Yalvariş

Uca Yaradan ki, varlığı bütün varlığın dayağı, qüdrəti hər şeyin güc mənbəyi, iradəsi əşya və hadisələrin üzərində axıb getdiyi yeganə mehvər, mərifəti də canlarımızın canıdır. Vücudu ilə cahana varlıq libası geydirən.. yeri, səmanı bir məşhər kimi hazırlayıb gözlər önünə sərən və nümayiş etdirən.. ayla, günəşlə, ulduzlarla hər gecə ayrı bir şənlik təşkil edən.. ovaları-obaları, dağları-meşələri, dənizləri-çayları, rəng çaları, mənzərə təsvirləri, səs və mahiyyəti ilə bir kitab kimi bəsirət ərbabının tamaşasına təqdim edən.. təqdim edib ruhani aləmin gözəlliklərini anımsadan.. biz fanilərə qəlbin zümrüd təpələrindən cənnətləri müşahidə yollarını açan.. möminlərin sinələrini inancla inşiraha qovuşdurub duyğularını ibadətlə işıqlandıran.. iqamələrini rüku ilə bütün dəyərlərin fövqünə ucaldıb alınlarını səcdə möhrü ilə bəzəyən.. yaxşılıqları lütfləri ilə dərinləşdirib, ehsana açıq ruhları mələklərlə yanaşı gətirən.. burada və digər aləmdə, yaramaz duyğuları, yaramaz düşüncələri, yaramaz davranışları layiq olduqları ilə üzləşdirməyib əfvi ilə, rəhməti ilə qarşılayan.. günahkarların günahını bağışlayıb onlara daim möhlət verən.. hər anın min bir rəngarəngliyində, böyüklüyünü, ululuğunu, hər şeyə kafi olduğunu, hər şeyin öhdəsindən gəldiyini; bizə də, öz cılızlığımız, öz dəyərsizliyimizi, kifayətsizliyimizi və qərarsızlığımızı xatırladaraq gözlərimizdəki pərdəni çəkməklə dərgahına sığınma yollarını göstərən.. ömrünü dünən və bu gün arasında ləngər vura-vura keçirən qəmli ruhları, əvvəli və sonu olmayan arzulara, varlığımızın özündən qaynaqlanan istəklərə, diləklərə sövq edən əzəl və əbəd aləminin yeganə Hökmdarıdır.

Əgə bu belədirsə, -belə ki buna bütün varlıq aləmi hər zərrəsi ilə şahiddir- ey boyumuzun boyunduruğunda hələ də şəni-rübubiyyətinin izlərini görüb sezdiyimiz Sultanlar Sultanı! Bizə nəzər eylə, doyunca qulluğumuzu yaşat, nemətlərini ədəbsizləşmə, azğınlaşma vəsiləsi edənlərə də əl uzat..!

Hər zaman vicdanlarımızda səssiz-sədasız duran və hələ cənnətə girmədən könüllərimizə firdövsi zövqlər halında axıb gələn rəhmət və nemət dünyasının müxtəlif rəngarəngliyi Onun hər an, fövqəl keyfiyyət və fövqəl kəmiyyət dəyərindəki təvəccöh və iltifatlarındandır. Əgər Onun insanlara bu nəzər və təvəccöhü olmasa idi, bizim qəssab dükanındakı ətlərdən nə fərqimiz olardı ki! Yer üzünü coşub-daşan dənizlərlə, yüksələn buxarlarla, damla-damla yer üzünün köksünə enən yağışlarla və şırıl-şırıl axan çaylarla həyat bəxş edib şənləndirdiyi kimi, insani mələkələrimizi və könül dünyalarımızı da təcəlli baharları ilə rəhmətindən gələn varidat və ehsanlarla canlandıran və sonsuzluğa açan yenə Odur.

Daşı torpaqla, torpağı suyu kiçik canlılarla görüşdürən, qovuşduran şənləndirib hər tərəfi cənnət bağlarına çevirən O; ətdən-sümükdən, qandan-irindən yaratdığı bir cismi mələklərlə, mələkutla (mələklər aləmi), ruhanilərlə görüşdürüb tanış edən, yarışdıran Odur. Odur ki, məzbələyə (zibillik) açıq dəhlizlərdən firdövslərə, firdövslərdən də Haqq camalını müşahidəyə yollar açmış, dəmirə və kömürə almaza çevrilmə yollarını göstərmişdir.

