Gülən və Mill: Azadlıq haqqında

Humanizm düşüncə və ifadə azadlığını həm fəlsəfi, həm də sosial-siyasi aspektdən öz platformasının bünövrəsi hesab edir. Azad media, azad və dinc ictimai etiraz, din azadlığı, toplaşmaq hüququ, yəni Qərbdəki bu cür əsasların hamısı müasir humanizmdə səsləndirilən azadlıq idealından qaynaqlanır. İslam ölkələri də daxil olmaqla, dünyanın digər bölgələrində isə bu azadlığın əsasında başqa mənbələr dayanır. Fəlsəfi baxımdan isə azadlıq idealı Antik dövrlərə qədər gedib çıxır. O dövrdə filosoflar bir-biri ilə və başqa insanlarla hər cür fikirləri müzakirə edir, o cümlədən bazar meydanlarında oturub onları dinləyən insanlarla fikir mübadiləsi aparırdılar. Klassik dövrün ən böyük şəxsiyyətləri fikirlərinə görə öldürülsələr də, sürgün edilsələr də, dövlətin əmri qarşısında ağlını və səsini zəncirləməyən, azad düşünmək və danışmaqdan geri çəkilməyən bu filosoflar arasından çıxmışdır.

Müasir Qərb dünyasında da bəzi filosof və yazarlar azadlıq idealını güclü şəkildə ortaya qoyurlar. Ancaq məncə, onların heç biri bu idealı XIX əsrin İngilis sosial və siyasi nəzəriyyəçisi Con Stüart Milldən daha coşqun və daha radikal tərzdə dilə gətirməmişdir. Bu fəsildə fikir azadlığı idealı ətrafında Milli Gülənlə dialoqa cəlb edəcəyəm. Mill və Gülən bir çox cəhətdən bir-birindən fərqlənir. Fərqli baxış və dünyagörüşünə malik olsalar da, ən azından hər ikisi nəzəri olaraq dini inanc və yaşama məsələlərində tolerantdır və bəlkə də, həqiqətlə bağlı problemlərin bütün sahələrdə qızğın araşdırılması və müzakirəsinə imkan verən cəmiyyət haqda özü­nəməxsus fikirlərini dilə gətirirlər. Hər iki mütəfəkkirin irəli sürdüyü nisbi “cəmiyyətlər”in bu oxşarlığı – xüsusən də, fikir və vicdan məsələlərində – onların azadlıq idealına bağlılığından qaynaqlanır.

Mill ən çox “Utilitarizm” adlı etik fəlsəfə əsəri ilə məşhurdur və bu əsərə fəslin növbəti hissəsində yenidən qayıdacağam. Ancaq əvvəlcə diqqəti mütəfəkkirin 1859-cu ildə nəşr olunmuş digər əhəmiyyətli əsərinə – “Azadlıq haqqında” kitabına cəlb etmək istəyirəm. Bu kitabda Mill öz layihəsini ictimai və ya mülki azadlığın, yəni “cəmiyyət tərəfindən qanuni olaraq fərdə tətbiq edilə biləcək gücün təbiəti və hüdudlarının”[1] göstəricisi kimi müəyyən edir. O, Qərbdə əvvəlki nəslin hakimlərin tiranlığı ilə məşğul olduğunu və buna görə “müqəddəs” monarxların despotik gücünü məhv edən təmsiledici hökumət formaları ortaya qoyduğunu bildirir. Mill və müasirləri isə bu mübarizənin nəticələrindən faydalanmış, bu cür despotizmlə mübarizə aparmaq məcburiyyətində qalmamışdı.

Mill bunun əvəzində mövcud nəslin, yəni XIX əsr İngiltərəsindəki müasirlərinin despotizmin başqa bir növü – “çoxluğun despotizmi” ilə mübarizə aparmalı olduğunu irəli sürür. Mill yazır:

“Bu səbəbdən hakimin despotluğundan (tiranlığından) müdafiə olunmaq kifayət deyildir. Geniş yayılmış fikirlərin və duyğuların despotluğuna, toplumun öz fikir və davranışlarını bunlara uyğunlaşmaq istəməyənlərə bir davranış tərzi kimi zorla qəbul etdirmə meylinə; onun idarəetmə çərçivəsinə sığmayan fərdiliyin inkişafına mane olmasına, hətta onun təşəkkülünə mümkün qədər imkan verməməyə və bütün xarakterləri zorla öz modelinə uyğun formalaşdırmağa çalışmasına müqavimət göstərmək lazımdır. Kollektiv fikrin fərdi müstəqilliyə qanuni müdaxiləsinin bir hüdudu vardır və həmin hüdudu müəyyənləşdirmək və pozuntulardan qorumaq insanların yaxşı şəraitdə fəaliyyət göstərməsinin əvəzedilməz faktoru və siyasi despotizmdən qorunma (qalxanı)dır”.[2]

Başqa sözlə, Mill təmsiledici hökumətə malik cəmiyyətlərdə belə gizli despotizmin mövcud olduğunu təsbit edir. Bu despotizm sosial və ya sivil despotizmdir, yəni cəmiyyət həyatın bütün sahələrində “normal” sayılan qənaət və təcrübələri – sırf “norma” olduğuna və əksəriyyət tərəfindən qəbul edildiyinə görə – öz fərdlərinə mənimsətməyə çalışır, bunun üçün təzyiqlər göstərir. Ona görə də əksəriyyətin (çoxluğun-red.) məntiqi hər kəsin buna uyğunlaşmasını istəyir və ya buna məcbur edir. Mill bu despotizmi rədd edir, dövlətin və ya sosial institutların fərdin azadlığına qanuni müdaxilə prinsipini müəyyənləşdirməyə çalışır. Amma bu prinsiplər, ümumiyyətlə, fərdi seçim və ya ənənələr əsasında müəyyənləşdirilir. Mill özünün “sivil azadlıq prinsipi”ni əsərinin başlanğıcında ortaya qoyur:

