Torpaq

Xarici görünüşü etibarilə və səthi bir baxışla torpaq yer qabığının atmosferlə təması sayəsində arxa-arxaya sirli formalaşması, şəkil dəyişdirməsi, bitki və heyvanlara var olma və yaşama mühiti təşkil edən mahiyyətində əhatəliliyi və hərarəti, bir milliqramı ilə milyardlarla canlıya dayəlik edən zənginliyi, bir hektar genişliyi və on santimetr dərinliyindəki bir parçasında tonlarla bakteriya bəsləyən mərdliyi, bakteriyaların fitri vəzifələrini rahat görə bilmələri üçün xırda böcəklərin və soxulcanların davamlı şumladıqları, parçalayıb bakteriyalara təqdim etdiyi bir çox İlahi təcəllinin aynası olan elə möhtəşəm bir dəzgah, elə sirli bir kimya araşdırma mərkəzi və iç-içə elə baş gicəlləndirici canlı bir biologiya laboratoriyasıdır ki, aynadarlığı və gördüyü xidmət baxımından bütün səmalara bərabər tutulsa, dəyər...

Beləliklə də, deyilə bilər ki, torpaq bütün kainatların və xüsusilə də, yer kürəsinin ən qiymətli ünsürü, ən sehrli maddəsidir.. və hava-su-ziya bir mənada onunla mövcud və onun üçün vardır. Məhz bu əhəmiyyətinə görə də, bağrında biz və bizimlə bağlı milyonlarla varlığın boya-başa çatdığı bu təvazökar, lakin səmaların fövqündə dayanan bu ünsürün Qurani-Kərimdə tez-tez adı çəkilir.. sanki bütün göylərə bərabər tutulur.. mənşəyimiz olaraq təbcil edilir (ucaldılır).. əbədiyyətə aparan bir körpü, bir liman olaraq da daim nəzərimizə təqdim edilir.. təqdim edilir və sətir aralarında onunla təmsil edilən elm, hikmət, inayət xatırladılaraq "... Bundan sonra da yeri döşəyib (yayıb) düzəltdi (üstündə gəzmək və yaşamaq üçün onu yararlı hala saldı). Ondan suyunu və otlağını çıxartdı. (Orada) dağları yerləşdirdi," (Naziat, 79/30-32) buyurulur və yer kürəsi ilə atmosfer arasındakı münasibət yer təbəqələrinin öz daxilindəki suları mühafizə və tənzim etməsi, sonra müəyyən bir mizan və nizamla o suların xaricə axıdılması, bunlarla çayların meydana gəlməsi, bu çaylarla da bağ-bağçaların sulanması, sonra da bütün bu suların müxtəlif sahələrdə buxarlanaraq yenidən əmrə hazır hala gəlməsi xəbər verilir ki, Quranda buna bənzər şərəf-nüzul olmuş bir çox ayə var.

Torpaq, məzmun və zənginlik baxımından xüsusi qayğıya nail olması və həyatla şənləndirilməsi, xüsusilə bəşəri həyatla fövqəl dəyərə ucaldılması yer kürəsi ilə bağlı hadisələrin, hətta kainatla əlaqəli hadisələrin ən əhəmiyyətlilərindən biri sayılır. Müasir dövrdə bu xüsusiyyətlər və bu xüsusiyyətlərin ehtiva etdiyi hikmətli nizam, inayətli tarazlıq tam anlaşılmasa da, Allah əzəli fərmanında bu xüsusiyyətləri müxtəlif yönləri ilə davamlı vurğulayır, bizə və digər şüurlu canlılara əngin ehsanlarını xatırladır; düşüncə dünyamızda varlığa, varlığın pərdə arxasına mənfəzlər açır və bizi inancın, əmin-amanlığın səadətli iqlimində gəzdirir: "Yeri (insanların və başqa canlıların yaşaya bilməsi üçün) döşəyən (uzadıb genəldən), orada möhkəm dağlar, çaylar yaradan, bütün meyvələrdən (erkək-dişi, yaxud şirin-acı, turş-meyxoş və s. olmaqla) cüt-cüt yetişdirən, gecəni gündüzlə (gündüzü də gecə ilə) örtüb bürüyən Odur. Şübhəsiz ki, bunda (bütün bu deyilənlərdə) düşünən insanlar üçün (Allahın qüdrətini və vəhdaniyyətini sübut edən) neçə-neçə dəlillər vardır!" (Rəd, 13/3).

