Peyğəmbərvari isteğna və geniş mənada “yolsuzluq”

Fəthullah Gülən: Peyğəmbərvari isteğna və geniş mənada “yolsuzluq”

  • Həqiqəti həssas ölçülərlə tapmağa çalışmaq lazımdır. Bütün söz və hərəkətlər vicdanın həssas tərəzisində “çəkilərək” qarşı tərəfə çatdırılmalıdır. (00:30)
  • Qurani-Kərimin: “Sənə əmr edildiyi kimi, düz (yolda) ol” (“Hud” surəsi, 11/112) bəyanına sadiq qalaraq hərəkət etmək lazımdır. Namazda gündə qırx dəfə “Fatihə” surəsini oxuyub “Bizi doğru yola, sirati-müstəqimə yönəlt!” deməklə əslində biz həmin istəyimizi dilə gətirmiş oluruq. (03:35)
  • Hər yerdə, hər an Haqqın adını zikr etmək, hidayət yolunda olmaq və bu inamla gününü başa vurmaq istəyənlərin alıb-verdiyi nəfəs belə ibadətdir. Allah Rəsulu Peyğəmbərimiz buyurur ki, işa namazını qılıb sonra sübh namazına qalxmaq niyyəti ilə yatağa girən möminin yuxuda alıb-verdiyi nəfəs belə zikr/sədəqə sayılır. (05:50)
  • Cənabi-Allah bəndələri ilə mərhəmətlə müamilə etmiş və hər kəsin çiyninə gücü çatan işi yükləmişdir. İbadət və übudiyyət “təklifi-malayütəq”, yəni güc çatmayan şeylər deyil, azca qeyrət göstərən öhdəsindən gələ bilər. (07:27)
  • Adanmış insanların Onu diləmək və bu ülvi diləyi bəndələrə aşılamaqdan qeyri bir arzu-istəyi olmamalıdır. (08:35)
  • Bir qüdsi-hədisdə Allah-taala buyurur: “Saleh bəndələrimə gözlərin görmədiyi, qulaqların eşitmədiyi və ağlın təsəvvür etmədiyi şeylər hazırlamışam”. (09:50)
  • Onu diləməkdən və bu niyaz hissini insanlara aşılamaqdan daha böyük bir şey yoxdur. (11:28)
  • İsteğna (göz-könül toxluğu) və təmənnasızlıq Peyğəmbərlik yolunun düsturu, əsasıdır. İnsanların qurtuluşu naminə şəxsi həyatı heçə sayma, hər gün ölüb-ölüb dirilmə, dayanmadan çalışma, zəhmət çəkmə, məşəqqətlərə dözmə və buna müqabil zərrə qədər təmənna ummama kimi məziyyətlər irşad yolunun ruhudur. Belə ki, Həzrəti Nuh, Həzrəti Hud, Həzrəti Saleh, Həzrəti Lut, Həzrəti Şueyb (Peyğəmbərimizə və bütün peyğəmbərlərə səlat və salam olsun): “Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!” (“Şuəra” surəsi, 26/109) eyni şüarı təkrar edərək bütün peyğəmbərlərin duyğu-düşüncəsinə tərcüman olmuşlar. Allah-taalanın Sultani-Rəsul Peyğəmbərimizə: “De: “Mən (bunun müqabilində) sizdən heç bir muzd (mükafat) istəmirəm, o, sizin olsun. Mənim mükafatım ancaq Allaha aiddir. O, hər şeyə şahiddir!” (“Səba” surəsi, 34/47) xitabı da nübüvvətin bu ülvi cəhətindən xəbər verir. (12:40)
  • Allah-taala (cəllə cəlaluhu) Rəsuli-Əkrəm (sallallahu aleyhi vəsəlləm) Peyğəmbərimizə: ““De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq sevgisindən başqa bir şey istəmirəm” (“Şura” surəsi, 42/23) buyuraraq Ondakı isteğnanı diqqətə çatdırır. Ayədə “qohumluq sevgisi” kimi məalı verilən “əl-məvəddətə fil-qurba” ifadəsini bəziləri “Sizdən yalnız ən yaxın qohumlarıma (Həzrəti Əli, Həzrəti Fatimə və övladları) məhəbbət bəsləməyinizi istəyirəm” mənasında izah etmiş, bəziləri də “Sizdən heç bir mükafat istəmirəm, istəyim odur ki, qohumluğumuz xatirinə qohumluq hüququna riayət edəsiniz, Mənə məhəbbət bəsləyəsiniz və Haqqa yönələsiniz” şəklində başa düşmüşlər. Bəziləri isə “İstəyim odur ki, Allaha yaxşı əməllərlə yaxınlaşmağı diləyəsiniz” şəklində izah vermişlər. (20:00)