“Bir fərd və ya kollektiv başqa bir insanın davranış azadlığına yalnız bir halda müdaxilə edə bilər: özünü müdafiə etmək məqsədilə. Gücdən (zorakılıqdan-red.) sivil cəmiyyətin hər hansı bir üzvünə qarşı və onun iradəsinin əksinə, yalnız bir məqsədlə istifadə etmək olar; onun başqalarına zərər verməsinin qarşısını almaq. Fərdin öz fiziki və ya mənəvi faydası yetərli səbəb ola bilməz... Fərd özünə, eləcə də vücud və ağlına hökm etmə səlahiyyətinə malikdir”.[3]

Bu, radikal azadlıq prinsipidir. Bu prinsipi, ehtimal ki, heç bir müasir cəmiyyət lazımi şəkildə tətbiq etmir. Dövlət və ya vətəndaş cəmiyyəti fərdin davranışlarına yalnız bir hüquqi səbəbə görə müdaxilə edə bilər: “başqalarına birbaşa zərər vermə” halında. Bu prinsip Gülənin yanaşmasına görə həddən artıq liberal ola bilər. Məsələn, ümumiyyətlə, İslam insanın öz həyatına qəsd etməsini qadağan edir; halbuki Millin azadlıq prinsipi başqalarına zərər verməməyi nəzədə tutur, fərdin özünə zərər verməsi xüsusunu isə ehtiva etmir. Gülən İslamda insanların intihar etməklə özünə zərər vermə azadlığına sahib olmadığını söyləyir. Bununla belə Gülən və Millin, xüsusilə, düşüncə və müzakirə sahəsində azadlıq məsələsinə yanaşmaları oxşardır. Mill bu mövzuya kitabında geniş yer vermişdir.

Mill düşüncə və müzakirə azadlığını – cəmiyyətdə səsləndirilən və müzakirə edilən fikirlərin sonda əsassız olması ortaya çıxarılsa belə – qeyd-şərtsiz dəstəkləyir. Qiymətləndirilmək üçün cəmiyyətə təqdim edilən tezisin, ideyanın ya həqiqi, saxta, yaxud da qismən hə­qiqi və ya qismən saxta olacağını vurğulayır. Onun qənaətincə, əgər fikirlər sərbəst şəkildə ifadə olunur və müzakirə edilirsə, bu fikirlərin cəmiyyətin mənfəətinə uyğun olub-olmaması əsas deyil. Əgər fikir gerçəkdirsə, insanlar müzakirə edərək onun həqiqiliyini bir daha təqdirlə qarşılayacaqlar; onun gerçəkliyini göstərən arqumentləri təkrarlayacaqlar və bu fikri apponentlərlə müzakirələrdə müdafiə edəcəklər. Bu yolla gerçək fikirlər nəsillər boyu həqiqət olaraq qəbul edildiyi üçün köhnəlmədən canlılığını və təravətini mühafizə edəcəkdir. Əgər fikir saxtadırsa, cəmiyyət yenə də bu fikrin ictimaiyyətdə müzakirə edilməsindən fayda görəcək. Bu fikrin saxtalığını göstərən dəlillər nəzərdən keçiriləcək və ya bu saxtakarlıq müzakirəyə qatılan hər kəsə aydın olacaq. Nəticədə, insanlar əldə edilən yeni qənaət və nəticələr sayəsində həqiqəti daha mənalı şəkildə qavrayacaqlar. Millə görə, ifadə edilən fikir çox ehtimal ki, həqiqət və saxtanın qarışığından ibarət olacaq. Həqiqətən də, heç kim heç bir şeyin əsl həqiqətini bilə bilməz. İnsan ağlı heç bir şey, xüsusilə də, Tanrı, ya da əzəli və əbədi yaradan həqiqəti haqqında gerçəyi tamamilə qavraya bilməz. Çünki biz əşyanı öz mahiyyəti ilə deyil, yalnız bizim idrak pəncərəmizdən göründüyü kimi tanıyırıq. Üstəlik, fani ağıl sonsuzluğu dərk edə bilməz. Ona görə də bütün fikirlər cəmiyyətdə sərbəst şəkildə dilə gətirilməli və qismən gerçək olanlar sivil müzakirə mexanizmi ilə gücləndirilməlidir.

