Kimin gizli planı varsa, onu mütləq büruzə verir

Kimin gizli planı varsa, onu mütləq büruzə verir

Müşahidələrim

Fəthullah Gülənlə həm qonaq evində, həm də Nyu Cersidə qaldığı qardaşı oğlanlarına məxsus evdə söhbət etdik. Buradakı ev daha sadədir. İçindəki əşyalarla, əşyaların düzülüşü ilə tipik türk evidir. Yenə də düşünürsən ki, bir insan qapalı bir məkanda bu qədər necə qalır? Gülən fərqli insandır, onu anlamaq, analiz etmək çox çətindir. O, fikirlərini dilə gətirərkən, danışarkən hislərini gizlətməyə ehtiyac duymur.

Fəthullah Gülənin diqqətçəkən xüsusiyyətlərindən biri də ona görə heç kəsin ayağına qalxmasına icazə verməməsidir. Otağa girəndə bunu bilməyən qonaqlar ayağa qalxdımı, dərhal narahatlığı üzündə açıq-aydın özünü büruzə verir, “Belə şey eləməyin, əcəmlərin öz böyüklərinə görə ayağı qalxdığı kimi ayağa qalxmayın”, – deyir və ancaq hamı yerinə oturandan sonra otağa girir. Belə hallarda çox utanır.

Kimin gizli planı varsa, onu mütləq büruzə verir

Bütün əməllərim və sözlərim qırx ildir, xalqın və hökumətlərin gözü önündə cərəyan etdiyi kimi, yazdıqlarım da ortadadır. Əgər elə bir fikrim olsaydı, keçən illər ərzində onun izləri heç olmasa bir neçə kəlmə ilə ortaya çıxardı. Gizli planları olan bir insan bu niyyətini qırx il ərzində eyham və işarə ilə də olsa, büruzə vermədən gizli saxlaya bilərmi? Halbuki müəyyən qərəzləri olan marjinal bir kəsim istisna, kimsənin bu barədə bir söz deməsi mümkün deyildir. Üstəlik, deyək ki, bir ayağı məzarda olan bir adamın doğrudan da belə arzuları var, ona necə çatacaq?

“Gülən qarşısına məqsəd qoyduğu teokratik diktatorluğa yumşaq keçidi təmin etmək üçün prezidentli respublika sistemini müdafiə edir” deyənlər var.

Ən geridə qalmış toplumlarda belə insanları söz və əməllərinə görə ittiham edir və bunlara əsaslanaraq haqlarında hökm verirlər. Bütün əməllərim və sözlərim qırx ildir, xalqın və hökumətlərin gözü önündə cərəyan etdiyi kimi, yazdıqlarım da ortadadır. Əgər elə bir fikrim olsaydı, keçən illər ərzində onun izləri heç olmasa bir neçə kəlmə ilə ortaya çıxardı. Gizli planları olan bir insan bu niyyətini qırx il ərzində eyham və işarə ilə də olsa, büruzə vermədən gizli saxlaya bilərmi? Halbuki müəyyən qərəzləri olan marjinal bir kəsim istisna, kimsənin bu barədə bir söz deməsi mümkün deyildir. Üstəlik, deyək ki, bir ayağı məzarda olan bir adamın doğrudan da belə arzuları var, ona necə çatacaq?

Bu işə necə başlamaq barəsində təsəvvürü belə yoxdur. Bir kənd bələdiyyəsi qədər də hazırlıq görməyib. Belə bir iddia insafı olanları güldürər.

Bu cür iddiaların kökündə qorxu və ehtimallardan başqa bir şey dayanmır. Başqa bir müsahibədə dediyim sözləri təkrar edirəm: belə bir məntiq və ya məntiqsizliklə gərək hər bir solçunu totalitar kommunizm sisteminin həsrətini çəkməkdə, hər bir millətçini millətçi və şovinist, hətta faşist və ya nasist sistemin tərəfdarı olmaqda ittiham edək. Belə bir paranoyyaya isə dəlilərin də gülməyi gələr.

