Təlim-tərbiyə üsulları

Fəthullah Gülən: Keyfiyyəti əsas götürmək

Əvvəlki fəsildə yaş səviyyəsindən asılı olaraq uşağın etiqadı və əməli vəziyyəti ilə əlaqədar mövzulara toxunduq və əsasən ana-atanın, tərbiyəçilərin rəftar, davranış və həyat tərzinin bu məsələlərdə müsbət nəticə əldə etmək baxımından mühüm olduğunu göstərdik.

Bəli, sözlər daxili aləmə, ləduniyyata, davranışlara tərcüman olanda insanın hiss etdiyi, düşündüyü, çatdırmaq istədiyi şeylər həm­söhbətinə rahatlıqla təsir edir. Əksinə, ağızdan çıxan sözləri dav­ranışlar təsdiq edib tamamlamırsa və qəlbdə də yəqin,[1] izan,[2] etiqad yoxdursa, həmsöhbətə çox da təsir etməz.

Bu səbəbdən də böyük və ya kiçik bir təlim-tərbiyə müəssisəsində çalışırsınızsa və ya hər hansı bir qurumun başındasınızsa, qəti bilməlisiniz ki, orada nizamın da, intizamın da dayağı sizsiniz. Siz azacıq büdrədinizmi, qurumun bütün heyətinə sirayət edər. Əksinə, siz nə qədər ki doğru yoldasınız, o qurum və sistemin heyəti də doğru yolda olar və ya daha az büdrəyər.

1. Dəyərləri yaşayaraq aşılamaq

Davranışlardakı həssaslıq və diqqətlilik sözlərin təsirli olmasında və məqsədə çatmaqda çox əhəmiyyətlidir. Məsələn, Allahın hüzurunda sayğı və ədəblə dayanmaq, ürəkdən rüku və səcdə eləmək, yəni namaz qılmaq bu mövzuda bir kitab oxumaqdan daha təsirlidir. Bu, uşaqların: “İlahi hüzurun və Allaha sayğının ədəbi necə olur?” sualına ən inandırıcı və tutarlı cavabdır. Əksinə, namazı hədisi-şərifin ifadəsi ilə “Toyuğun dən dənləməsi kimi...”[3] qılsanız, bunu görən adamın götürdüyü namaz ədəbi də elə o “səviyyədə” olacaq. Belə bir namaz nə sizi münkəratdan[4] çəkindirib uzaqlaşdırar, nə də tərbiyə verdiyiniz fərdlərə Allaha ehtiram hissi aşılayar, nə də onların qəlbində müsbət bir iz buraxar.

Bəli, namazı ürəkdən və bütün varlığı ilə qılmaq çox mühümdür. Böyük bir sayğı, ədəb, xüşu ilə Allahın (c.c.) hüzurunda belini bükən, baş əyən bir insanın halı o məsum uşaqlara güclü təsir edər.

Gözəl əməllərdə nümunə olmaqla yanaşı, mənfi hallara qarşı həssas davranmaq da çox önəmlidir. Uşaqlar məktəb və küçədə şübhə və tərəddüd “virus”larına yoluxa bilərlər. Bunları vaxtlı-vaxtında aradan qaldırmağa çalışmalıyıq. Uşaqların götürüb oxuduğu əsərləri də – bu, bir roman da ola bilər, – sözbəsöz, cümləbəcümlə gözdən keçirməliyik. Oxuduqları kitablarda inanc və etiqadınız üçün zərərli bir şey varsa, siz də tədbir görmürsünüzsə, heç fərqinə varmadan onların içinə şübhə və tərəddüd toxumları düşə bilər. Bu səbəbdən də uşağın evdəki davranışlarına, oturuşuna-duruşuna diqqət yetirməklə kifayətlənməməli, eyni zamanda onun fikri inkişafında, duyğu-düşüncəsinin formalaşmasında rol oynayan digər amillərə də nəzarət etməlisiniz. Məfkurə qəhərmanları yetişdirmək istəyən böyüklərin vacib vəzifələrindən biri də oxunası kitabları əvvəlcədən müəyyən etmək və seçməkdir.

Bəli, müəyyən bir dövrdən sonra uşağın nələrə simpatiya və ya antipatiya bəslədiyini sezməyə çalışmaq, nələri dinlədiyini, nələrə qulaq verdiyini öyrənmək, dostlarını, yoldaşlarını görüb tanımaq, hətta ona dost seçmək və bütün bu kimi hallarda bir həkim kimi hərəkət edib ortaya çıxan “xəstəlikləri müalicə etmək” təxirəsalınmaz məsələlərdir.

a. Şagird, müəllim və valideynlər

Müasir dövrün problemlərindən biri də valideynlərlə övladlar, başqa sözlə, keçmiş nəsillə yeni nəsil arasında mövcud olan mədəni fərqlər və bu fərqlərin ehtimal olunan mənfi nəticələridir ki, bunlar da təlim-tərbiyə prosesində aradan qaldırılmalıdır. Bu tədbirlərin əsl vaxtı da rüşd çağına[5] qədərdir. Geçiksək, müyyəsər olmaya bilərik.

Yeri gəlmişkən, bir də görürsən ki, yoxsul, sadə bir ailədən çıxıb universitetdə oxuyan bəzi tələbələr özlərini valideyinlərindən üstün tutub ata-anaları ilə məsləhətləşməyi qürurlarına sığışdırmır... Bəli, bu gün neçə-neçə ixlaslı valideyn var ki, uşaqları orta məktəbdə, hətta bəziləri ibtidai siniflərdə oxuyarkən bəzi radikal fikirlərə, zərərli davranışlara yiyələnir, hətta dövlətə, millətə, hökumətə, məktəb rəbərliyinə düşmən kəsilir. Hər cür daxili və xarici təxribatlara zəmin hazırlayan tələbə nümayişlərinə, “boykot” adı ilə bir sıra iğtişaşlara qoşulur və öz ağıllarında bir utopiya arxasınca düşürlər.

Keçmişdə və bu gün cərəyan edən bütün tələbə hərəkatlarının bu həddə hansı səbəbdən və necə çatdığını gözdən keçirsək, uşağın hərəkətlərinə nəzarət edilməməsi və lazımi tərbiyənin verilməməsi ən böyük xətalar kimi qarşımıza çıxar. Təlim-tərbiyədə yol verilən səhvlərin mənfi nəticələrinə görə oturub ah-vay eləmək, dizə döymək də mənasız çırpınışdan başqa bir şey deyildir. Çəkilən vicdan əzabı da savab qazandırmaz.

Qurani-Kərim bir yerdə düz yoldan azdırılanlar, qayğıdan məh­rum­ edildiklərinə görə başqalarını təqlid edənlər haqda belə buyurur:­

“Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz rəhbərlərimizə, bö­yük­lə­rimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar” (“Əhzab” surəsi, 33/67).

