarı Peyğəmbərimizdir (sallallahu aleyhi və səlləm). Cənabi-Allahı Onun qədər yaxından tanıyan, Zati-Üluhiyyət qarşısında Onun qədər təmkin və təyəqquz göstərən ikinci bir şəxs göstərmək mümkünsüzdür.
  • İnsan Zati-Üluhiyyətin əzəmət və üluhiyyətinə layiqincə təzim edə bilmədiyini, bu məsələdə qüsurlara yol verdiyini qəbul etməlidir. “Allahım, Sənə layiqincə təqdir-təzim edə bilmədik! Nəşət etdiyimiz mühit, üstəlik özümüzün də səriştəsizliyimiz ucbatından Sənə səmimi qəlbdən ibadət edə bilməmişik. Çox vaxt zahirpərəstlikdən uzaqlaşa bilməmişik” deməlidir.
  • Cənabi-Allah bəzən belə insanları yüksək məqamlara ucaldar. Hiss elətdirmədən mənəvi məqamlara yüksəldər. Məsələn, Həzrəti Ustad deyir ki: “Allah rəhmət eləsin, iki cavan qardaşımız var idi: ilamalı Səbri və islamköylü Vəzirzadə Mustafa. Bu iki nəfərin − yazı yaza bilmədikləri halda – böyük səmimiyyətdə və iman yolunda xidmətdə çox öndə olduqlarını görür, heyrət edirdim. Hikmətini anlamırdım. Dünyadan köçəndən sonra başa düşdüm ki, hər ikisi də möhkəm xəstə imiş. Xəstəlik, bir mənada onları irşad etmiş, onlara doğru yolu göstərmişdi. Onlar qəflətə dalan və fərz ibadətləri yerinə yetirməyən cavanlardan fərqli olaraq yüksək təqvaya nail oldular, ima yolunda qiymətli bir xidmətdə canla-başla çalışdılar və axirətlərini abad etdilər.Ümid edirəm ki, iki illik xəstəlik və çəkdikləri əziyyət onların milyon illik əbədi səadəti qazanmasına vəsilə olacaq. İndi başa düşürəm ki, mənim onlara elədiyim bəzi dualar axirət baxımından bəddua imiş. İnşallah, o dualarım axirətdə qəbul olunmuşdur. İnanıram ki, bu iki şəxs on illik təqvanın savabını iki ildə əldə etdilər. Əgər onlar bəzi gənclər kimi sağlamlığa və cavanlığına arxayın olub qəflət və səfahətin qoynuna atılsa idilər, ölüm onları günah və çirkabın içində haqlasaydı, qəbirləri nur dəfinəsi əvəzinə əqrəb və ilan yuvası olardı”.
  • İnsan hansı məqamda olur-olsun, daim bu məsələnin dərdini çəkməli, bu dərdlə oturub-durmalıdır... Nə bilmək olar, bəlkə, bir gün Allah ona da o qapıları açar... O biri dünyada gözünü açanda görər ki, başı Peyğəmbərimizin ayaqları altındadır: “Oh, nə yaxşı!” deyib şad olar. Bundan böyük mükafat var? Dərindən nəfəs alar və üstündən Əbu Bəkir ətri gəldiyini duyar... Ömərin ətrini duyar... Osmanın ətrini duyar... Əlinin ətrini duyar... və valeh olar... Nə bilmək olar... Tutduğun yolda gözəl əməllərlə və bu təmiz, pak mülahizələrlə, dərini yerdən-yerə vuran dabbaq kimi nəfsini “aşılayaraq” ömrünü başa vursan, səni elə bir məqama yüksəldər ki... Təkəbbürlənməyəsən deyə, özünübəyənmişlik (ucb) etməyəsən deyə, eqoistliyə qapılmayasan deyə Allah (cəllə cəlaluhu) səni hifz edər, himayə edər. O biri tərəfdə gözünü açanda görərsən ki, Peyğəmbərimiz süfrənin başında əyləşib, sən də yanında oturub eyni boşqaba qaşıq çalırsan. Orada boşqab var, qaşıq var?! Mənim kimi işi qab-qacaqla olan insan ancaq bu cür misal çəkər, üzr istəyirəm.
  • İnsan şöhrət və öz məqamını öyrənmək arzusunda olmamalıdır. Yalnız və yalnız Allahın rizasını istəməlidir. Rəsuli-Əkrəmin yolunda sədaqətlə addımlamağa çalışmalıdır. Budur Haqq-taalaya layiqincə təqdir-təzim etməyin yolu. Mənzilə çatdınmı-çatmadınmı? O yarışın qalibi oldunmu-olmadınmı? Bu, səni çox da maraqlandırmamalıdır. Sən yalnız və yalnız kamillik axtarışında olmalısan, daha dərinə, daha dərinə, daha dərinə dalmalısan... Nə qədər dərində olsan da, özünü daim dayazda bilməlisən. Dərində olduğunu sananlar dayaz insanlardır. Dərinlərdə olmasına baxmayaraq özünü dayazda görənlər isə kamil insanlardır. Böyüklüyün əlaməti tövazökarlıq, kiçikliyin əlaməti isə təkəbbürdür.

Yoxsa tanımırlar deyə inkar edirlər?

