Qəlb qəsvəti və münkirlərlə oturub-durmaq
Çay süfrəsində həqiqət damlaları
- Görülməli işləri qüsursuz görməli, iradə, mövqe və imkanımız nəyə əl verirsə, onu nöqsansız ortaya qoymalı, sonra da “Deyən, bu sahədə daha yaxşı işlər görmək olardı, yəqin mənim qabiliyyətsizliyim, iradəsizliyim və bəzi günahlarım buna mane oldu. Allahım, bu kiçik əməllərimi qəbul buyur, nöqsanlarım üzündən eləmədiklərimə görə də məni bağışla!..” deməliyik. Zira “Gördüyüm hər iş nöqtəsi vergülünə kimi düzdür” düşüncəsi fironsayaq iddiadır. (01:00)
- Cənabi-Haqq bu ayə ilə möminlərin xeyir və şərə (yaxşılıq və pisliyə) münasibətini müəyyənləşdirir: “Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir” (“Nisa” surəsi, 4/79) (03:35) .
- “Buxari” və “Müslim” kimi ən mötəbər qaynaqlarda bunu təsdiq edən hədislər vardır. Məsələn, Peyğəmbərimiz (əleyhi əkməlütt-təhaya) bəhimi həyat sürən əxlaqsız bir qadının qurtuluşundan bəhs edərkən buyurur: "Bir gün çox susayır, dili-dodağı təpiyir. Yolda bir quyuya rast gəlir. Quyuya düşüb sudan doyunca içir. Quyudan çıxanda susuzluqdan əldən düşmüş, torpağı yalayan bir it görür. "Bu da mənim kimi yaman susayıb!" deyərək təkrar quyuya düşür, su ilə dolu çarığını ağzına götürüb çölə çıxır və itə su verir. Allah-taala bu qadının günahlarını məhz bu əməlinə görə bağışlayır." (05:22)
- Allah (Təbarəkə və Təala) Qurani-Kərimdə "Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)" (“Zilzal” surəsi, 99/7-8) buyuraraq heç bir əməlin Haqqın dərgahında hədər olmayacağını və qarşılıqsız qalmayacağını bəyan edir. Hər yaxşılığın bir çəkisi və dəyəri vardır. Onun görə də mömin qəflətdən uzaq olmalı, heç bir yaxşılıq fürsətini fövtə verməməlidir. Eyni şey pis əməllər üçün də keçərlidir. Bəzən zahirən kiçik görünən pis bir əməl insan üçün böyük təhlükələr doğura bilər. Bu məsələyə də diqqət çəkən və ümmətinə xəbərdarlıq edən Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurur: "Bir qadın bir pişiyi ac-susuz qoyub ölümünə səbəb olduğuna görə əzaba düçar oldu. Heyvanı bir yerə salıb ağzını bağlamış, ac-susuz saxlamış, hətta yerdə gəzən həşəratları yeməsinə imkan verməmişdi. Sırf buna görə Cəhənnəmə atıldı". (06:30)
- Allahı unutduran və Ondan uzaqlaşdıran nemət zahirən nemətə bənzəyən nikmətdir (bəla və müsibətdir). Səbrə və Allaha yönəldən nikmət isə nəticə etibarilə nemətdir. Bir toxum əkib minlərlə meyvə dərmə, az biliklə çox hikmətli söz söylmə, müəyyən bir səviyyəyə yüksəlmə, insanların sevgisinə nail olma, yaxşı imkanlar, iqtidar, idarəçilik səlahiyyəti, söz keçirmə bacarığı... kimi nemətləri əgər insan özündən bilib həddini aşarsa, hər biri bir nikmətə çevrilib onu fəlakətə sürükləyər. (08:40)
- Qurani-Kərim nemətin bolluğundan həddini aşanların aqibəti haqda buyurur: “Edilmiş xəbərdarlığı unutduqları zaman (öncə) hər şeyin (bütün nemətlərin) qapılarını onların üzünə açdıq. Sonra onlara verilən nemətlərə sevindikləri vaxt onları qəflətən yaxaladıq və onlar (hər şeydən) məhrum olub ümidsizliyə düşdülər. Artıq o zalım tayfanın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha!” (Ənam, 6/44-45) (11:20)
- “Mala-mülkə məğrur olma, demə varmı mən kimi/Bir şiddətli rüzgar əsər, sovurar xırman kimi” həqiqətinə biganə yaşayan və bəxş olunan nemətlərə görə qürrələnən, təkəbbürlənən və zülm edənlər axırda acınacaqlı vəziyyətdə köçüb gedəcəklər bu dünyadan. Onların arxasınca sadəcə “Nə özü oldu rahat, nə aləmə verdi hüzur/Çıxıb getdi cahandan, dayansın əhli-qübur” deyəcəklər. Belələrinə nə qəbir üstündə “yaxşı insan idi” deyə edilən şahidliyin, nə də oxunan “fatihə”lərin bir faydası dəyər.