Fikirlərin sərbəst müzakirəsinin ictimai faydaları kifayət qədər aydındır. Amma Mill azad fikrin cəmiyyət fərdlərinə feli təsirinin dərinliklərinə baş vurur. Adətən toplumlarda, xüsusilə, dini baxımdan sapqınlığın (küfrün) qarşısını almaq məqsədilə sərbəst düşüncə və müzakirə çox vaxt qadağan edilir, amma bu cür qadağalar sapqınlara heç də başqalarından daha çox təsir etmir. Mill bunu belə ifadə edir:

“Ən böyük zərər sapqın olmayanlara, sapqınlıq qorxusu ilə zehni inkişafdan qalanlara və ağlı qorxudulanlara verilir. Dinə zidd və ya əxlaqsız sayılmasından qorxaraq cəsur, coşqun və müstəqil düşüncə silsiləsini izləməyə cəsarət edə bilməyən parlaq zəkaların çoxluğu ilə qorxaq xarakter sahiblərinin birləşməsindən bu dünyanın nələr itirdiyini kim hesablaya bilər?”[4]

Burada Mill bir xüsusu vurğulamaq istəyir: ifrat sapqınlıq qorxusu yalnız sapqınları deyil, bir şey haqqında – müqəddəs qəbul edilənlər və ümumi ənənələr də daxil olmaqla, yeni, cəsur fikirlərə malik olanları da yox edir. Bir cəmiyyətdə azğınlığın cəzalandırılma təhdidi çox güclüdürsə və ya bir cəmiyyət sivil “məqamlar”ın açıqca icazə vermədiyi fikirləri dilə gətirənləri cəzalandırmaqla təhdid edirsə, bunun əziyyətini bütün cəmiyyət çəkir. Zehin gücü təcrübədən və etirazdan doğur. Düşüncə və müzakirəni buxovlayan cəmiyyət zəifləyir və kütləşir. Mill sözlərinə belə davam edir:

“Ağılın hansı nəticələrə aparmasından aslı olmayaraq, izləməyi (müşahidə etməyi-red.) özünə vəzifə bilməyən bir mütəfəkkir böyük mütəfəkkir ola bilməz. Həqiqət araşdırma əziyyətinə qatlanmadan düzgün qənaətə sahib olanlardansa, daha çox bir insanın öz araşdırmaları nəticəsində əldə etdiyi yanlış qənaətlərdən faydalanır”.[5]

Gerçək fikirlər müzakirə və mübahisə zəminində etirazlarla üz-üzə gəlmədikdə durğunlaşır və zəifləyir. Gerçək fikirlərə sahib olanlar əgər özlərinə – uzun müddət məlum olan həqiqətlərin sorğu-suala çəkilməsi mənasına gəlsə belə – sərbəst düşünmə fürsəti verməsələr, bu həqiqətləri düzgün mənimsəyə bilməzlər. Ancaq Millə görə, burada əsas məsələ təkcə fərdi fikir adamları yetişdirmək deyildir:

“Düşüncə azadlığının əsas məqsədi təkcə böyük mütəfəkkirlər yetiş­dir­mək deyil. Əksinə, sıravi insanların zehni cəhətdən inkişaf edib dü­şünmə qabiliyyəti qazanması belə düşüncə azadlığını vacib və hətta vazkeçilməz edir. Ümumiyyətlə, zehni köləlik atmosferində böyük­ mütəfəkkirlər həmişə olub və olacaq da. Amma bu atmosferdə intellektual baxımdan aktiv insanlar heç vaxt olmayıb və olmayacaq”.[6]

Burada biz Millin utilitarizmə əlavə olaraq, ən yüksək humanist məsələlərə görə azadlıq idealını dilə gətirdiyini görürük. Verilmiş paraqrafda göstərilir ki, insan oğlu düşünən, ən adi şeylərdən ən ali həqiqətlərə qədər bir çox məsələ haqqında gerçəyi araşdıran və biliyi ortaya çıxaran varlıqdır, o cümlədən bütün bu fəaliyyətlər insanlığın mahiyyətindən irəli gəlir. Düşüncə, ifadə və araşdırma azadlığı fəaliyyət azadlığı olmadan bilik və zəkasını cəmiyyətin xeyrinə bölüşməyi bacarmayan dahilər üçün həyati əhəmiyyət daşımaqla yanaşı, sadə həyat yaşayan sıravi və normal zəkalı insanlar üçün də böyük önəm kəsb edir. Çünki bu insanlar sözügedən azadlıq sayəsində intellektual cəhətdən fəal və işgüzar şəxslərə çevrilə bilərlər. Əlbəttə, bu vəziyyət cəmiyyətə də fayda verər və ona görə də bu, utilitar və ya funksional xarakterli tezisdir. Amma eyni zamanda sıravi insanları da əhatə etdiyi üçün insani bir tezisdir. Ümumiyyətlə, insanlar düşünmə, araşdırma və ifadə məsələlərində azad olmalıdırlar, çünki bunları etmək insanlığın şərtidir. Ancaq bunlara icazə verildiyi təqdirdə tam insan ola, həm vasitə, həm də məqsəd olaraq insanmərkəzli bir cəmiyyət qura bilərik.

Burada azadlıq idealından həm humanist, həm də utilitar məz­munda ən çox bəhs edən Güləni də müzakirəyə daxil edə bilərik. Gülən əsərlərində tez-tez despotizmdən qurtuluşdan bəhs edir. O, son dövrlərdə bir çox yerlərdə müxtəlif müsəlman qruplarının sekulyar (dünyəvi-red.) və müstəmləkəçi qüvvələrin hakimiyyəti altında despotizmə qatlanmaq məcburiyyətində qaldığını vurğulayır. Bəzi əsərlərində isə daha ümumi mənada hər bir fərdin bir insan kimi azadlığa sahib olduğunu ifadə edir. Gülənin bu fikirləri Millin azadlıq prinsipinə bənzəyir: “Azadlıq insana “haqq düşüncəsinə sadiq qalaraq başqalarına zərər verməyəndən sonra istədiyini edə bilərsən” deməkdir”.[7] Burada “tamamilə həqiqətə sadiq qalmaq şərti ilə” ifadəsi hər şeydən əvvəl Millin düşüncəsinin bir anlıq “fikrə getməsinə” səbəb ola bilər, çünki Mill saxtakarlıqla əhatə olunanların, ya da saxtakarlıqla oturub-duranların belə tamamilə gerçəyə bağlı olduğunu iddia edə bilər. Bu insanlar yalnız həqiqət mə­sələsində yanılırlar. Məsələn, “həqiqətə tamamilə sadiq olmadan dav­ranmaq və ya danışmaq” – həm Mill, həm də Gülənin fikrincə – qeybət, böhtan, ya da izdihamlı bir teatrda yanğın olmaya-olmaya “yanğın var!” deyə qışqırmaqla eyni davranışlardır.