Qurani-Kərimin qəlbimizi sızladan bu ürpərdici bəyanında İlahi əzabın dəhşəti ilə qarşılaşan pərişan və namazsız-niyazsız nəsillərin ata­larına, analarına, əmilərinə, dayılarına, qohum-əqrəbalarına, mü­­əllimlərinə, mürşidlərinə acı və aşkar bədduası qəsd edilir. Bəli, bu ilahi bəyanda, Allah qorusun, ağır aqibətə düçar olan kəslərin tər­biyələrinə görə məsuliyyət daşıyanlar haqqında: “Allahım, bizi yol­dan azdıranların, başdan çıxaranların, bizə nəzarət etməyənlərin əza­bını qat-qat artır, onları pərişan et və lənətinə layiq qılaraq hüzu­run­dan, ilahi dərgahından qov!” kimi bir məzəmmətindən, bir sər­zə­nişindən, hətta bədduasından söz gedir.

Beləliklə, böyüklərin dini yaşayıb gözəl nümunə olması və düz­gün təlim-tərbiyə verməsi həm özlərinin, həm də övladlarının dün­ya və axirət səadətinə səbəb olur. Əksinə, vəzifələrini yerinə ye­tir­mə­yən­lərin yanlış davranışları təkcə özlərini deyil, eyni zamanda laqeyd yanaşdıqları insanları da dünya və axirətdə fəlakətə düçar edir.

b. Haqq yoldan azdırılanların fəryadı

Uşağın maddi-mənəvi, dünyəvi-üxrəvi həyata heç bir faydası­ ol­ma­yan işlərlə məşğul olmasına imkan versəniz, “(Allah qiyamət günü onlara) buyuracaq: “Sizdən əvvəl gəlib-getmiş (kafir) cin və insan tayfaları ilə birlikdə Cəhənnəmə girin!” Hər tayfa (dəstə) girdikcə yoldaşlarına (onu doğru yoldan azdırdığı üçün) lənət oxuyacaq. Nəhayət, hamısı birlikdə orada (Cəhənnəmdə) toplandığı zaman sonra gələnlər (tabe olanlar) əvvəl gələnlər (tabe olduqları) barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bizi azdıran bunlardır. Bunlara cəhənnəm əzabını ikiqat artır! (Allah) buyuracaq: “Onsuz da hər kəsi ikiqat əzab gözləyir, lakin siz bilmirsiniz!” (“Əraf” surəsi, 7/38) ayələrində təsvir olunan fəryad, çə­kişmə, sərzəniş və bəhanə dolu tablolar meydana gələcək.

Bəli, ehtimal ki, Quranın bəyanı ilə desək, bir vaxtlar sizin bağrınıza basıb böyütdüyünüz, böyüdüb tərbiyə etdiyinizi sandığınız övladlar hamısı bir ağızdan böyüklərinə bəddua və lənət yağdıracaq. Az da olsa axirətə inanan bir insan bu cür bədduaya tuş gəlməkdən qorxmalı, tir-tir titrəməli, Allaha sığınmalıdır. Belə bir bəddua və sərzənişlə üzləşmək istəmiriksə, bircə yolumuz var ki, o da düşüncə, hal və davranışlarmıza baxıb yollarını seçən kiçiklərə gözəl nümunə olmaqdır... Allahı, Rəsulunu sevib sayğı göstərməkdən gözəl əxlaqla yaşamağa qədər hər məsələdə yaxşı örnək olmaq...

Allah (c.c.) və Rəsulunun (sallallahu aleyhi və səlləm) sevilib-sayıldığı bir ailədə böyüyən uşaq bu sayğını, bu sevgini nə qədər oxuyur, görür, hiss edirsə, Allaha da o qədər könüldən bağlanır. Bir meyar kimi, hər hansı bir evdə Allahdan (c.c.) və Rəsuli-Əkrəmdən (sallallahu aleyhi və səlləm) bəhs edilib-edilmədiyini (təbii ki, münkəratın törədilib-törədilmədiyini və maruf olanların (dinin əmr etdiyi və xoş gördüyü şeylər) da edilib-edilmədiyini) uşağın duyğu və düşüncələrindən hiss etmək mümkündür. Bəli, uşaq ailənin üzü çölə baxan ekranı və evdəki səslərin reproduktorudur. Bu ekrandan və reproduktordan o evin ən məhrəm künc-bucağına baxa və ən gizli pıçıltılarını eşidə bilərik.

c. Cənnətin və Cəhənnəmin yolu

Cəhənnəmi bəşəri arzular və nəfsin xoşuna gələn şeylər, Cənnəti də məkarih (nəfsə xoş gəlməyən şeylər) hər tərəfdən əhatə etmişdir.[6] İba­dətin ağırlığına, yəni bir mənada məkarihə qalib gələ bilməyən, cis­mani arzu və istəklərini cilovlamağı bacarmayan, hər gün bir tə­lə­yə­ düşməkdən, hər gün bir məlanətə[7] ilişib yumalanmaqdan qurtula bilməyən kəslər nə Cənnətə girər, nə də Cəhənnəmdən uzaq qa­lar.

Budur qarşımızda bir yol uzanır, məqsədə çatmaq üçün iki vəzifəni yerinə yetirməliyik! Bir tərəfdən dinin bütün qadağalarından uzaq olmalı və uzaqlaşdırmalı, digər tərəfdən də İslamın bütün əmrlərinə ən incəliklərinə qədər, həm də şüurlu şəkildə əməl etməyə və etdirməyə çalışacağıq ki, mətin dayanıb, Haqqın inayəti ilə, nəfsin xoşuna gələn şeylərin arxasınca sürünməyək.

Biz bizdən əvvəlkilərin əkib-biçdikləriyik, bizdən sonrakı nəsillər də bizim səylərimizin meyvəsi olacaqdır. Zəmanədən, dövrdən şikayətlənmək əvəzinə, bizə qarşı edilən laqayedliklərə baxıb bugünkü biganəliyimizin sabahkı “bəhrələrini” görməyə çalışmalı, vəzifə və məsuliyyətlər baxımından qəlb, ruh, hislərimizi dirçəltməyə cəhd göstərməliyik. Belə bir dirçəliş həm bizim, həm gələcək nəsillərin, həm də tariximizin dirçəlişi olacaq.

