Dünyaya yayılan Türk məktəbləri

Bu gün dünyada Fəthullah Gülən və təhsil deyəndə ictimai rəydə ağıla ilk öncə Türkiyədə və Türkiyədən kənarda Türkiyəli təşəbbüskarlar tərəfindən açılan yüzlərlə məktəb gəlir.

Fəthullah Gülənin özəl məktəb açılması mövzusunda yazılı-şifahi tövsiyələrinə diqqət yetirən və həyata keçirməyə çalışan bəzi təşəbbüskarların Türkiyədə açdığı bir neçə məktəb uğur qazanınca başqaları müxtəlif yerlərdə eynisini reallaşdırmağa girişmiş və bu sistem Sovet İttifaqının dağılması ilə müstəqillik qazanan Asiyadakı Türk və qohum dövlətlər başda olmaqla, demək olar ki, bütün dünyaya yayılmışdır.

Gülən bunu məscid kürsüləri daxil olmaqla hər platformada açıq şəkildə tövsiyə və ona təşviq etmiş, əvvəlcə sağlam bir təhsilin hamı üçün vacib qlobal əhəmiyyətini və insanlara xidmətlə Allahı razı etmə yolunun ilk növbədə bundan keçdiyini xüsusilə vurğulamışdır. ”Yeni Türkiyə” jurnalına (sayı 15: 1997, səh 685-692) bu mövzuda yazdığı iri həcmli məqaləsində öncə bugünkü insanlığın ən çox nəyə möhtac olması xüsusu üzərində dayanan Gülən xülasə olaraq bunları qeyd edir:

“İstər renessans və reform hərəkatının, istərsə də coğrafi kəşflərin təməlində maddi ehtiyacların təmini dayandığı üçün və həmçinin bu ehtiyacların zərurətə çevirdiyi elmi hərəkatların Kilsəyə və onun təmsil etdiyi Orta Əsr Xristian Sxolastisizminə qarşı mübarizədə inkişaf etməsinin nəticəsi olaraq din-elm toqquşması, dindən qopma və nəhayət, materializm və kommunizm, ictimai coğrafiyada isə bütün dünyanı əhatə edən müstəmləkəçilik, mənfəət uğrunda bitib-tükənməyən münaqişələr, ən nəhayət, iki dünya müharibəsi və bloklaşmalar yaxın tarixin ən gözə çarpan xüsusiyyətləri kimi qarşımıza çıxır.

Qeyd edilən bu faktorların təsiri altında son əsrlərdə Qərbin intellektual çevrələrini ən çox məşğul edən mövzunun din-elm münaqişəsi olması ilə yanaşı, XVIII əsrdə başlayan Maarifçilik Hərəkatı insanı yalnız ağıldan, onu təqib edən pozitivist və materialist cərəyanlar isə sadəcə maddədən və ya bədəndən ibarət gördüyü üçün Qərbdə, xüsusilə, mənəvi böhranlar bir-birini izləmişdir. Xüsusilə, son əsri tamamilə əhatə edən və iki dünya müharibəsində ən yüksək həddə çatan mənfəət uğrunda mübarizənin əsas təkanverici ünsürünün bu mənəvi böhranlar və mənəvi tətminsizlik (mənəvi ehtiyacların təmin edilməməsi) olduğunu söyləmək əsla mübaliğə deyildir.

Bu mənada, fərqli bir tarixə və əslini, kökünü qorumuş bir inanc sisteminə sahib olaraq, iqtisadi və dolayısilə də, ictimai, hətta hərbi yöndən köklü əlaqələrə malik olduğumuz Avropaya və ümumən bütün insanlığa verəcəyimiz bəzi təməl dəyərlərin varlığına inanıram. Bunların başında insan anlayışımız və insana baxışımız dayanır.

Əsasən bu mövqe, bizə məxsus, yəni subyektiv bir baxış olmayıb insanın həqiqətən nə olduğunu ortaya qoyan ən obyektiv bir baxışdır. Bəli, hər kəsin etiraf edəcəyi kimi, insan nə sadəcə bədəndən, nə sadəcə ağıldan və mühakimədən, nə sadəcə hisslərdən və nə də yalnız ruhdan ibarət bir varlıq deyil. O, bir çox ehtiyaclar torunda qıvrılan cəsədi; cəsəddən daha dərin ehtiyacları olan və başını keçmişin ələmlərini və gələcəyin əndişələrini saran, bundan başqa, bütün varlığı qurcalayaraq, onu “Mən kiməm? Bu dünya nəyin nəyidir? Həyatın və ölümün məndən istədiyi nədir? Məni dünyaya kim, hansı məqsədlə göndərmişdir? Hara gedirəm və bu həyatın qayəsi nədir? Bu dünya səyahətində rəhbərim kimdir?” suallarına cavab axtarmağa sövq edən ağlı; ağıldan daha çox təmin edilmək istəyən hissləri və ona öz insani mahiyyətini qazandıran ruhu ilə bütün, kompleks bir varlıqdır. Bütün sistemlərin və ya cəhdlərin ətrafında dolanan insan, məhz bütün bu yönləri ilə kompleks bir varlıq kimi nəzərdən keçirilib dəyərləndirildiyi və bütün ehtiyacları təmin edildiyi zaman həqiqi səadətə qovuşa bilər. Bu nöqtədə onun həqiqi tərəqqi və əsl varlıq tərəfi ilə təkamülü də ancaq təhsillə mümkündür.”

Bu şəkildə təhsilin önəminə təmas edən və Türk insanı olaraq dünyaya verəcəyimiz çox şeyin olduğuna inanan Fəthullah Gülən Türkiyədə başlayan və arxasınca əvvəlcə Asiyaya, sonra bütün dünyaya yayılan təhsil hərəkatının arxasındakı təkanverici faktoru da belə dilə gətirir:

Seynt Martin “Meyvələr yetişdikcə Avropaya töküldü. Ağacın kökü Asiyadadır. Şərqdən fışqıran qaynaq bütün varlıqlar susuzluqlarını dəf etsin deyə, axın-axın Qərbə boşaldı,” – deyir.

Bir Avropalının etirafı olan bu ifadə və dəyərləndirmədə mübaliğə payı varmı, deyə bilmərəm, niyyətim Şərq-Qərb ayrı-seçkiliyi də deyildir. Lakin köklərimizin yatdığı Asiyaya varlığımızın dərinliyində duyduğumuz hicran və həsrətdən qaynaqlanan duyğularımızı süzəcək ağıl və mühakimə toxumları, əlbəttə, ölkəmizdə vardı. Bunların arasına girəndə ayaqları yerə dəyməyən ötəri qəhrəmanlıq duyğularından daha çox, ağıl və məntiqlə hissləri, beyin ilə qəlbi, maddə ilə mənanı ən mükəmməl şəkildə birləşdirərək yaşadığımız dövrü və bu dövrün siyasi, ictimai, iqtisadi vəziyyətini dərk edərək və dolayısilə tamamən hikmət çərçivəsində davranmaq zərurəti ortaya çıxırdı.