Sual: 1) “Qəlb qəsvəti” nə deməkdir, səbəbi və əlacı nədir?
- Qəsvət sərtlik və qatılıq deməkdir. Qəlb qəsvəti isə faydasız, cismani arzulardan başqa bir şey düşünməyən, mənən kamilləşməyən, axirət düşüncəsindən məhrum olan və Cənabi-Haqqın əsma və sifətinə aid təcəlli və həqiqətləri anlamayan qafil, qatı, nəsibsiz qəlb deməkdir. (17:30)
- Hər kəsin Haqqa bağlılığı səviyyəsində fərqli qulluq münasibəti vardır, Haqq-Təalanın da bəndələri ilə fərqli rəftarı... və aşağı mərtəbədə olanlar üst mərtəbədə olanların Haqla münasibətini və Haqqın onlarla müamiləsini bilməzlər. Məsələn, avam (təhsilsiz) insanlar bəsirət ərbabı adlanan xəvasın Haqqa yönəlişinindən, Haqqın da onlara bəxş etdiyi ilahi ərməğandan bixəbərdir. Əxassı-xəvas (xəvasın xəvası) da möhtərəm bəndələrdən “müxləsin” və “mustafeynəl-əxyar”ın, yəni müqərrəbin və əqrabül-müqərrəbinin Uca Allahla fövqələsma və fövqəlsifət irtibatının səviyyəsini və Haqq-Təalanın bu seçilmiş insannlara müstəsna lütfünü bilməzlər, dərk etməzlər. Bilsələr, Alvar İmamının dediyi kimi, “Araya qılınc girər”, yersiz, nalayiq sözlər çıxar dildən və xoşagəlməz hadisələr baş verər. (19:48)
- Qəlbin daima şövqlü olması, təravətli qalması ilk növbədə imanı-billahdan (Allaha iman), sonra əməllərlə kamilləşib (qəlb/vicdan kültürü) mərifəti tapmaqdan, yəqini əldə etməkdən, lətifeyi-Rəbbaniyəni hərəkətə gətirib “ruh üfqü”nə yüksəlməkdən, məhəbbətdən və zövqi-ruhanidən asılıdır. İnsan səbəblər planında bunlara nə qədər müvəffəq olursa, qəlbi də o qədər təravətli, şövqlü qalır. (20:15)
- Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir hədisdə insanda - müasir elmə müvafiq olaraq - 360 ədəd oynaq olduğunu bildirmiş, “Hər birinizə, hər bir oynağa (və sümüyə) bir sədəqə düşür. Odur ki, çəkilən hər təsbeh bir sədəqədir, hər bir həmd sədəqədir, hər bir təhlil (lə iləhə illəllah) sədəqədir, hər bir təkbir sədəqədir. Yaxşılığa səsləmək sədəqədir, pislikdən çəkindirmək sədəqədir. Quşluq vaxtında qılınan iki rükət namaz bütün bunları əvəz edir” ‒ buyurmuşdur. Sızıntı jurnalında bu haqda Arslan Mayda bəyin bir məqaləsi də dərc olunmuşdu: “Bir mucize daha: her ekleme bir sadaka” http://www.sizinti.com.tr/konular/ayrinti/bir-mucize-daha-her-ekleme-bir-sadaka.html (21:10)
- Qəlb qəsvətinin başlıca səbəbləri bunlardır: möhkəm imanın olmaması, mərifətdə (Allahı tanımaq) natamamlıq, günahlar, xətalar, haram yemək, əl, ayaq, göz və qulaqla işlənən günahlar, haqpərəst və adil olmamaq və ortaya yoldan sapma. (26:26)
- Rəyn bir şeyin pasla örtülməsi, hər tərəfinin pas atması deməkdir. Allah-taala: “Xeyr (belə deyildir). Həqiqət budur ki, onların qəlbləri etdikləri o pis işlər üzündən his-pas qaplamışdır (ki, buna görə inkar edirlər)” (“Mütəffifin” surəsi, 83/14) buyurmuş, Allah Rəsulu da: “Hər günah qəlbdə qara bir nöqtə əmələ gətirir, bir ləkə qoyur. Əgər qul tövbə edib bu əməldən əl çəkir və əfv diləyirsə, qəlbi yenə parlayır. (Əksinə) qayıdıb günah işləyirsə, həmin ləkə böyüyə-böyüyə bütün qəlbini tutur. Quranda uca Allahın buyurduğu “ranə” məhz budur” kəlamı ilə bu ilahi bəyanı və orada işlənən “ranə” sözünü şərh etmişdir. Bəli, pas tutmuş qəlbin bütün üfüqləri qaralır; o yaxşını pisdən seçmə qabiliyyətini itirir, ağı qara, qaranı da ağ görməyə başlayır və belə bir qəlbin bir daha düzəlməsi, fitri saflığına qayıtması çox çətindir, hətta tamamilə mümkünüzdür. Qafilliyi və pis əməlləri ucbatından mənəvi “deformasiya”ya uğramış insanın artıq dalbadal xəta işləməsi qaçılmaz olur. (27:12)
- Quranın mübarək mübəlliği Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) şeytanın hiyləsindən Allaha sığındığı kimi, qatı qəlbdən və ağlamayan gözdən də Allaha sığınardı. “Ürpərməyən (qorxu bilməz) qəlbdən, ağlamayan gözdən Sənə sığınıram, Allahım!” duası dilindən düşməzdi.