Dövlət də xəta edə bilər

Xalq sizi dövləti sevən bir insan kimi tanıyır. Siz dövlətə necə baxırsınız?

Mən “Dövlət lazımdır, gözdən salınmamalıdır” kimi ifa­də­lər­lə dövlət haqqında təqdirlərimi – “təqdir” kəlməsini “seçim” əvəzinə istifadə edirəm – dilə gətirərkən “ən pis dövlət belə dövlətsizlikdən yaxşıdır” qeydini mütləq əlavə etmişəm, dövləti müqəddəs görənlər kimi təqdis etməmişəm. Belə bir seçimi də lüzumlu görürəm, çünki dövlət olmayan yerdə anarxiya, xaos və özbaşınalıq baş alıb gedər. O zaman da nə fikirlərə hörmət edilər, nə din və vicdan azadlığı qalar, nə də haqqa hörmət...

Bundan başqa, xalqımız bəzi dövrlərdə dövlətsizlikdən çox çəkib. Məhz bu kimi səbəblərə görə, dövləti müdafiə etməyi eyni zamanda özümə vətəndaşlıq vəzifəsi bilirəm. Üstəlik sizə hörmət bəsləyən, sözlərinizə və düşüncələrinizə etibar edən insanlar varsa, demək, bir vəzifəniz də onları yanlış yola yönəltməmək, ifrat və təfritə düşmələrinə imkan verməməkdir.

Ancaq burada mühüm bir məqamı da gözdən qaçırmaq olmaz: yolumuz gözəl görüb gözəl düşünmək, gözəl qiymətləndirməkdirsə, məsələyə bəzi əleyhdarlar kimi tənqidlə, təxribatla, müxalifətlə, kinlə, düşmənçiliklə, nifrətlə yanaşmağı faydalı saymırıqsa, demək ki, bəzi səhvləri görə-görə sinəmizə dağ basıb qatlanmağı seçmişik.

Yoxsa heç vaxt “dövlət günahsızdır, peyğəmbər kimi pakdır, tərtəmizdir, nə edirsə, düzgün edir, əsla xəta işləməz” kimi düşüncələrimiz olmayıb. Onlar da yanıla bilər.

Dövləti müqəddəsləşdirməmişik, sayğı ilə yanaşmışıq

Sizi həddindən artıq dövlətpərəst olmaqda günahlandıranlar da var...

Müsəlmanlar keçmişdən bu günədək dövləti müqəddəsləşdirməmişlər. Ona həmişə ehtiram göstərmiş, dövlətin etibarını yüksəltməyə çalışmışlar. İslam tarixinə nəzər salanda bir mən­zərəyə şahid oluruq: saleh sələflərimiz həmişə başa kim keçir-keçsin, dövlətin nüfuzunu sarsıdan əməllərə yol verməməyə çalışmışlar.

Məsələn, bir çox insan, hətta böyüklər belə Yezidə lənət oxusa da, onun arxasında namaz qılmışlar. Hətta fasiq, facir bildikləri adamların belə imamlığında namaz qılmışlar. Ürvə ibn Zübeyr Əbdülməlikin imamlığında namaza durmuşdu. Halbuki, Əməvilər Əbdülməlik dövründə onun böyük qardaşını asmışdılar, lakin o bunu problemə çevirməmiş, Əbdülməlikin qonağı olmuş, haqqa tərcüman olmaqla kifayətlənmişdir.

Bəli, Yezid və Həccac kimi idarəçilərin etdikləri zülmdür, amma sələfi-salehin nə qədər zülmə məruz qalsalar da, xalqın öz döv­lətinə qarşı kin bəsləməsinə razı olmamış, dövlətin nüfuzunun sarsılmasından, bundan da bütün xalqın zərər görməsindən ehtiyat etmişlər.