Əsasən bu münasibətlə mənə yönələn bəzi xoş niyyətləri ölkə, dövlət və millət xidmətinə yönəltməyə çalışmış və insanımızı məktəblər açmaqla təhsil və insan yetişdirmə işində dövlətə dəstək olmağa çağırmışdım. Savadsızlığın ləğvi təhsildən, yoxsulluğu aradan qaldırma çalışmaq və sərvət sahibi olmaqdan, daxili parçalanma və bölünmələrin qarşısını almaq birləşməkdən, dialoqdan və tolerantlıqdan keçirdi, amma hər cür problem ən nəhayətdə insana dayanır. Bəli, dünyada bütün problemlər insanla başlayıb insanla bitdiyinə görə, istər yaxşı işləyən, qüsursuz və ya az qüsurlu ictimai bir sistem və cəmiyyət forması, istərsə də, qəbir və qəbrin o biri tərəfi üçün olsun, ən təsirli vasitə təhsildir.

Bu xüsusda başqa bir məsələ isə budur: Xalqımız arasında “Qonşu qonşunun külünə möhtacdır” kimi bir məsəl var. Əgər əlinizdə başqalarının ehtiyac duyacağı külünüz yoxdursa, onda heç kim sizə dəyər verməyəcəkdir. Bu yerdə bizim insanlığa verəcəyimiz alacağımızdan daha çoxdur. Bu gün “Dərin Türkiyə” deyilən və daha çox könüllü təşkilatlarla təmsil edilən xalq təbəqələrimizin şirkət və vəqflər qurub böyük bir xidmət nəşəsi içində dünyanın dörd bir bucağına toxumlar şəklində atdıqları təhsil müəssisələrinin hər tərəfdə xoş qarşılanması və maddi çətinliklərə baxmayaraq, qısa müddətdə Qərbli həmkarları ilə ölçüyəgəlməz sürətlə onları belə zaman-zaman geridə qoyması bu söylədiklərimizin inkaredilməz dəlili sayılır.

Gülən bu təhlillərdən sonra: “Niyə ilk olaraq Asiya?” sualını isə, qısaca belə cavablandırır:

“Sovetlər İttifaqının dağılması ilə onun tərkibində olan və hal-hazırda Türk Respublikaları adlandırdığımız qardaş dövlətlər bir-bir müstəqilliyini qazandı. Kiçilən dünyada varlığını davam etdirməsi və bundan da əlavə dövlətlər, millətlər balansında özünə layiq şərəfli yeri tuta bilməsi üçün xarici ittifaqlara təbii olaraq ehtiyac duyan ölkəmizin ilk növbədə istiqamətlənməli olduğu yer Asiyadakı bu qardaş ölkələr ola bilərdi. O zamankı ən yüksək məqamlara sahib dövlət böyüklərimiz də bu cəhəti vurğulayırdı. Ölkəmizin tanıdılması və millətlərarası bir çox problemimizin həllində böyük dövlətlərin dəstəyini təmin etmək üçün lobbilərə ehtiyac duyur və bu lobbilərə böyük miqdarda pul xərcləyirik. Bunun yerinə, təbii ittifaqların qurulması və yaxın-uzaq planda bu gün olduğu kimi düşmənlərdən deyil, dostlardan təşkil olunmuş bir ətrafla əhatələnməyimiz, əlbəttə, ölkəmizin lehinə olacaqdır. Digər tərəfdən, bu ölkələr iqtisadi baxımdan da çox rahat şəkildə münasibət qura biləcəyimiz ölkələrdir. Dövlət və xüsusilə, özəl sektorun buralara dərhal girməsi və bu yerlərdə təşəbbüsü ələ alması, həm bu ölkələr üçün, həm də bizim üçün, şübhəsiz, faydalı olacaqdır. Dövlətimiz bütün bunların öhdəsindən gələ bilərdimi, bilməzdimi, təqdirini insaf əhlinə həvalə edirəm.

Digər bir məsələ – Asiya bizim ata yurdumuzdur.Tarix kitablarında və dərslərində illərdir, uşaqlarımıza Asiyadan dünyaya yayıldığımızı tədris edirik. Asiyadan bu tərəfə axın-axın köç etmiş və davamlı qərbə yönəlmişik... Bizə İslamı dupduru su halında axıdan kanal da Asiya olmuşdur. On əsr əvvəl Asiyadan bu tərəfə yönələn tarixi köçü, təhsil və iş adamlarından ibarət olan yeni məhəbbət fədailəri ilə, elm və təhsil dərvişləri ilə geri qaytarmağımız vəfa borcunun ödənilməsi deməkdir. Bu tarixi və sosioloji mərhələdə Tənzimatdan bu yana onunla bütünləşməyə çalışdığımız halda, heç cür qəbul edilmədiyimiz, əsl şəxsiyyət və xarakterimizi ortaya qoymaqdan çəkindiyimiz üçün həmişə etinasız qarşılandığımız Avropa qarşısında şəxsiyyətli və səviyyəli bir mövqe qazanıb Qərblə münasibətlərimizin onlar üçün də daha yararlı olacaq şəkildə bərabər ölkələr müstəvisində cərəyan etməsi varlıq təməllərimizin Asiyada çox sağlam olmasına bağlıdır. Asiyadan, ata yurdlarımızdan qopduğumuz təqdirdə köksüz, dolayısilə də yerlərdə sürünən və qurumağa məhkum bir ağac kimi olarıq.

a. Ölkəxarici təhsil fəaliyyətlərinin başlanmasına qısa baxış

Fəthullah Gülənin bu düşüncə və duyğularla təşviq etdiyi Anadolu insanı öz içindən çıxardığı bəzi təşəbbüskarları ilə əvvəlcə Asiyada, sonra bütün dünyada təhsil səfərbərliyinə başladı. Bu səfərbərliyə, xüsusilə, Dövlət Başçısı Turqut Özal və qismən Süleyman Dəmirəl ciddi dəstək verdi. Bu hər iki prezident müxtəlif ölkələrin dövlət, və ya hökumət başçılarına yazdıqları məktublarla zaman-zaman meydana çıxan maneələrin həllinə dəstək oldular. Bu təhsil hərəkatı özü ilə türk iş adamları üçün iqtisadi sərmayələrin də yolunu açdı. Halbuki, aparılan iqtisadi fəaliyyətlər təhsil səviyyəsində olmadı və Türkiyə bu mövzuda digər ölkələrdən daha yavaş, ürkək tərpəndi və geri qaldı. Bununla birlikdə, Cenk Koraya görə əsl qazanc yenə Türkiyəyə aiddir:

“Qazaxıstan müstəqilliyini əldə etdikdən sonra xarici ölkələr buraya axışmışdı. Koreyalılar alüminium mədənlərinə, amerikalılar neft quyularına, almanlar bank sektoruna hakim olmuşdu. Halbuki, ən önəmli qaynağa Fəthullah Xoca sahib çıxmışdı: insana. Alüminium bir gün tükənərdi, amma ən dəyərli sərmayə vasitəsi insandır.” (Axşam, 16.05.1997)

Cenk Korayın təsbiti ilə Asiya insanına qoyulan bu sərmayə həqiqətən təqdirlə qarşılanmış, qəbul edilmiş bir sərmayə idi. Məktəblər yerləşdikləri ölkələrin idarəçi və xalqları tərəfindən, çox az və məhdud istisnalar xaricində, müsbət qarşılandı. Məsələn, Türkmənistanın dövlət başçısı Səfərmurad Türkmənbaşı burada açılan məktəblərin ilk məzun buraxılışında bir təbrik məktubu göndərir və təbrikdə məktəblər qədər, şəxsən Türk dövlət və xalqına da təqdir və təşəkkürlərini ifadə edirdi.

