Nifaq (münafiqlik) mərəzi və şeytani ab-hava

Fəthullah Gülən: Nifaq (münafiqlik) mərəzi və şeytani ab-hava

Səbəbi kibir olan ölümcül ruhi-mənəvi xəstəliklər

  • Həqiqi müsəlmanlıqda təvazö və məhviyyət çox vacibdir. Kibir bir vaxtlar şeytanı yoldan azdırdığı kimi, bu gün də şeytanın əvanlarını və şəyirdlərini yoldan çıxarmaqda davam edir. Başqa sözlə desək, şeytan bir vaxtlar onu yoldan çıxaran kibir silahını bugünkü “ardıcıllarına” tuşlayıb. Onlar özlərini yüksəkdə görür, yüksəklərdə görünmək istəyir, hamıdan alqış umur, “Varsa da, yoxsa da sən!” iltifatını eşitmək istəyirlər. Bəli, bu, mənəvi bir mərəz, mənəvi bir xəstəlikdir. Əgər bir insan belə bir xəstəliyə yoluxmuş, qanına bu virusdan qarışmışsa, İslam alimlərinə görə, təkəbbür mərəzinə tutulmuş sayılır.
  • Kibirli bir insanın iman halqasına daxil olması, bir yolla daxil olmuşsa, orada davam gətirməsi çox çətindir. Baş götürüb gedər, nifaq çöllərində gəzib dolaşar, Allah qorusun, bir gün də küfr quyusuna təpəsi üstə yuvarlanar.
  • Nifaq, bir mənada küfür ilə iman arasında qalan orta mənzildir. Münafiq zahirən, görünüşdə müsəlmana bənzəyir, müsəlmanların elədiyini edir: namaz qılır, oruc tutur... Ancaq onun Allahla irtibatı yoxdur, o, məğrurdur, kibirlidir!
  • Kibr insanın aldanışıdır, öz mahiyyətini görməməsi, bilməməsi, özünü tanımaması və mənşəyindən bixəbər olmasıdır. Kibrin batini şəklinə “ücb”, yəni “gizlincə özünə bəyənmə”, zahiri şəklinə isə “fəxr”, yəni lovğalanma deyilir. Kibrin hər iki növü İmam Qəzali həzrətlərinin “möhlikat” adlandırdığı insanı həlakətə sürükləyən amillərdəndir.
  • Əgər insan bu cür “virus”lara məğlub olmuşsa, məscidə gəlsə də, namaz qılsa da, nicat tapması çətindir. Çünki bu mərəz başqa mərəzlərə zəmin hazırlayır, bunlara yoluxan insanlar da mərəzlər içində var-gəl edir. Mərəzlər bataqlığından heç cür çıxa bilmirlər.

Təvazö, məhviyyət və xəcalət

  • İstər “hərəkat”, istər “cameə”, istərsə də “camaat” deyin, bu yolda təvazö və məhviyyət əsas düsturdur. Həzrəti Pir bu həqiqəti üç sözlə ifadə edir: “Təvazö, məhviyyət və xəcalət”. Yəni başıaşağı olmaq, özünü heç görmək (özü haqqında yüksək fikirlərdə olmamaq), həmçinin həyalı olmaq, “Mən hara, müsəlmanlıq hara?!” düşüncəsi ilə yaşamaq bir düsturdur.
  • Nəfsini yerdən-yerə vurmayan insan kənarda günahkar axtarar və onu yerdən-yerə vurmağa çalışar. Öz yerini müəyyənləşdirə bilməyən və ənaniyyət bataqlığında çırpınan insanlar qüsurlarının, qəbahətlərinin, acınacaqlı vəziyyətlərinin üstünü örtmək üçün yalan xəbərlər yayaraq orda-burda günahkar axtararlar. Əlaqəsi olmayan insanları günahlandırar, xalqın fikrini-zikrini onlarla məşğul edərlər. Əslində, işlədiyi cinayətlərin üstünü örtə bilməz, amma xalqın diqqətini başqa məsələlərə çəkərək saxta yollarla məsuliyyətdən qaçmağa çalışırlar. “Günahsız insanları mücrim elan eləsək, xalqın başı qarışar, camaatın fikri onlara yönələr və bizim cinayətlərimizi heç kim görməz” deyə düşünürlər. Bütün mücrim və günahkarların ortaq cəhəti, ortaq düşüncəsi budur.

İslam dünyasının taleyinə münafiqlər hakimdir!..

