İctimaiyyətin xoşgörü və tolerantlıq öndəri kimi tanıdığı Xoca Əfəndinin düşüncə dünyasında xoşgörü və ya tolerantlıq nədir?

Tolerantlıq latınca "tolerare" kökündən törəyib "dözmək, səbir et­mək, tab gətirmək, göz yummaq, icazə vermək, fikir verməmək, yaxşı qar­şılamaq" mənalarını verir.

Tolerantlıq türk dilində "xoşgörü", ərəb di­lində "musamihə" terminləri ilə paralellik təşkil edir. Tolerantlığın xor­ baxmaq və qadağan etməkdən başqalarının inanc və düşüncələrinə hör­mət etməyə qədər müxtəlif mənaları mövcuddur.[1]

Tolerantlıq tarix boyunca fərqli dönəm, fərqli ölkə, fərqli din, fərqli millət və dövlətlərdə bir-birindən olduqca fərqli formalarda təzahür etmiş­dir. Bu, müvafiq dövr, ölkə, din, millət və dövlətin ümumi ənənələri, siyasi sistemləri, dini dəyərləri, irqi, dini, cinsi və dil xüsusiyyətlərinə görə tarixi fikir və fəaliyyətləri ilə əlaqəlidir. Bu baxımdan bəşəriyyət üçün ümumi bir tolerantlıq anlayışından bəhs etmək qeyri-mümkündür. Məsələn, müsəlmanlarla xristianların "digəri (o biri)" anlayışı dövrlərə görə dəyişmişdir. Bu da istər-istəməz əlaqələrin sülhdən müharibəyə doğru uzanan müxtəlif xətlərdə təzahürünə səbəb olmuşdur.

Bu ümumi xarakteristikadan sonra Xoca Əfəndinin yanaşmasına nəzər salsaq, xoşgörü – Xoca Əfəndinin insan sevgisi və əfv anlayışı üstündə qurulmuş, insanın özündən başqa ata-ana, həyat yoldaşı, uşaq, dost-düşmən – hər kəslə münasibət formasını müəyyən edən davranış metodudur. Xoca Əfəndi bunun ona məxsus bir düşüncə olmadığını israrla vurğulayır. Tolerantlıq İslamın əsas xarakteri və öz mənsublarının üzərinə qoyduğu məsuliyyətdir;[2] Hz.Adəmdən Hz.Məhəmmədə (s.ə.s.) qədər bütün peyğəmbərlərin yer kürəsində təmsil etdiyi bir həqiqətdir. "Mənim mərhəmətim hər şeyi əhatə etmişdir." (Əraf surəsi, 7/156) və "Şübhəsiz, rəhmətim qəzəbimdən çoxdur,"[3] ayə və hədisi Allahın əxlaqını əks etdirir. "Silm" və "Səlamət" kökündən törəyib "ifal" halında işləndikdə "təslimiyyət, səlamətə çıxarmaq, qarşılıqlı etibar və sülhü təsis etmək" mənalarını verən İslamdan başqa şey gözləmək də əbəsdir. Buna görə tolerantlığın tam əksi olan xor baxma ilə insanlara yanaşma, əmin-amanlıq və etibara əsaslanan bir sistemin (İslamın) terrorla əlaqələndirilməsi İslamın ruhunun dərk edilməməsinin ifadəsidir.[4]

Xoca Əfəndiyə görə, tolerantlıq digərlərinə qoşulmaq, onlar kimi düşünmək, yaşamaq, öz dəyərlərindən uzaqlaşmaq demək deyildir.[5] Əksinə "başqalarını öz mövqelərində qəbul edib, onlarla yaxşı davranmağı bacarmaqdır".[6] Burada belə bir sual meydana çıxır: başqaları ilə yaxşı münasibətdə olmaq məcburiyyətindəyikmi? Daha öncəki səhifələrdə də qeyd etdiyimiz kimi, fərqlilik bəşəriyyət üçün Allahın buyurduğu bir qədərdir (taledir). Yaradılışda, duyğuda, düşüncədə, inancda, demək olar ki, hər sahədə mövcud olan bu fərqləri ortadan qaldıraraq yalnız bir insan tipi formalaşdırmaq mümkün deyildir. Dolayısilə, biz cəbri (icbari) qədərin məcburi istiqamət deyib qarşımıza qoyduğu bu plan müstəvisində yaşamaq məcburiyyətindəyik. Elə isə bəşər övladının dünyaya ayaq basdığı ilk gündən bəri mövcud olan fərqləri heçə endirmək üçün cəhd göstərmək, vaxt və enerji itirmək faydasızdır. Bunun əvəzində müxtəliflikləri qəbul edib onları münaqişəyə səbəb etmədən bir yerdə yaşamaq yollarını araşdırmaq lazımdır. Daha açıq desək, iki yol var: ya bir-birimizlə münaqişə, dava, müharibə etməliyik, ya da bir-birimizlə uzlaşmalıyıq. Məhz tolerantlıq (xoşgörü) bu uzlaşma yolunu seçməkdir.


[1]. Atalay, Orhan, Doğu ve Batı Kaynaklarında Birlikte Yaşama, GYV yayınları, İstanbul, 1999, s.370
[2]. Gülen, Fethullah, a.ç.ə., s.135
[3]. Ahmed bin Hanbel, Nusred, 2/257
[4]. Gülen, Fethullah, a.ç.ə., s.52-53
[5]. Gülen, Fethullah, Işığın Göründüğü Ufuk, İstanbul, 2000 Nil yayınları, s.212
[6]. Gülen, Fethullah, İnsanın Özündeki Sevgi, s.141

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.