352-ci nəğmə: “Misirdə çevriliş və ramazanda tövbə”
Əziz dostlar, ötən axşam Fəthullah Gülən Xocaəfəndi ramazan ayının başlanması ilə əlaqədar söhbətlərini müvəqqəti yekunlaşdırdı. Hər il olduğu kimi, bu il də bayrama qədər söhbət məclislərinə ara verib yalnız təfsir dərslərində iştirak etməyə və vaxtının çoxunu Quranla məşğul omağa niyyətlənən Xocaəfəndi bu son söhbətinə bir hədislə başladı:
- Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) buyurur: “Bütün insanlar xəta edir. Ən xeyirli xəta işləyənlər dərhal tövbə edib təmizlənməyə çalışanlardır”.
- Bir başqa hədisdə də buyurulur ki: “Adəm xəta etdi, övladları da xəta etdi. Adəm unutdu, övladları da unutdu!”
- “Xəta edəndə nə kimsə sizi bağışlanmaz sanmalı, nə də siz özünüzü tamamilə məhv olmuş görməlisiniz. Tövbə edib dərhal başınızı qaldırın, bir daha silkinib ayağa qalxın”.
- “Nə xətasına, nə unutqanlığına, nə də ki hansısa bir məsələdə yanıldığına görə insanları bir kənara atmayaq. Yoxsa yanımızda, ətrafımızda heç kim qalmaz!”
- “Peyğəmbər, övliya və müqərrəbinin yolu yumşaq abi-havanı qoruyub saxlamaq, dəyərlərinə əlverişli şərait hazırlamaq və təqdim etdikləri səmavi, ilahi bəyanlara maraq oyatmaqdır. Əks halda o ilahi bəyanlara, səmavi dəyərlərə qarşı nifrət oyatmış və gözəl şeyləri təqdim edərkən günah işləmiş olarlar.
- “Mömin saf (təmiz qəlblidir, hüsn-zənn bəsləyəndir), təmiz və izzətlidir. Facir və münafiq isə hiyləgərdir, ləimdir (xəyanətkardır)”.
- “Mömin möminliyinə görə aldana bilər, yanıla bilər. Məsələn, ağlıma gəldiyi üçün deyirəm: qonşunuz olan müsəlman bir dövlətdə yenə müsəlmanlıq naminə hərəkət edən, islami dəyərlərinə bağlı (bir insan) demokratik anlayışa və demokratiya qanunlarına sadiq qalaraq namizədliyini verir, seçimə girir və hakimiyyətə gəlir. Üstündən bir il keçmir ki... üzr istəyirəm, bir ildə, loru dillə desək, adam “ağzının, burnunun” yerini düz-əməlli tapmağa macalı olmaz... bir ildən sonra tez-tələsik “Bu adamı sınadıq, bu vəzifəyə layiq deyil, onu ortadan götürməliyik!..” düşüncəsi ilə hərəkət eləmək... bunlar çox yanlış fikirlərdir, heç bir insafa sığmayan fikirlərdir. Bir ilə adam nə edə bilər?! Bir ildə heç şəyirdliyi də başa vura bilməz. Siz heç bir ilə şəyirdliyini tamamlayıb usta olan bir adam görmüsünüz? Bu elə-belə iş deyil, dövlət işidir, nəhəng bir dövlət işi... Birinci dəfədir, bu işi görürsünüz, millət vəkili olmamısınız, nazir olmamısınız, birdən-birə keçmisiniz vəzifə başına və kimlərsə gördüyünüz işləri xəta sayır - xətadır, yoxsa deyil, bu ayrı məsələ - və həmin xətalara görə “səni iqtidardan salırıq” deyir. Bu məsələnin bir yönü, bu, onlara aiddir. Onlar bunun hesabını Allaha verəcəklər... xalqa da hesab verəcəklər... gələcək nəsillərə, nəsli-atiyə də hesab verəcəklər. Tarix öz səhifələrində, sətirlərində bu ayıbı gələcək nəsillərə ötürəcək, onlar da: “Utanın!” deyəcəklər. “Utansınlar 27 May çevrilişini edənlər!”, “Utansınlar 12 Martı törədənlər!”, “Utansınlar 12 Sentyabrı başımıza gətirənlər!” və “Utansın, orada o işi görənlər!” filan deyəcəklər. Yaxşı olmadı. Yenə demokratiyaya bir daha zərbə vuruldu. O da bir çevrilişdir, demokratiyaya vurulan zərbədir.”
