Yenilənmə

Özünü yeniləmə daim var olmaq üçün ilk şərt və ən mühüm əsasdır. Vaxtlı-vaxtında özünü yeniləməyənlər güclü olsalar da, gec-tez sıradan çıxmağa məhkumdurlar. Hər şey yenilənərək canlılığını qoruyur, varlığını davam etdirir. Yenilənmə dayanan kimi canı çıxmış cəsəd kimi çürüməyə, yox olub dağılmağa başlayır.

Bahar mövsümündə yer üzü möhtəşəm bir məhşər olur, hər şey yenilənir! Ağaclar, otlar və bir zərrəsi ilə milyonlarla canlıya dayəlik edən torpaq... Çıx bir libasını əyninə geyinib min bir harayla yenilənən, boy atıb böyüyən canlılar arasında gəz, dolaş! Bax, gör ölü, cansız şeylər parada hazırlaşan ordular kimi rəngarəng nişanları və növ-növ silahları ilə yer üzünü başdan-başa şənləndirib necə cənnətə çevirir... dünya miqyaslı ümumi yenilənmə bir deyil, minlərlə, milyonlarla örnəyini birdən verir.

Bu tərpənən canlıya bax! Necə təngnəfəs-təngnəfəs dirilişə can atır... Yerini sünbülə verən bu çürümüş toxuma bax! Necə də yenilənmə sancısı ilə doğranır... Bəs bu dən-dən ətrafa səpələnən toxumcuqlar... Və böcəklərin ayaqlarına yapışıb döl yatağına “gedən” tozcuqlar... Bəli, hər şey yenilənir, yenilənməyənlər də bir daha dirilməmək üzrə "xarab olub, turab olub" gedir.

Hər şey kimi insan oğlu da özünü yeniləməyə məcburdur. Dövlətlər, millətlər duyğu və düşüncədə, qəlbi və ruhi həyatda nə qədər yenilənib cavanlaşırlar, o qədər də dünya miqyaslı məsuliyyətlərə çiyin verib cahanın fəthinə də hazır ola bilirlər. Elmə aydınlıq, texnikaya iman, insanoğluna da diriliş gətirən bir fəthə... Əksinə yenilənməyən qövm və toplumlar əsarət altında əzilməkdən qurtula bilməyəcək...

Özünü yeniləmə yenilik heyranlığı və moda düşkünlüyü ilə də qarışdırılmamalıdır. Bunların biri hər cəhətdən dəlik-deşik olmuş kütlələrin üzünə boya çəkib çatları doldurma fəaliyyəti, digəri isə Xızır bulağından axan "abi-həyat"la cəmiyyətə ölümsüzlük bəxş etmək aksiyonudur.

Həqiqi yenilənmə kök və toxumun saflığını hifz edərək, keçmişdən süzülüb gələn bütün dəyərləri hazırkı düşüncə və ürfanla sintez edərək daha yeni, daha parlaq təfəkkür aləminə qanad açmaqdır. Əksinə yeniliyi-köhnəliyi çiyinə atılan bir çəpkən və fəracədə, frak və briyantinli saçda görmək açıq-aydın aldanışdır və bunu belə göstərməyə cəhd etmək də illüzionizm və hoqqabazlıqdır.

Yenilənmə tamamən metafizik halqada cərəyan edən bir hadisə, ruhi planda bir dirilişdir. Müqəddəs dəyərlərə, tarixə möhkəm bağlı olan diriliş... Onsuz da, qeyrisinə diriliş demək mümkün deyil ki!..

Elmin inkişafını, texnologiyanın yeni-yeni imkanlarını ən səmərəli şəkildə dəyərləndirərək əlimizdəki məşəli qəlbimizə tutub təkrar başdan qənaət, düşüncə və təsəvvürümüzü yoxlamalı, könlümüzün ürfan pətəyinə hər gün yeni-yeni şeylər əlavə etməli və gündə bir neçə dəfə bütün kainatı ruhi prizmadan keçirib dimağı gücləndirməli... bax əsl yeni­lən­mə məhz budur!

