Cümə yamaclarında Camalullahı müşahidə etmək

Axirət aləmini mələklər qədər geniş və onlar qədər dərin duyub hiss etmə mövzusuna keçmədən əvvəl digər aləmlə bağlı bir fikrimi demək istəyirəm. Belə ki, axirət aləmində cismaniyyətimizin mahiyyəti bizə məlum deyil. Bu mövzudakı üsuluddin və kəlam alimlərinin mütaliələri başımızın tacıdır. Onlar Quran və Sünnəni imanın gərəyi olaraq, nəssləri o dövrün dünyagörüşünə görə şərh etmiş və bu istiqamətdə dəlillər gətirmişlər. Onların bu mütaliələrinə heç nə deyə bilmərik. Ancaq axirətdə bizə veriləcək bədənin mahiyyəti haqqında dəqiq söz demək olduqca çətindir.

Allah (c.c.) bizi bu aləmdə atomlar, elektronlar, neytronlardan və ya efirdən (əsirdən) yaratdısa, axirətdə də bizi efirdən (əsirdən) çox fərqli bir ünsürdən, ona maddə demək olarsa, daha fərqli bir maddədən yarada bilər. Bu baxımdan "Axirətdə də, şübhəsiz, ətimiz, sümüyümüz olacaq, orada da oksigen alıb və karbon di oksid verəcəyik, buradakı kimi yeyib-içəcəyik…" deyib məsələni məhdudlaşdırmamız daraltmağımız doğru deyil. Çünki o aləmin xüsusiyyətləri bu dünyaya heç bənzəmir, orada hər şey çox fərqli baş verəcək. Məsələn, Cənnətdə istirahət və həzz üçün olsa belə, yorğunluğun səbəb olduğu mürgüləmə tələbatı olmayacaq. Bu səbəblə, bizim axirət aləmi ilə bağlı ayə və hədislərdə keçən ifadələrə hüdüd qoymamağımız, digər aləmin mahiyyəti haqqında dəqiq söz deməkdən uzaq olmağımız gərəkdir düşünürəm. Təsəvvürə belə gətirə bilmədiyimiz o axirət aləmini hər yönü ilə duyub hiss etmə, həzz alıb yaşamağımız bu dünyada mələki yönümüzün inkişafı nisbətində olacaq. Mələklər isə təbii olaraq dünyamızın hüdudlarında belə bu vüsətə, bu dərinliyə malik olan varlıqlardır. Çünki bu nurani məxluqların inikası da həqiqi, gerçəkdir. Güzgüdəki əksi onun bilavasitə həqiqi mahiyyətinin əksidir. Bu səbəblə, Bədiüzzaman Həzrətlərinin sözləri ilə: "Məsələn, Həzrəti Cəbrayıl Əleyhissalam Dihyə cildində Əfəndimizin hüzurunda olduğu halda, Allahın hüzurunda əzəmətli qanadları ilə Ərşin önündə səcdəyə gedər, eyni anda həm saysız yerlərə gedər, İlahi əmirləri təbliğ edərdi. Bir iş başqa işə mane olmazdı." Bu baxımdan, biz nurdan yaradılan mələklərin həyat boyu malik olduqları xüsusiyyətlərə mələki yönümüzü inkişaf etdirdiyimiz nisbətdə axirət aləmində sahib olacağıq. Bir mənada, Cənnətdəki mahiyyətimiz mələklər kimi olacaq. Bunun təzahürü olaraq da, Cənnətdə eyni anda bir çox nemətlərdən istifadə etmə imkanı əldə edəcəyik. Məsələn, Cümə yamaclarında Cənabi- Haqqın camalını müşahidə edərkən, eyni anda Əfəndimizin (sallallahu əleyhi və səlləm) yanında Ona təqdim olunan semavi süfrədən istifadə edəcək və Onun boyası ilə boyanacaq. Bəlkə də, min illik məsafələrin Meracda Əfəndimiz (sallallahu əleyhi və səlləm) üçün dürülüb qısaldıldığı kimi, Cənnətdə də minlərlə neməti eyni anda duyub hiss edəcəyik. Bütün bunlar mələki xüsusiyyətlərdir.