Ey daşa-torpağa həyat bəxş edən, ey şeytanlığa meyilli ruhları lütf edib mələklərlə görüşdürən Rəhmət Sultanı! Bizlərə, bizi aşan istedadlar və o istedadlarda inkişaf nəsib et; Səni bilməz kömür ruhlara da ya almaz olma yolunu göstər və ya həddlərini bildir!

Əgər hal-hazırda inananların nəbzi ümidlə döyünür, könülləri xoşbəxt gələcəyin həyəcanını yaşayır, baxışları da üqba gözəlliklərinə vurğunsa, bu vicdanlarımızda duyduğumuz Ona aid həzin mehlərdən və hər mənzil başında Onun öz varlığını bizə hiss etdirməsindəndir. Göylərin və yerin nuru Ondandır; dünya və üqba xəzinələrinə açılan mənfəzlər Onun sultanlıq qapısının açar dəliyi belə ola bilməz. Onun nəzdindəki, həqiqi dəyərlərə nisbətən, arzu və həvəslərimizin torunda daim uğrunda çırpındığımız dünyanın bir ağcaqanad qanadı qədər dəyəri yoxdur. Onun dəyər əsaslarına görə müəyyən bir dəyərə çatmış.. və əslində tamamilə nağıldan olan bu dünyanın bir zərrəsi isə əbədiyyəti qazanmağa vəsilə olan bir sərmayədir.

Ey yoxluğu varlığı ilə bəzəyən, damlaya dəryaların bolluğunu bəxş edən, zərrəyə günəş olma istedadını verən Ulu Sultan! Canlı-cansız, insan-heyvan, mömin-kafir, şüurlu-şüursuz, taleli-talesiz hər şey və hər kəs Sənin bayrağının altında varlığını duyar -O bayraq üzərimizdə daim dalğalnsın!- və Sənin varlığından fışqıran nurların kölgəsində yaşar. Xüsusi tövcih (üzünü çevirmə) və məşiyətin (istək, arzu, iradə) olmasa idi, heç bir şey var ola bilməz, insanlıq meydana gələ bilməz, iman dərk edilə bilməz, varlığın sezilə bilməz və imanla düşüncələrinə sonsuz dərinliklər qazandırdığın taleli ruhlar özlərini aşa bilməzdi!

Yanıb-sönən bütün nurların işıq mənbəyi Sənsən.. biz hamımız, doğular, böyüyər və ölərik.. Sən isə öz-özünə varsan, varlığınla da zamanfövqi və laməkansan! Hər an minləri, yüz minləri var edər.. onlarla varlığını göstərər.. onlarda xəlq etdiyin hikmətlərdə məşiyət və elmini xatırladar.. hər şeyi dəyişdirərək dəyişməzliyini bildirər.. hədəf seçib yol tutanlara əşya və hadisələrin sirrini və yolların ovsununu pıçıldayarsan! Sənin adın vicdanlarımızın ən əziz qonağı -O ad könüllərimizin daimi qonağı olsun!- Zatın da ruhlarımızın yeganə işıq mənbəyidir. Sonsuzluq duyğusu üzərində qurulmuş kimi hər üfüqdə əbədiyyət axtaran qəlblərimiz Sənin rəhmətinin sonsuzluğunu hayqırır. Dünya Sənin qarşında iki bükülmüş və bir müqəddəs səyahət üçün xəlq edildiyi gündən bəri yollarda.. dağlar, dərələr ehtiram içində və bəçeşm əmrinə müntəzir.. çaylar başları yerdə və Sənin lütfünlə məst olub, həyatla coşub-daşır və "Hayy" ismini hayqırır.. bağ-bağçalar, quşlar-quşcuqlar hər yerdə bir novruz canlılığı ilə Sənin camalının tamaşasına tələsir.. qarlar-buzlar, dolular-fırtınalar Sənin əzəmət və cəlalının bəstəsinə qoşulur.. gəcə-gündüz, yaz-qış dayanmadan müxtəlif dillərlə daim Səni anır.. Səni anaraq rəngdən-rəngə bürünür, göyərir-solur, ağarır, qaralır.

Bütün bunları görüb Səni bilməmək korluq, hər yerdə və hər zaman Sənin lütf və kərəminə məzhər olub Sənə qulluq göstərməmək də bir nankorluqdur. Hər an Səni anmaq bizim qulluq borcumuz, daim Sənə yönəlmək ruhlarımızın ehtiyacı, Səni tanımayanlardan, Sənə baş qaldıranlardan üz döndərmək, hətta onlarla münasibətlərdə araya pərdə qoymaq insan olmanın gərəyidir. Bəli, Səndən söz açmayanları dilimizdən silmək, Səni anmayanları tamamilə unutmaq vicdanlarımızın səsi və qapının qulu olmağımızın gərəyidir.