  • Qurani-Kərimdə peyğəmbərlərin, ələlxüsus da Rəsuli-Əkrəm Peyğəmbərimizin insanlardan qədirbilməzlik gördüyünü bildirən, göstərən ayələr var. Məsələn, bir ayədə buyurulur ki: “Yoxsa öz Peyğəmbərini hələ tanımırlar və buna görə onu inkar edirlər?” (“Muminun” surəsi, 23/69). Onların dünyasını səadət işığına qərq etmək üçün haqq bəyanlarla gələn Haqq Peyğəmbəri tanımadılar? Tanımadıqlarına görəmi onu inkar edirlər, inanmaq istəmirlər, nankorluq edirlər?! Allahın bəşəriyyətə ən böyük ərməğanı Rəsuli-Zişandır (sallallahu aleyhi və səlləm). Bu neməti görmür və nankorluq edirlər.
  • Dünənəcən dürüstlüyünə şək-şübhə etmədikləri, dilindən doğrudan başqa bir şey eşitmədikləri bir insan bu gün vəhy gətirib onları haqqa səsləyəndə etiraz etdilər, qəbul etmək istəmədilər. Hər bir sözünə, hər bir əməlinə “əhsən” deyənlər o gündən sonra hər şeyi inkar etməyə başladılar. Bir mənada, eyni taleyi yaşayırsınız. İyirmi ildir, “Bizim qırx illik siyasi fəaliyyətimiz bunların gördüyü işlərlə müqayisədə dəryada damla kimidir!” - deyə bu fəaliyyətləri təqdir edir, alqışlayırdılar, “Bu çağda ən böyük tarixi hadisə” - deyirdilər. İndi nə oldusa birdən-birə dəyişdilər, dünənəcən təriflədikləri fəaliyyətlərə “Yerin dibinə batsınlar!” bədduasını yağdırmağa başladılar. Səfirlərə şikayət edir, ürəkləri soyumur, konsullara şikayətlənir, yenə də ürəkləri soyumur... Təbiətən xalqımıza qərəzli yanaşan bir millətə, bəlkə də, on dəfə şikayət etdilər, bu yaxınlarda yenə şikayət etdilər. Ondan (Peyğəmbərimizin məruz qaldığı şeylərdən) bir fərqi varmı bunun? Nəbini də (Ona canımız qurban) tanımaq istəmədilər, tanımaq bir yana, əvvəl dedikləri sözləri unudub nankorluq etdilər, o nemətin qədrini bilmədilər... Halbuki O, Allahın ən böyük neməti idi.

“Ey Rəbbim! Qövmüm bu Quranı tərk edərək ondan uzaqlaşdı!”

  • Qurani-Kərimə də qədirbilməzlik edilib. Belə ki, Cənabi-Allah buyurur: “O gün Rəsul da “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk edərək ondan uzaqlaşdı!” – deyəcək”. (“Furqan” surəsi, 25/30). Ayədə şikayət edən şəxs Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) də ola bilər, başqa peyğəmbərlər də. Bəzi təfsirçilər ayədə işlənən “Rəsul” ifadəsini əvvəlki və sonrakı ayələrlə birlikdə götürərək bildirmişlər ki, hər bir peyğəmbər bəzi insanlar tərəfindən inkar edilmiş, məsxərəyə qoyulmuşdur. Nəticə etibarilə bütün peyğəmbərlər gətirdikləri dinə ədavət bəsləyən belə şəxslərdən şikayət etmiş/edəcəklər. Bütün peyğəmbərlər Allah-taala tərəfindən göndərildiyinə, hamısı eyni həqiqətləri təbliğ etdiyinə görə və hər biri Cənabi-Allaha aparan yolları göstərdiyinə görə Həzrəti Adəmdən Rəsuli-Əkrəm Peyğəmbərimizə qədər (sallallahu aleyhi və səlləm) bütün rəsullara verilən sühuf və kitablara “Quran” demək mümkündür.
  • Necə yaşamısınızsa, elə də öləcəksiniz, necə ölmüsünüzsə, elə də diriləcəksiniz. Burada Allahı tanımaq üçün çalışıb-çabalamısınızsa, orada da sizi tanıyarlar. Burada Rəsulullahı (sallallahu aleyhi və səlləm) tanımaq üçün çalışıb-çabalamısınızsa, orada sizi Onun süfrəsində qonaq edərlər. Dünyada Onu inkar edən o qədər insan var ki... İnkarın əksi imandır, imanın zirvəsi sayılan ürfandır... Allah-taala (cəllə cəlaluhu) ürfanın mükafatı olaraq sizi röyəti ilə, rizvanı ilə şərəfləndirər, başınıza tac qoyar, padşah taxtında oturdar. Dünya səltənəti o padşahlığın yanında dəryada damla qədər də deyildir.
  • “Faniyəm, fani olanı istəməm. Acizəm, aciz olanı istəməm. Ruhumu Rəhmana təslim elədim, başqa bir şey istəməm. İstərəm, fəqət bir yari-baqi istərəm. Zərrəyəm, fəqət bir şəmsi-sərməd istərəm. Heç əndər heçəm, fəqət bütün kainatı birdən istərəm”. Budur yüksək ideallara könül verən bir insanın düşüncəsi!.. Budur əsl ideal.. Budur əsl sevgili... Budur uğrunda son nəfəsədək yorulmadan çalışmağa layiq məfkurə...