Halbuki, bizim bu dünyada cismani olaraq paylaşdığımız atmosfer, yaşadığımız mühit var ki, bu hərəkət sahəmiz olduqca məhduddur. Məsələn, əlimizi uzatsaq, ancaq yanımızdakı insana təmas edə bilərik. Çayı əlimizə alıb içməyimiz, yeməyimizi yeməyimiz, oturmağımız, qalxmağımız hamısı dar dairəli, dar sahəli və dar çərçivəli hərəkətlərdir. Lakin Cənnətdə dünyada bəzi abdallara nəsib olduğu kimi, eyni anda müxtəlif yerlərdə ola bilərik. Məsələn, eyni anda rəhmaniyyət, rəhimiyyət, rəzzaqiyyət üfüqündən Cənabi-Haqqı müşahidə edə bilərik. Nurani və mələki mahiyyətimizlə arzuladığımız hər yerdə Onu duya bilərik. Məhz buna görə də, Cənnətin bir saatlıq ömrü dünyanın min illik xoşbəxt həyatından üstün tutulur. Çünki orada min illəri dürülmüş bir kitab kimi eyni anda duymaq imkanını əldə edirik. Görmə qabiliyyətimiz də dünyadakı kimi üç ölçülü, dörd ölçülü və ya beş ölçülü deyil, bəlkə, yüz ölçülü olacaq və biz bir şeyi eyni anda yüz ölçüsü ilə görüb hiss edə biləcəyik. Qurani-Kərimdə mələklərin vəsf edilməsi ilə bu dünyada mələkləşmə yolunda olanların axirətdə həmin üfüqü paylaşacağına işarə olunur və sanki onların mütləq aqibəti nəzərə çatdırılır.

Peyğəmbərimiz və mələkləşmə üfüqü

Əsasında Nəbilər Sərvərinin (sallallahu əleyhi və səlləm) inci sözləri və nurani həyatı insan təbiətinin mələkləşmiş halını canlı nümunələrlə ortaya qoyur. Məsələn, O (sallallahu əleyhi və səlləm), bir hədisi-şərifində: "Allah hər nəbiyə bir arzu, istək və şəhvət vermişdir. Mənə gəlincə, mənim şəhvətim gecə namaz (təhəccüd) qılmaqdır" (Taberani, el-Mu'cemü'l-kebir, 12/84) buyurur. Demək ki, bizim yemə, içmə və başqa cismani şeylərə qarşı olan arzu, iştah və şəhvani hisslərimiz təbiətimizin bir hissəsi olduğu kimi, Peyğəmbər Əfəndimizin (sallallahu əleyhi və səlləm) ibadət və taətə olan düşkünlüyü də Onun təbiətinin bir gərəyi idi. Bəli, itaət və qulluq Onun təbiəti ilə bütünləşmişdi. Çünki O (sallallahu əleyhi və səlləm) ağlasığmaz ibadət və übudiyyəti ilə mələki yönünü dərinləşdirib genişlətmişdi. Fitrətinə yerləşdirilmiş mələki toxumları cücərtmişdi. Həzrəti Busirinin ifadəsi ilə Həzrəti Məhəmməd Mustafa (sallallahu əleyhi və səlləm) bir bəşər kimi bizim aramızda idi, lakin O adi bir bəşər kimi deyildi. Bəli, O özünü aşmışdı; ayağı mülk aləmində olsa da, lakin mələkut aləminin göyərçini idi.

Nəbilər Sərvərinin (sallallahu əleyhi və səlləm) xüsusu olaraq daşıdığı bu mələkləşmə üfüqü ümumi mənada bizim üçün də keçərlidir. Yaxşı olardı ki, biz də Qurani-Kərim və Sünnəti-Səhihədə keçən mələklərə məxsus xüsusiyyətləri nümunə götürüb həyatımıza tətbiq edək və bu yolda səy göstərək.

Xülasə
  • Ölümdən sonrakı həyatın mahiyyət və keyfiyyəti haqqında qəti və dəqiq bir fikir söyləmək doğru deyil. Çünki o aləm gözlərin görmədiyi, qulaqların eşitmədiyi və insan ağlına gəlməyən şeylərlə doludur.
  • Nəbilər Sərvərinin (sallallahu əleyhi və səlləm) ləlü-cövhər sözləri və pürnur həyatı insan təbiətinin mələkləşməsini ən bariz və canlı nümunələrlə ortaya qoyduğu üçün Onu olduqca həssas və ciddi izləməliyik.
  • Qurani-Kərim və Sünneyi-Səhihədə keçən mələklərə xas əhval və övsafı (vəsfləri) nümunə götürüb onları həyatda tətbiq etmək və o yolda səy və cəhd göstərmək mələkləşmə yolunda irəliləmək deməkdir.

Sonu Cənnət olan yol

Bir hədisdə Peyğəmbər Əfəndimiz (sallallahu əleyhi və səlləm) belə buyurur: - Kim elm üçün səfərə çıxsa, Allah ona Cənnətə gedən yolu asanlaşdırar" (Müslim, Zikr 38; Əbu Davud, Ədəb 68). Bəli, deməli Cənabi-Haqqın rizası üçün elm naminə hicrət edəni, sonu Cənnət olan bir yol gözləyir. Allah (c.c.) həmin insana Cənnətə layiq əməllər lütf edər və artıq o, dünyada Cənnət yamaclarında gəzirmiş kimi ömür sürər.

