Paranoyyanın şərti, qeyri-məşru sevginin nəticəsi və iradənin qüvvətlənməsi

Fəthullah Gülən: Bam teli: Paranoyyanın şərti, qeyri-məşru sevginin nəticəsi və iradənin qüvvətlənməsi

Çay süfrəsində həqiqət damlaları: On əlimiz də olsa, hizmətə yetməz!

  • Daim yaxşı fikirdə olmaq, gözəl görməyə çalışmaq və yaxşı şeyləri yaymaq lazımdır. Əksinə bəzi insanların paranoyyasına paranoyya ilə cavab versək, “Filan kəslər bizə başqa cür yanaşırlar. Haqqımızda belə düşünürlər. Onda biz də bunu elə edək, bunu belə edək!” kimi vəhmlərlə paranoyyalar əsasında planlar qursaq, başımız elə qarışar ki, əsas iş ortada məəttəl qalar. (00:38)
  • Biz heç kimin paranoyyasına məhəl qoymadan doğru bildiyimiz işləri görməkdə davam etməliyik. Bu doğru işlər ilk öncə Allahı bəndələrə sevdirmək, Rəsuli-Əkrəm Peyğəmbərimizi (sallallahu əleyhi və səlləm) hər kəsə tanıtmaq və bacarırıqsa, bütün insanları Cənnətə yönəltməkdir. Biz məhz bu doğruları həyata keçirməyə köklənməliyik. (01:53)
  • İlahi Bəyanda rauf və rəhim kimi xarakterizə edilən Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) insanları əbədi fəlakətdən qurtarma amalına o qədər ürəkdən bağlı idi ki, Qurani-Kərim onun çəkdiyi iztirabı “Yoxsa bu Qurana inanmasalar, arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!” (“Kəhf” surəsi, 18/6) ayəsi ilə ifadə edir. Həm düzəliş və tənbeh, həm də təqdir və iltifat mənasına gələn bir digər ayədə də Cənabi-Allah Rəsuli-Əkrəmə “İman gətirməyəcəklər deyə, az qala, özünü həlak edəcəksən!” (“Şuəra” surəsi, 26/3) deyə xitab edir. Bu kimi ayələr bəşəriyyətin əbədi səadətini düşünməkdən irəli gələn hüzün yolunu göstərir və bizə “yaşatma hissi”nə bağlanmağın zərurətini xatırladır. (02:56)
  • El-aləm sizin haqqınızda filan şeyləri düşünür, paranoyyaları ilə planlar cızırlar. Bəziləri “Biz müəyyən bir yolla, müəyyən üsulla müəyyən şeylər əldə etdik. Bunlar da güclənsələr, eyni şeylərə əl atarlar!” düşünmüş ola bilər. Əleyhimizə min cür hiylə işlədə bilərlər. Ancaq bu kimi şeylər bizə mane olmamalı, bizi yolumuzdan döndərməməlidir. Bizim duyğu-düşüncəmiz ancaq Allahı və İnsanlığın İftixarını sevdirmək olmalıdır. (04:08)
  • Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurur: “Allahı qullara sevdirin ki, O da sizi sevsin!” Lakin biz bunu həyata keçirə bilmədik. Biz insanlığa (ilahi dinin unudulduğu) fətrət dövrünü yaşatdıq. Nəfsani arzulardan keçərək dünyaya İnsanlığın İftixarını tanıda bilmədik. İnsanların qəbul etməsi, “O, böyük insandır” deməsi belə çox əhəmiyyətlidir. Bunu desələr, Allah onlara ikinci addımı atdırar, “Muhəmmədun Rəsulullah” da dedirdər beləcə onlar da qurtular. Halbuki, bəşəriyyətə fətrəti biz yaşatdıq. Bəlkə bunda onların da rolu vardı, laqeydliyin, qərəzin, abanın (yönəldən, yol göstərən ata) törətdiyi fəsadların da təsiri vardı. Ancaq biz azca tanıda bilsəydik, İslamın gözəlliyini danışdığımız qədər davranışlarımızla da nümayiş etdirsəydik, bəlkə də, dünya bu qədər qaranlığa batmazdı. (04:50)
  • Sizə yaxın, hətta çox yaxın, eynilə sizin kimi düşünən, alnını səcdəyə qoyan, Allahın hüzurunda iki qat olan insanlar belə sizə sui-zən bəsləyə bilər. Ancaq onlar nə düşünürlər düşünsünlər paranoyya “qələmi” ilə nə cür planlar cızırlar-cızsınlar, bizim vəzifəmiz əvvəla Allahı və Peyğəmbərini sevib sevdirmək sonra da insanlara Yaradandan ötrü bir-birini sevməyi aşılayıb sülhü, əmin-amanlığı bərqərar etməyə çalışmaqdır. Bunu həyata keçirmək üçün ilk növbədə dağınıqlıqdan yaxa qurtarmalı və el-aləmin media vasitəsilə ortaya atdığı iddialara əhəmiyyət verməməliyik. (09:15)
  • Ehtimallara əsaslanaraq plan qurmaqdan uzaq olmalıyıq, zira bunun arxasında çox böyük bir sui-zənn dayanır. “Hər kəs pislik edə bilər” ehtimalı plan və layihələr hazırlamaq ciddi sui-zəndir. Sui-zən isə bəzən insanı üzüstə yerə çırpır. (11:05)
  • Xülasə, öz işimizlə məşğul olaq, kiminsə paranoik düşüncələri ilə məşğul olub himmətimizi, gücümüzü, fikrimizi dağıtmayaq. Həzrəti Ustad buyurur: “İki əlimiz var. Yüz əlimiz olsa, nura çatar. Toppuz tutası əlimiz yoxdur” (12:02)