Gülənin tolerantlıq anlayışı düşüncə və müzakirə azadlığı ilə birbaşa bağlıdır. Çünki düşüncə azadlığı sərbəst müzakirə, şəxsi seçim və digər hüquq və azadlıqlara imkan verməsə, tolerantlıq öz əhəmiyyətini itirər. Tolerantlıq ancaq insanlar azad olduqları və başqa inancları, dinləri və maraq duyduqları şeyləri sərbəst seçə bildikləri təqdirdə bir məziyyət sayılır. Gülən bu xüsusu istər demokratiya haqda söhbətlərində, istərsə də demokratiya və İslama dair yazılarında bir neçə dəfə təkrar edir. Bağışlamaq haqqında bir yazısında Gülən tolerantlıq və demokratiyanı azadlıq anlayışı vasitəsilə əlaqələndirir: “Demokratıya onun qanadları altında olan hər kəsə yaşamaq və duyğu-düşüncələrini ifadə etmək imkanı verən bir sistemdir. Tolerantlıq bu sistemin əhəmiyyətli hissəsidir. Əslində tolerantlıq olmayan yerdə demokratiyadan danışmaq da qeyri-mümkündür”.[8]

Ancaq bu cür fikirlər Millin azadlığın vacibliyi və xalqın ictimai despotizmdən müdafiəsi haqda tezislərinin radikal sərhədini ifadə etmir. Lakin Gülən öz “ideal insanı”, yaxud da bir əsərində adlandırdığı kimi “yer üzünün varisləri”[9] haqqında fikirlərini ifadə edərkən təkcə azadlıq məsələsində güclü bir qətiyyət deyil, eyni zamanda belə bir qərarlılığın səbəbini, həqiqi mənada humanist əsası görürük. “The Statue of Our Souls” kitabında[10] öndərləri mə­nəvi, əxlaqi və intellektual mükəmməlliyə çatmış insanlardan ibarət olan cəmiyyətin və dünya mənzərəsinin açarlarını müəyyən edir. Gülən bu insanları “yer üzünün varisləri” adlandırır və onların xarakterik xüsusiyyətlərini təfərrüatlı şəkildə izah edir.[11] Gülən onların əsas xüsusiyyətlərini sadalayarkən beşinci xüsusiyyət kimi “sərbəst düşünə bilmə və düşüncə azadlığına hörmət bəsləmə”ni qeyd edir.[12] Bu mövzudakı sözlərini belə davam etdirir:

“Azad ola bilmək, hürriyyəti hiss edə bilmək insan iradəsinin mühüm dərinliyi və mənlik sirlərinə vaqif olmağın sehrli bir qapısıdır. Bu də­rinliyə vaqif ola və o qapıdan içəri girə bilməyənə insan demək olduqca çətindir”.[13]

Buna görə də düşüncə azadlığı insan olmağın və ya insanlığın mərkəzini təşkil edir. Düşüncə azadlığı olmadan, yaxud da bu azadlıq təkcə siyasi prinsip kimi deyil, eyni zamanda insanın xarakterində bir qabiliyyət kimi mövcud olmadıqca fərd həqiqi mənada insan ola bilməz. Başqa sözlə, fərd düşüncə azadlığı olmadan insan olma qabiliyyətini əldə edə bilməz. Gülən bu fikrinin təfərrüatlarını belə açıqlayır:

“...Oxumağı, düşünməyi, hiss etməyi və yaşamağı təhdid edən belə bir mühitdə nəinki yenilənmə və inkişaf, hətta insanın insani qabiliyyətlərini qoruyub saxlaması belə mümkün deyildir. Bəli, belə bir şəraitdə nəinki təcdid (yenilənmə-tərc.) ruhu ilə şahlanmış, gözünü sonsuzluqlara dikmiş böyük insanların yetişdirilməsi, hətta saf və adi insan səviyyəsinin mühafizə edilməsi belə çətindir. Belə bir mühitdə ancaq şəxsiyyəti deformasiyaya uğramış zəif xarakterli insanlar, əldən düşmüş ruhlar və duyğuları iflic olmuş adamlar yaşayar”.[14]

İnsanın inkişafı və dolayısilə, sosial tərəqqi və böyümə, bütün islahat və irəliləyişlər düşüncə və yaşama azadlığından asılıdır. Bu azadlıqdan məhrum bir toplum onu yeni üfüqlərə aparan yüksək ruhlu və qabaqcıl fikirli insanlar yetişdirə bilməz. Daha acınacaqlısı isə belə bir cəmiyyət sıravi insanların öz insani potensialını tam işlək vəziyyətə gətirməsini təmin edə bilməz. Burada Gülənin düşüncələri azadlığı cəmiyyətə və fərdin insani dəyərinə faydalı olduğu üçün müdafiə edən Millin fikirlərinə bənzəyir. Həqiqətən də, bunun cəmiyyətə faydalılığı fərdin öz insani dəyərinə qatqısından qaynaqlanır. Yəni azadlıq insanların fərdə çevrilməsi və inkişaf etməsində daşıdığı funksiyaya görə cəmiyyət üçün faydalıdır. Əvvəlki fəsildə də izah edildiyi kimi, insanlar ən yüksək dəyərə malikdir. Buna görə də insani keyfiyyətləri və ya insanlığı inkişaf etdirmək də yüksək dəyər daşıyır.

