Bəxtimiz Hz. Muhammədlə güldü

Muhammədi ruh səmimi dostluq, qardaşlıq, ülfət və ünsiyyət şəklində təzahür edən, İbrahimvari və Məsihvari üslubu özündə cəmləşdirən insan fitrəti, insan təbiətidir. Bəşəriyyətin bu xarakter və bu təbiətə malik insanlara möhtac olduğunu bilən Cənabi-Haqq iki əvvəlki elçinin xüsusiyyətlərini Allah Rəsulunda (əleyhi əkməlüttəhaya) cəmləmiş və kamil rəhbər olaraq Onu göndərmişdir.

Muhammədi ruhla canlanan insanlar hər kəsə şəfqətlə qucaq açar və onları ürkütəcək, onları qaçıracaq davranışlardan uzaq durarlar. Onlar müxatəblərini cəlb etmə, yumşalma və düşündürmə metodundan istifadə edər; hər məsələyə empatiya ilə  yanaşıb insanları anlamağa çalışar, beləcə könüllərə girməyi bacarar, heç olmasa hər kəsi insaf zəmininə çəkər və sonra da demək istədiyini dilə gətirərlər. Beləliklə, həm digər insanların üfüqünü açmış, həm də onları özlərinə qarşı insaflı davranmağa sövq etmiş olarlar.

Muhammədi ruh şəfqət və mərhəmətlə yoğrulmuş xarakter deməkdir. Belə xarakterə malik olan bir insanın başqalarının dünya və axirətdə bədbəxt olmalarını istəməsi qeyri-mümkündür. Hətta müxatəbləri necə davranır-davransın onların eynilə qarşılıq verməsi, müxatəblərinə bəddua etməsi mümkün deyil. Çünki bəşərə bu ruhu bəxş edən Şəfqət Peyğəmbəri Ona rəva görülən işgəncə, əziyyət və zülm qarşısında belə insanların hidayətini diləmişdir. Üstəlik öz ümməti üçün, onların əbədi qurtuluşu üçün gecə-gündüz dualar etmiş və göz yaşı tökmüşdür.

Müşfiq Nəbi bir gecə, kim bilir, necə sarsıntı keçirmişdi ki, səhərə qədər Həzrəti İbrahimin duası olan: "Ey Rəbbim! Onlar (bütlər), həqiqətən, çox insanı (haqq yoldan) azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, (bilsin ki, tövbə edəcəyi təqdirdə) Sən (günahları) bağışlayansan, (bəndələrinə) rəhm edənsən!" (İbrahim, 14/36) məallı ayəni; Həzrəti İsanın duasını: "Ya Rəbbi! Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən” (İstədiyin bəndəyə əzab verməyə, istədiyini bağışlamağa və hər hansı bir məsələni hakimanə həll etməyə qadir olan ancaq Sənsən!)" (Maidə, 5/118) təkrar-təkrar oxumuş, əllərini qaldırıb: "Allahım! Ümmətimi (bağışla), ümmətimi (bağışla!)" – deyə yalvarmış və ağlamışdı. Allah- Təala: "Ey Cəbrayıl! Muhammədə get və Ona de ki: Biz Səni ümmətindən razı edəcəyik və əsla kədərləndirməyəcəyik" buyurmuşdu.

Bizim yolumuzun əsasını da bu duyğu, bu hiss meydana gətirir; gözümüzü zillədiyimiz üfüq Muhammədi ruhdur. Hər möminin xarakteri son dərəcə zərif, çox incə, ana kimi şəfqətli; həmişə təvazökar, başı aşağı və hər kəsə sevgi ilə qucaq açan bir insan olmalıdır. O, öz dövründə Muhammədi Ruhun (əleyhi əkməlüttəhaya) səsi-səadası olmağa çalışmalıdır. Bəli o, ən uzaqdakılara belə yaxın olmalı və məclisini Peyğəmbər məclisi kimi hər kəsə açmalıdır ki, ən qatı düşmənlər də özlərini qeyri-ixtiyari özünü onun şəfqətli iqliminə salsınlar.

Muhammədi Ruhun Təmsilçiləri Təvazökar Olmalıdır

Muhammədi ruhun təmsilçisi mənəvi aləmlərlə sağlam münasibətdə olduğu halda, insanlara rəftarında bunu hiss etdirməyəcək qədər səmimi və təvazökar olmalı; sadə bir insan kimi yaşamalı; onlarla oturub-durmalı, onlarla yeyib-içməlidir. Bununla yanaşı hər an könüllərə nüfuz etmə yolları axtarmalı; "söhbəti-Canan" deyib daim nəzərləri Ona çevirməli və iqliminə baş çəkən hər kəsə həqiqi insanlığın üfüqünü göstərməlidir. O, Cənabi-Haqqın təvəccöhünü birlik və bərabərlikdə görməli, firaqı İlahi inayətdən məhrum olmanın səbəbi bilməli və bu düşüncə ilə hər kəslə uzlaşmanın, ittifaq qurmanın və həyatı başqaları ilə paylaşmanın yollarını axtarmalıdır.

Əlbəttə ki, digər peyğəmbərlərin xüsusiyyətləri və yolları da hörmətə layiqdir; bütün gözəl xüsusiyyətlər peyğəmbərlərin hər birində müəyyən səviyyədə mövcuddur. Lakin Muhammədi ruh başqa bir üfüqdür. Onda ümumbəşəri bir dinin cahanşümul prinsipləri və bütün bəşəriyyətin əhatəediciliyi vardır. Üstəlik bu əhatəedicilik sadəcə Nəbilər Sərvəri Əfəndimizə və Onun mesajına məxsusdur. Bu baxımdan, durumumuzu və mövqemizi yaxşı dəyərləndirərək, harada və kimin arxasında olduğumuzu yaxşı dərk etməli və buna görə hərəkət etməliyik. "İnsanların qəlbinə necə girə bilərik, ürəyimizi hər kəsə necə aça bilərik, səsimizi-sədamızı dünyaya necə çatdıra bilərik, Muhammədi ruhun varidat və mövhibələrini (bəxşiş, ehsan) başqa insanların könüllərinə necə duyura və onları bu uca həqiqətdən necə xəbərdar edə bilərik?" deməyimiz, bu sualların cavablarını axtararaq, bu istiqamətdə səy göstərməyimiz vacibdir.

Xülasə, Muhammədi ruh, imkan daxilində bağışlamağı, kinə, nifrətə məğlub olmamağı və qisas alma duyğusuna qapılmamağı məsləhət görür ki, hər an Allaha vasil olma şüuru, düşüncəsi ilə yaşayan insanın başqa cür olması da qeyri-mümkündür. Onlar işə öz qəlbindən başlayaraq hər künc-bucaqda yaxşılıq, gözəllik fidanlarının boy atmasına zəmin hazırlayar və bəzən zəhər də olsa, hər kəsi və hər şeyi şəkər-şərbət kimi qəbul edərlər. Xarakterlərinin əsası olan hilm, silm, mərhəmət və mülayimlik sayəsində onlar əzlərinə kin və nifrət edənləri belə təbəssümlə qarşılar və ən amansız orduları sevgi və şəfqətin gücü ilə məğlub edərlər. Onlar başqalarına hörmətlə yanaşdıqları qədər şərəflərini də qoyarlar; müsamihə, şəfqət, mülayimlik və zərifliklərini zəf kimi anlaşılmasına qəti razı olmazla, çünki onlar, lazım olsa, həyatdan tərəddüdsüz üz döndərə biləcək bir ruh ucalığına malikdirlər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.