2. Elm öyrənməkdə məqsəd

Uşağa aşılanan ən mühüm vərdişlərdən biri də “qiraət və ki­tabət”dir (oxumaq və yazmaqdır). Uşaq müəyyən bir məqsəd və qa­yə­­yə çatmaq üçün mütləq oxuyub-yazmağı öyrənməli və tərbiyə edi­lən səviyyəsindən tərbiyə edən səviyyəsinə yüksəlməlidir. Çünki nəyə görə oxuyub-yazdığını bilmək yazı savadının özü qədər əhəmiyyətlidir:

Elm elm bilməkdir,
Elm özünü bilməkdir.
Sən özünü bilməsən,
Bu, necə oxumaqdır?

deyir Yunus.

Gəlin mövzunun girişində hamımız birlikdə bu suallara cavab tapmağa çalışaq: “Elm nədir? Elmin məqsədi nədir? Kitabı nə üçün oxuyuruq? Kitabı oxumaqda əsl qayə nədir?” Bu suallara cavab verməzdən əvvəl bir məqamı xatırlatmaq faydalı olar.

Bir insan ömrü boyu riyaziyyatın o dolambaclı, qarmaqarışıq üsullarını, qaydalarını öyrənsə, ancaq bu qaydaları tətbiq eləməyi, ya­xud da biliklərini yeni nəzəriyyə və fərziyyələrlə inkişaf etdirməyi heç düşünməsə, elmin qayə və məqsədinə çatmış sayılarmı?!

Eyni şəkildə, tibbin bütün əsaslarını öyrənsə, amma praktiki olaraq heç bir iş görməsə, məsələn, bir xəstənin nəbzini tutmasa və ya ürək döyüntülərinə qulaq asmasa, ciyərlərini müayinə etməsə, öyrəndiyi tibb elminin bir şeyə yaramaması bir yana dursun, oxuduqlarının başında qalması belə şübhəlidir. Elmlərin əsas məqsədi, Yunusun dili ilə desək, insanın özünü bilib tanımasıdır. Yoxsa, bir elmin içində özümüzü tapmırıqsa, həqiqətə çatmırıqsa, onun nə bizə, nə də başqa insanlara bir faydası var.

a. Oxuma-yazma

Qurani-Kərim mütaliə edilməli qaynaqların başında dayanır.­ Ancaq hafizənin ilahi məqsədləri öyrənməyə xidmət etməyən mə­lu­matlarla doldurulmasını, yəni hafizə hanballığını düzgün hesab et­mirik.

Uşağın əlindən tutub Quranı onun ruhuna içirməli və onda Uca Kitaba güclü maraq oyatmalıyıq ki, gələcəkdə Allahın əmrlərini dərk eləməyə yönəlsin. Təəssüf ki, bu gün bir az da məcbur edərək uşağa bir “Bismillah” dedirtməklə bütün məsələləri yoluna qoyduğumuzu sanırıq. Hərçənd, “Bismillah” öz-özlüyündə olduqca mühümdür və çox məsələni həll edə bilər. Ancaq ondan da vacibi müxtəsər şəkildə də olsa, İlahi məqsədləri öyrətməkdir ki, aciz qənaətimcə, əsl öyrənilib öyrədiləsi məsələ məhz budur.

Tariximiz şanlı və parlaq dövrlərlə zəngindir. Elə bir dövr vardır ki, İslam dünyasının bütün dövlətlərinin elm, idarəçilik və məhkəmə (ədliyyə) sahələrinə hafiz (Quranı əzbər bilən) idarəçilər, hakimlər və qazılar rəhbərlik etmişdir. Amma əvvəl də toxunduğumuz kimi, bu şəxslər oxuduqları elmlərin mahiyyətini qavraya bilmədiklərinə görə həm təkvini[8] əmrlərdə, həm də təşri[9] məsələlərdə təqliddən kənara çıxa bilmirdilər, istinbat[10] və ixtiraya elmi səviyyələri çatmırdı. Ala-yarımçıq bildikləri ilə ifrat dərəcədə mühafizəkarlıq edən bu insanlar, təəssüf ki, dinin caiz görmədiyi məsələlərə səssiz qalaraq günah işləməkdə davam etdilər... və təbii ki, İslamın onların çiyninə yüklədiyi şərəf və heysiyyəti də qoruya bilmədilər. Bəlkə də, vicdanımız sızlayacaq, amma təəssüflə qeyd etməliyəm ki, bunlar əvvəllər də, sonralar da millətin heysiyyəti ilə, şərəfi ilə, dini ilə oynadılar. Onların əldə etdikləri elm nə vicdanlarında oturuşmuş, nə də qəlblərində izan və bəsirət şəklini almışdı. “...Onun (haqq yolundan) sapdırdığı kimsələr isə əsl ziyana uğrayanlardır” (“Əraf” surəsi, 7/178) ayəsi ilə əlaqədar Hafiz Əbu Yalanın[11] Hüzeyfə ibn Əl-Yəmana (r.a.) istinadən rəvayət etdiyi bir hədisi-şərifdə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurur:

“Sizə görə qorxduğum hallardan biri də budur; bir adam Qurani-Kərimi o qədər oxuyar ki, ilahi kəlamın o gözqamaşdırıcı gözəllikləri onun bütün hərəkət və davranışlarında əks olunar. İslam onun libası olar. Allahın (c.c.) dilədiyi müddətə qədər o libasa bürünər. Sonra birdən-birə o libasdan (Allah qorusun!) uzaqlaşar və onu bir kənara atar. Qılınc çəkib (din) qardaşının üstünə gedər və onu Allaha şirk qoşmaqda ittiham edər.”

Həzrət Huzeyfə: “Ey Allahın Rəsulu, şirkə hansı daha yaxındır, şirk qoşmaqda ittiham edilən, yoxsa ittiham edən?” – deyə sual vermiş, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) da cavabında: "İttiham edən”, – buyurmuşdur."[12]

Bu gün Allahı (c.c.), Rəsulunu (sallallahu aleyhi və səlləm) tanımayan neçə-neçə adlı-sanlı adam var ki, qatı cəhalət içindədir. Kainatı süsləyən minlərlə ayə və dəlilləri düşünə bilməyən, sintez etməyi bacarmayan, varlıq və hadisələrə kar və kor kimi baxanlar ünvan və titulları nə olur-olsun, qatı bir cəhalət içindədirlər. Çünki biz yalnız insanın hiss, ağıl, fikir dünyasını işıqlandıran bilgiyə elm deyirik, o birinə isə hafizə hamballığı...