  • Bəlkə də, dinə, dinin ruhuna, Allahla, Peyğəmbər və Quranla irtibata ən çox düşmənçilik edən ən təhlükəli insanlar məscidə gələ-gələ bu əməllərindən əl çəkməyənlərdir. Çünki bu cür insanlara hamı aldana və inana bilər. Namazda sizinlə eyni cərgədə dayanan bir adam haqqında pis fikirləşməzsiniz, sui-zənn etməzsiniz. Buna görə də Həzrəti Pir: “Biz müsəlmanıq, aldansaq da, aldatmarıq!” - deyir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurur ki: “Mömin safdır (təmiz qəlblidir və insanlara hüsnü-zənn bəsləyir), kərimdir (şərəfli və izzətlidir), facir/münafiq isə hiyləgərdir, ləimdir (ömrü fırıldaqçılıqla keçir, alçaqlı edir)”.
  • Həqiqi möminlərin gözləri açılana və bu məsələni doğru dərk edənədək bu nifaq (münafiq) şəbəkəsi münafiqlikdən əl çəkməyəcək və safürəkli müsəlmanlara istədiklərini elətdirəcəklər.
  • Buna görə də bizə nəfsini yerdən-yerə vuran insan lazımdır! Gündə bir neçə dəfə təvazö və məhviyyətlə Allahın hüzurunda boyun bükən, Onun qarşısında iki qat olan insan lazımdır. Öyülməyi söyülmək kimi görən insanlara ehtiyac vardır. Həqiqi mömin öyülməyi söyülmə sayar. (...) Budur səmimi qəlbdən inanan insanın öyülməyə münasibəti! Qazandığınız müvəffəqiyyətlər üzünüzə deyiləndə əyiləcəksiniz, utanacaqsınız. Budur möminə yaraşan düşüncə! Ancaq indi münafiqlər çoxdur, münafiqlərə aldananlar isə daha çoxdur. Belə insanların içində xeyirxah fəaliyyətləri müvəffəqiyyətlə həyata keçirmək də xeyli çətindir. Cənabi-Allah inayətini bizdən əsirgəməsin.
  • Bəşəriyyətin doğrunu eşitməyə, doğrunu hiss etməyə, hər şeyi doğru görməyə və doğru dərk etməyə ehtiyacı var. Bütün bəşəriyyətin buna ehtiyacı var, ən çox da İslam dünyasının. Çünki İslam dünyasının taleyinə münafiqlər hakimdir!...

“Şəri xeyirlə və ən gözəl şəkildə dəf et!..”

Sual: “Qurani-Kərimdə keçən

اِدْفَعْ بِالَّتىِ هِىَ اَحْسَنُ السَّيِّئَةَ نَحْنُ اَعْلَمُ بِمَا يَصِفُونَ

ayəsindən sonra

وَقُلْ رَبِّ اَعُوذُ بِكَ مِنْ هَمَزَاتِ الشَّيَاطِينِ وَاَعُوذُ بِكَ رَبِّ اَنْ يَحْضُرُونِ

buyurulur.“Şəri xeyirlə dəf et” ayəsinin ardınca sonra istiazə əmrinin gəlməsinin hikməti nədir və bu ayələri necə başa düşməliyik?

  • Şəri xeyirlə dəf etməyə çalışmaq mömin əxlaqıdır. Qurani-Kərimdə bu məsələ fərqli şəkildə diqqətə çatdırılır. O cümlədən buyurulur:

    وَلَا تَسْتَوِي الْحَسَنَةُ وَلَا السَّيِّئَةُ اِدْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ
    “Yaxşılıqla pislik eyni ola bilməz! O halda sən pisliyi yaxşılıqla dəf et! Bir də görərsən ki, aranızda düşmənçilik olan şəxsi səmimi bir dost olub!” (“Fussilət” surəsi, 41/34)

  • Xalq arasında məşhur bir deyim var: “Yaxşılıq etdiyin insanın şərindən özünü qoru!” Mənim fikrimcə, bu deyim bir az eqoist ifadədir. Ona görə də dəyişdirib: “Şərindən qorxduğun insana belə yaxşılıq et” - deyirəm. Bir tikə çörəyə bal-qaymaq sürt ver, yesin. Ağzı çərənçilik etməkdənsə, qoy yemək yeməklə məşğul olsun.
  • Sualda verilən ilahi bəyanda Cənabi-Allah belə buyurur:

    اِدْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ السَّيِّئَةَ نَحْنُ أَعْلَمُ بِمَا يَصِفُونَ
    “Onlar nə edirlər-etsinlər, sən pisliyi yaxşılıqla dəf et! Biz onların sənin haqqında irəli sürdükləri əsassız ittihamları çox yaxşı bilirik!” (“Muminun” surəsi, 23/96)

    Bu ayədə bizə yüksək İslam əxlaqı – pisliyə qarşı yaxşılıq etmək öyrədilir. Bir atalar sözü var: Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir!”

Ey Rəbbimiz, şeytanların vəsvəsələrindən və ab-havamızı çirklətmələrindən Sənə sığınırıq!

