Biz Əfəndimizə (s.ə.s.) borcluyuq

Hər dəfə Peyğəmbər Əfəndimizə (əleyhissalatu vəsəlləm) səlat və salam gətirmək Ona olan vəfamızın gərəyidir. Çünki Onu hər dəfə səlat və salamlarla anmaq həm onun peyğəmbərliyinə təbrik, həm gətirdiyi əbədi səadət müjdəsinə təşəkkür, həm də gətirdiyi fərmanlara taət və beyəti yeniləmə mənasına gəlir.

Bəli, Allah Rəsuluna (s.ə.s.) səlat və salam gətirməklə əhdü-peymanımızı yeniləmiş, Ona bizi də ümmətinə daxil etsin deyə müraciət etmiş oluruq. "Səni andıq, Səni düşündük; Allah-təalaya Sənin qədrini ucaltsın deyə dua etdik," – demiş və "Dahilək, ya Rəsulullah - Bizi də nurlu halqana qəbul et, ey Allahın Elçisi!.." istəyimizi təkrar edərək Onun əngin şəfqət və şəfaətinə sığınmış oluruq. Bu səbəbdən səlat və salama Əfəndimizdən çox biz möhtacıq. Ona müraciət etməklə mövcudiyyətini, böyüklüyünü qəbul etmiş və kiçikliyimizi, heçliyimizi elan etmiş; acizliyimiz və fəqirliyimizlə birlikdə şiddətli və çox böyük bir günün (hesab günü) əndişəsi ilə Rəsuli-Əkrəmə sığınmış, ehtiyaclarımızı və halımızı ərz etmiş oluruq.

Bildiyiniz kimi "səlat" təbrik, dua, istiğfar, rəhmət kimi mənalara gəlir. “Səlat” sözünün cəmi "salavat"dır. Qurani-Kərimdə belə buyurulur: "Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın!" (“Əhzab” surəsi, 33/56). Bu ayə əsasında Peyğəmbərimizə səlat və salam gətirərək Ona hörmət, sevgi duymaq hər müsəlmanın vəzifəsidir. Hər müsəlman, heç olmasa: "Allahummə səlli alə Muhamməd – Allahım, rəhmət və bərəkətin Əfəndimiz Həzrəti Məhəmmədə olsun" deyərək səlat gətirmək məcburiyyətindədir.

Rəsuli-Əkrəm Əfəndimiz: "Yanında adım çəkiləndə mənə səlat gətirməyənin burnu sürtülsün, həqarətə məruz qalsın," – buyurmuşdur. Bununla birlikdə Peyğəmbərimizin (s.ə.s.) adı hər dəfə çəkiləndə və ya xatırlananda səlat gətirmə barəsində bəzi alimlər: "Bir yerdə Hz. Peyğəmbərin (s.ə.s.) adı nə qədər çəkilir-çəkilsin, bir dəfə səlat gətirmək kifayətdir," – deyir. Alimlərin əksəriyyəti isə: "Əfəndimizin (s.ə.s.) mübarək adı hər çəkiləndə səlat və salam gətirilməlidir," demişdir. Bəzi alimlər “insanın ömründə bir dəfə səlat və salam gətirməsi vacibdir” deyir, İmam Şafi kimi alimlər isə adı hər çəkiləndə səlat və salamla Onu mədh etməyi məsləhət bilir.

Necə ki, hədis elmi ilə məşğul olanlar hədisləri rəvayət edərkən Onun (s.ə.s.) adı nə qədər çəkilir çəkilsin hər dəfə: "Sallallahu əleyhi və səlləm" deyərək vəfa və hörmətini bildirmişlər. Hətta bəzi yerlərdə azanda Rəsulullahın (s.ə.s.) ismi-şərifi anıldığı zaman: "Əşhədu ənnə Muhammədən Rəsulullah" deyildiyi üçün azandan sonra da səlat və salam oxunur. Ərzurum da bu yerlərdən biridir. Orada da azandan sonra "Əs-Sələtu vəs-sələmu əleykə ya Rəsulullah, əs-Sələtu vəs-sələmu əleykə ya Həbiballah, əs-Sələtu vəs-sələmu əleykə ya Xatəmən-nəbiyyinə" deyə səlat oxuyarlar. Əslində, azan içində belə bir səlat və salam yoxdur, lakin bunu bir vəfa borcu olaraq deyirlər.