Bu yolda yenilənməyə müvəffəq olan bir fərd cəmiyyətin solmaz, təravətli bir rüknü, sütunu, belə fərdlərdən ibarət bir toplum da dünya müvazinətinin mühüm bir ünsürü səviyyəsinə yüksəlmişdir. Bütün milləti əhatə edəcək belə bir yenilənmə əvvəlcədən yenilənmiş bir heyətin varlığından asılıdır. Könlü imanla, ümidlə par-par yanan, dimağı çeşidli sintezlərlə başqa aləmlərə pərvazlanan, "aydın günlər"in xəyalı ilə özünü yeniləmiş müqəddəsdən müqəddəs bir heyətlə... Əlbəttə, bu Qüdsilərin düşüncə və qənaətini bir məşəl kimi sonsuzadək daşıyan və yaşadan "xeyrül-xələf" nəsillərin olması da xüsusi əhəmiyyətə malikdir...

Ömər bin Əbdüləzizin təklif etdiyi yenilənməni toplumun hər təbəqəsinə mənimsədə bilməyən Əməvilər güclü rəqibləri və şiddətli fikir axınlarına qarşı davam gətirə bilmədilər. Zillət içində, çirkabın qoynunda məhv olub getdilər. Ruhən və qəlbən yenilənmə əvəzinə çeşidli yeniliklərə və ruhu aşındıran paradokslara meyilli siyasət yürüdən Abbasilər, Kordova Əməviləri, hətta on yeddinci əsrdən sonra Osmanlı Türkləri üçün də eyni şeyi düşünmək olar. Eyni tale ilə tarixdən silinən bu şanlı və ehtişamlı dövlətlər düşmən zərbələri ilə ləngər vurarkən özlərini ruhən yeniləmək əvəzinə Yunan düşüncəsini və Latın fəlsəfəsini imdada çağırdılar. Bu isə onların ölümünü sürətləndirməkdən başqa bir işə yaramadı. Hələ Osmanlı ziyalılarının “yenilik” adı ilə bəzi gülünc yeniliklərə əl atması, Türk toplumunu özünəxas üslubdan, istiqamətdən çıxararaq bir ücubəyə çevirdi.

Bəli, nə "Nizami-Cədid"[1] düşüncəsi, nə "yeniçəri qırğını" hadisəsi, nə də Gülhanədəki yaşıl karbonarilərin "Xətti-Hümayun"ları Osmanlı toplumuna yenilənmə yolunu aça bilmədi. Nəinki yol açdı, əksinə, bu axınlar Türk toplumuna böyük zərbə endirib onu sarsıtdı. Bu dövrdə bəzi müsbət tərpəniş və səyləri də danmaq olmaz. Ancaq bu fəaliyyətlərin demək olar hamısı müdafiə mahiyyətli olduğuna görə gözlənilən "yenilənmə" ilə nəticələnmədi. Hətta Türk toplumunun narahatlığı bu axınlarla sinsiləşərək daha da təhlükəli hala gəldi. Bəli, toplumun müxtəlif xəstəliklərinə bu cür yersiz müdaxilələr – ixtilac içində qıvrılan bir xəstəyə ağrıkəsici həb verib səsini kəsmək kimi – xəstəyə müvəqqəti təskinlikdən başqa bir şeyə vermədi.

Əslində, yolunu itirmiş və hansı tərəfdə olduğu bilinməyən bu ölü və sərsəm ruhların indiyə qədər yenilənmə naminə vəd etdiyi hər şey bir oyun və kütlələri azdırmaqdan başqa heç nə deyildi.

Ah, təkrar-təkrar aldadılan insanlar! Görəsən, onlara həqiqi yenilənməyi öyrədə biləcəyikmi!..


[1] Yeni nizam. Osmanlı Dövlətində III Sultan Səlim dövründə yeni sistemlə yetişdirilən bir hərbi təşkilat.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.