Mən də dövlətimə hörmət göstərməyə çalışıram. Ola bilsin ki, mənim də naqis gördüyüm cəhətlər var, lakin buna cəhd eləsək, çox vaxt müvazinəti qoruya bilmərik. Hiss etmədən dövlətin etibarına xələl gətirərik. Dövlətin etibarını sarsıtmaq isə anarxiyaya, terrora, özbaşınalığa rəvac vermək deməkdir.

Bəzi dövlət qurumlarının sizin əleyhinizə olduğunu və sizi özünə “təhlükə” kimi gördüyünü deyənlər var...

Mən dövləti təşkil edən qurumların sizə, bizə, filankəsə qarşı olduğunu düşünmürəm. Bəzi müəssisələrdə hay-küyçü, səs-küy salan, həmişə səsinin tonunu yüksəldən, işindən çox səsi gələn bir qisim adamlar sizə dövlət kimi görünə bilər. Demək istədiyim budur ki, sizə əleyhinizə olan dövlət deyildir, marjinal bir qrupdur. Dolayısilə, insanın millət üçün həyati əhəmiyyətli bir qurumu özünə düşmən kimi görməsi böyük bir xətadır. Belə bir xətadan yola çıxaraq onu bəyənməmək, pisləmək, daim tənqid etmək isə ikinci bir xətadır, həm də ikiqat xətadır. Üstəlik onun etibarını sarsıtmaq, xalqın etimadsızlığına səbəb olmaq və nəticə etibarilə onu zəiflətmək də qatbaqat xətadır. Buna görə də bu cür xətalar selinə düşməmək lazımdır.

Bu dövlətdə dünyanın harasında nə iş görülür görülsün, onu bizim adımıza çıxmağı və bunu elan etməyi zəruri görən, başqalarının məziyyətlərini, fəzilətlərini həzm etməyən bəzi “ruhi xəstə”lər vardırsa, narahat olanlar məhz onlardır. Bu üç-beş nəfər sərgərdana, bir qrup oliqarxın çirkin əməllərinə görə, bir dövlət müəssisəsini gözdən salmaq, onun əleyhinə təbliğat aparmaq qətiyyən düzgün deyildir.

Dövlətpərəst kimi görənlər... Dövləti ələ keçirmək üçün plan qurduğunuzu deyənlər... Sizcə, dövləti ələ keçirmək zəruri məqsəddir?

Dövlətə göz dikənlərin hansı yolu seçdiyini hamı bilir. Əgər belə bir məqsədim olsaydı, bu millətin bir fərdi olaraq mən də o yolla gedə bilərdim. Üzrlü sayın, burada haşiyəyə çıxmalı olacağam: bu cür mövzularda açıqlama vermək bir mənada özünü təmizə çıxarmaq deməkdir, buna görə də çox sıxılıram. Çünki nəfsə havadar durmaq ümumən mənim düşüncəmə ziddir. Buna görə də sıxılaraq deyirəm ki, görəsən, altmış yaşı arxada qoymuş bir insan haqqında bu cür vəhmlərə qapılanlar heç düşünmürlərmi ki, bu insan necə yaşayıb, həyatında nəyə üstünlük verib, nəyi seçib?”

Yoldaşlarıma bəzən açıq, bəzən üstüörtülü, amma həmişə: “Dünya ilə əlaqəmizi kəsək, ömrümüzü Cənabi-Haqqın rizasını qazanmağa həsr edək, Allahın və Peyğəmbərimizin adını yaymaqdan başqa məqsədimiz olmasın” demişəm.

Əgər mənim dünyada gözüm olsaydı, dövlətin başına keçmək istəsəydim, gəncliyimdən etibarən bu cür arzuların gerçəkləşdiyi yerlərə yönələrdim. Halbuki mənim məqsədim, seçimim göz qabağındadır. Qan qaynayan gənclik illərini bir məscidin pəncərəsində, bu gün belə xatırladıqca içini sızladan taxta bir komada keçirmiş bir insan nə düşünə bilər? Üstəlik o dövrdə bizi sevənlərdən, rəğbət bəsləyənlərdən bəzi təkliflər də gəlirdi.