Digər bir misal; Albaniyanın paytaxtı Tiranada açılan məktəbə Hərbi Akademiyalar Komandanlığı binasının bir hissəsi ayrıldı. Bu həm məktəbə göstərilən etimadın, həm də ona verilən dəstəyin önəmli bir ifadəsi idi. Belə ki, daha sonra Albaniya prezidenti seçilən Rəcəb Meydani fizika professoru olaraq bu məktəbdə müəllimlik etmişdi. Moskvadakı Türk-Rus məktəbini ziyarət edən “Hürriyyət” qəzetinin jurnalisti Fərai Tınç isə Moskva Dövlət Təhsil Komitəsi Başçısının Köməkçisi Kuznetsovun bu məktəb haqqında həyəcanla: “Bu məktəb Türkiyə və Rusiyada yeni vətəndaş nəsli yetişdirmək istəyən və bir-birini sevən insanların sevgilərinin meyvəsidir,” – dediyini yazırdı. (Hürriyət, 19.01.1998)

Məktəblərin bu şəkildə qəbul edilməsinin səbəblərini bunları yerində görən jurnalist və yazıçıların məlumatları və dəyərləndirmələri çərçivəsində belə sıralamaq olar:

b. Məktəblərdə qazanılan uğurların əsas faktorları

Bu məktəblər hər şeydən əvvəl, çox gözəl və keyfiyyətli təhsil-tərbiyə verir. Bu cəhət məktəblərdən məzun olan şagirdlərin, demək olar ki, hamısının üniversitetlərə qəbul olması ilə yanaşı, çox qısa zamanda region və dünya fənn olimpiadalarında ən yüksək dərəcələr və medallar qazanmaları ilə isbatlanmışdır. Onlar haqqında “Yeni Yüzyıl” qəzetində 15.01.1198 – 04.02.1998 – ci il tarixləri arasında üç həftə boyunca silsilə məqalələr çap etdirən Hulusi Turqutun fikrincə, fənn olimpiadalarında bu məktəblər Türkiyədəki eyni tipli məktəblərə rəqib olmuş və bir-biri ilə yarışır. Məhz uğurlarına görə yerləşdikləri ölkələrdə xarici dövlət təmsilçiləri uşaqlarının əsasən bu məktəblərdə təhsil almasına üstünlük verir.

Məktəblər haqqında namizədlik dissertasiyası yazan Alman Volksvagen Vəqfi aradışma qrupundan istər Almaniyada istərsə də beynəlxalq miqyasda yaxşı tanınan Makedoniyalı pedaqoq Bekim Aqai yazır: “Məktəblər çox yaxşı təchiz edilmiş və bölgədə başqa heç bir məktəbin verə bilmədiyi bir təlim-tərbiyə verir. Bunun nəticələri ölkədaxili, hətta beynəlxalq səviyyədə çox böyük bir müvəffəqiyyət olaraq dövr edir.”

Bu məktəblər sadəcə yüksək səviyyədə təhsil verməklə qalmır, eyni zamanda, çox gözəl də tərbiyə verir. Bekim Aqai bunu: “Tələbələrini həm fənlər sahəsində, həm də başqalarına faydalı insan olma istiqamətində yetişdirirlər”, – şəklində ifadə edir. Bir çox yerdə süqut edən ailə quruluşu sanki yenidən formalaşmağa başlayır və bu məktəblərdə təhsil alan uşaqlar sayəsində bir çox dağılmış ailə yenidən məhvərinə dönür. Cenk Korayın qeyd etdiyinə görə, şagirdlər “öz ölkəmizdə belə yox olmağa üz tutmuş böyüyə hörmət, kiçiyə sevgi, tolerantlıq, səbir, yaxşılıq, doğruluq kimi xüsusiyyətlərlə yetişirlər” (Axşam, 16.02.1997). Əli Bayramoğlu məktəblərlə bağlı müşahidələrindən söz açarkən uşaqlarda müsbət əxlaqi dəyişikliklər baş verdiyini, tələbələrdə adət-ənənələrə, milli-mənəvi dəyərlərə söykənən müdhiş bir hörmət, bir nizam-intizamın açıq-aşkar hiss edilidiyini qeyd edir. (Yeni Yüzyız, 02.11.1996)

Hulusi Turqut məktəblərlə bağlı silsilə məqalələrində bu məktəblərdəki şagirdlərin böyük ölçüdə içki və siqareti tərk etdiyini xüsusi vurğulayır. Mehmet Altan da Moskvada iki valideyn ananın: “İngiliscə təhsil verildiyi və siqaret çəkilmədiyinə görə uşaqlarımızı bu məktəblərə göndəririk,” – dediyini anladır. (Sabah, 22.01.1998)

Türkiyədəki məktəblər də daxil olmaqla, bu təhsil müəssisələrinin digərlərindən fərqli ən önəmli özünəməxsus xüsusiyyətlərindən biri də fəaliyyət göstərdikləri yerlərdə uzlaşma, ictimai sülh, xoşgörü və xoş bir ab-hava təşkil etmələridir. Vandakı müşahidələrdən bəhs edən Nevval Sevindi də (“Yeni Yüzyıl”dan nəqlən Ergün, 316-317), Nazlı Ilıcak da (Axşam, 25.03.1997) ilk növbədə bu cəhətə toxunur. Rusiyadakı məktəblərin bir qismini gəzən Mehmet Altan, eyni cəhəti: “Keçid dövrünün sıxıntıları Türk məktəblərinə sıza bilmir. Burada “sevgi, hörmət ritualı” hakimdir. Ailələr uşaqlarının harada, necə yaşadıqlarını bilirlər və bundan məmnundurlar”, – sözləri ilə ifadə edir. Bekim Aqai isə məktəblərin sülh və əmin-amanlıq diyarı olduğunu vurğulayır.