Gülən Türkiyə və digər müsəlman ölkələrinin yaxın tarixində xalqın düşüncə və öyrənmə azadlığının dövlət tərəfindən məhdudlaşdırılmasına, istər mütləq senzura, istərsə də dominant ideologiyalar vasitəsilə duyğu, düşüncə və azadlıqların qadağan edilməsinə təəssüflə yanaşır, acıyır. Gülən, xüsusilə, İslam dünyasında elm və maarifdən danışarkən hər cür elmi araşdırmalar aparmaqdan, elmin müxtəlif sahələrinə açıq olmaqdan, fəal elm adamı modelindən bəhs edir. Belə bir mədəniyyətdə azadlığın təməl sərhədləri insan azadlığına yüksək dəyər verən Peyğəmbərin sünnəti[15] və digər İslami mənbələr əsasında müəyyənləşir. Ancaq bu elm ruhunun yerini dargörüşlülük və bəzi insanların müəyyənləşdirdiyi kitabların təkrarlanıb əzbərlənməsi tutdu. Məhz bundan sonra bütün insan potensialı yavaş-yavaş əriməyə, insanlar “fürsətpərəst” despotların, ideoloqların və müstəmləkəçilərin asan ovuna çevrilməyə başlamışdır.

Gülən müsəlmanlar arasında dirilişi, dirçəlişi və bu sayədə İslam mədəniyyətinin yenidən öz qlobal liderliyini bərpa etməsini arzulayır. Eynilə keçmiş əsrlərdəki kimi: bir vaxtlar həmin “mədəniyyət”i formalaşdıran əksər ünsürlər İslam dünyasından idi… Gülənə görə, bu dirilişin reallaşması üçün:

“Bəli, bu gün hər şeydən çox azad düşüncəyə qucaq açan, elmə və elmi araşdırmalara açıq ola bilən, kainatdan həyata uzanan cizgidə Quran və Sünnətullahın[16] qarşılıqlı əlaqəsini sezə bilən əngin insanlara ehtiyac var”.[17]

İstər İslam mədəniyyəti, istərsə də digər mədəniyyətlər olsun – bir mədəniyyət fikir azadlığını həm fərdi, həm də kollektiv planda yenidən canlandırmadıqca yox olub gedəcək. Fikir azadlığı olmadan əsl və sağlam insanlığın var olma ehtimalı yoxdur. Əsl insanlıq olmadan da mədəniyyətdə inkişaf və tərəqqi mümkün deyildir.

Bu səbəbdən Gülən və Mill cəmiyyətdə azadlığın həm funksionallığı, həm də ümumi humanizm kontekstində oynadığı həyati rol məsələsində bir çox cəhətdən bir-birinə yaxınlaşır. Azad fikri boğan bir cəmiyyət insanların mənfəətini bəhanə edərək öz təzyiqini nə qədər müdafiə edir-etsin, onun nə sağlam inkişaf edən və işləyən bir cəmiyyət, nə də insana dəyər verən bir toplum olması mümkündür.

İndi Mill və Gülənin “azadlıq” anlayışını fərqli prizmadan dəyərləndirmək istəyirəm. Bu prizma mütəfəkkirlərin öz əsərlərində irəli sürdüyü “azadlıq” anlayışının keyfiyyəti ilə əlaqədardır. Onların irəli sürdüyü azadlığın keyfiyyətini iki amil müəyyən edir: birincisi, o, yalnız insanlara xas azadlıq tipidir; ikincisi, insanların dünyada sahib olduğu və humanizmdə də öz əksini tapan xüsusi ləyaqətdir.

Azadlıq mövzusunda Millin ən məşhur əsəri “Azadlıq haqqında”dır. Ona görə də bu fəsildə əsas diqqətimi həmin əsərə yönəltdim. Onun digər əsas əsəri Kantçı etikanı rədd edən və xoşbəxtliyə və ya zövqə əsaslanmış etik fəlsəfəni müdafiə edən “Utilitarizm”dir. Utilitarizm fəlsəfəsi qədim dövrlərə qədər uzanır və tarix boyunca onun Epikür də daxil olmaqla, bir çox tərəfdarları olmuşdur. Millin dövründə bu fəlsəfəyə verilən ən məşhur ad “ən uca xoşbəxtlik prinsipi” idi. Mill öz əsərində utilitarizmə belə tərif verir:

“Əxlaqın əsasını “fayda” və ya “ən uca xoşbəxtlik prinsipi” kimi qəbul edən anlayışa görə davranışlar xoşbəxtliyə verdiyi töhfə nis­bətində doğru, yaxud da əksinə, davranışlar xoşbəxtliyə zidd oldu­ğu nisbətdə yanlışdır. Xoşbəxtlik dedikdə kədərin (əzabın-red.) yoxluğu və zövq, bədbəxtlik dedikdə isə zövqün olmaması və kədər nəzərdə tutulur... Əzabdan uzaq olma və zövq yeganə şeylərdir ki, onları məqsəd kimi qəbul etmək olar ... arzulanan bütün şeyləri (digər bütün yanaşmalarda olduğu kimi Utilitarizmdə də bunlar saysız-hesabsızdır) ya daxilən təbii mövcud olan zövqə görə, ya da zövqü təşviq etmə və kədərin qarşısını alma vasitəsi kimi arzulayırlar”.[18]

