Mütləq mənada "insan" və "sevgi" anlayışı dost və ya düşmən hər kəsi sevmək mənasını vermirmi?

Tarazlıq (müvazinət) İslamın ən əsas xüsusiyyətidir. Xoca Əfəndinin "insan" və "sevgi" deyərkən bu müvazinəti nəzərdən qaçırdığını hesab etmək olmaz. Belə ki, bir başqa münasibətlə dilə gətirdiyi fikirləri bunu sübut edir, bu, həm də sualın tam cavabını verir.

"İslamın bəşəri prin­siplər çərçivəsində sevgi mülahizəsi və düşüncəsi tarazlıq təşkil edir, zalım və təcavüzkarlar bu sevgidən məhrumdur. Belə ki, zülm edənə göstərilən sevgi və mərhəmət onu daha da təcavüzkar etməklə yanaşı, başqalarını da təcavüzkarlığa sövq edər. Buna görə bəşəri sevgini təhdid edən belə insanlara mərhəmət etmək olmaz. Çünki zalıma mərhəmət göstərmək, məzluma ən böyük mərhəmətsizlik etməkdir."[1] Eyni istiqamətdə başqa yerdə Xoca Əfəndi belə deyir: "Anarxiya və­ terrora müdaxilə edən, dövlətin birliyinə və suverenliyinə toxunan, ölkəni bölmək istəyən, ölkə əhalisinin varlıq və gələcəyinə qarşı­ təxribat törə­dən şəxslərə "mərhəmət edilməli" tərzində yanaşmalar insanlıq sevgisi­ ilə uzlaşmadığı kimi, məsumların gözyaşlarına seyrçi mövqe tutmaq de­məkdir".[2]

Zalımı, qayda-qanun tanımayan insanları yola gətirmək, şübhəsiz ki, İslami bir vəzifədir. "Yaxşılığı əmr etmək, pislikdən çəkindirmək" bir prinsipdir və inanan insanların üzərinə Allahın qoyduğu məsuli­yyət­dir.[3] "Allahın əmr və qadağalarına zidd bir vəziyyətlə qarşılaşdıqda öncə əl, sonra dil ilə müdaxilə etmək, nəsihət etmək, bunlar mümkün olmadıqda qəlblə qarşı çıxmaq"[4] Peyğəmbərimizin (s.ə.s.) bəyanları ilə İslamda yerini tutan ayrı bir tətbiqatdır. Bu hədis də eyni həqiqətə işarə edir. Peyğəmbərimiz (s.ə.s.) bir gün əshabına: "Zalım da olsa, məzlum da olsa, qardaşına yardım et," – buyurur. Səhabələr təəccüblə soruşur: "Məzlumu başa düşdük, bəs zalıma necə kömək edəcəyik?" Rəsulullahın cavabı olduqca aydındır: "Onu zülmündən çəkindirməklə kömək edə bilərsiniz".[5]

Xoca Əfəndiyə görə bütün bu vəzifələrin lazımınca yerinə yetirilmə­sində sevgi açar anlayışdır. Çünki "sərtliklə və qəzəblə heç bir məqsədə nail olunmadığı və olunmayacağı göz qarşısındadır; insanların kim olur-olsun, qapısını sevgi, hörmət və məhəbbətlə döydükdə dialoq yolları açılır və onlara təmsil etdiyiniz əsasları anlatmaq imkanı doğur."[6] Yoxsa Hz. Musanın əsrin Fironuna dini təbliğ üçün gedərkən Allahdan aldığı "qavli-ləyyin (yumşaq üslub)" əmrini başqa necə izah edə bilərik? Yumşaq üslub bir dəyər kimi Allahın bəyanına görə Fironun qəlbinin yumşalmasına və düşünməsinə vəsilə ola bilərdi.[7] Belə ki, yumşaq üslub yalnız yumşaq hala, yumşaq davranışa sahib insan qəlbinin məhsulu ola bilər.[8]


[1]. Gülen, Fethullah, a.ç.ə., s.51
[2]. Gülen, Fethullah, a.ç.ə., s.49
[3]. Ali-İmran, 3/104
[4]. Müslim, İman, 78; Tirmizi, Fiten, 11; Nesai, İman, 17
[5]. Buhari, Mezalim, 4; İkrah, 7; Tirmizi, Fiten, 68
[6]. Gülen, Fethullah, a.ç.ə., s.58
[7]. Taha, 20/44
[8]. Gülen, Fethullah, a.ç.ə., s.28

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.