Orta Doğu Texniki Universitetinin (Ankara) Pedaqogika Fakultəsi Pedaqoji Elmlər Kafedrasının Professoru Füsun Akkokun rəhbərliyi altında Türkmənistan və Qırğızıstandakı məktəblərlə bağlı tələbələr, müəllimlər və valideynlərlə üzbəüz görüşüb araşdırma aparan Cənnət Əngin Dəmir və Aişə Balcının əldə etdiyi nəticələr də fərqli deyil. Onlar məhz bu məktəblərə üstünlük vermə səbəbləri kimi, xüsusilə, dil, təbiət elmləri və kompyuterin tədrisindəki uğurlarla yanaşı, şagirdlərin əxlaqlı, dürüst, nizam-intizamlı və çalışqan böyümələrinin, ata-anaları və dostları ilə yaxşı davranmalarının ön planda gəldiyini qeyd edirlər. (http//literacyonline.org/products/ili/webdocs/carlf_dem.html)

Məktəblərlə bağlı digər vacib bir xüsus isə müəllimlərin eyni zamanda yaxşı padaqoq və fədakar olmalarıdır. Bu, demək olar ki, bütün müşahidəçilərin diqqətini çəkən və xüsusi vurğuladıqları önəmli bir məqamdır. Məsələn, Cənnət Əngin Dəmir və Aişə Balcı müəllimlərin və idarəçilərin gözəl bir məktəb-valideyn münasibəti qurduğunu və bundan valideynlərin çox razı qaldığını, bununla yanaşı, müəllimlərin şagirdlərinə daim kömək etdiyini və həm onlara, həm də valideynlərinə qarşı çox yaxşı davrandığını qeyd edir. İqtisadçı Mustafa Özəl isə müşahidələrində ilkin olaraq bu cəhətlərə diqqəti çəkir: “Türk müəllimlərin yaşı 20-25 arasında dəyişir. Hamısı gənc və idealist!!! İyirmi dörd saatı bütünlüklə şagirdlərin tərbiyəsinə həsr etmələri, onların hallarından bəlli olur. Aylıq gəlirləri 300-500 dollar arasında dəyişir. Yəni onları bu işə sövq edən maddi səbəblər deyil, idealizmdir.” (Ergün, 346)

ABŞ McGill Universitetindən Berna Turam ictimaiyyət arasında Fəthullah Gülənlə birlikdə adı çəkilən bu məktəblərin sivil cəmiyyət layihəsi çərçivəsində dünyəvi qurumlarla inanc arasında körpü qurmağı hədəflədiyini bildirir. Turam Gülənin Türkiyənin sivil cəmiyyət olma və beynəlxalq cəmiyyətə qatılma arzularının reallaşmasında mühüm rol oynadığını da qeyd etdikdən sonra bunları bildirir:

“Tədris planı İslamı və ya Türkiyəni ön plana çəkmir. Təhsil dünyəvidir. Din tədrisi yox, sadəcə Dinlər tarixi dərsi var. Bu baxımdan məktəblərin nəinki bir camaatın məqsədinə, hətta milli mənfəətlərə belə xidmət etmədiyi açıq-aydındır. Bununla birlikdə, İngilis dili əsas tədris dili olsa da, Fəthullah Gülən Türkcəni beynəlxalq ünsiyyət dilinə çevirməyi hədəfləyir. Müsahibim olan müəllimlər də Türkcə gözəl danışmağın əhəmiyyətinə toxundular. Qazaxıstanda görüşdüyüm tələbələr Türk dilini yaxşı bilir və məzunlar Qazaxıstanla Türkiyə arasında körpü qurmaq tərəfdarıdır.

Məktəblər əvvəlki rejimdən qalma əxlaqdan kənar xüsusiyyət və davranışları ortadan qaldırırlar. Beynəlxalq fənn olimpiadalarında qazanılan uğur, əxlaq yönümlü bir təhsil, nizam-intizam və mədəniyyət ünsürü ilə birləşir. Məktəblərin tətbiq etdiyi təhsil modeli dünyəvi tədrislə inanc-ağıl, modernizm-adət-ənənə arasındakı münaqişə xarakterli yanaşmaları uzlaşdırma istiqamətində işləyir. Müəllimlərdə özünü unutmaq səviyyəsində yüksək fədakarlıq müşahidə olunur. Məktəblərin maliyyələşməsinə kömək edən dindar, qeyri-dindar iş adamları məktəblərdə qüsursuz Türkçə danışılmasından və Türk Milli Marşının oxunmasından qürur duyurlar. Bununla birlikdə, məktəblərdə qlobal genişlənmə məqsədi görünmür. Türklərin Sovet hegemonluğunun yerini alacağı kimi əvvəllər duyulan şübhələrə baxmayaraq, məktəblər ölkələr və mədəniyyətlər arasında dialoq körpüsü funksiyasını yerinə yetirir. İnsani hədəf isə ən birinci planda gəlir... (National Loyalties and İnternational Alliances, Simpozium təbliği)

c. Məktəblərin maliyyələşməsi və Güləndə iqtisadi düşüncə

Fəthullah Gülən başqa mövzularda olduğu kimi iqtisadi sahədə də düşüncələrini müəyyən vaxtlarda ictimaiyyətin diqqət və dəyərləndirməsinə təqdim etmişdir. Onun bu düşüncələri, şübhəsiz, bir iqtisadçının düşüncələri deyildir, amma həyatı bir bütöv halda nəzərdən keçirsək, bu fikirlərin onun aksiyonunun iqtisadi tərəfini əhatə edən ümumi prinsiplər mahiyyətində olduğunu görərik. Məsələn, o, “Sızıntı” jurnalının mart 1998-ci il tarixli 110-cu sayında nəşr edilən “Eroziyalar və Millət Ruhu” adlı məqaləsində Türkiyənin “ən böyük şəhərlərdən ən kiçik qəsəbələrə, ən kiçik qəsəbələrdən ən ucqar kəndlərə qədər mütləq yenidən qurulması” və bunun üçün əsrlərdən bəri yığılıb qalan sosial-iqtisadi məsələlərə inkişaf edən dünya şərtlərini nəzərə almaqla və dövrün şərtləri ilə düşüncələrimizə yeni üfüqlər qazandırmaqla həll yolları tapılması zərurətini vurğulayır və bunları ifadə edir:

“Müasir texnika ilə kənd təsərrüfatında yeni-yeni uğurlar əldə edilməli, illərdir iməkləyən sənaye dirçəldilib inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmalı, əl dəyməmiş yeraltı, yerüstü sərvətlərimiz dəyərləndirilib insanlarımızın istifadəsinə təqdim edilməli, sərhəd qapılarından dünyanın hər bucağına ixracat məhsulları axıb getməli, nəyin bahasına olursa-olsun, Türk lirəsi dünya birjalarında təmsil etdiyi millətin şərəfinə layiq yer tutmalı və illərdən bəri bəhs edilən “Millətin gücləndirilməsi” və “xalqın rifah səviyyəsinin yüksəldilməsi” kimi vədlər qısa müddətdə mütləq reallaşdırılmalıdır.” (Bax.: Yitirilmiş Cennete Doğru, səh 130-132)

Gülən başqa bir dəyərləndirməsində isə bunları söyləyir:

“Hər mömin halal dairədə olmaq şərti ilə mütləq varlı olmalıdır. Lazım olarsa, sərmayələr birləşdirilməli, ölkə xaricində, ölkə daxilində sərmayənin keçərli və rəqabətə açıq növlərinə təşəbbüs edilməlidir. Müsbət və dini elmlərlə yetişmiş insanlar vasitəsilə gələcək əsrləri qucaqlamaq üçün iqtisadiyyatın bu sahədəki təsirliliyi unudulmamalıdır. (Yenə unudulmamalıdır ki,) xeyirli iş yolunda o xeyrə səbəb olacaq hər halal iş ibadətdir.”(Prizma, 2/33-34)

Fəthullah Gülən həmçinin ticarətin hər zaman, hər yerdə və hamı üçün gərəkli olan bəzi əsas şərtlərindən də bəhs etmişdir. Ona görə, gələcəkdə ticarət və onun vəd etdiyi şeylərin rolu ehtimal edilən səviyyədən də yüksək olacaqdır. Hər şeydə olduğu kimi, ticarət və sənətkarlıqda da elm və ixtisasın əhəmiyyəti böyük olmaqla yanaşı, bu iki məsləyin şəyirdlik prinsipinə əsaslandığı da qətiyyən unudulmamalıdır. Kitablarda izah edilən neçə-neçə məsələlər vardır ki, mahir bir ustabaşı və şəyirdlikdə yetişmiş ustanın məharət süzgəcindən keçməsə, gözlənilən nəticəni verməsi qeyri-mümkündür.