Qurani-Kərimin ilk ayəsi və əmri: “Oxu, Rəbbinin adı ilə...” (“Ələq” surəsi, 96/1) şəklində təcəlli etmişdir. Bəli, Allahın (c.c.) Rəsuli-Əkrəmə (sallallahu aleyhi və səlləm) ilk xitabı “Oxu!” olmuşdur. Allah (c.c.) “Quranı oxu!” demir, hətta “Sizə verilən kitabı oxuyun” da buyurmur. Bu “Oxu!” əmrinin mənasını yenə Quran özü izah edir və: “Yaradan Rəbbinin adı ilə oxu!” (“Ələq” surəsi, 96/1) buyuraraq yaradılış kimi möhtəşəm bir hadisəni nəzərə çatdırır. Burada ilahi kəlamlarla yanaşı, ayeyi-təkviniyənin simasındakı yazıları oxumaq da xatırladılır.

“Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi” (“Ələq” surəsi, 96/3-4) buyurur.

Gördüyümüz kimi, burada “oxuma” və “yazma” bir-birinin ar­dın­ca gəlir. Bəli, insan oxuyub-yazacaq, ancaq oxumaqda məq­sə­di həm ayeyi-təkviniyəni, həm özünün daxili dünyasını, həm də­ Quranın mahiyyətini dərk etmək olacaq. Bəzən özünün fiziolo­gi­yasına, anatomiyasına, bəzən də kainatın simasına baxacaq və öyrəndiklərini, əldə etdiyi mərifəti (Allahı bilmək, tanımaq) ailə üzv­lə­rin­dən başlayaraq başqa insanlara da hiss etdirəcəkdir. Bəli, burada “Oxu!” əmrinin təkcə Quranın sözlərini oxumağa aid olmadığını sonrakı ayələrdən də görürük. Quran “Oxu!” əmri ilə həm ilahi əmrləri, həm də ayeyi-təkviniyəni, kainatdakı qanunları oxumağı tövsiyə edir. Dolayısilə, həm yaradılışımızı, həm kainatı, həm də Allahın kəlamını Onun adı ilə oxumalıyıq. Burada Qurani-Kərim əvvəlcə diqqətləri yaradılışımıza cəlb edərək, bir növ bizi “Necə yaradıldınız?” sualına istiqamətləndirir. Ardınca da insanın “ələq”dən, başqa bir yerdə də “bir damla su”dan xəlq edildiyini bildirərək düşüncələrimizi yaradılışın sirlərinə yönəldir.

Bu, “kainat kitabını Quranla birlikdə oxu” deyə buyuran Allahın (c.c.) insana verdiyi elə bir dərsdir ki, ondan elm yoluna təzəcə qədəm basmış tələbə də, elmini tamamlamış mütəfəkkir də faydalanır.. Bəli, Rəsuli-Əkrəmin (sallallahu aleyhi və səlləm) rəhleyi-tədrisindəümmi insan da, tədqiqatçı alim də səviyyə fərqinə baxmayaraq idrak üfüqünün genişliyi qədər öz payını götürür.

Qurani-Kərim “yazmaq” kəlməsi ilə qələmə də işarə edir. “Qa­ləm” surəsində: “Nun... And olsun qələmə və yazdıqlarına” (“Qaləm” surəsi, 68/1) buyuraraq qələmin əhəmiyyətini nəzərə çatdı­rır. Burada “nun” hərfinin mənası açıq deyildir. Ancaq sanballı təf­sirlərdə bu hərfin “balıq” mənasında şərh edilməsi ilə yanaşı,­ “mü­rəkkəb qabı” mənasına gəldiyini irəli sürənlər də vardır. O böyük mü­fəssirləri öz təfsirləri ilə baş-başa buraxaq. Burada Allah-Təala (c.c.) “nun”la başlayıb, “qələm”ə and içərək kəlamına giriş verir ki, bu da Onun (c.c.) nəzərində qələmin nə qədər əhəmiyyətli olduğunu göstərməyə yetər. Bu qələm istər əməl səhifələrimizi və həyat sərgüzəştimizi yazan Kiramən Katibinin,[13] istər qədəri (taleyi) yazan Mələyi-Alənin sakinlərinin qələmi, istər Allahın (c.c.) ilk kitabəti ilə əlaqədar qələm, istərsə sizin məktəbdə və ya başqa bir sahədə işlətdiyiniz qələm olsun, fərqi yoxdur, nəticə dəyişmir. Fərq ondan istifadə edən şəxsə görədir və hər halda Allahın (c.c.) qələmə and içməsi bunların hamısını ehtiva edir.

b. Elm insanı Allah qorxusuna aparır

Quranın başqa bir ayəsində: “Allahdan ancaq alim bəndələri qorxar” (“Fatir” surəsi, 35/28) buyurulur. Bəli, Allaha (c.c.) ancaq alimlər ehtiram göstərərlər, çünki üluhiyyətə hörmət onu bilib tanımaqdan asılıdır. Allahı (c.c.) bilməyənlər və üluhiyyətin sirlərinə vaqif olmayanlar sayğı və xəşyət[14] hissindən də uzaqdırlar.

Bu nöqtədən çıxış edərək uşaqların ruhi-mənəvi və fiziki cəhətdən düzgün yetişdirilməsi istiqamətində atılası vacib addımlardan biri də onların sağlam bir əqidəyə yiyələnməsidir. Vacibül-Vücudun[15] varlığının vacibliyinə dair oxuduğunuz, mütaliə etdiyiniz, gördüyünüz dəlillər səviyyə və mədəni fərqlər də nəzərə alınmaqla onlara da təlim edilməlidir. Bəzən bu dəlillər sizin tərəddüdlərinizi aradan qaldırmağa kifayət etsə də, uşaqlarınızın mövcud yaş və mə­dəni səviyyələrinə görə kifayət etməyə bilər, o zaman daha təkmil reabilitasiyaya əl atmaq lazım gəlir.

Digər bir məsələ Rəsuli-Əkrəmin (sallallahu aleyhi və səlləm) mübarək həyatının qəlblərə yol tapması, sevilməsi və hakim olmasıdır ki, bu mövzu ilə əlaqədar “Sonsuz Nur” adlı əsərdə də əksini tapan mövzuların xatırladılmasına ehtiyac vardır.

c. Tərəddüdlərin aradan qaldırılması

Bu gün “Kainatı Allah (c.c.) yaradıb, bəs Allahı (c.c.), haşa, kim yaradıb?” kimi nə qədər sualla qarşılaşırıq. Bu cür sualların çoxluğu Allahın (c.c.) uşaqlara vaxtında düzgün tanıdılmadığını göstərir. “Rəsuli-Əkrəm (sallallahu aleyhi və səlləm), haşa, nə üçün çoxlu qadınla evlənib?” sualının kökündə yatan əsas səbəb isə uşağın Allah Rəsulu (sallallahu aleyhi və səlləm) haqqında düzgün fikrə və anlayışa sahib olmamasıdır. “Rəsuli-Əkrəm (sallallahu aleyhi və səlləm) çox ağıllı adam idi. Elədiyi böyük dəyişikliklər də Onun dərin ağlının əsəridir” kimi fikirlər irəli sürən bir adamın da dini savadı ala-yarımçıqdır, çünki “nübüvvət”in mahiyyətini qətiyyən anlamayıb.