  • Şeytan bəzi insanların ətrafında pis aura meydana gətirir: orada qeyri-ciddi ab-hava əmələ gətirir, batil şeyləri (çirkin mənzərələri) təsvir etdirir, nifrət duyğusunu körükləyir və insan mahiyyətindəki şəhvət, qəzəb hislərini oyadır. Beləcə, toruna düşən adamların gözlərini bulandırır, ağlını başından alır. Bəli, o, vəsvəsələrini dayanmadan üfləyir, insi şeypurları da onun nəfəsini pafoslu sözlər, dialektika ilə səsə çevirirlər. Yəni dalbadal işarə və eyhamları ilə bəzək-düzəkli sözlər təlqin edirlər. Bu sözlərin təkcə zahirinə baxanlar aldanır və onların şeytanlığına mənftun olurlar. Bu baxımdan da insi-cinni şeytanların hücumlarına qarşı lətifələrimizi (ruhi hislər, ruhi “orqanlar”) gücləndirməli, nəfsani/şeytani hiylələrdən qorunmaq üçün özünümüdafiə qabiliyyətimizi möhkəmləndirməli və Qurani-Kərimin öyrətdiyi kimi Allaha sığınmalıyıq:

    وَقُلْ رَبِّ أَعُوذُ بِكَ مِنْ هَمَزَاتِ الشَّيَاطِينِ وَأَعُوذُ بِكَ رَبِّ أَنْ يَحْضُرُونِ
    “De ki: “Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların yanımda olmalarından (ətrafımdakı ab-havanı çirkləndirmələrindən) Sənə pənah gətirirəm, ey Rəbbim!”” (“Muminun” surəsi, 23/97-98)

    De: “Allahım, şeytanın məni təhrik etməsindən, onun günaha çağıran bəzi siqnallarından Sənə sığınıram. Bu şeytanların başıma yığışıb məni dövrəyə almasından da Sənə sığınıram.”

Şeytanı qaçıran əməllər

  • Əgər bir günah şəxsi olub zərəri yalnız onu işləyən adama dəyirsə, mümkün qədər üstü örtülür və ona doğru yol göstərilir. Ancaq bir günah bütün xalqa zərər verir, cəmiyyəti kökündən sarsıdırsa və bütün millətin haqqı ilə bağlıdırsa, ona susmaq olmaz. Belə hallarda hökmən ya əlinlə mane olacaqsan və ya dilinlə doğru yolu göstərəcəksən ya da o əmələ qəlbində ikrah hissi bəsləyəcəksən. Məsələn, salam verəndə üzünü çevirəcəksən. Bütün bunlar onu günah bataqlığından çəkib çıxarmaq üçün vacib əsaslardır.
  • Şeytan möminə xas ab-havadan narahat olur. Əbu Hüreyrə həzrətlərinin rəvayət etdiyi bir hədisdə Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurur: “Azan oxundumu, şeytan qaçmağa başlayır və qaçarkən azan səsini eşitməmək üçün yel buraxmağa oxşar bir səs çıxarır. Azan qurtaranda qayıdır. İqamə oxunanda yenə qaçır. İqamədən sonra yenə gəlir və namazda insanla nəfsi arasına soxulur: “Filan şeyi də yada sal, filan şeyi də yada sal!” deyərək ağla-xəyala gəlməyən şeyləri xatirinə gətirir. Hətta insan elə hala düşür ki, neçə rükət qıldığını unudur”. Bəli, azan oxunanda, ürəkdən “əlhəmdulilləh” deyəndə, Cənabi-Allahın hüzurunda bel bükəndə, başınızı səcdəyə qoyanda şeytan qaçıb uzaqlaşır.

Şeytanı məst edən hərəkətlər!..

  • Nəfs şeytanın insandakı mərkəzidir. Şeytan siqnallar göndərir, nəfs də onları oxuyur. Sonra da insana təlqin edir. İnsan elə bilir ki, bu şər fikirləri özü deyir, halbuki bu şeytanın ilhamlarıdır. Ustad həzrətləri buyurur ki: “İblisin ən böyük hiyləsi onun sözü ilə oturub-duranlara öz varlığını inkar etdirməsidir”. Bu, ikinci qəflətdir. Birincisi, şeytanın təhriklərinə aldanmaqdır ki, bu, cahillikdir. İkinicisi, “Mən elədim, mən etdim! Şeytan yoxdur, nəfs yoxdur!” deməkdir. Bu da iki qat cahillikdir.
  • Qurani-Kərim şeytanın vəsvəsəsindən bəhs edərkən “vəhy” kəlməsindən istifadə edir. Bunun bir hikməti də odur ki, insanlar şeytanın onlara üflədiyi fikirləri xəbərdarlıq və ilham zənn edir. “Yaman ağlıma gəldi! “Qərməti” dedim, “Xaşxaşi” dedim, “qan soran zəli” dedim, gör ha, quşu lap gözündən vurdum”. Qafilin xəbəri yoxdur ki, əslində onu gözündən vururlar. Şeytan da onun arxasınca: “Oxxay, necə gözəl təkrar edir. Hər sözümü təkrar etdikcə məst oluram!” - deyir.