“Haram-halala diqqət yetirib alış-veriş edən bir tacirin iş başında keçirdiyi və keçirəcəyi dəqiqələr ibadət sayılır,” – deyən Gülən ticarətin ruhunun doğruluq, etimad, dövrünün şərtlərini yaxşı bilmək, müştəriyə qarşı olduqca nəzakətli və tərbiyəli davranmaq olduğunu vurğulayır. Ona görə, tacirlər, sənətkarlar dürüst, etibarlı, şirindil, gülərüz, olduqca təvazökar, sözlərində sabit və işlərində səbatlı, yorulmaz olmalıdır. Gülən ticarət mövzusunda başqa bir vacib məqamı da vurğulayır: “İş yerlərini həmişəkindən bir saat əvvəl açıb bir saat sonra bağlayanların ayları 35, illəri də 420 gün olur”. (Ölçü veya Yoldakı Işıklar, 177-178)

Fəthullah Gülən türk iş adamlarına təhsillə yanaşı, iqtisadi sahələrdə də ölkə xaricinə getməyi tövsiyə etmişdir. Məsələn, Orta Asiyaya getmə mövzusunda onun bu sözlərini oxuyuruq: “Orta Asiyaya getməkdə çox gecikdik. Əsasən də ticarət və sənaye sahələrində təhsildə olduğu qədər müvəffəq ola bilmədik... Dövlət bu mövzuya daha köklü şəkildə yanaşmalı idi. Yəni informasiya mərkəzləri qurub hüquqi təminat əldə etməklə oralara gedib sərmayə qoyacaq iş adamlarımıza imkan yaratmalı, ölkələr arasında bəzi müqavilələr imzalamalı idi. Amma madam ki, dövlət səviyyəsində bu məsələ müzakirə edilmir, millət olaraq, xalq olaraq biz üzərimizə düşən vəzifəni yerinə yetirməli idik və ya hələ də edə bilərik. Bu yolda boş keçən hər saniyə böyük itkidir.” (Fasıldan Fasıla, 2/ 259-260)

Fəthullah Gülən belə bir məqsəd uğrunda həm təhsil, həm də iqtisadi sahələrdə Türk sərmayədarlarına davamlı məsləhətlər verdi və özünə qarşı xalq arasında duyulan ehtiramı, sevgini ölkə xidmətinə istiqamətləndirdi. Onun tövsiyələrinə əməl edib, ona olan etimadı ilə yola çıxan iş adamlarımız həm təhsil sahəsində, həm də iqtisadi sahələrdə Türkiyə daxilində və xaricində müəyyən ölçülərdə fəaliyyət ortaya qoydular və buna da davam edirlər. Dövlətin heç bir dəstəyi olmadan, ölkəsini və millətini düşünən, böyük əksəriyyəti etibarilə bu yolla Allahın rizasını və axirəti qazanacağına ümid edən bir çox Türk sərmayədarı xeyirli işlərdə yarışmağı adətə çevirən əcdadları ilə bölüşdüyü eyni yolda bir Könüllülər hərəkatı meydana gətirdi. Bu hərəkatın arasında cəmiyyətin hər təbəqəsindən hər cür düşüncəyə sahib insanları görmək bu ölkənin tarixini və millətinin xarakterini bilənlər üçün heç də təəccübləndirici olmamalıdır.

Bu şəkildə deyilə bilər ki, könüllü bir təhsil hərəkatı və eyni səviyyədə olmasa da, iqtisadi səfərbərlik başladı. Hülusi Turqut qeyd etdiyimiz silsilə məqalələrində bu cəhəti də vurğulayır:

“Orta Asiya Türk Respublikaları, Qafqaz və keçmiş Sovet ölkələrində məktəb açmaq məqsədilə əlindən gələni əsirgəməyən heyətlər hər getdiyi yerdə bürokratlarla çox yaxşı münasibətlər qurur, qısa müddətdə onların etimadını qazanırdı.

Bu arada, məktəb qurucuları Türkiyədən gələn iş adamlarına buralarda iş qurmaq üçün ciddi mənada kömək edirdi. Zaman keçdikcə bu iş adamları yaxşı gəlir əldə etməyə başlayacaq, məktəblərin maddi ehtiyaclarına sevə-sevə yardım göstərəcəkdilər. Qısaca, ölkə xaricindəki məktəblərin maliyyə dəstəkçiləri də belə ortaya çıxırdı.

Beş qitəyə yayılan məktəblər üçün Türkiyədə şirkətlər quruldu. Bu şirkətlər ölkə xaricində açacaqları məktəblər üçün Türk Milli Təhsil Nazirliyinə müraciət edib icazə aldı. Sonra da, bu məktəblərdə işləyəcək heyət müəyyənləşdi və müəllimlər ölkəmizin tanınmış universitetlərində təhsil almış gənclər arasından seçildi.

d. Bəzi Önəmli Müşahidələr və Dəyərləndirmələr

Dünyanın bir çox ölkəsinə yayılmış Türk məktəblərini Türkiyə daxilindən və xaricindən xeyli adam ziyarət etdi və bunlar müşahidələrini və fikirlərini ya yazmaqla, ya söhbətlərində bildirdilər.

Məktəblərlə bağlı bu müşahidə və dəyərləndirmələrdən sadəcə bir neçəsini yazacağıq.

Mərkəzi mahiyyət daşımayam sivil təşəbbüsün məhsulu

Birincisi, bu məktəblər mərkəzi maliyyə mənbəyinə tabe deyildir. Hər məktəb Türkiyədə bir şəhər və ya rayon tərəfindən, ya da varlı bir iş adamı tərəfindən maliyyələşdirilir. Müəllimlərə gəldikdə isə əsasən İngilis dilində təhsil verən bu gənclər Türkiyənin ən yaxşı universitetlərində yetişir. Bu sırada Mərmərə Universiteti, Boğaziçi Univesiteti və ODTÜ məzunları çoxluq təşkil edir. Demək olar, əksəriyyəti məktəbi bitirən kimi müəllimliyə başlamışdır. Maaşları çox az: 350-700 dollar arasında dəyişir. Pul yığma imkanları heç yoxdur. (Ali Bayramoğlu, Yeni Yüzyıl, 31.10-2.11.1996)

Türkiyəyə xal

Düzünü demək lazımdırsa, Orta Asiyadakı məktəblərdə dini təhsillə genişlənməyə çalışan bir təşkilat görəcəyimi zənn edirdim. Səyahətdən sonra bu yanaşmam dəyişdi. Ən əhəmiyyətlisi, Hərəkatın Orta Asiyada həyata keçirdiyi fəaliyyətləri ilə özlərindən çox, Türkiyənin xeyrinə xal (şans) qazandırdığını müşahidə etdim. (Atılgan Bayar, Hürriyet, 01.11.1996)