Bir də bu cür “yara”ların dərinliyinə baxmayaraq, yanlış mü­da­­xilələr edilərsə, o zaman vəziyyət daha da pisləşər. Demək, ilk növbədə uşağın düşüncəsini və ruhi-mənəvi vəziyyətini, Allah (c.c.) haqqında əqidəsini sağlam bünövrəyə oturtmaq lazımdır. Mövzuları yaş səviyyəsinə uyğun seçərək onlara Allah inancını aşılaya bilərik. Məsələn, “Bir iynə ustasız olmaz, bir iynənin öz-özünə düzəldiyini düşünmək qeyri-mümkündür. İndi ki belədir, demək, varlığı yaradan bir Zat vardır ki, o da Allahdır (c.c.)” kimi məntiqli yanaşma mü­əyyən yaşlarda uşaqların tərəddüdlərinə cavab verə bilər. Siz belə bir metodla uşağın tərəddüdlü vaxtında köməyinə çatsanız, o tərəddüdü kök atmağa imkan tapmadan aradan qaldırmış olarsınız.

Dini mənbələrin verdiyi məlumata görə, məcusilər bir gün İma­mi-Əzəm Əbu Hənifə həzrətlərinin yanına gəlib bəzi suallar vermiş və inandırıcı cavablar istəmişdilər. Humanitar və dəqiq elmlərin yüksək inkişaf etdiyi, hüquq, fiqh və sosiologiya sahələrində böyük irəliləyişlərin olduğu o dövrdə məcusilər Əbu Hənifə həzrətlərinə: “Biz Allaha inanmırıq,” – demişdilər. O dövrdə həmin bölgədə çox sayda məcusi yaşayırdı. Çünki Kufə torpaqları keçmişdə məcusilərin daha sıx məskunlaşdığı bir yer idi.

Əbu Hənifə həzrətləri onlara hər şeyi sadə üslubla izah etdi: “Bir gəminin dənizin içində yüzlərlə dalğanın arasında rahatlıqla sahilə doğru getdiyini, bu dalğaların onun istiqamətini dəyişdirə bilmədiyini görsəniz, o gəmini bu ümmanda üzdürən və fövqəladə məharətlə idarə edən bir zatın var olduğuna tərəddüd edərsinizmi?” – deyincə onlar hamısı bir ağızdan: “Xeyr!” – cavabını verdilər. Əbu Hənifə bunu eşidəndə: “Elə isə bu ulduzlar, bu nəhəng kainat, bu yer kürəsi sanki bir dənizin içində, həm də ahəngi pozulmadan üzürsə, bunun öz-özünə mümkün olduğunu necə təsəvvür edə bilirsiniz?” – deyə soruşdu. Cavabı eşidən məcusilər: “Lə iləhə illəllah, Muhəmmədən Rəsulullah!” – deyib kəlmeyi-şəhadət gətirdilər.

Bu, onların səviyyəsinə uyğun bir izahdır, kiminə görə bəsitdir, kiminə görə yetərlidir. Bu üslubun məntiqliliyi nə səviyyədə olur-olsun, müəyyən yaşda-başda olan şəxslər üçün kafi gələ bilər. Daha yuxarı yaşlarda, daha dərin mövzulara toxunaraq eyni əsasların sağlamlığını vurğulamaq olar. Bəli, insanın beyni, gözü, daxili orqanları, hüceyrəsi, hüceyrə sistemi, anatomiyası, fiziologiyası olduqca xariqüladə yaradılmışdır. Fərqli yaş-baş və səviyyəyə uyğun olaraq bu məsələlərin hər biri elmi əsaslar çərçivəsində izah edilərsə, zənnimcə, kifayət edər.

Başqa bir adam üçün də, məsələn, hava, su, işıq, müxtəlif vi­ta­minlər, proteinlər, karbohidratlar, ya da mikroskopik canlıların mahiyyəti kimi mövzulardan danışıb fikirlərimizi əsaslandıra bilərik. Bu mövzuların təqdimində izah metodu dəyişsə də, dərs və proqramın əsas çərçivəsinə riayət edilir.

Böyük bir İslam alimi Allahın (c.c.) varlığını izah edərkən: “Bi­lir­sən ki, bir kənd ağasız olmaz. Bir iynə ustasız olmaz. Bir hərf katibsiz olmaz. Son dərəcə nizamlı olan bu məmləkətin (kainatın) hakimsiz olması mümkündürmü?” Bu qədər böyük və nəhəng kainat öz-özünə necə idarə olunur, necə bir-birinə qarışmadan öz-özünə hərəkət edə bilir? şəklində üslubu bu mövzuya yaxşı bir nümunədir. Bu sahədə ortaya qoyulan bütün dəlilləri xatırlayıb, bütün yazılmış əsərləri gözümüzün önünə gətirsək, nə qədər zəngin materiala sahib olduğumuzu görərik. Ondan sonra bizə sadəcə mövcud materiallardan yerli-yerində istifadə etmək, həmsöhbətin səviyyəsindən asılı olaraq mövzuların hansını əvvələ keçirmək, hansını sonraya saxlamaq kimi xırda işlər qalır.

3. Səadət əsrini və Rəsuli-Əkrəmi (s.a.s.) izah eləmək

Rəsuli-Əkrəmi (sallallahu aleyhi və səlləm) də eyni şəkildə diqqətlə izah eləmək lazımdır. Mən şəxsən bu gün bəzi adamların Rəsulullahı (sallallahu aleyhi və səlləm) sevməməsinin səbəbini Bəşəriyyətin İftixar Mücəssəməsinin onlara uşaqlıq dövründə tanıdılmamasında görürəm. Onu yaxından görənlər, tanıyanlar Onu sevmiş, Ona aşiq olmuş və könül vermişlər. Əsrlər boyu neçə-neçə insan Fəxri-Kainatın (sallallahu aleyhi və səlləm) cazibəsinə qapılıb arxasınca getmişdir ki, cahan tarixində başqa bir bəşərin bu cür hörmət və sevgi gördüyünü göstərmək qeyri-mümkündür. Ancaq Rəsuli-Əkrəmi (sallallahu aleyhi və səlləm) tanıyıb anlatmadan uşaqdan Ona qarşı sevgi gözləmək doğru deyildir. Səadət dövründə o bəxtəvər nəsil Onu öz gözləri ilə gördü. Sonrakı nəsil də görənləri görməklə şərəfləndi və Onu onların gözləri ilə görməyə çalışdı. Elə Rəsulullah (sallallahu aleyhi və səlləm) da: “Ən xeyirli dövr mənim dövrüm, ondan sonra da onun ardınca gələn dövrdür”,[16] – buyurmuşdu.