Siyasi mənada?

Həm siyasi mənada, həm də daha fərqli, heç vaxt görə bilməyəcəyim işlər də təklif edilmişdi. Bağışlayın, bunları açıqlamaqdan sıxıldığım üçün konkret sadalamayacağam.

İndi gəncliyində ayağına qədər gəlmiş bu cür təkliflərə gözünün ucu ilə də baxmayıb taxta komasına üz tutan bir insanı hər gecəsini “Bu gecə, bəlkə də, son gecəmdir” düşüncəsi ilə keçirdiyi qocalıq çağında belə bir işə nə vadar edə bilər? Zənnimcə, bu cür iddiaların hamısı qərəzdən doğur.

Yaxşı, bəs nəyə görə bu qədər uzaq durursunuz? Onda bir qəbahət görürsünüz?

Xeyr, bir qəbahət gördüyüm üçün deyil. Əgər dövləti idarə etmək arzum olsaydı, mən də bir yerdən namizədliyimi irəli sürərdim və heç kəsin də bir söz deməyə haqqı çatmazdı. Amma daha əvvəl də dediyim kimi, mənim könlümü süsləyən, xəyallarımı bəzəyən şeylər başqadır. Mən Əhməd Sərhəndilər, Qəzalilər, Harranilər, Aqil Mənbicilər kimi yaşamağı, onların yolu ilə gedərək Peyğəmbərimizin həyat tərzini mənimsəməyi və o yolla Rəbbimin rizasına çatmağı seçmişəm.

Ölkəmizin ağıllı və vicdanlı insanlarından kim istəyirsə, irəli çıxsın, dövləti idarə etsin. Biz də fikrən onlara dəstək olaq. Hansı məsələdə köməyimiz dəyərsə, onlardan əsirgəməyək. Bununla məqsəd hasil olar.

Dövlətin etibarı qorunsun

Dövlətin başına sizin fikirlərinizin əleyhinə olan bir insan gəlsə, necə?

Ola bilər. Mən bu məsələdə heç vaxt kiməsə ilişib qalmamışam. Dövlətin başına kim keçir keçsin, əqlən də, vicdanən də onu öz dövlətim bilmişəm. Məsələn, mən dövləti gənclik dövrümdə mərhum Mendereslə tanımışam. Nitqlərini heyranlıqla dinləyirdim. Anadoludan çıxmışdı, bizim kimi danışırdı, mərd insan idi, haqsız yerə edam edilməsinə həmişə kədərlənmişəm.

Dəmirəl dövlətin başına keçəndə bir mənada onu da təqrirlə qarşılamışam, fikrən də olsa, hər zaman kömək etməyə çalışmışam, müəyyən qədər kömək edildiyini də düşünürəm.

Turqut Özal və Bülənt bəyi də təqdirlə qarşılamışam. Sonrasını siz də bilirsiniz. Məsud bəylə də, Tansu xanımla da görüşmüşəm. Hətta o vaxtlar bəzi qarışıqlıqların baş vermə ehtimalını yüksək gördüyüm üçün, ikisinin birləşməsi halında yüksək seçici potensialı olacağını və bunun da qarışıqlığın qarşısını almağa zəmin hazırlayacağını izah etməyə çalışdım. Bu görüşlərin şahidləri də var. Xülasə, dövləti kim idarə edir-etsin, “millətimiz qarışıqlıq görməsin, anarxiyaya sürüklənməsin” kimi düşüncələrlə həmişə onlara dəstək olmağa çalışmışıq. Bizim dərdimiz dövlətimizin etibarının qorunması, dinimizə toxunulmaması, dini yaşama imkanlarının təmin edilməsidir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.