“Qeyri-məşru məhəbbətin nəticəsi mərhəmətsiz əzabı çəkməkdir”

  • Həzrəti Pir “Qeyri-məşru məhəbbətin nəticəsi mərhəmətsiz əzabı çəkməkdir” düsturuna diqqətimizi çəkir. Bəli, böyük ehtiram göstərdiyimiz elə insanlar var ki, əslində onlar ilahi dərgahda bu sayğıya layiq deyillər. Ancaq bu məsələdə müvazinəti qoruya bilməsək, oturub-durub “onlardan başqası yoxdur” desək, onların əli ilə qəfil elə bir müsibətə məruz qalar, dünyaya gəldiyimizə min dəfə peşman olarıq. (12:45)
  • Tarazlıq mühüm məsələdir, ona diqqət etmək lazımdır. Kim hansı səviyyədə nəyə layiqsə, o qədər sevgi göstərmək lazımdır. Dəli-divanə kimi sevilməyə isə ancaq Allah, İnsanlığın İftixarı, Raşid Xəlifələr və dərəcəsinə görə səhabələr layiqdir. Cəmiyyətdə əsasən bu hisləri dirçəltmək lazımdır.
  • Biz Allah və Peyğəmbər sevgisindən məhrum insanlarıq Keçmişdəki kimi, məscidlərdə Allah Rəsulunun adı çəkiləndə huşunu itirən neçə insan göstərə bilərsiniz? Heç belə bir adam görmüsünüz? Bəli, biz məhəbbətdən məhrum insanlarıq. Allah sevgisini, Peyğəmbər sevgisini aldılar əlimizdən Sevmə qabiliyyətimizi tamamən dünyaya və nəfsimizə köklədilər. Sevgiyə layiq olanları lazımi səviyyədə sevə bilmədik. Sevgidən sui-istifadə etdik. Bəzən bir insan “bizə yaxşılıq edəcək” deyə ona elə sevgi bəslədik ki, “qazancımız” Allahın qəzəbi oldu, Cənabi-Allahı bizə bir sillə çəkdi, “Ağıllı olun onlar bu alqışa, bu sevgiyə layiq deyillər” dedi. (14:12)
  • Bəli, sevgidə tarazlığı qoruya bilmədiyimizə görə qeyri-məşru sevginin cəzası olaraq mərhəmətsiz əzablara tuş gəldik. Allah tənbeh edir: “Ağıllı olun onlar buna layiq deyil!” (15:28)
  • Anladılan həqiqətlərin insanların vicdanında “tutması”nı istəyiriksə, bir yolumuz var: səmimi qəlbdən inanmaq və inandığımızı yaşayıb insanlara çatdırmaq. Cənabi-Allah Hz. İsaya: “Ey İsa! Əvvəla nəfsinə nəsihət et. Nəfsin bu nəsihətə itaət etdikdən sonra insanlara xeyirxahlıq et, əks halda Məndən utan”, ‒ buyurur. (16:24)

Sual: İradə nədən güc alır, insan polad iradəyə yiyələnmək üçün iradəni hansı yollarla gücləndirmək mümkündür?

