Təbliğdə üç əsas

Nəbinin ilahi bəyanları gətirməsi, onları insanlara çatdırması, təbii ki, digər insanların təbliğindən çox fərqlidir. Onsuz da, ilahi bəyanları gətirmə baxımından başqa insanların peyğəmbərlərə oxşaması mümkün deyildir. Onlar təbliğ edərkən təbliğin mahiyyətini və necə icra edilməsini də öyrədirlər. Bu da peyğəmbər təbliğinin özünəməxsus cəhətini təşkil edir. İndi bu mövzunu üç prinsip əsasında ərz edək:

a. Bütövlük

Nəbi Allahdan gələn bəyanları və elçiliyinə aid məsələləri insanlara yoluna, üsuluna uyğun və bu məfkurənin əsl mütəxəssisi olaraq təqdim edir. O, insanı bir bütöv kimi götürür və təbliğini də belə bir bütövlük içində həyata keçirir. Onun üçün də nəbinin təbliğ vəzifəsində ağıl, məntiq, qəlb, könül, hiss və duyğular – ha­mısı nəzərə alınır və heç biri vəhyin nurundan kənarda qalmır. Çünki hər bir nəbi vəhyə münasibətdə qəssalın əlindəki bir cənazə kimidir. Vəhy onları o tərəf bu tərəfə çevirir və istədiyi yönə yönəldir. Belə ki, onlar ən kiçik və ən təfərrüat kimi görünən məsələlərdə belə Allahın diləyi istiqamətində hərəkət edirlər. Bu, onlar üçün bir məcburiyyətdir. Belə olunca da peyğəmbərlər buna fövqəladə həssaslıqla riayət edirlər.

Beləliklə də, dini nəbilərin təbliğinə uyğun çatdırmayanlar insan­ların imana gəlməsinə vəsilə ola bilməzlər. Məsələn, ağıl ehmal edilərsə, təbliğ istənilən nəticəni verməz. Hiss və duyğular nəzərə alınmazsa, eyni mənfi nəticəni doğurar. Vəhyin hüdudlarından kənara çıxarlarsa, qətiyyən hədəfə çata bilməzlər. Vəhyə söykənməyən bəşəri sistemlərin halı və əldə etdiyi nəticələr göz qabağındadır. Bir vaxtlar aldadılmış, səfalət və səfahətə sürüklənmiş kütlələri arxasınca sürüyən və bir çox yoxsul ölkələrdə əsl qayəyə çev­rilən sosializm dəfələrlə keçirilən islahatlara baxmayaraq, yenə də süqutdan yaxa qurtara bilməmişdir. Halbuki sosializmin və bu kimi sistemlərin qurucuları bir zamanlar yalançı peyğəmbər kimi zühur etmişdilər. İndi isə onların yalançı ümmətləri belə deyirlər:

Əfsus, əfsus, bu oyunda bizlər yenə yandıq,
Zira ki ziyan ortada, bilməm nə qazandıq!
(Ziya Paşa)

Bəşəri həvəslərə söykənən bu sistemləri zorla tətbiq edən hərəkatlar da axırda eyni şeyi deyəcəklər. Bəli, bir gün onlar da aldandıqlarını mütləq elan etmək məcburiyyətində qalacaqlar.

Nəbinin təbliğində ağıl, məntiq və hislər çiyinçiyinə və bir-biri ilə sıx bağlıdır. O, ancaq kütlələrin hissindən yaralanaraq insanları meydanlara tökməyi düşünmədiyi kimi, sırf nəzəriyyəçi kimi onları hərəkət və fəaliyyətə yad, cəmiyyətdən qaçıb bir guşəyə çəkilən üzlət[1] insanına da çevirməz.

Və yenə nəbi nə insanları meydanlara çıxarıb anarxistə, nə də onları ancaq hiss və duyğulardan ibarət qəbul edib yararsız və dar düşüncəli insana çevirər. O, Allahdan gələn bəyanları insanların könlünə saçar, onlarda hərəkət, fəaliyyət ruhu oyadar və onları insanlığın səmasına yüksəldib mələklərlə üz-üzə, göz-gözə gətirər.

Qurani-Kərim bu məqamı bəyan edərkən Allah Rəsuluna belə səslənir: قُلْ هَذِهِ سَبِيلِي أَدْعُو إِلَى اللّٰهِ عَلَى بَصِيرَةٍ أَنَا وَمَنِ اتَّبَعَنِي "(Ya Rəsulum!) De: "Bu, mənim yolumdur. Mən və mənə tabe olan (möminlər) insanları bəsirətlə Allaha çağırırıq". (Yusuf surəsi, 12/108)

Bu yol peyğəmbərlik yoludur. Ağılın, məntiqin, mühakimə, hiss, qəlb və vicdanı da ehtiva edən və heç birini ehmal etməyən bir yoldur. Elə bir yol ki nəbi və nəbiyə tabe olanlar insanları belə bir bəsirətlə haqqa dəvət edirlər.

b. Qarşılıq gözləməmək

Nəbi təbliğ əvəzində heç bir şey ummur. O, təbliğini yalnız və yalnız bir vəzifə kimi yerinə yetirir. Elə bütün peyğəmbərlər də: إِنْ أَجْرِيَ إِلاَّ عَلَى اللّٰهِ "Mənim mükafatım ancaq və ancaq Allaha aiddir"[2], – deyərək bu həqiqətə işarə etmişlər.

c. Nəticəni Allaha həvalə etmək

Nəbi təbliğin nəticəsini və gözəl qarşılanmağı Allaha həvalə edir və heç vaxt nəticəyə qarışmır. Çünki bilir ki, onun vəzifəsi təkcə təbliğdir, nəticə isə tamamilə Allaha aiddir.

Bu üç xüsusiyyətdən sonra indi də təbliğin peyğəmbərliyə aid necə bir vəsf olduğunu və hər dövrdə bu vəzifəni yerinə yetirənlərin təbliğ fəaliyyətini hansı üsul və metodla həyata keçirdiyini və onlara xas xüsusiyyətləri ərz etməyə çalışaq. Rəbbimizin bizə də təbliğ vəzifəsini rizasına uyğun yerinə yetirməyi nəsib etsin, yeganə arzumuz budur. Yalnız Allah qəlbimizə təbliğ şövqünü sala və bizi bu yolda müvəffəq edə bilər. Ona güvənir, Ona arxalanırıq.

[1] Guşənişin həyat keçirən, cəmiyyətdən qaçıb tək tənha yaşayan.
[2] Baxın: Hud surəsi, 11/29; Şuəra surəsi, 26/109, 127, 145, 164, 180; Səba surəsi, 34/47.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.