Qədim epikürçülükdə olduğu kimi, utilitarizmdə də zövq və kədər nəyin yaxşı, arzuedilən və nəticə etibarilə doğru və ya yanlış olduğunu göstərən məhək daşlarına çevrildi. Mill burada utilitarizmi qədim Yunan fəlsəfəsinə tamamilə uyğun şəkildə izah edir. Bundan başqa, Mill əsərində qeyd edir ki, Epikürün qədim davamçıları kimi, onu və digər utilitarist mütəfəkkirləri də rəqibləri yalnız donuzlar üçün “qiymətli fəlsəfə” ortaya atmaqda, zövqdən daha yaxşı və ya daha ali bir məqsədləri olmamaqda ittiham edir, bunun da “kobud və rəzil, sadəcə donuzlara yaraşan doktrina” olduğunu irəli sürərək tənqid edirlər.[19] Mill bu ittihamlara qədim epikürçülərin tərzində, yəni insana “donuzlara layiq” bir səviyyə müəyyən edənlərin utilitaristlər deyil, onları tənqid edənlər olduğunu, eləcə də bu rəqiblərin insanlarda yalnız “donuza xas” zövqlər fərz etdiklərini söyləyərək cavab verir. Başqa sözlə, insanlar öz beyinlərində “zövq” və ya “xoşbəxtlik” kimi anlayışları əxlaqsızlıq, bədənə düşkünlük və pozğunluq kimi anlayışlara tən tutaraq epikürçülüyü (daha çox etik hedonizm adlandırılır) və ya “ən ali xoşbəxtlik prinsipi”ni rədd edirlər. Əgər “zövq”ün mənası budursa, əlbəttə ki, insanlar bu anlayışın etik yönümlü olmasını qəbul etməzlər. Ancaq Mill epikürçülər kimi, insanları heyvanlardan daha yüksək bir mövqeyə sahib və dolayısilə, daha yüksək zövqlərə layiq varlıqlar kimi qəbul etdiyi üçün bu tənqidi rədd edir. O, bunu belə izah edir:

“Epikürçü həyatın heyvan həyatı ilə müqayisə edilməsi alçaldıcıdır; belə ki, bir heyvanın zövqləri bir insanın xoşbəxtlik duyğularına bərabər ola bilməz. İnsanlar heyvanların iştahasından daha ali xüsusiyyətlərə sahibdir və bunu dərk edəndən sonra onları təmin etməyən heç bir şeyi xoşbəxtlik saymırlar... Elə bir Epikürçü həyat nəzəriyyəsi yoxdur ki, ağılın zövqlərinə, təsəvvür və duyğulara, eləcə də əxlaqi hislərə cismani duyğulardan daha çox dəyər ver­mə­sin”.[20]

Burada insan və heyvan zövqlərinin bir-birindən kəskin şəkildə fərqləndirildiyini, eləcə də daha ülvi şeylərdən zövq alan yüksək insani xüsusiyyət və qabiliyyətlərin vurğulandığını görürük. Bu ülvi şeylər isə bədən və ya cismaniliyin deyil, ağıl, duyğu və vicdanın çərçivəsinə daxil olur. Mill insanların hislərini və ya cismani zövqlərini inkar etmir. O, sadəcə olaraq, cismani zövqlərə əsaslanan bir anlayışın müdafiəçisi kimi görünməkdən və bununla ittiham olunmaqdan özünü qorumağa çalışır. İnsan əxlaq potensialına malik olan və əxlaq fəlsəfəsini təkmilləşdirə bilən, o cümlədən heyvanlardan daha yüksək zövq qabiliyyətinə sahib olan yeganə varlıqdır. Ona görə də belə bir fəlsəfənin sütunlarını təşkil edən zövqlər də ali olmalıdır.

Mill sözlərinə belə davam edir: həm yüksək, həm də səfil zövqlərdə xeyli təcrübəsi olan insanlar yüksək zövqləri daha üstün tuturlar və yüksək zövqlərə üstünlük verən mövcudluq formasını seçirlər. Millin fikrincə, sağlam düşüncəli heç bir insan heyvani zövqlərin müqabilində öz yerini bir heyvanla dəyişdirmək istəməz. Daxili instinktə xas və cismani olan heyvani zövqlər əzab hissinə malik olsa da, ağıl, duyğu və vicdan kimi daha yüksək insani zövqlərlə müqayisə oluna bilməz. Mill bu mövzuda belə deyir:

“Daha yüksək qabiliyyətə sahib insanlar xoşbəxt olmaq üçün daha çox şey istəyirlər; daha ağır əziyyətlər çəkə və bu xoşbəxtliyə özündən aşağıda olan bir varlıqla müqayisədə bir neçə yolla nail ola bilər. Amma o, bütün bu məsuliyyətlərinə baxmayaraq, əsla yaradılışın daha aşağı mərtəbəsində olmaq istəməz”.[21]