Onun yolundan başqa yol yoxdur

Bəli, səlat və salam məsələsinə bir vəfa borcu kimi baxmaq lazımdır. Biz Əfəndimizə borcluyuq. Allah bizə hər an bu borcu ödəmə şüurunu verməklə mükəlləf etməmişdir. Həyatın hər anında Onu (s.ə.s.) xatırlamaq, Ona fasiləsiz səlat və salam gətirmək məcburiyyətində qoymamışdır. Lakin biz onsuz da Onun (s.ə.s.) gətirdiyi dinin hökmlərinə riayət etməklə bir cəhətdən Ona (s.ə.s.) borclu olduğumuzu dayanmadan, fasiləsiz dilə gətirmiş oluruq.

Gündə beş dəfə minarələrdən yüksəldiyi kimi, könüllərimizdən də yüksələn azanı düşünün.. hər namaza gedişdə:

"Göy nura qərq olar yüz min minarədən,
Qanad çalınca ruhu-rəvani-Muhammədi;
Ərvah cümlətən görər "Allahu Əkbər"i,
Əks edincə ərşə lisani-Muhammədi"

Yəhya Kamal

misraların həqiqətini səsləndirir, əvvəlcə azanla vəfamızı elan edirik. Zati-Üluhiyyətlə yanaşı Əfəndimizin (s.ə.s.) o gözəl adını də anırıq. "Lə iləhə illəllah"ın "Muhammədin Rəsulullah"dan ayrıla bilməyəcəyini, şəhadətin ancaq ikisini birlikdə deyilməsi ilə tamamlanacağını göstəririk. Ustad Həzrətlərinin “Məktubat” əsərində də ifadə etdiyi kimi, “Kəlmeyi-şəhadətdə iki kəlam bir-birindən ayrıla bilməz, onlar bir-birini təzəmmün və isbat edir, biri olmadan digəri olmaz” deyir. Bəli, madam, Peyğəmbərimiz (əleyhissalatu vəssəlləm) Xatəmul-Ənbiyadır, bütün peyğəmbərlərin varisidir. Əlbəttə, O, bütün vüslət yollarının başındadır. Onun yolundan başqa həqiqət və nicat yolu ola bilməz. Bütün əhli-mərifət və əhli-təhqiq imamları Sədi-Şirazi kimi: "Ey Sədi! Muhammədi (sallallahu əleyhi və səlləm) örnək almadan qurtuluş və pak yolu tapmaq qeyri-mümkündür " deyirlər.

Gözümüz, könülümüz Səninlə aydınlandı...

Bəzi kitabların rəvayətinə görə, azanı eşidən birinci "Əşhədu ənnə Muhammədən Rəsulullah" oxunanda: "Sallallahu əleykə ya Rəsulullah - Allah Sənə səlat etsin, ey Allahın Peyğəmbəri!" – deyir. İkinci dəfə "Əşhədu ənnə Muhammədən Rəsulullah" oxunanda da "Qarrət ayni bikə, ya Rəsulullah - Gözüm Səninlə işıqlansın, aydınlansın ey Allahın Peyğəmbəri!" – deyir. Bunu deyəndə də baş barmağının uclarını öpərək gözlərinə çəkir ki, bu da “müstəhəb”dir. Gözüm səninlə aydınlandı... necə də gözəl sözdür. Dilimizdə "gözaydınlığı" sözü çox işlədilir.. Uşağı olana, oğlu əsgərdən gələnə, övladını evləndirənə "Gözünüz aydın olsun" deyirik! "Qarrət ayni bikə, ya Rəsulullah" sözünün mənası da məhz bu mənadadır. Sanki, onun adı çəkiləndə yeni bir viladətə, yeni bir vüslətə və başqa bir şəbi-arusa şahid olur və: "Ya Rəsulullah, Səninlə gözümüz aydın oldu" deyirik. Sən gəldin hər şey zülmətdən qurtuldu, hər varlıq işığa qərq oldu. Sən gəldin gözümüzün içi işıqlandı, qəlbimiz güldü, dünya işıqlandı, üqbaya gedən yollar işıqlandı. Sən gəldin getdiyimiz yollar nurlandı, addım atacağımız, ayaq basacağımız yerlər işıqlandı.

Azan bitəndə də azan duası ilə vəfa borcumuzu ödəməyə çalışır, Əfəndimizə (s.ə.s.) bir növ səlat və salam gətirir və Onun (s.ə.s.) Məqami-Mahmuda nail olması üçün dua edirik. Sonra iqamə gətirilir, burada da bir daha nami-cəlili-Muhammədini zikr edirik.

Bəli, şüurlu və ya şüursuz, keyfiyyəti nə olur-olsun bu vəfa borcumuzu və şükran hissimizi azanla, iqamə ilə, namazla, təşəhhüd və təhiyyətlə.. ifadə edirik. Kaş ki, şəkər-şərbəti dilimizlə daddığımız kimi, bu sözləri də dərk edə və ruhən mənimsəyə, hər kəlməni tam dada bilək.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.