  • Həzrəti Ömər bir gün Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) üzündə həsir izlərini görəndə gözləri yaşarır. “Ya Rəsulallah, Sasanilər elə, Romalılar belə...” deyib güzəranını bir az yaxşılaşdırmağa işarə edir. Allah Rəsulu Ömərə (radiyallahu anh) cavab verir: “Mənim dünya ilə nə işim var! Mən dünyada ağacın altında azacıq dincəlib sonra yoluna davam edən yolçu kimiyəm” (Tirmizi, “Zöhd” 44). Hamı bilir ki, O (sallallahu aleyhi vəsəlləm) istəsəydi, səhabə əlində-ovucunda nə varsa, gətirib Onun yerinə sərərdi. Ancaq İnsanlığın İftixarı özünü ağac altında bir qədər aram verib sonra yola davam edən bir yolçuya bənzədir, dünya ilə əlaqəsinin bu qədər olduğunu bildirmişdi. Və ruhunu Allaha tapşıranadək bu cür yaşamış, ümmətinə də isteğna şüurunu təlim etmişdir. (22:55)
  • Ömrünü insanlığın xidmətinə həsr edənlər ancaq peyğəmbər yolunu rəhbər tutmaqla uzunömürlü “əsərlər” ərsəyə gətirə bilərlər. Əks halda Harun kimi yola düşüb “qarunlaşanlar” xəzinə ilə birlikdə yerin dibinə batar, qiyamətədək lənətlənərlər. Heç olmasa, bu mübarək dairədə həyatını iman və Quran yoluna həsr edənlər “Filan şeydən faydalanım. Xətrimi istəyənlərə deyim, filan işdən mənə də bir pay ayırsınlar” kimi düşüncələrdən uzaq olmalıdırlar. Əgər azacıq lənətə, bədduaya, “Yerin dibinə batsın!” deməyə meylim, dilimin bir ucunda yer olsaydı, “Millətə xidmət edirik” deyib şəxsi məneafeyini düşünənlərə, hər işdə mənfəət güdənlərə, özünə pay çıxanlara və pay verənləri başa keçirənlərə “Allah sizi çolum-çocuğunuzla, arzu, ümidlərinizlə yerin dibinə batırsın, həlak etsin!” deyərdim. Amma deməmişəm, çünki dilimdə belə bir şeyə yer yoxdur. İqbalın dediyi kimi: “Dualarla yalvardım, lənətə, bədduaya “amin” demədim!” (23:47)
  • Yol İnsanlığın İftixarı Peyğəmbərimizin, Həzrəti Əbu Bəkirin, Həzrəti Ömərin getdiyi yoldur. Başqa yollar yol deyil, “yolsuzluq”dur. İnsan bəzən bilmədən yolunu azıb min cür “yolsuzluğa” girir. Və “yolsuzluq” insanı bir yerdə güldürsə də, bir gün elə ağladır ki, orada “Ah kaş ölüb gedəydim, torpaq olaydım, amma bunları görməyəydim!” deyərsən.
  • Dünyanın bir üzü çox qiymətli və dəyərlidir, o biri üzü isə əksinə. Hətta hədislərdə dünyanın bu üzü “leş”ə, onun dalınca düşənlər də köpəyə bənzədilmişdir. Həzrəti Ustad bu zahirən dilemmaya bənzəyən məsələni “Dünyanın üç üzü var” deyib izah edir.
  • *Qurani-Kərim buyurur: “Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır” (“Ali-İmran” surəsi, 3\14). Ayədə “şəhəvat” kimi təqdim edilənlər halal nemətlərdir, ancaq harama da səbəb olma ehtimalı var. Bu halal nemətləri süsləyib insana gözəl göstərən Allah-taaladır. Onlara haram donu geydirənsə şeytan və insanın cahilliyidir. Dünya məhz bu cəhətinə görə pislənilir. Bu iştahı qabardan şeylər dünya həyatını davam etdirmək və Allaha varid olmaq üçün bir vasitədir. Bu vasitələri məqsədə çevirmək və yüksək məqamları əldən vermək isə böyük axmaqlıqdır. Çünki bu cür insanlar ömrün çoxunu bu zövqləri əldə eləmək hərisliyi ilə alışıb yanaraq keçirirlər. Dünyadan köçəndə də onlardan ayrıldıqlarına görə əzab çəkirlər. (32:00)
  • Soyuyan çay, tarixdə ibrətamiz hadisələr və həqiqət damlaları... (38:28)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.