Nəticə etibarilə, yüksək qabiliyyətə malik varlıqlar aşağı zövqlərlə gerçək mənada xoşbəxt ola bilməzlər. İnsana layiq xoşbəxtlik cismanilik və ya cismani zövqlər deyil, əsasən intellektual, romantik, ya da etik-mənəvi sahələrdə əldə ediləndir. Millin fikrincə, bu, insanların, ümumiyyətlə, daha yüksək zövqlər bahasına daha aşağı zövqləri seçməsinin müşahidə olunması ilə öz gerçəkliyini itirmir. Mill insanların ümumiyyətlə “daha yaxşı” yerinə, “fani və daha az zövqlü olanı” seçdiklərini qəbul edir. Məsələn, bəziləri daha faydalı olan və daha daimi (sabit) zövqləri təmin edən sağlamlığı itirmək bahasına israfla yeyib-içirlər. Bəziləri isə çirkin eqoizmləri və səfahətlərindən ötrü ülvi məqsədləri tərk edirlər. Mill bunu insanın xarakteri ilə izah edir. Ona görə, onlar təbiətlərində daha yüksək zövqlər üçün mövcud olan potensialla təması bu və ya digər səbəbdən itirirlər. Mill bunu belə izah edir:

“Ülvi (əsl) duyğulara meyilli qabiliyyət bir çox xüsusiyyətlərinə görə zərif bitkiyə bənzəyir: təkcə düşmən müdaxiləsi ilə deyil, qida çatışmazlığından da asanlıqla ölür. Gənclərin həyat mövqeyini xarakterizə edən peşə, sənət və cəmiyyət onların öz yüksək qabiliyyətlərini realizə etməsinə imkan vermirsə, böyük əksəriyyətində bu qabiliyyət tez məhv olur. İnsanlar münasib zaman və ya fürsət tapıb intellektual zövqlərini təmin edə bilmədikləri üçün bu zövqlərlə yanaşı, yüksək təmayüllərini də itirirlər. Və qəsdən seçdikləri üçün deyil, sadəcə olaraq yalnız bu aşağı zövqlərə əlləri çatdıqları üçün ondan asılı vəziyyətə düşürlər”.[22]

Bu parçada Millin ictimai nəzəriyyəçi yönü ortaya çıxır. O, ömrünün çox hissəsini ictimai islahatlar haqqında yazılar yazmağa və təhsildə, qeyri-hökumət təşkilatlarında qadın hüquqları və cəza siyasəti sahəsində – bir çoxu Gülən tərəfindən də təsdiqlənəcək – müsbət dəyişikliklər həyata keçirmək üçün siyasi fəaliyyətlərə həsr etdi. Üstəlik, Mill Gülən hərəkatının təhsil, mədəni və ictimai fəaliyyətlərini də dəstəkləyərdi. Millin bu sahələrdə fəallığı onun – Gülənin də bölüşdüyü kimi – insanın intellektual, emosional və etik sahələrdə yüksək zövqlərlə bağlı qabiliyyətini ortaya çıxaran fitri (anadangəlmə-tərc.) ləyaqətinə inamından qaynaqlanır. Millə görə, cəmiyyətin bütün ünsürləri bu faktı əks etdirməli və cəmiyyət elə qurulmalıdır ki, çox erkən yaşdan etibarən bütün insanlarda fitri ləyaqət potensialını qorusun və inkişaf etdirsin. Cəmiyyəti bu şəkildə qurmamaq ağır insani və ictimai ədalətsizlik, hətta Gülənin fikrinə görə, bir günahdır.

Bu parçada Mill zövqü hüdudsuz cismani azadlıq həzzindən fərqləndirmək üçün xüsusi üslubda təqdim edir. “Azadlıq haqqında” əsərində azadlığın sosial prinsipini izah edərkən göstərir ki, azadlıq, ola bilsin, insanlara ən yüksək və ən dərin mənliyini itirmək bahasına aşağı zövqlərdən asılı vəziyyətdə yaşama imkanı verir. Nə bu prinsip, nə də utilitarizm belə bir “azadlığ”ın insan həyatının ən yüksək məqsədi olduğunu qəbul etmir. Əslində bu, heç də “azadlıq” deyil, əksinə, köləliyin başqa növü və ya asılılığın bir formasıdır. Gülən burada söhbətə qatıla bilər. Çünki öz əsərlərində yaxşını, doğrunu, gözəli və əsl olanı axtarmaqla keçən həyatla fani, dəyişkən və cismaniliyə sərf edilən həyatı bir-birindən fərqləndirir. Bu fərqləndirməni növbəti fəsildə daha təfərrüatlı şəkildə təhlil edəcəyik. Gülənin azadlıq, insan ləyaqəti və qabiliyyəti anlayışları ilə Millin eyni adlı anlayışları paralellik təşkil edir. Gülən belə deyir:

“Azadlığı mütləq sərbəstlik kimi başa düşənlər bilərək və ya bilməyərək heyvani azadlıqla insani azadlığı qarışdırırlar. Halbuki dərdsiz, özbaşına insanların bədən və cismaniliyin qara istəklərini həyata keçirmək üçün pənah apardığı azadlıq başdan-ayağa heyvanlıq şüarı olduğu halda, ruhun qarşısından maneələri qaldıraraq vicdanın şahlanmasına, yüksəlişinə şərait hazırlayan hürriyyət isə tamamilə insanlıq şüarıdır”.[23]

Bu vəziyyətdə Mill və Gülən insan azadlığını insanın hərtərəfli inkişafı fəlsəfəsi çərçivəsində nəzəriləşdirir. Hər ikisi də səfahətə düşkünlüyü (libertinizmi) azadlığın ən yüksək göstəricisi hesab etmir. Əksinə, hər ikisinə görə əsl azadlıq insanın ən yüksək və ən yaxşı qabiliyyətlərinin tam inkişafına və ifadə olunmasına zəmin hazırlayan azadlıqdır. Bu potensialın realizə edilməsi sayəsində insanlar ən sabit və daimi zövqləri əldə edirlər. Bu zövqlər intellektual, mənəvi, hissi və etik sahələrə xas zövqlərdir.