Qurani-Kərimdə yer üzünün bu xüsusiyyətlərini müxtəlif üslublarla ifadə edən hələ bir çox ayə göstərmək mümkündür. Bu ayələrin, demək olar ki, hamısı dünyanın insan həyatı üçün əlverişli vəziyyətə gəlməsi məqsədilə, yer üzünün daima dəyişərək formalaşdığını göstərir ki, bu uzun təbəddülatın hər mərhələsini Sonsuz Qüdrət Sahibi bəzən bir-birindən fərqli, bəzən də eyni canlı növləri ilə cilalamış; elm, iradə və həyat vəsflərinin müxtəlif təcəlliləri ilə dənizləri çayları bir həyat şəlaləsi və xüsusilə torpaq təbəqəsini də alt və üstü ilə bir canlılar məşhəri və məhşərinə döndərmişdir.

Torpaq həyat baxımından o qədər sirli bir məzmuna və daxili quruluşa malikdir ki, o, bu daxili və xarici zənginlikləri ilə daim yekparə bir canlı qəbul edilə biləcəyi kimi, onun bir kimya, bir fizika araşdırma mərkəzi, bir canlı biologiya laboratoriyası olduğunu söyləmək də mümkündür.. bəli, torpaq hava və işığın birləşmə nöqtəsi, bunların bizə yararlı şəkildə çatdırılmasının tənzimləyicisi, nəhayət hər şeyi bizim hesabımıza faydalı hala gətirən və istifadəmizə təqdim edən bir istihalə (bir haldan başqa hala keçmək) fabrikidir. Beləliklə də ona, hər şeyin mərkəz nöqtəsi, əsası, xülasəsi və həyatın da ən əhəmiyyətli ünsürü nəzəri ilə baxa bilərik. Yer kürəsinin təməl ünsürlərindən sayılan qazlar, atəşlər ilk təkamül mərhələsini torpaqlaşaraq dərk etmiş və ona çevrilməsilə təbii meraclarını tamamlamışlar. Bu mərhələnin sonunda insana doğru uzanan yol da yenə torpaqda başlamış, torpaqda bitmiş və fövqəl torpaq halına gələrək səmaviləşmişdir.

Torpaq hər zaman o rəngarəng ova-obaları, bağ-bağçaları, heyrətamiz mənzərəli dağ-dərələri, könüllərə xəşyət verən dəniz-çayları ilə bizə itirdiyimiz cənnətləri xatırlatmış və könüllərimizdəki vətən həsrətinə böyük təsəlli mənbəyi olmuşdur. Daim onun çöhrəsində itirdiyimiz cənnəti xatırlayaraq kədərlənmiş və onun füsunkar gözəlliyinə baxaraq  axirətin bağ-bağçalarını təxəyyül edərək təsəlli tapmışıq.

Yer üzündə torpağın Qüdrəti Sonsuzun əlində hal-hazırkı olan səviyyəyə gələ bilməsi üçün – dünyada hər şey səbəbə bağlı olduğuna görə – milyonlarla il ötmüşdür. Onun bitki örtüyü ilə bəzənməsi, canlılarla şənlənməsi, insan oğlu ilə duyulan, hiss edilən, yaşanan və bizimlə hər şeyi paylaşan bir varlıq halına gəlməsi də yenə milyonlarla il aparmışdır.

Hal-hazırda cənnətlərin parlaqlığını əks etdirəcək keyfiyyətə çatdığı bir vaxtda ondakı tarazlığı alt-üst edib, çağdaş varlığı milyonlarla ilə əldə olunmuş bu qədər ahəngi və ahəng ünsürlərini yox edənlər, görəsən, milyardlarla illik təcəlli müddətinin hasil etdiyi nəticə və səmərələri təxrib etdiklərinin fərqindədirlərmi? Kaş ki, məsələ sadəcə bəzi növləri ortadan qaldırıb, bəzi tarazlıqları alt-üst etməkdən ibarət olsa idi! Əfsuslar olsun! Varlığa qarşı təxribat ağlasığmaz bir hal aldı və yer üzündəki bəzi əhəmiyyətli ünsürlərin yox edilməsi ilə qalan digər canlı və cansız varlıqlar arasındakı tarazlıq da pozuldu.. və beləcə ana torpaq bir daha öz övladlarının xəyanətinə məruz qaldı.

Bəli, yer üzündə müəyyən canlı-cansız növlərin yox edilməsi ilə ümumi tarazlığın pozulması, istər qərəzli, istər iqtisadi zərurətdən ötrü, istərsə cahillikdən olsun, bu, üzərində boya-başa çatdığımız yer kürəsinə və torpaq təbəqəsinə açıq-aşkar bir xəyanət və öz dünyamızı, öz sığınacağımızı yaşanmaz hala gətirməkdən başqa bir şey deyil. Gec-tez şəriəti-fitriyə (Allahın kainatda qoyduğu qanunlar) bu xəyanətimizə qarşılıq verəcək və bu zülmümüzdən ötrü bizi mütləq cəzalandıracaq.. cəzalandırıb tamamilə bizdən üz döndərəcək və bu küskünlükdən də canlı-cansız hər kəs və hər şey öz payına düşəni alacaq: Atmosfer zərərli qazlara məğlub olacaq.. göydən rəhmət yerinə turşu yağışları yağacaq.. yağış yağsa belə, torpağı önünə qatıb dənizlərə sürüyəcək.. bitki örtüyü tamamilə bahar həsrətimizlə birlikdə payıza tuş gələrək sağa-sola sovrulacaq.. və hər zaman anadan daha şəfqətli olan yer üzü İsrafil suru ilə ürpərmiş kimi özü öz övladlarını ora-bura saçaraq özünü cəhənnəmvari bir səhraya döndərəcək.