Bəşərin bədəvilik dövründə, insanların qəlb qəsvəti[17] ilə uşaqlarını diri-diri torpağa gömdükləri, demək olar, hər kəsin şərab içdiyi, hətta şüyuiyyə fikrinin (kommunizm əxlaqı) müəyyən qədər yayıldığı qaranlıq bir zamanda qısa vaxtda ictimai həyatı islah edən O Zatın (sallallahu aleyhi və səlləm) da, gördüyü işlərin də, əshabının da misli-bərabəri yoxdur və ola bilməz. Bəli, Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) həməsrlərinin bir mənada beyin hüceyrələrinə yol taparaq, qəlblərində taxt quraraq, maddi-mənəvi xəstəliklərini bir anda müalicə edərək onları nümunəvi insanlara çevirib kamilliyin ən yüksək mərtəbəsinə çıxarması kimi xariqüladə bir hadisənin cahan tarixində tayı-bərabəri yoxdur.

Bir vaxtlar Romada, Yunanıstanda və başqa bir çox ölkələrdə də bir çox inqilablar[18] baş vermişdir. Ancaq bütün bu inqilablar insani dəyərlərin təsisi və tərəqqisi baxımından o qədər də əlamətdar olmamışdır. Hətta bu toplumlarda baş verən köklü dəyişikliklər özü ilə yeni böhranlar gətirmiş və bəzi bölgələrdə insanlar əvvəlki dövrün həyat tərzinə qayıtmışdır. Bəzi dövrlərdə isə bəşər övladına bu inqilablardan ancaq qan və göz yaşı qalmışdır.

İnqilab odur ki, insanların beyinində, qəlbində, ruhunda, maddi-mənəvi həyatında, duyğu və düşüncəsində müsbət dəyişiklik əmələ gə­tirsin və onları nəfsaniliyin çuxurlarından insanlığın ali mər­tə­bəsinə çıxarsın, sonra da davam edərək saleh dairələr əmələ gə­tir­mə prosesinə çevrilsin. Nübüvvət çərçivəsində ən böyük sosioloq olan Rəsuli-Əkrəm (sallallahu aleyhi və səlləm) o əngin ictimai anlayışı ilə bunları da həyata keçirmişdir. Bunların nə qədərindən xəbərimiz var və nə qədərini uşaqlarımıza izah edirik, orasını bilmirəm, ancaq O, hər məsələdə bizim üçün ən qüsursuz nümunədir.

Əsrimizin fikir memarının da dediyi kimi, yüz filosof gütürüb Ərəbistan səhrasına getsək, yüz il çalışsaq, müasir dövrün imkanlarına baxmayaraq, Rəsulullahın bir ildə elədiyini eləyə bilmərik. Böyük mütəfəkkir fikrini sadə bir nümunə ilə izah edir: “Kiçik bir xalqın siqaret kimi bir vərdişini böyük bir hakim çoxlu səy göstərməklə ancaq tərgitdirə bilər”. Bu nümunəni başqa şəkildə desək: Siqaret çəkən bir nəfərin başına on adam yığılsa, siqaretin xərçəng xəstəliyi əmələ gətirdiyini ən inandırıcı sübutlarla izah eləsə, ona siqareti tərgitdirə bilməyəcəklər. Halbuki, Allah Rəsulu bir cəhdlə və qısa müddətdə həməsrlərinin qanına işləmiş neçə-neçə pis xasiyyətin kökünü qazımış və onların yerinə ən gözəl insani dəyərləri nəqş eləmişdir.

Pis vərdişlərin bir cəhddə aradan qaldırılması ilə əlaqədar içki qadağasına qarşı göstərilən həssaslıq gözəl örnəkdir. Təsəvvür edin ki, alkoqolizmə tutulmuş və içkisiz başı hərlənən bir cəmiyyət “İçki qadağandır!” deyə car çəkilər-çəkilməz dərhal ağzına dayadığı qə­dəhi geri itələmiş və yerə çırpmışdı. Bilmirəm, tərbiyəçilərimiz tər­biyədə bu böyük nailiyyəti nə ilə izah edirlər.

O halda bizim vəzifəmiz Rəsuli-Əkrəmin gətirdiyi gözəllikləri anlayıb anlatmaq və vicdanları Ona yönəltməkdir. Bunu bacara bilsək, uşaqlarımız Həzrət Məhəmməd (sallallahu aleyhi və səlləm) deyəcək, Həzrət Məhəmmədi (sallallahu aleyhi və səlləm) düşünəcək və Həzrət Məhəmmədi (sallallahu aleyhi və səlləm) hiss edəcək. Biz bu işə xüsusi mənada “təlqin,” yaxud da “maddi-mənəvi həyatımızın hamisi olan Həzrət Məhəmmədin (sallallahu aleyhi və səlləm) birbaşa bizə kömək etməsi, arxa çıxması” deyirik. Allah-Təala bizə daima Onunla (sallallahu aleyhi və səlləm) yardım etsin!

Peyğəmbərimizin möcüzələrini izah eləmək

Rəsuli-Əkrəmin (s.a.s.) qiyamətə qədər olmuş və olacaq bütün hadisələri xəbər verdiyini uşaqlara danışmaq, izah eləmək onların Rəsulullaha inam və etimadını daha da artırır. O (sallallahu aleyhi vəsəlləm) hədisi-şəriflərində açıq-aşkar, konkret və şərhsiz xəbərlər verir, öz dövründən ta bizim əsrə və qiyamətədək baş verəcək ən mühüm hadisələri, onların səbəb və nəticələrini bir-bir sadalayır və bizi xəbərdar edir. O (sallallahu aleyhi və səlləm), Monqol istilasından Suriyanın işğalına,[19] Fərat çayının bir vaxtlar xeyli qiymətli olacağından[20] Talikan neft mədənlərinə,[21] bir sıra axırzaman fitnələrindən əxlaqsızlığın geniş yayılmasınadək[22] o qədər hadisədən bəhs edir ki, bunları görəndən sonra Ona inanmamaq mümkün deyildir.

Bəli, bütün bunları uşağa ardıcıllıqla çatdıra bilsək, onda Rə­sulullahın böyüklüyünə ehtiram və sayğı hissi formalaşdırmış olarıq. Bu hiss sayəsində də kimsə Rəsuli-Əkrəmi (sallallahu aleyhi və səlləm) onun ağlından və zehnindən çıxara biməz. Elm sahəsində heç kəsdən dərs almamış, ömründə iki sətir yazı yazmamış, Allahdan (c.c.) başqa heç kəsdən bir şey öyrənməmiş Həzrət Məhəmmədin (sallallahu aleyhi və səlləm) keçmiş və gələcəyin elmlərinə vaqif olduğunu bilmək, başqalarına da çatdırmaq bir vəfa borcudur.