Daha əvvəl qeyd olunduğu kimi, Gülən və Mill tamam fərqli ictimai, siyasi və dini mühitlərin insanıdır. Şübhəsiz ki, əgər üz-üzə söhbət edə bilsə idilər, azadlığın və tolerantlığın hüdudları ilə bağlı fikirləri fərqli olardı. Ancaq məncə, onların hər ikisi insan həyatı və inkişafının təməlini təşkil edən bir nöqtədə uzlaşırlar. Hər ikisi də düşüncə və söz azadlığını ümumi azadlıq idealı çərçivəsində götürürlər. İnsanlar danışdıqlarının mümkün nəticələrini nəzərə alaraq həssas davranmaqla yanaşı, yenə də sərbəst düşünə və dünyanın hər yerində bu düşüncələrini cəzalanma qorxusu olmadan açıqlaya bilməlidirlər. Mənim fikrimcə, fikirlərin şifahi və yazılı olaraq sadə şəkildə ifadə edilməsi heç kimə birbaşa və böyük zərər verə bilməz. Əksinə, cəmiyyət özünü sərbəst düşünmə, araşdırma və ifadə etməyə əlverişli şəkildə formalaşdırarsa, fərdlərini və bütövlükdə özünü sağlamlaşdırar və böyük fayda verər. İnsanlar bu azadlıq sayəsində vicdan, təxəyyül, duyğu, mənəviyyat və zəka kimi təbii qabiliyyətlərini inkişaf etdirmək üçün maksimum əlverişli sahələr əldə edər. Ancaq bu qabiliyyətlər inkişaf et­dirilərsə və müvafiq ictimai-siyasi strukturların formalaşdırılması üçün zəruri fəaliyyət sahəsi təmin edilərsə, insan inkişaf edər və müvəffəqiyyətin mümkün olan ən yüksək səviyyəsinə çatar.

Mill və Gülən fərqli ictimai mühitlərdən çıxsalar da, azadlıq idealına öz mühitlərində eyni dərəcədə bağlıdırlar. Üstəlik, onlar insan azadlığının müdafiəçiləri olaraq yalnız mücərrəd bir ideal kimi deyil, eyni zamanda reallıqda da ictimai həyatın ayrılmaz parçası kimi insan ucalığının müdafiəçiləridir. Gülən bir çox başqa mütəfəkkirlər kimi, insanı ucaldan, tarixdə böyük insanları dəyərli edən xüsusiyyətlərlə bağlı, o cümlədən ən yüksək və ən gözəl potensialından istifadə edənlər haqda olduqca aydın görüşə malikdir. Ancaq zaman və məkan çərçivəsində gerçəkləşən insanın üstünlüyü haqda fikirləri növbəti fəsildə nəzərdən keçirəcəyik.

Qaynaqlar

[1] Mill, On Liberty, s.41.

[2] A.ç.ə., s.44.

[3] A.ç.ə., s.48.

[4] A.ç.ə.,s.67.

[5] A.ç.ə.,s.67.

[6] A.ç.ə., s.67.

[7] Gülen, Pearls of Wisdom, s.55.

[8] Gülen, Towards a Global Civilization of Love and Tolerance, s.44.

[9] A.ç.ə., s.44.

[10] Türkcə adı “Ruhumuzun Heykelini Dikerken” olan bu əsər Gülənin sistemli şəkildə yayımlanan yazıları arasından müəyyən bir kateqoriyaya aid mövzuların seçilib toplanması ilə ərsəyə gətirilmişdir. Xüsusilə, “Yer üzü varisləri”, “İdeal insanlar”, “Düşüncə və aksiyon insanı”, “Ümid nəsilləri-1”, “Ümid nəsilləri-2” kimi kitabın əsas mövzusunu təşkil edən yazılardan da görünür ki, müəllif daha çox yeni bir insan modelini ortaya qoymağa çalışır. (Təfərrüatlı məlumat üçün bax: Ruhumuzun Heykelini Dikerken. Nil Yayınları. İzmir, 1998) (tərc.)

[11] “Yer üzü varisləri” anlayışını və eyni zamanda Gülənin ictimai baxışlarını III fəsildə təfərrüatlı şəkildə diqqətinizə çatdıracağam.

[12] A.ç.ə., s.38.

[13] Gülen, The Statue of Our Souls s. 38-39 (Ruhumuzun Heykelini Dikerken, s. 34)

[14] A.ç.ə., s.38-39. (Ruhumuzun Heykelini Dikerken, s. 34).

[15] Hz. Məhəmmədin nümunəvi həyatı və Onun İslama uyğun düşünmək, yaşamaq və ibadət etməyə dair ortaya qoyduğu qaydalar toplusu.

[16] Sünnətullah – Allahın kainatda cərəyan edən hadisələr üçün qoyduğu dəyişməz qanunlar.­

[17] A.ç.ə.,s.40. (Ruhumuzun Heykelini Dikerken, s. 35).

[18] Mill, Utilitarianism, s.7.

[19] A.ç.ə., s.7.

[20] A.ç.ə., s.8.

[21] A.ç.ə., s.9.

[22] A.ç.ə.,s.10.

[23] Gülen, Pearls of Wisdom s. 55.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.