- “Bir tərəfdən də Mursini tənqid edirlər. Mursi “irsa edən”, “limana gəlib lövbər salan, bir yerə gedib məskun olan” deməkdir. Məhəmməd Mursi. Ayələrdə “ərsaha” (“Naziat” surəsi, 79\32) və “əyyanə mursaha” (“Naziat” surəsi, 79\42) şəklində işlənir, Mursi sözü də burdan gəlir. Bəziləri “Düşünmədən hərəkət elədi. Konstitusiya Məhkəməsini elə bir bu adama tapşırmamalı idi!...” kimi sözlərlə onu ittiham edirlər, həm öz adlarından, həm də təmsil etdikləri heyətin adından... müsibəti ikiqat edirlər... Hüquq sistemində “günahı başqasının üstünə atmaq” məsələsi var; insanları bu cür yığıb içəri atanda canını qurtarmaq üçün bir-birini günahlandıranlar çox olur. Başımıza gəldiyinə görə deyirəm. Dost bildiklərim belə günahı üstümüzə yıxmışdılar. “Mən eləməmişəm, bu gəldi, məni bu yola çəkdi, mənə təsir elədi... filan-fəsman...” deyib canlarnı qurtarmaq istəyirdilər... bu da günahı başqalarının üstünə atmaq sayılır. Həzrəti Pirin dediyi kimi, bir günahkarı təqsirləndirmək müsibəti ağırlaşdırır. “Niyə elə oldu? Niyə belə oldu? Olmamalıydı. Bütün bunlar niyə filankəsin başına gəldi? Əvvəlcədən fikirləşəydi, sonra filan işləri görəydi...” Bu kimi düşüncə və sözlər müsibəti ikiqat artırır.
- “Hardan bilsin? Bilmir. Çünki mömin sevən, hüsnü-zənn edən insandır. Ona görə də bəzən aldanır. “Biz ki müsəlmanıq, aldanırıq...” Dəfələrlə aldanmışıq, dəfələrlə... Dost demişik, qardaş demişik... İyirmi, otuz, qırx il “qardaş” deyib bağrımıza basmışıq. Ancaq bir gün heç gözləmədiyimiz bir yerdə - sən demə o, öz işini görürmüş – arxadan bir zərbə dəyib, çönüb baxanda görmüşük ki, bu, həmin adamdır. Möminik... Bəzən hüsnü-zənn edib yanılırıq, hüsnü-zənnə qapılırıq. Bunu görənlər, sezənlər xəbər verməli, qurumlar xəbər verməli, xəbərdarlıq etməlidir ki, onlar da səhvə yol verməsinlər.”
- “Bəzən də bu cür xətalara şər niyyətli mabeyni-hümayun (müəllif bununla dövlət başçısı ilə xalqın arasına sədd çəkən məmurları nəzərdə tutur, -tərc.) səbəb olur. Mənfəətpərəst bir güruh bir nəfəri dövrəyə alır, ona arxa çıxır, onu dəstəkləyir... Əslində isə öz mənafeyini güdür. Üzünə gülür, təqdir edir, alqışlayır, “Tayın-bərabərin yoxdur, hər telinə Əcəm mülkü fədadır” deyirlər. O adam da onları özünə sadiq dost bilir, tərəfdar sayır... Və beləliklə, özünü təcrid edib əlçatmaz, ünyetməz adam olur.. Onların yaxşı dediyinə yaxşı, pis dediyinə pis deyir. Onların istədiyini edir, istəmədiyini eləmir. Axırda da qalır təkbaşına. Halbuki ətrafında o qədər insan var... Şair deyir: “O izdiham içində mən tənhayam\Bu səssizlikdə səssizlikdən sərxoşam”... Xalqın içində tək-tənhadır... Sağında-solunda çoxlu insan var, amma o, yalqızdır. Onlar, üzr istəyirəm, öz bildiklərini çalıb-oxuyur, ona da eşitdirirlər... Əslində o, işin mahiyyətindən, arxa planından bixəbərdir. Ola bilsin, o həzrət də belə aldanıb... xəbərdar etmək lazım idi.”