Yaradılış etibarilə hər zaman hava ilə çiyin-çiyinə, su ilə qucaq-qucağa olan torpaq vəzifəsi olaraq ova-obaları, bağ-bağçaları, gümüşvari çayları və qızıl çayırları ilə daim bir ana kimi üstümüzdə titrəmiş, xətalarımıza bir ata dözümü ilə sinə gərmiş və bir dövrdə itirdiyimiz cənnət mülahizələrini könüllərimizdə daim canlı qoruya bilmiş ən hərarətli, ən vəfalı, ən səmimi elə bir həyat mənbəyidir ki, onun o böyük vəfası ilə əmrimizə boyun əymiş bir vəzifəli olduğunu görə bilməyənlər onda bəzi sehr və sirlər təvəhhüm edərək, eynilə Qanq hövzəsində yaşayanların Qanq çayına ehtiram göstərməsi, Amazon xalqının Amazonu müqəddəs sayması və bəzi Kanadalıların Niaqaraya İlahi xassələr aid etməsi kimi, ona da yaradıcı bir güc nəzəri ilə baxmışlar.

Halbuki, yer kürəsi də, torpaq təbəqəsi də sırf İlahi təcəllilərin bir aynası və bizim onda tamaşa etdiyimiz xariqüladəliklər də belə bir aynada təcəssüm etmiş İlahi varidlərdir. Bu əhəmiyyətli xüsusu Bədiüzzamanın yanaşması ilə belə yekunlaşdırmaq mümkündür: "Yer kürəsi kainatın qəlbi olduğu kimi, torpaq ünsürü də yer kürəsinin qəlbidir. Təvazökarlıq kimi insanı ən uca hədəfə aparan yolların rəmzi torpaqdır. Hətta torpaq ən uca göylərdən o göyləri Yaradana doğru gedən daha kəsə bir yoldur, çünki torpaq kainatda Cənabi-Haqqın rübubiyyətinin təzahürünə, sonsuz qüdrətinin ağlasığmaz fəaliyyətlərinə və Hayyu-Qəyyum (həyatı verən və onu davam etdirən) adlarının təcəllilərinə ən münasib, ən uyğun bir zəmindir. Cənabi-Haqqın rəhmət ərşi su üzərində olduğu kimi, həyat və əhya (həyatı vermə) ərşi də torpaq üstündədir.. və torpaq hər cür İlahi təcəlliyə ən parlaq, ən şəffaf bir aynadır."

Bəli, kəsif (şəffaf olmayan) bir şeyin aynası nə qədər lətif olsa, üstündəki surətləri o qədər açıq göstərər. Nurani və lətif bir şeyin aynası da nə qədər qatı olsa, o nisbətdə İlahi isimlərin cilvələrini daha parlaq əks etdirər.. məsələn, havada günəşin yalnız zəif bir ziyası görünər; su aynasında isə, daha parlaq əksi meydana gələr.. torpağa gəlincə isə, onda ziya ilə birgə, günəşin yeddi rənginə də tamaşa etmək olar.

Torpaq bu əngin məzmun və zənginliyinə baxmayaraq, daim təvazökarlığın rəmzi olmuş və hər zaman dodaqlarını ayaqlarımızda gəzdirmişdir. Torpaq ruhunda onun bu təvazökarlığını duyub baş və ayaqlarını eyni nöqtədə birləşdirərək həlqə halına gələnlərin hər vaxt alınlarından öpər və onların ruhlarına Haqqa yaxınlığın sirlərini duyurar.. duyurar və könlünü gül bağçasına çevirmək istəyənlərə: "Torpaq ol, torpaq ki, gül bitirəsən, çünki torpaqdan qeyrisi gül bitirə bilməz" məzmununu pıçıldayar.

Yeni bir havanın gəlib ruhlarımızı saracağı; ağacın, insanın, torpağın, suyun, yerin, göyün axıb könüllərimizə dolacağı; dolub yeni bir "şəbi-arus"a çatacağı günlərin yaxın olması ümidilə...

Sızıntı, İyun 1996

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.