Fəthullah Xoca qabaqcıl bir pedaqoqdur

Fəthullah Xoca təhsil mövzusunda qabaqcıl düşüncəyə malikdir. Bu məktəblər sabahın İslam birliyi amalını daşıyan dini əsaslara söykənən missioner məktəbidirmi deyə, 14 məktəbin ikisini, universiteti gəzib-dolaşdım. Fəqət belə olmadığını gözlərimlə gördüm. Orada yetişən uşaqların da gözəl formalaşdığına şahid oldum. (Üzeyir Garih, Hürriyet, 01.11.1996)

Məktəblər Türkiyənin güzgüsüdür

Xoca Əfəndi məfkurəsizlik üzündən yollarda qalan türk gəncliyinə ideal vermişdir. Düşünün, bu gənclər yayda +35, qışda -65 dərəcə olan bir diyarda belə cüzi maaşla işləyirlər. Bu səfərbərlik və fədakarlıq hissi tarixin nadir rastlaşdığı hadisələrdən biridir. 70 yaşımdan sonra da olsa, belə bir üfüqü tanıdığım üçün çox xoşbəxtəm.

Hamınız bu sevgi haləsinin ətrafında toplanın. Vəzifəmiz bu gözəl hərəkatı davam etdirməkdir. Heç birimizin həyatı əbədi deyildır. Allah əbədidir, iman əbədidir, sevgi əbədidir, xeyir əbədidir.

Keçmiş bir səfir Ankarada mənə bunları dedi: (Monqolustanın paytaxtı) Ulan-Batora səfir olaraq təyin edilən gənc diplomat təcrübəli ustadının yanına gəlir və “Heç bir məlumat yoxdur, gedimmi?” – deyə soruşur. Ustadı səfirə: “Get, bir az araşdır, şərait uyğun deyilsə, geri qayıdarsan” – cavabını verir. Təyyarədən endiyi vaxt bir cavan oğlan bu yeni səfiri: ”Xoş gəldiniz, cənab,” – deyərək qarşılayır. Çaşıb qalan səfirin: “Siz kimsiniz?” – sualına: “Mən buradakı iki Türk məktəbinin koordinatoruyam. Təşrif buyurduğunuzu eşitdik, “xoş gəlmisiniz” demək üçün gəldim. Qalmağınız üçün yer hazırladım, səfirlik üçün bina hazırladıq. Buyurun, işinizə başlayın. Biz də gözləyirik, monqollar da gözləyir” – cavabını alır.

29 Oktyabr Cümhuriyyət Bayramı yaxınlaşanda səfir yenə düşünür, imkanı yox, şərait yox və əcnəbi bir yer, heç kimi tanımır. Yenə köməyinə həmin gənc yetişir. Məktəblərdən birinin salonunu açır və 29 Oktyabr Cümhuriyyət Bayramı Monqollarla birlikdə qeyd edilir. Gənc səfir heyrət içində Türkiyəyə dönərkən: “Ustadım” dediyi keçmiş səfirə ağlaya-ağlaya danışır və soruşur: “Bu necə ruhdur, kimdir bunları yetişdirən?”

“Bir gözəlliyi anlamaq və dərk etmək, gözəlliyi bilməklə mümkündür. Bizlər hamımız, hamımız gözəlliyi və sevgini biləcək dövrdəyik. Sevgiləriniz aramızdadır. Sevgilərinizi yaydığınız zaman bütün məkanlar qüdrətli olur.” (Aydın Balak, nəql edən; Ergün. 374 -76)

Məktəblər qürurlandırır

Bu məktəblər Qərb mədəniyyətinin də təsiri ilə şəkillənən Türkiyə mədəniyyətini, Türkiyə Türkcəsini dünyaya yayır. Yaxşı işləyən, uğur qazanan bir sistemdir bu. Dövlətin bu məktəblərə ehtiyac hiss edirsə, maddi cəhətdən köməklik göstərməsi, dəstək verməsi lazımdır. Məktəblər Türkiyənin dünyaya inteqrasiyasını və xarici aləmlə mədəni əlaqələr qurmasını təmin edir. (Sami Kohen, Zaman, 07.01.1998)

Tolerantlıq toxumları səpirsiniz

Süleyman Dəmirəl (Türkiyənin 9-cu Prezidenti): Bu məktəblərin ölkəmiz və xalqlarımız arasındakı əməkdaşlığın təhsil sahəsində də inkişafında, əməkdaşlığın hər sahədə kompleks şəkildə, tarazlı və əhatəli inkişaf etdirilməsinə və gənc nəsillər arasındakı qarşılıqlı anlaşmanın artırılmasına müsbət yöndə faydası olacaqdır.

Saparmurad Türkmənbaşı (mərhum, sabiq Türkmənistan Prezidenti): Xidmətləriniz xalqımızın milli inkişaf tarixinə silinməz hərflərlə yazılacaqdır.

Köksal Toptan (Sabiq Təhsil Naziri): Dünya təhsil tarixinin ən böyük təhsil fəaliyyətləri Fəthullah Gülən və dostları tərəfindən həyata keçirilir. Bu çalışqan, vəfakar insanların cəhdlərinə mane olmayaq. Önlərinə sədd çəkməyək. Yeni ziyalı tipi, Türkiyə aşiqi insanlar bu məktəblərdə yetişir.

General Halis Burhan (Təqaüddə olan Hava Qüvvələri Komandiri): Tamamilə müasir metodlarla təhsil verən və XXI əsr informasiya toplumlarına insan yetişdirən bu müstəsna müəssisələrin və bütün müəllim heyətinin Türk dünyasına verdiyi töhfələr hər cür təqdirlərin fövqündədir.

Erdinç Türe (Təqaüddə olan general): Ziyarətimdə gördüm ki, bu məktəblərdə təhsil tərəfsiz, elmi və ciddi tərzdə keçirilir.

Gülemre Aybars (Təqaüddə olan general): Ölkəm Türkiyənin çox yaxın dostu olan Rumıniyanın gözəl Qaradəniz şəhəri Köstəncə. Köstəncədəki Beynəlxalq Türk Liseyinin bu tədbirinə qatılmaq mənim üçün həqiqi şərəf və xoşbəxtlikdir.

Fəyyaz Berker (TEKFEN Holdinq İdarə Heyətinni Sədri): Önəmli olan bir təhsil keyfiyyətinin əldə edilməsidir. Ətrafımda bir çox insan bu məktəbləri görmüşlər. Burada verilən müasir təhsildən fəxrlə danışırlar, hətta həmin ölkələrin idarəçilərinin də uşaqları bu məktəblərdə təhsil alır. Dünyaya açıq, tolerant, ideoloji bir mahiyyət daşımayan müasir təhsil bütün dünyada qəbul edilmişdir.

İshaq Alaton (ALARKO Holdinq İdarə Heyətinin Sədri): Rusiyada məktəb açılmasına vasitəçi olduq. Türkmənistanda – Aşqabadda bir məktəb açma niyyətimiz var. Bu, şirkətimizə olan hörməti, etimadı artırır.