- “Bir başqa məsələ: o da bu hadisəni ümumiləşdirmək, başqa bölgələrdə də buna bənzər bir şeyə zəmin hazırlamaq, onsuz da cuşa gələn insanlara bu hisləri aşılamağa çalışmaqdır. “Orada oldusa, burda da alınar. Bəzi yerlərdə payız küləyi əsir. Gəlin biz də hər yeri xəzan küləkləri ilə sovuraq, bu “baharı”n axırına çıxaq!” fikirləri ortaya ataraq məsələni başqa tərəfə çəkmək istəyən bəzi ağzıgöyçəklər çıxa bilər. Təmkinli olmalı, insana hörmət etməli, möminə hörmət etməli, ölkə vətəndaşına hörmət etməliyik. Onların iffətini, ismətini, izzətini öz iffət, izzət, ismətimiz kimi qorumalıyıq. Zira möminlik budur. Mömin yer üzündə əmin-amanlıq və qarşılıqlı etimadın təminatçısıdır. “Mömin” sözü eyni zamanda inam və etimad mənasına da gəlir. Mömin Allahın “Mömin” isminə söykənir. İnanaraq, İslamiyyəti yaşayaraq “mömin”liyi təmsil edir. Dünyada əmin-amanlıq və qarşılıqlı etimada layiqincə xidmət etməklə də möminliyini sübuta yetirir. Möminin vəzifəsi budursa, məncə, sözügedən məsələdə daha ehtiyatlı, daha həssas, daha diqqətli olmalı, xırda şeylərə görə ixtilafa düşməməliyik.”
- “Ramazanda oruc tutmaq, yəni sahura qalxmaq, axşamadək iftarı gözləmək, yemək-içməyi kəsmək... bu, zahiri, nəzəri, təqlidi orucdur. Onu ibadətlə bəzəməksə orucun əməl yönünü təşkil edir. Qəlbən, ruhən, bütün hərəkət və davranışlarla oruclu olmaq, heç kimə heç nə deməmək, mənfi şeylərə qulaq verməmək, pis şeyləri görməzliyə vurmaq, Peyğəmbərimizin (sallallahu aleyhi vəsəlləm) dediyi kimi, bütün üzvlərə: ələ, ayağa, gözə, qulağa, dilə, dodağa, qəlbə, bütün hislərə oruc tutdurmaq... Ramazanda bu təmrini sədlər çəkərək – şərdən, şər tufanından qorunmaq üçün sədlər çəkərək – davam etdirsək, ramazan çıxandan sonra da inşallah, təsirini görərik. Gəlin ramazanda oruc tutmağa niyyət etdiyimiz kimi, heç kimə güldən ağır bir söz deməməyə də niyyət edək. İnsanların qüsurlarını görməməyə, eşitməməyə, qeybət etməməyə, qeybətə qulaq asmamağa niyyət edək. İftira atmayaq, iftira edənlərə qulaq asmayaq – bütün üzvlərimizə oruc tutduraq. Mənə elə gəlir bu otuz günlük “reabilitasiya” ramazandan sonra da öz təsirini göstərəcək. Beləcə, bir az dişimizi sıxıb dözər, Allahın izni və inayəti ilə, birliyimiz naminə böyük bir addım atmış olarıq.”
- tarixində yaradılmışdır.