Tibb sahəsinə dair elə şeylər demişdir ki, bunları o dövrün elmi səviyyəsi ilə bilmək mümkün deyildir. Deməli, Allah (c.c.) Ona hər şeyi təlim edir, O da təlim edilənləri insanlara söyləyirdi. Bəli, O, Allahın (c.c.) Rəsulu idi.

Rəsuli-Əkrəmin (sallallahu aleyhi və səlləm) şəxsi və ictimai həyat sahəsində həyata keçirdiyi köklü dəyişikliklər haqqında kimsə durub ciddi araşdırma aparmağa başlasa, cildlərlə kitaba sığmaz. Ancaq biz bəzi məsələlərə tələm-tələsik toxunub keçməklə kifayətlənmişik. “Tibbi-Nəbəvi”ni, Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) qeybi­ xə­bərlərini və Onun böyüklüyünü göstərən başqa hadisələri bu mövzuda qələmə alınmış minlərlə əsərə həvalə edib başqa bir mövzuya keçmək istəyirəm.

4. Qurani-Kərimi tanıtmaq

Qurani-Kərimin gənc nəsillərə hərtərəfli sevdirilib mənimsədilməsi onların din şüurunun formalaşmasında və ətalətdən qorunmasında önəmli rol oynayır. “Qurani-Kərim müqəddəs bir kitabdır”, – deməklə kifayətlənmək həm Quranı tanıtmaq, həm də uşağa nəsə aşılamaq baxımından kafi gəlmir. Bu cür yanaşma bir az da təzyiq göstərməklə müəyyən yaş və səviyyədə olan uşaqlar üçün kafi görünsə də, daha yuxarı yaşlar üçün yetərli deyildir. Hətta uşaqları daha sonralar müsbət təlqinlər haqda qərəzli düşüncəyə sövq edər deyə zərərlidir. Ona görə də nazil olduğu gündən bəri heç bir etirazla qarşılaşmayan, müasir dövrün ən yeni elmi və texnoloji nailiyyətlərini belə geridə qoyan konkret hökmləri misal verərək Quranın son ilahi kitab olduğunu gənc nəsillərə izah eləməli və onları buna inandırmalıyıq.

Əslində, Qurani-Kərim yaradılış, varlıq, bütün kainat haqqında ən yeni elmi faktlarla üst-üstə düşən, ziddiyyət təşkil etməyən, hətta onlar haqqında külli qaydalar şəklində ümumi bilgilər verən elə xariqə bir Kitabdır ki, onun barəsində “Mikroaləmdən makroaləmə qədər hər şeyi ibadət qayəsi çərçivəsində şərh və izah edir” desək, yenə azdır.

“Neçə bilinməz xəzinənin və qeyb aləminin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa, bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, Onun xəbəri olmasın. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın!” (“Ənam” surəsi, 6/59) ayəsi də bu həqiqətin səmavi şahididir.

5. Həşri izah etmək

Növbəti addım isə həşri (yenidən dirilişi) izah eləməkdir. Uşaq qəlbən inanmalıdır ki, dünyadan sonra bir axirət, əvvəldən sonra bir axır var. Elm, hikmət və məsləhət göstərir ki, bu kainatı Allah yaratmış, Allah idarə edir. Zamanı göstərən və müəyyən edən də Odur. Qurani-Kərim bu məqama toxunaraq: “Yer üzünü gəzib (Allahın) məxluqatı nə cür yaratdığına baxın!” (“Ənkəbut” surəsi, 29/20) – buyurur.

Ayənin mənası: insan övladı yer üzündə gəzib-dolaşıb bütün­ aye­yi-təkviniyəni araşdırmalı, hər şeyi səhifə-səhifə gözdən keçirməli, yaradılışın yer üzündə necə başladığını, bu kainatların necə yoxdan var edildiyini, insan oğlunun necə zühur etdiyini, canlıların necə növbənöv xəlq edildiyini, mükəmməl yaradılışa insanla necə nöqtə qoyulduğunu[23] görüb tamaşa etməlidir.

Allah (c.c.) aləmi yoxdan var etdiyi kimi, ikinci dirilişi də ger­çək­ləşdirəcəkdir. Bu nizamı quran o biri aləmi də yarada bilər. Yer kürəsini bu qədər ehtişamlı yaradan başqa bir kürəni var edə bilməz? Buraya dünya, oraya da üqba deyə bilməz? Sizi başqa bir aləmdən gətirib burada məskun edən o biri aləmə sakin edə bilməz? Uşaqların sadə dünyagörüşü üçün dərin fəlsəfi izahlara girməsək belə, məncə, bu qədər də kifayət edər. Qaldı ki, göylər və yerlər gözümüzün önündədir, onların da möhtəşəm bir yaradılışı var. Balıq dənizdə üzdüyü, quş havada uçduğu kimi, o nəhəng sistemlər, nebulalar, qalaktikalar da ümumi nizam ümmanında elə mükəmməl ahənglə üzür ki, ibrət nəzəri ilə baxanlar heç bir şeyi qayəsiz, nizamsız və özbaşına görmürlər. Üstəlik, bu açıq-aşkar ahəngi kiçik uşaqlar belə anlamaqda çətinlik çəkməzlər.

Quran bütün bunları bəyan edəndən sonra diqqətləri müstəsna əhəmiyyət kəsb edən insanın yaradılışına yönəldir.

“Göyləri, yeri və onların arasındakıları altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Allahdır. Sizin Ondan başqa nə bir dostunuz, nə də bir haminiz vardır. Məgər öyüd-nəsihət qəbul etməyəcəksiniz?..” (“Səcdə” surəsi, 32/4)

“O, yaratdığı hər şeyi gözəl yaratdı, sonra da insanı bir palçıqdan xəlq etdi”. (“Səcdə” surəsi 32/7)

Qurani-Kərim: “Bu möhtəşəm sistemləri Allah (c.c.) yaradıb tən­zim etmişdir. Bunları yerlə bir edəndən sonra başqa bir aləm yaradacaqdır”, – deyirsə, qəbul etməmək məntiqsizlik olar. Bu məsələni uşağa da, böyüyə də izah etsək, heç biri burada etiraz üçün səbəb tapa bilməz. Quranda bu cür “səhli-mümtəni”[24] bəyan çoxdur.

Qurani-Kərim bir yerdə həşri qəbul etməyənlərə bu cavabı verir: “De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyır!” (“Yasin” surəsi, 36/79) – buyurur.