Ey qapısının tozu-torpağı gözlərimizə sürmə Sultanımız.! Bizlər Sənin yolunda olmağı dərk etdiyimiz –bu bizim zənnimiz də ola bilər- gündən bəri hər zaman yollardayıq.. başımız qapının astanasında.. Könüllərimizi mehmandarlığınla coşdurduq və hər şeyə baxmayaraq, qonağın olma əzmindəyik. Təvəccöhlərin gələcəkdəki lütf və ehsanın müjdəçisi olaraq ümid və qorxularımıza elə bir həyat verdi ki, hər kəsə və hər şeyə üz döndərib xəyallara sığmayan xəyallarımızla Sənə yönəldik.. ayaqlarımızda Əfəndimizə aid qandallar, boynumuzda məşiyət dəzgahından çıxmış boyunduruqlar, saçımızın bir telinə belə əğyarı toxundurmayacaq qədər qeyrətkeş, qərarlı və əhdü peymanlıyıq.

Əgər bizlər Sənin xas bağının qumrularıyıqsa, bizə bitməyən bir nəfəs, kəsilməyən bir səs lütf edib, bizə varlıq və sahib olduğumuz dəyərlərin əvəzini ödəməyi nəsib et! Sən coşdursan coşar, Sən duyursan duyarıq.. Sənin səmtindən qopub gəlməyənləri boş kəlam sayar.. və Səndən bəhs etməyən dildən, Səni tərənnüm etməyən nəğmədən Sənə sığınırıq.

Bunlar əhvalımızı Sənə hecalamaqsa, dillərimizdəki düyünü çöz, bəyanlarımızı bəyanın sayəsində yüksəlt!. Könüllərimizə sabitlik ver və nəfəslərimizi Qüdsi nəfhənlə (xəfif əsən külək) bəslə və dərinləşdir! Sən verməsən, biz heç bir şeyə sahib ola bilmərik.. dilimizi açmasan, heç bir şeyi deyə bilmərik. Bu qol-qanad hara, Onun riza üfüqünə çatmaq hara? Bu könül hara, mərifət xəzinəsinə yelkən açmaq hara? Bu dil hara, vəsfinə tərcüman olmaq hara...? Utancverici davranışlarımızdan, xoşagəlməz bəyanlarımızdan hicab edir və utanırıq.. utanırıq, amma eyni zamanda Sənin əngin müsamihə və rəhmətinə yönəlmənin inşirahı içindəyik. Bəli, günahlarımız, günahları ilə yerin dibinə batanların üsyanlarına bərabər, uzaqlığımız qəhrinin dolaşdığı dairədə.. lakin əfvin bütün xətaları əridəcək ənginlikdə, yaxınlığın da şah damarımızın bərisində.. üsyanlarımıza görə deyil, bağışlayıcı xüsusiyyətinlə, uzaqlığımız cəhəti ilə deyil, yaxınlığın lətafət və hərarəti ilə bizləri oxşa və yaxınlığını vicdanlarımıza duydur; xəstə könüllərimizə təsəlli verib ruhlarımızı təvəccöhlərinlə doyur.

Önümüzdəki yollar sarp və yoxuşlu.. hər künc-bucaqda bir çox qulyabani qeyzlə hücum məqamını və hücum bəhanəsini gözləyir.. dillərində irtica, mürtəcelik, teokratiya və fundamentalizm, əllərində gücün hər növü və xəyallarında min bir intriqa.. əgər biz onların dediyi kimi dinə, dünyaya, elmə və inkişafa qarşı gəliriksə, Sən bizi bu sapqınlıqdan xilas elə..? Ləyiq deyiliksə, yolların mütədəyyin (dindar), mütəməddin (mədəni), mütərəqqi və elm aşiqi insanlara açılması üçün bizləri hüzuruna al və yolları aç! Yox əgər qarşı tərəf yanılırsa, içlərində sülhə meyilli insanlardan hidayətini əsirgəmə! Təmərrüd (üsyankar, inadkar) və din düşmənçiliyini peşə bilənlərin də birliyini dağıt! Qurduqları nizamı başlarına yıx! Yurd-yuvalarına fəryad sal! Və bütün inananları bu qaranlıq düşüncə, qaranlıq ruh və qara səslərin qeyrətinə toxunduğuna inandığımız təcavüzlərindən, təhqirlərindən, təzyiflərindən (saxtakarlıq) və planlarından qapının sadiq qullarını qoru...!

Sızıntı, İyul 1993

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.