Şarık Tara (Enka Holdinq İdarə heyətinin Sədri): Xaricdəki özəl türk məktəbləri haqqında həmişə gözəl şeylər eşitmişəm və bu məktəblərdə müasir tələblərə uyğun təhsil verilir.

e. Fəthullah Gülənin təhsil düşüncəsi, idealı və məktəblərlə bağlı önəmli bir müşahidə

İsa Cəmiyyəti Dinlərarası Dialoq Katibi və Asiya Yepiskopları Konfransları Federasiyası İdarə heyətinin katibi rahib Tomas Mişel uzun illər Moro hərəkatı üzvləri ilə dövlət güc strukturlarının müharibə apardığı və əhalinin yarısını Müsəlmanların, yarısını da Xristianların təşkil etdiyi Zamboanqa şəhərində Filippin-Türk Tolerantlıq Liseyini gördükdə maraqlanıb bu məktəbə gedir.

Öz ifadələri ilə,”partizan müharibəsi, adam oğurluğu, yay hücumları, həbslər, itkin düşmə hadisələri və cinayətlərin adiləşdiyi bu şəhərdə” bəhs edilən bu məktəbin bir qismi Müsəlman, o biri qismi də Xristian olan 1000-dən çox şagirdə yüksək səviyyəli təlim-tərbiyə verdiyini, şagirdlərin bir-biri ilə qaynayıb-qarışaraq sevgi mühitində yetişdiyini heyrətlə müşahidə edir. Daha sonra Qırğızıstanı gəzib-dolaşan və məsələn Bişkekdəki məktəbdə həm təhsilin səviyyəsinə, həm də beynəlxalq olimpiadalardakı uğurlarına heyran qalan Mişel bundan əlavə ABŞ-lı, Koreyalı və Türk şagirdlərin Əfqanıstanlı və İranlı şagirdlərlə mükəmməl şəkildə qaynayıb-qarışaraq birlikdə təhsil aldığına şahid olur. Müəllimlərdəki dürüstlük, çalışqanlıq, qarşılıqlı ahəng və vicdani şüur da diqqətini çəkir. Bütün bunlar Mişeli bu mənzərənin kökündəki fəlsəfəni tanımağa yönəldir və bu məktəblər xalq arasında Fəthullah Gülənlə bu və ya digər şəkildə əlaqəli göstərildiyi üçün o da Gülənin əsərlərini oxumağa başlayır. Gördükləri ilə əsərlərdə oxuduqlarını birlikdə dəyərləndirən Rahib Mişelin gəldiyi nəticəni və 2001-ci il aprel tarixində Corctaun Universitetində Gülənlə bağlı təşkil edilən simpoziuma təqdim etdiyi məqalədə dilə gətirdiyi nəticələri qısa şəkildə belə sıralamaq olar:

“Gülənə görə, bir-birlərinə kömək etmələri, hətta bir-biriləri ilə kompleks təşkil etməsi gərəkən mədrəsənin, məktəbin, mənəviyyatı tədris edən qurumların bir-birinin rəqibinə, hətta düşməninə çevrilməsi Gülənin heç olmaması gərəkdiyini söylədiyi bir toqquşmaya yola açır: din-elm toqquşması kimi. XIX və XX əsrlərdə elm adamlarının, siyasi xadimlərin və dini liderlərin də bir tərəfində yer aldığı bu mənasız mübarizə təhsilin fəlsəfə və metodlarında kəskin ayrılıqlara səbəb olur. Müasir dünyəvilik tərəfdarı olan pedaqoqlar dini ən yaxşı halda vaxt itkisi, ən pis halda isə inkişafa əngəl kimi görürlər. Mübahisə din adamlarını isə ya müasirləşməyə qarşı çıxmağa və ya dini həqiqi məna və funksiyaları daxilində din olaraq deyil, siyasi bir ideologiya olaraq görməyə sövq edir. “(Towards the Lost Paradise, 20) “Gülən buna çarə olaraq din adamlarının sağlam elmi metodlara, elm adamlarının isə dini-mənəvi dəyərlərə bağlılığını ehtiva edən bir təhsil modeli tövsiyə edir və ancaq bu şəkildə davam edən din-elm münaqişəsinin sona çatacağını, ən azından, bunun mənasızlığının ortaya çıxacağını bildirir.” (Towards the Lost Paradise,39)

Fəthullah Gülən Türkiyədə həm sağ, həm sol, həm dünyəvi, həm dini dairələrdə davam edən müzakirələrdən üstün və gələcəyə yönəlmiş bir yanaşma təklif edir. Gülən Türkiyə Cümhuriyyəti üçün də həqiqi müasirləşmənin hərtərəfli (kompleks, kamil) insan yetişdirməkdən başladığını düşünür. Bu isə mövcud təhsil cərəyanlarının əsas qolları üzərində dövrümüzün dəyişən tələblərini ödəyəcək və gələcəyi inşa edəcək yeni təhsil sistemi meydana gətirməklə mümkün olacaqdır.

Gülənin bu yanaşması, keçmişi bu günə daşımağı hədəf seçən köhnəlmiş layihələrdən tamamilə fərqlidir. Onun adı ilə anılan məktəblərdə tətbiq edilən təhsilin nə Osmanlı sistemini, nə də xilafəti yenidən qurmağı hədəf seçdiyini açıq şəkildə ifadə edən Gülən bu məktəblərin gələcəyi qurmaq amalını daşıdığını dəfələrlə vurğulamış və bunu edərkən də bir sözü xatırlatmışdır:”Keçmiş hal muhal; ya yeni hal, ya izmihlal (yəni, Keçmiş hal qeyri-mümkün, ya yeni hal, ya tənəzzül)!” (Lynne Emily Webb, Fəthullah Gülən: İs There More to Him Than Meets the Eye?, 89)

“Müasir təhsil qurumları beynəlxalq bazar sisteminə kütləvi şəkildə məhsul istehsal edən fabriklərə bənzəyir. Buralarda Gülənin vurğuladığı fikri və hissi dərinlik, düşüncə şəffaflığı, mənəvi təmayüllər və mədəniyyət zənginliyi arxa plana qoyulur. Dolayısilə, Gülən bu cür quruluşlara qarşılıq olaraq üzərində israrla durduğu qeyd edilən ünsürlərə üstünlük verən bir təhsil tərəfdarıdır.” (Towards the Lost Paradise,16) “O, əksər insanın müəllim ola biləcəyi, lakin həqiqi təlim-tərbiyəçilərin çox az olduğunu düşünür.” (Criteria or Lights of the Way [ Pearls of Wısdom], 36) “Müəllim də, pedaqoq da tələbəyə elm aşılayır və bəzi qabiliyyətlər öyrədir, lakin pedaqoq əlavə olaraq, şəxsiyyətin formalaşmasında, düşüncə və təfəkkürdə dərinləşməsində ona rəhbərlik edir. Bundan əlavə, o, xarakter inşa edir və tələbənin nəfsini nəzarət altına alma, dözümlülük və məsuliyyət duyğusu kimi xasiyyətlərlə yetişməsinə kömək edir.