Sual 2: Mövlana Xalid həzrətləri (qüddisə sirruh) müridlərinə münkirlərdən uzaq olmağı bərk-bərk tapşırarmış. Onun fikrincə, insan münkirlərlə nə qədər çox oturub-durarsa, onlara yaxınlıq göstərərsə, qəlbi bir o qədər qəsvət bağlayar. Mövlana Xalid həzrətlərinin verdiyi bu hökm hər kəsə şamildir, yoxsa bunun istisnaları da var?
- Mövlana Xalidi Bağdadi (qüddisə sirruh) 1776-cı ildə Süleymaniyəyə yaxın Şəhri-Zur qəsəbəsində Qaradağ məhəlləsində dünyaya gəlmişdir. Anasının soyu Hz. Əli (radiyallahu anh), atasının nəsli isə Hz. Osmandan (radiyallahu anh) gəlir. İslam tarixində Cəlaləddin Rumidən sonra “Mövlana” (ağamız, böyüyümüz) ləqəbi ilə məhşur olan ikinci şəxsdir. Ömrünün böyük hissəsi Bağdadda keçdiyinə görə Mövlana Xalidi-Bağdadi kimi şöhrət tapmışdır. Dövrünün mücəddidi qəbul edilir. Onunla Bədiüzzaman həzrətləri arasında böyük bənzərlik var. Həzrəti Ustadın tələbələrindən mərhum Hafiz Tevfiqin “Barla Lahiqəsi”ndə onların bənzərliyindən bəhs edən bir məqaləsi var. (30:40)
- Mövlana Xalidi-Bağdadi həzrətləri ətraf bölgələrə göndərdiyi tələbələrinə dövlət adamları ilə oturub-durmamağı və siyasətdən uzaq olmağı tövsiyə etmişdir. (31:35)
- Amir ibn Şərahil zənginlərlə oturub-durmağı şeytanla oturub-durmaqla bir tutur. Bu var-dövlətin və zənginlərin pis olması mənasına gəlmir. Pis olan sırf var-dövlətinə görə kiməsə baş əyməkdir, təzim etməkdir. Çünki bu insanı alçaldan və Allahla münasibətinə xələl gətirən şeylərdir. Digər tərəfdən, fəzilətdə üləmadan üstün zənginlər də vardır. (31:56)
- Qafillərin fikir və mütalisində söhbəti-canan yoxdur, onlar gülməyə bəhanə axtaran insanlardır, işi-gücləri qəflət içində əylənməkdir. Dolayısilə onlarla birlikdə vaxt keçirənlər onların xasiyyətini götürürlər. Buna görə də dost seçəndə “Kaş sevdiyimi sevsə qamu-cahan,/Sözümüz cümlə həman qisseyi-canan olsa!..” düşüncəsinə sadiq insanlara üstünlük vermək lazımdır.
- İmam Şarani “Benamaz bir adamın yanında beş dəqiqə oturanda namazımdan qırx gün həzz ala bilmirəm” deyir, hətta bunun ilahi ilham, feyz və ərməğanların qırx il kəsilməsinə səbəb olduğunu söyləyən də vardır.
- Şəxsi həyat baxımından mənən kamilləşməyə vəsilə olan insanlarla oturub-durmalıyıq. O cümlədən idealımızı, düşüncəmizi, məfkurəmizi, qayəmizi hər kəsə çatdırmaq naminə, ‒ vəzifə baxımından, ‒ insanlarla görüşüb danışmaq bir ibadətdir bizim üçün. Bəli, mömin fərqli düşünən insanlara nifrətlə yanaşmaz, onlarla məsafə saxlamaz, heç kimlə qovğa etməz, dilinə pis söz gətirməz, ancaq qəlb və ruha heç bir fayda və yararı olmayan insanlardan da uzaq durmağa çalışar. Yenə də dini məsuliyyət şüuru ilə bir yol tapıb insanlarla əlaqə qurmağa çalışar, toplumun müxtəlif təbəqlərini bir-biri ilə yaxınlaşdırmağa cəh göstərər, qısaca cəmiyyətin əmin-amanılığı naminə öhdəsinə düşəni yerinə yetirər. Keçən dəfə də dediyim ki, İnsanlığın İftixarı (sallallahu əleyhi və səlləm) buyurur: "İnsanlara qaynayıb-qarışan, onlardan gələn əza və cəfaya dözən bir mömin xalqdan gen gəzən və əziyyətdən qaçan mömindən fəzilət və mükafatda üstündür." (35:04)
- tarixində yaradılmışdır.