Digər bir ayədə də: “(Ya Rəsulum!) Sən Allahın rəhmətinin əsər-əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirildir. Doğrudan da, O, ölüləri mütləq dirildəcəkdir. O (Allah) hər şeyə qadirdir!” (“Rum” surəsi, 30/50) deyə fərman edir.

Qurani-Kərim bu bərbəzəksiz və konkret üslubu ilə uşağa da, orta yaşlıya da, başqalarına da nə lazımsa çatdırır.

Mələk və qədər (tale) mövzularının izahı da həssaslıq tələb edir. Hər şeyin bir proqramı, bir layihəsi, bir planı olduğunu, kainat və insanın da plansız və nizamsız yaradılmadığını müxtəlif üsul və metodlarla gənclərə mütləq izah edilməlidir.

Xülasə, bütün bu bilikləri öyrətdiyimiz zaman uşağa “sirati-müstəqimi” göstərmiş və sözlə, əməllə: “Bizi doğru (düz) yola yönəlt!” (“Fatihə” surəsi, 1/6) demiş olacağıq. Belə sözlü və əməli bir dua ilə Allah-Təalanın rəhməti sayəsində əziyyətimiz də, inşallah, boşa getməyəcək. Digər tərəfdən ibadət və itaəti, salehlərin saleh əməl­lərini, namazı, orucu, həcci, zəkatı uşaqlarımıza başa salmalı və onların qəlbini etiqadi məsələlərdən əməli məsələlərə qədər hər mövzuda Allah-Təalaya yönəltməli və onların əqlən, fikrən, ruhən, mənən ətalətə düşmələrinə, hətta kirlənmələrinə yol verməməliyik.

Məsələn, şəkkin çox çirkin əməl olduğunu elə başa salmalıyıq ki, uşaq müşrik olmaqdansa, Cəhənnəmə girməyi daha üstün görsün. Zinanın nə qədər pis bir şey oluğunu izah edəndən sonra o, bu çirkin əməli işləməkdənsə, gülə-gülə ölümə getməyi üstün tutar. O səviyyədə ki, əli, dili və gözü ilə buna yaxın işlərə bulaşanda vicdan əzabı ilə tir-tir titrəməli və ömrü boyu ağlamağı bacarmalıdır. Qətlin, oğruluğun, yalançılığın çirkinliyini təlqin edə-edə onu bütün günahlardan diksindirməliyik.

Bundan başqa, sözlə və əməli təlqinlə onu əxlaqsızlıq çirkabına batmaqdan da çəkindirməliyik. O, ta başlanğıcdan pak bir mühitdə böyüyərsə, daha sonralar əsən qara yellərdə, inşallah, duyğuları sönməz, daxili dünyası və hiss aləmi saralıb solmaz. O, daima gümrah ruhla və eşqü-şövqlə Allaha (c.c.) qulluqdan ayrılmaz və İslama sayğı ilə yaşayar.

[1] Yəqin – Qəti inam.
[2] İzan – Bəsirət, anlayış. İtaət etmək. İnanc, idrak.
[3] “Müsnəd”, 3/247.
[4] Münkər (cəmi münkərat) – Haram, günah əməllər.
[5] Rüşd çağı – Uşaqların pisi yaxşıdan ayırma qabiliyyətini əldə etdiyi, ağlının kəsdiyi yaş dövrü, həddi-büluğ çağı.
[6] Bax: Müslim, “Cənnət”, 1; Əbu Davud, “Sünnə”, 22; Tirmizi, “Cənnət”, 21; Nəsəi, “İman”, 3.
[7] Məlanət – Lənətə səbəb olan. Lənətə layiq iş.
[8] Təkvini – Yaradılışa aid.
[9] Təşri – Şəriətlə, qanun ilə, qanun çıxarmaqla əlaqədar, şəriətə uyğun, qa­nuna dair.
[10] İstinbat – Müctəhid və ya böyük bir alimin ictihadla bir mənanı üzə çıxarması..
[11] Hafız Əbu Yala – Hicri 210-cu ilin şəvval ayında Mosulda anadan olmuşdur. Misirdə yetişmiş hədis alimlərindən biridir. Ləqəbi Əbu Yala, adı (şəcərəsi) Əhməd ibn Əli ibn Müsənna ibn Yəhya ibn Hilal ət-Təmidir. Daha çox ləqəbi ilə məşhur olmuşdur. On beş yaşında ikən Bağdada gedib Əhməd ibn Xətimdən hədisi-şərif dərsi almışdır. Çox sayda alimdən də dərs alan Əbu Yala dövrünün görkəmli alimlərindən biri idi. Yüz mindən çox hədisi sənədləri ilə əzbər bilirdi. Uzun bir ömür yaşayan Əbu Yala çoxlu elm adamı yetişdirmişdir. Hicri 307-ci ildə Mosulda dünyadan köçmüş, bütün Mosul əhalisi onun dəfnində iştirak etmişdi.
[12] İbn Kəsir, “Təfsirül-Quran”, 3, 509.
[13] Kiramən-Katibin – Günahları və savabları yazan mələklər.
[14] Xəşyət – Qorxu və dəhşət. Dəhşət qarışıq qorxu.
[15] Vacibül-vücud – Varlığı mütləq olan, yoxluğu mümkün olmayan Allahu-Təala.
[16] Müslim, “Fəzailüs-səhabə”, 210-215; Əbu Davud, “Sünnə”, 9.
[17] Qəlb qəsvəti – Qəlbin qatılığı, daşürəklilik.
[18] İnqilab məfhumu burada “əsaslı dəyişiklik” mənasında işlənmişdir.
[19] Buxari, “Cihad”, 95-96; Əbu Davud, “Məlahim”, 10; İbn Macə, “Fitən”, 36; “Müsnəd”, 5/40, 45.
[20] Buxari, “Fitən”, 24; Müslim, “Fitən”, 30; Əbu Davud, “Məlahim”, 12, 13.
[21] Əli əl-Müttəqi, “Kənzül-ümmal”, 14/591.
[22] Tirmizi, “Fitən”, 39.
[23] Qoy varlığı izah etmək üçün Lamarkizm, Darvinizm, Neo-Darvinizm çıxarsınlar... Bu fəlsəfi cərəyanlar “varlıq” məsələsini izah etməkdə acizdirlər, onların irəli sürdükləri fikirlər də səthidir. Elm onsuz da bu köhnə fəlsəfələrin əsassızlığını isbat etmişdir.(F.G.)
[24] Səhli-mümtəni – "Həm asan, həm çətin" mənasında işlənən bir termindir. Yazılışı və ya tələffüzü asan göründüyü halda təqlidi, təkrarı mümkünsüz əsər deməkdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.