Gülənin təhsillə bağlı məqalələrində təkrar etdiyi bəzi məfhumları yanlış anlamağa imkan verməmək üçün bir az açıqlamaq lazımdır. Məsələn: tez-tez istifadə etdiyi ”mənəviyyat” və “mənəvi dəyərləri”, bəziləri dar mənada din olaraq anlaya bilərlər və əgər bu bəziləri dünyəvilik mövzusunda həssas insanlardırsa, bu vurğunu müasir dünyəvi toplumlarda dini hakim etmə istəyi kimi başa düşə bilərlər. Halbuki, Gülən bu məfhumları daha geniş mənada işlədir. Mənəviyyat onun üçün sadəcə dar mənada dini təlimi deyil, əxlaq, məntiq, ruhi tarazlıq və səmimiyyəti də ehtiva edir. Bunu anlamaq üçün onun istifadə etdiyi digər açar anlayışlara baxmaq kifayətdir. Məsələn, o, tez-tez “mərhəmət” və “müsamihədən” bəhs edir.” (Prophet Muhammed: The İnfinite Light (Aspects of His Life), 1:118-119-179; 2:96,123,131,150 “O, burada bunu qeyd edir: “Həzrəti Məhəmməd (sallalahu əleyhi və səlləm) həqiqi müsəlmana əlindən, yəni davranışlarından və dilindən zərər dəyməyən bir insan kimi tərif verir. Müsəlman ümumbəşəri sülhün ən etibarlı təmsilçisidir.”) Gülənə görə, təhsilin funksiyası bu cür necəlik qəlibinə girməyən xüsusiyyətləri tələbənin ikinci təbiəti halına gətirmək və onu nəfsi arzu və meyilləri baxımından tərbiyə etməkdir.

Gülən özlərini insani keyfiyyətlərə və əxlaqi dəyərlərə görə yaşamağa həsr etmiş və fəzilətlərlə təchiz etmiş tələbələr yetişdirməkdən bəhs edərkən bir Müsəlman olaraq İslamdan öyrəndiyi ümümbəşəri əxlaq düsturlarını dilə gətirir. Bununla o, yalnız Müsəlmanları nəzərdə tutmur; çünki öz adı ilə anılan məktəblərdə qeyri-müsəlman şagirdlər də heç bir din dəyişdirmə təklifinə məruz qalmadan oxuya bilirlər.

Gülən tez-tez “mədəni və ənənəvi dəyərlərdən” də bəhs edir.” (Criteria or Lights of the Way [ Pearls of Wısdom], 35,44-45; Towards the Lost Paradise, 16) “Yenə bəziləri onun təhsildə mədəni və ənənəvi dəyərlərə yer verilməsi çağırışını Cümhuriyyətdən əvvəlki Osmanlı cəmiyyətinə dönüş çağırışı olaraq qəbul edir və onu irticaçı (mühafizəkar) olmaqda günahlandırırlar. Halbuki o, bunlarla Türkiyənin modern dünyaya verəcəyi çox şeyin ehtiva olunduğu hikmət keçmişini vurğulayır və bu klassik hikmətin modern cəmiyyətlərin bir çox ehtiyacını təmin edəcəyi inancını daşıyır. Onun fikrincə, keçmiş bu hikmət sərmayəsinə görə kənara atılmamalı və ondan mütləq faydalanılmalıdır. Bunula birlikdə, keçmişi yenidən inşa etmək reallaşdırılması qeyri-mümkün bir xəyal olduğu kimi, bu mövzuda hər təşəbbüs də dar düşüncəlilikdir və uğursuzluğa məhkumdur. Gülən keçmişi bir anda rədd etməyi qəbul etmədiyi kimi, keçmişi eynilə yenidən inşa etmə düşüncə və cəhdlərini də əbəs hesab edir. Bu baxımdan, irticaçı ittihamlarını da qəti şəkildə rədd edir.” (Webb, 95)

“Gülən onun adı ilə anılan məktəblərlə əlaqəli ittihamlara cavab verərkən bu məktəblərdə Türk Milli Təhsil Sisteminin tədris programlarının tətbiq edildiyini də vurğulayır və buna əlavə olaraq, bildiyi qədəri ilə məktəblərin sadəcə Türk Milli Təhsil Nazirliyi tərəfindən deyil, yerləşdikləri ölkələrin xəbər agentlikləri tərəfindən də davamlı nəzarət və təftiş edildiyini bildirir” (Webb, 107). Məktəbləri təftiş edənlər bu qurumlarda nə iddia edildiyi kimi beyni doldurma, nə də siyasi və rejim əleyhinə təşviqat izinə rast gəlirlər. Bundan başqa, bu məktəblərdən məzun olan xeyli insan neçə ildir dövlət orqanlarında və özəl sektorda işləyir və indiyə qədər heç birindən bu mövzuda bir şikayət də gəlməyib.

“Gülənin düşüncəsi Türkiyədəki siyasi axınlar və bu axınlar üzərində cərəyan edən müzakirələrlə məşğul deyildir. O, gələcəyi inşa edəcək təhsillə məşğuldur. O, islahedicilər axtarır, yəni insanın həm fiziki, həm metafizik tərəflərini əhatə edən dəyərlər sistemi ilə təchiz olunmuş insanların yetişməsini arzulayır və bunların toplumlarda meydana gətirəcəyi dəyişiklikləri gözləyir. Onun məşğul olduğu maarifçilik, təbiəti etibarilə, hər şeydən əvvəl fərdi dönüşü əsas götürür. Bu fərdlər, ona görə, məhdud və parçalı düşünməkdən qurtulmuş, muhasibə (özünü hesaba çəkmə) və daxili nizama sahib fərdlər olmalıdır. Ancaq belə fərdlər cəmiyyətlərə müsbət mənada daimi fayda verə bilərlər.

“Gülən məktəbi tələbələrin sadəcə bilik və hünər qazandıqları deyil, həyat haqqında suallar verdikləri, əşyanın mənasını anlamağa çalışdıqları və həyatı bu dünya ilə o biri dünya arasındakı münasibət çərçivəsində dərk etdikləri bir laboratoriya olaraq görür. Bundan da əlavə, təhsil haqqında yazdığı bəzi məqalələrində məktəbdən yarı dini terminlərlə bəhs edir və ona müqəddəs fəaliyyətlərin müqəddəs məkanı kimi baxır: “Məktəb həyat hadisələrini ürfan işığında aydınlaşdırır və tələbələrinə ətraflarını qavrama imkanı hazırlayır. Eyni zamanda, olduqca sürətlə əşya və hadisələri kəşf etmə yolunu açır və insanı düşüncə birliyinə, təfəkkürdə istiqamətə və çoxda təkə (ümümidə xüsusiyə) aparır. Bu mənada məktəb məbədlə eynidir və o məbədin mürşidləri də müəllimlərdir.” (Towards the Lost Paradise, 98)

Elmi fəaliyyətləri xarakter formalaşması, sosial şüur və aktiv mənəviyyatla birlikdə götürən təhsil modeli tənqidçilərə çox idealist, hətta utopik görünə bilər. Fəqət məktəblər arasında nisbi səviyyə fərqləri olması ilə yanaşı, deyə bilərik ki, Gülənin təşviq etdiyi təhsil sistemi bu məktəblərdə tətbiq edilmiş və məktəblər Gülənin təmənnilərini böyük ölçüdə həyata keçirmiş görünür.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.