Ancaq mövzunun əvvəlində də dediyimiz kimi elm üçün uzaq ölkələrə səyahət etmək böyük əhəmiyyətə malik olsa da, mütləq şərt deyil. Çünki insan böyüyüb boya-başa çatdığı yerdə də savad alıb öz sahəsində ən yüksək zirvəyə çata bilər. Əsas olan doğru biliyi doğru insanlardan düzgün şəkildə almaqdır. Yoxsa, səhv yollar göstərən zahiri "mürşid"lərin əlində insan istər uzaq, istər yaxında olsun zəlalətə düşə bilər. Niyazi Misrinin "Hər mürşidə əl vermə ki, yolunu çıxmaza salar/Mürşidi-kamil olanın yolu çox asan imiş..." misralarına əsasən deyə bilərik ki, əsas məsələ istər yaxın, istər uzaq olsun doğru rəhbər və mürşid tapa bilməkdir.

Məsələn, hicri 7-ci və 8-ci əsrlərdə İstanbulda elm inkişaf etdiyinə görə, orada dünyaya gələn insanlar İstanbulda qalmış və boya-başa çatdıqları yerdəcə təhsilini davam etdirmişlər. Buna görə də, o dövrdə İstanbulda dünyaya gələn bir elm aşiqinin mütləq yurd-yuvasını qoyub qürbətə getməsinə ehtiyac olmaya bilərdi. Ancaq eyni dövrdə İstanbulda elmi atmosferin daha canlı, daha mükəmməl olduğunu düşünən bir çox Anadolulu daha əngin, daha yüksək səviyyəyə çatmaq üçün el-obasından ayrılıb İstanbula köçmüşdür.

Bəlkə, bu məqamda belə bir məsələ də ağıla gələ bilər: Cəmiyyətimizdə geniş yayılmış adətə görə, valideynlər onlarla yaşayan övladlarını baş-göz eləmək, yəni evləndirmək istəyirlər. Çünki ana-atalar, ümumiyyətlə, tezliklə qucağına nəvə almaq, hətta nəticə də görmək istəyirlər. Belə olanda da insan uzun zaman və böyük fədakarlıq tələb edən elmi iş və fəaliyyətlər üçün fürsət tapa bilmir, təhsilini istədiyi səviyyədə davam etdirmə imkanından məhrum olur. Belə hallarda elm üçün səfər zərurətdir deyə bilərik. Ancaq bu seçimi edən ana-atasına asi olub onlara qarşı çıxmamalı, əksinə onların hissiyyatını da nəzərə alaraq könlünü almalı və bir yol tapıb onları razı salmalıdır. Bəlkə də, bu məqamda elm üçün fədakarlığın həm ailəsi, həm milləti, həm də bütün bəşəriyyət üçün faydalı olacağını izah edib dönüşdə onların da sevinib razı olacağını xatırlatmaq da olar. Ana-atanın könlünü alıb onları razı salaraq elm arxasınca uzaqlara getmək, qürbətin məşəqqətinə dözmək insana hicrət savabı da qazandırar.

Sözün cövhəri

Bəzi insanlar illərdir müsəlmanları cahil göstərmiş və "mürtəce", "doqmatik" kimi bir çox damğalarla qaralamışlar. Zühd səhv anlaşılmış və müsəlmanlar bir küncə çəkilmiş küpəgirən qarı kimi xarakterizə edilmiş, töhmətə məruz qoyulmuşdur. Əslində zühd qəlbən yaşanmalıdır və insan qəlbən dünyaya bağlı olmamalıdır. Yoxsa kəsbən[1] xalq dili ilə desək, dünyanın altından vurub üstündən çıxmalı və nə olur olsun mütləq müvəffəq olmalıdır.

Həftənin duası

Hər şeydən əvvəl varlığı ilə varlığımızı işıqlandıran, gözlərimizə nurlar saçıb bizi nəfsani qaranlıqlardan qurtaran Mərhəməti Sonsuz Rəbbimizə həmdü-sənalar edir, iki cahan sərvəri, ənbiyanın seyidi və rəhməti-ilahiyyənin timsalı olan Peyğəmbəri-Zişanə salətü-salamlarla bir daha anaraq əllərimizi açıb yalvarırıq: Ey Rəbbimiz, bizi dünyanın hər cür cövrü-cəfasından, rəzil-rüsvay etməsindən və axirət əzabından qoru. Bizi və həyatını ileyi-kəlimətullaha həsr etmiş insanları xoşnudluğunla doyur.


[1] İş, əmək baxımından

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.