  • İradə ilk növbədə imanın gücü ilə düz mütənasibdir, dolayısilə imanı, Allahla və Rəsuli-Əkrəmlə (sallallahu əleyhi və səlləm) irtibatı möhkəmləndirmək lazımdır. (18:12)
  • İradə vicdan mexanizminin dörd əsasından biridir. Bədiüzzamanın bənzərsiz üslubu ilə ifadə etdiyi kimi iradə “Bir meyil və ya meyilləri idarə etməkdir”. Həzrəti Ustad “Qədər” risaləsində iradəni möhkəmlətməklə bağlı bir açar söz deyir: “Dua və təvəkkül xeyrə meylə böyük bir qüvvət verdiyi kimi, istiğfar və tövbə də şərə meylin kökünü kəsir, təcavüzünə mane olur”. (20:47)
  • Şəddad ibn Övsün (radiyallahu anh) rəvayət etdiyi bir hədisin “seyyidül-istiğfar” adlandırılan hissəsi bağışlanma diləmək üçün gözəl bir duadır: “Allahım, Sən mənin Rəbbimsən. Səndən qeyri ilah yoxdur. Məni Sən yaratdın və mən Sənin qulunam. İman və ibadətdə gücüm çatdığı qədər əhdimə sadiqəm. Ya Rəbbim, əməllərimin şərindən Sənə sığınıram. Sənin mənə bəxş etdiyin nemətləri iqrar və etiraf etdiyim kimi, qüsur və günahlarımı da boynuma alıram. Rəbbim, Sən məni bağışla. Zira Səndən qeyrisi günahları bağışlaya bilməz, yeganə Ğafur Sənsən”. (Bu duanı hər səhər dörd dəfə oxumaq sünnətdir). (22:27)
  • İslamiyyəti mükəmməl yaşamaq, mükəlləfiyyətləri həssaslıqla yerinə yetirmək və imanı əməllə möhkəmləndirmək də iradəyə qüvvət verir. Bundan əlavə Haqq inayətinin görən göz, eşidən qulaq, danışan dil və tutan əl olub insanın dadına çatması isə təhəccüd kimi nafilə namazlardan asılıdır. (23:28)
  • Şair deyir: “Bir bağ, görməsə tərbiyə, tumar. Kol-kos basar, tikanlıq olar”. Gül-gülüstan, bağ-bostan olmağa əlverişli bir qəlb, bir iradə tərbiyədən keçməsə, tikan tarlasına dönər. (24:47)
  • İmanla küfr bir-birinin tam əksidir. Bir insanda küfrün xüsusiyyətləri varsa, bəzi mömin vəsfləri ondan uzaqlaşar. Odur ki, küfrün ən kiçik iz və əlamətindən belə uzaq qaçmaq lazımdır. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir hədisində buyurur: “Bu üç xüsusiyyət kimdə olsa, imanın dadını alar: Allahı və Rəsulunu hər şeydən və hər kəsdən çox sevmək, sevdiyini yalnız Allah rizası üçün sevmək və Allah onu küfrdən qurtardıqdan sonra yenidən küfrə, inancsızlığa düşməkdən oda atılmaq qədər qorxmaq”. (27:22)
  • Bəli, iradə bir meyil və ya meyli idarə etməkdir. Yəni iki seçim qarşısında qalan bir insanın ikisindən birini seçmək üçün ortaya qoyduğu cəhddir. Əslində burada səbəb-nəticə əlaqəsinə baxılmır. Yəni dünyanı işıqlandıran bir elektrik şəbəkəsinin düyməsinə toxunmaqla işıqların yanması, yaxud da insanın üfürməsi ilə nəhəng planetlərin parçalanması və ya əmələ gəlməsi kimi İbadətlərin müqabilində dadı dəyişməz irmaqları, süddən çayları, ləzzətli şərab nəhrləri və təmiz baldan irmaqları olan əbədi Cənnətin (“Muhəmməd” surəsi, 47/15) verilməsi də buna bənzəyir. İnsan öz-özlüyündə əbədi ola bilməz, amma Allahın əbədiyyətinin kölgəsinə girib axirətdə əbədi olacaqdır. (28:37)
  • İnsanın iradəsini layiqincə ortaya qoyması dua yerinə keçir. Səmimi dua edəni də Cənabi-Allah əli boş qaytarmır. Qurani-Kərim bu həqiqəti belə ifadə edir: “Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər”. (“Bəqərə” surəsi, 2/186)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.