Fəthullah Gülən Xocaəfəndinin iftar ziyafətinə göndərdiyi məktub

Fəthullah Gülən Xocaəfəndinin iftar ziyafətinə göndərdiyi məktub

Fəthullah Gülən Xocaəfəndinin Jurnalistlər və Yazarlar dərnəyinin (GYV) təşkil etdiyi iftar ziyafətinə məktub göndərib. Aşağıda məktbun tam mətni verilmişdir:

Hörmətli dərnəyin sədri və əməyi keçən bütün insanlar! Fikir, siyasət, biznes və sənət aləminin çox dəyərli nümayəndələri! Xeyirxah fəaliyyətlərin fədakar öncüləri, əziz qonaqlar!

İzninizlə, özümü də sizdən biri sayaraq “biz” deyəcəyəm; öz dinimizə, öz həyat fəlsəfəmizə sadiq olan biz, qeyri dini və fəlsəfi görüşlərin reallığını danmadan “hər kəsi olduğu kimi qəbul edib hörmət etmək” şüarı ilə yola çıxmışıq. Bu əsaslı fəlsəfəyə bağlılıq sayəsində fərqli soy, rəng, din, inanc, məzhəb və düşüncə mənsublarını xor görməmişik, onları incitməmişik. Həmişə birgəyaşayış və insani dəyərlər ətrafında ünsiyyət qurmağa çalışmışıq.

Ən səmimi hislərlə “Bismillah!” deyib yola düşmüşdük. Sevgi bulağından içib bir vaxtlar ədavətlə çirklənən torpaqlarda məhəbbət çiçəklərinin çoxalıb hər yana yayılmasının xəyalına qapılmışdıq. İlk addımlarda gördük ki, toplumun əksəriyyəti bizimlə eyni xəyallar qurur; biz bir addım atdıqsa, onlar on addım atdılar. Belə ki, o ilk illərdə incəlik bir daha zərifliklə qol-boyun olmuş; illərlə qandan, göz yaşından təngə gəlmiş könüllər işıqlı sabahların nəğmələrini söyləyirdi. Hamı eyni səmanın altında könül hekayələri deyirdi. Kinin, nifrətin uğultusu kəsilmiş, ən duyğulu nəğmələrlə sevgi və insani münasibətlərin sədası eşidilirdi.

Ancaq təəssüflər olsun ki, xeyli zamandır bütün cəmiyyət olaraq yenə arzuların əsiri və nəfsin köləsinə çevrildik... əksəriyyətin sevgi saraylarına – könüllərə şər hislər taxt qurdu. Ruhumuzu nifrət və düşmənçilik duyğuları çulğaladı. Daha bir-birimizi sevmir, qucaqlamır və xoş görmürük (xoşgörü). Xarabalıqda yuva quran bayquş kimi, dağıdıb tökməkdən və xarabalıqlara tamaşa etməkdən zövq alırıq. Hər kəs və hər şey dəhşətli bir ehtirasla hücuma keçir və hər yanı yerlə yeksan edir. Allaha, vətənimizə, insanlara hörmətsizlik edir və bağışlanmaz günahlara giririk. Hətta bəzən bütün bu gördüyümüz əməlləri xalqa xidmət sayır və onlardan alqış umuruq. Hər gün zülm, təcavüz, haqsızlıq və hədyanla üzləşirik. Gecələr isə zülmət qaranlıq... Nəfsanilik insani duyğularımızı üstələmiş; hissiyat məntiq və mühakiməni ötüb keçmiş; sevgi və xoşgörü düşmənçiliyin qanlı xəncəli ilə tikə-tikə doğranmış... Qərəzlə məhkum edilən insanların sayı-hesabı yoxdur. Kim neyləyəcək, kimə söyüb kimi təhqir edəcək, məlum deyil. Sanki ağlımızı itirmişik, cəmiyyət olaraq şizofreniya keçiririk. Acgözlüklə zülm edir, utanmadan təcavüz edir və dayanmadan günah işləyirik:

Haqqa sayğısızlıq günahı; insanlara kin-nifrət bəsləmə günahı; fikirlərə hörmətsizlik günahı; xalqın arasına təfriqə toxumları atma günahı; hər şeyi qap-qara görmə, qap-qara düşünmə günahı; özümüzü məsum başqalarını günahkar sayma günahı; hər kəsi cəhənnəmlik və ya fanatik sayma günahı; bizə aid olmayan bütün gözəl fəaliyyətlərin kökünə balta çalma günahı; öz insani dəyərlərimizi pozma günahı... və s. günahlar... Mənə elə gəlir artıq tövbə etməyin vaxtı gəlib çatmışdır!

Qoy həssas ruhlu insanlar bu sözlərimdən inciməsin: gəlin bu müqəddəs günləri bir fürsət bilib bütün günahlara tövbə edək... barı bundan sonra insanlara sayğılı davranıb insani dəyərləri qorumağa çalışaq... fikirlərə hörmət edib kim olursa-olsun, hər kəsi necə varsa, o cür qəbul edək... keçmişin qara sahifələrini tarixə gömək, keçmiş mübahisələri yenidə başlatmayaq... xalqı qruplara ayırmayaq və birlik-bərbərliyi ucaldaq... Azacıq da olsa ürəyimiz insani duyğularla döyünürsə və qolumuzda qüvvəmiz varsa, gəlin bu həyəcan və bu güclə bir-birimizi qucalayaq. Sındırıb tökdüyümüz, sağa-sola saçdığımız parçalarımızı birləşdirək, bir də qırılmasın deyə onu möhkəmləndirməyin yollarını axtaraq... hərami və qulyabani kimi yol kəsən kindən, inciklikdən, qeyzdən uzaq olaq, bizi xalqa sevdirən və Haqqa aparan qəlbin dilini başa düşməyə çalışaq.

Düzünü desəm, aylardır qəlbimə xəncəl kimi saplanan saysız yalan, təzvir, iftira və şeytani planlara baxmayaraq, susmağa üstünlük vermişəm. Çünki ümidvaram ki, millət olaraq belə bir tövbəyə müvəffəq olacağıq. Bəzən bəlkə də yüksək səslə sözümü deməliydim, amma sadəcə köks ötürdüm. Çünki inanıram ki, dağılan körpülər yenidən bərpa olacaq və mürüvvət yenə cana gələcəkdir.

Bəli, inanıram ki, sizin kimi geniş vicdan sahibi fəzilət qəhrəmanlarının sayəsində bir daha insanlar arasında ünsiyət körpüsü qurulacaq, beləcə sevgi və dialoq çağlayanı daha gur axacaq. İnanıram ki, bir vaxtlar tez-tez rast gəldiyimiz naz-qəmzəli görüşlər və səmimi münasibət təkrar dirçəlib cana gələcək. Ümid edirəm ki, yenə hər yanda o riqqətli məhəbbət nəğmələrinin və bir-birinin məziyyətlərini dilə gətirən dillərin səsi eşidiləcək; qarşılıqlı hörmət və məhəbbət mübadiləsi geniş yayılaraq ictimai ab-havaya da təsir edəcək.

Bu hislərlə “Ümumbəşəri sülhə doğru 20-ci il” sərlövhəli iftar ziyafətinin bərəkətli olmasını diləyir; illərlə ictimai problemlərə həll yolu axtaran Jurnalistlər və Yazarla dərnəyinin bütün könüllülərini təbrik edir və hamıya salam, ehtitam və təşəkkürümü ərz edirəm.

M. Fəthullah Gülən

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.