Dua mövsümünün astanasında...

Fəthullah Gülən: Dua mövsümünün astanasında...

Dua Rəbbə edilən sirli, gizli və qüdsi bir übudiyyətdir. Bəli, dua ən səmimi, ən xalis ibadət nişanəsidir. Dua bəndənin ixlas və səmimiyyətlə Rəbbinə üz tutub diləyini Ona ərz etməsidir. Qurani-Kərim “Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm.” (“Bəqərə” surəsi, 2\186), “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!” (“Ğafir” surəsi, 40\60), “Duanız olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?” (“Furqan” surəsi, 25\77)... kimi ayələrlə duanın əhəmiyyətini açıqlayır. Allah Rəsulu da (sallallahu aleyhi vəsəlləm) tez-tez ümmətinə dua etməyi tövsiyə buyurar, öz həyatını da mübarək dualarla bəzəyərdi.

Bu qədər təşviq edilən dua möminin həyatında mühüm yerə malikdir. Əllərini dualarla Rəbbinə qaldıran qul bir mənada demək istəyir ki: “Elə anlar olur ki, səbəblər aciz qalır, təbiət hadisələri təsir gücünü itirir və kimsə mənə əl uzadıb dərdimə çarə qılmır. Ancaq mən əllərimi daim səsimi eşidən, nəfəsimi duyan, mənə şah damarımdan daha yaxın olan, dualara cavab verəcəyini vəd edən, verdiyi vədi yerinə yetirməyə qadir olan, sözünə sadiq O Ucalardan Uca Zata açır, yalnız Ona dua edirəm”.

Bəndə Rəbbini dua ilə, gözlə görməsə də, Onu xəlq etdiyi əsərlərdə görür və qürbət (yaxın olma) hissi ilə Ona yönəlir. Biz Günəş kimi Ondan da uzaq ola bilərik. Ancaq O da günəştək rəhmət şüaları ilə həmişə başımızı oxşayır, hər şeydən agah olur və açılan əlləri boş qaytarmır. Bəli, O, bəndələrinə ana-atadan daha şəfqətlidir. Allah Rəsulu bir mənzərəni nişan verərək əshabi-kirama bu həqiqəti izah edir:

Bir döyüşdən sonra Nəbilər Sərvəri (əleyhissalatu vəssalam) əsirlər arasında bir qadının övladını təlaş içində axtardığını gördü. Qadın qarşısına çıxan hər uşağı bağrına basır, qoxulayır, sonra buraxırdı. Xeyli axtardıqdan sonra nəhayət övladını tapdı, bərk-bərk bağrına basdı. Öpdü, qoxuladı, sinəsinə sıxdı. Bu mənzərəni görən Allah Rəsulunun gözləri doldu. Hıçqıra-hıçqıra ağlayaraq səhabələrinə həmin qadını göstərib "Qadını görürsüz?", - deyə soruşdu. Səhabələr: "Bəli, Ya Rəsulallah!" – dedilər. Allah Rəsulu: "Bu qadın övladını Cəhənnəmə atarmı?" – deyə sual etdi. Səhabələr: "Xeyr, ya Rəsulallah!". İki Cahan Sərvərinin dilindən hikmət dolu bu kəlamlar süzüldü: "Allah bu qadından daha mərhəmətli, daha şəfqətlidir".

  • Bəndə Rəbbini dua ilə, gözlə görməsə də, Onu xəlq etdiyi əsərlərdə görür və qürbət (yaxın olma) hissi ilə Ona yönəlir.
  • İnsan qəbul olunacağına ürəkdən inanaraq və itminan hissi ilə Rəbbinə dua etməlidir.
  • Bizlər Rəbbimizə elə yalvarışlarla dua etməliik ki, bu yalvarışlar Rəbbin rəhmətini ehtizaza gətirsin.

Dua necə edilir?

“Rəbbimizə necə dua edək?” sualına gəlincə, xülasə şəklində belə izah edək: əvvəla Cənabi-Allahın qəbul edəcəyinə qəlbən inanaraq, ciddi itiminan içində dua etməliyik. “Olsa da olar, olmasa da”, yaxud “Filan şeyi mənə verərsən, ya Rəbbim?” şəklində dua etmək doğru deyil. Allahın xəzinələri geniş, gücü hər şeyə yetəndir. İstəsə, gədanı bir göz qırpımında bəy edər. Ona görə dua zamanı alihimmət olmalı, ali, yüksək şeylər istəməliyik. Məsələn, Cənnət əvəzinə Firdövs diləməliyik. Bu şəkildə dua etməyi bizə Allah Rəsulu şəxsən özü öyrədir.

İkincisi, biz Allahın arzu və istəklərimizi yerinə yetirməyə qadir olduğuna şəksiz inanırıq. Biz “O, Cənnət kimi bir aləmi xəlq etməyə qadirdir” deyir və Ondan Cənnəti diləyirik. Bu, təkcə dua edib ürəyi boşaltmaq deyil, səmimi bir ərzi-hal və həmin ərzi-halın içində Cənabi-Allahın bütün övsafi-kamaliyə və əsmayi-hüsnasını dilə gətirməkdir. Məhz bu cür dua səmimi übudiyyətdir və belə bir dua edən heç vaxt əliboş dönməz.

Duaya etina ilə yanaşmalı, laqeydlikdən uzaq olmalıyıq. Məscid qabağında dilənən insanlar var, bəzən elə ürəkdən dil tökür, elə səmimi dilənirlər ki, adam özünü verməyə məcbur hiss edir. Biz də bəndə olaraq Rəbbimizə elə yalvarmalıyıq ki, bu yalvarış Rəbbin mərhəmətini ehtizaza gətirsin. Sırf bu cür yalvarmaqla nicat tapan insanlar var. Məsələn, eşqlə cuşa gələn bir nəfər: “Ya Rəbbim! Mən özümü yaxşı tanıyıram. Əgər lütfün olmasa, bu əməllərlə, çətin ki, Cənnətə girim. Sənə elə vurğunam ki, Cəhənnəmə atsan da, ordakılara da Səndən danışaram!” Bir başqa Haqq aşiqi deyir: “Ya Rəbbim! Bir Sənə baxıram, bir də özümə... Mənə günah yaraşmır, amma bağışlamaq Sənə çox yaraşır!”

Bəli, bunlar ilahi rəhməti ehtizaza gətirən səmimi ifadələrdir və Cənabi-Allah da bu duaları vəsilə edərək bəndələrini bağışlayacaq.

Duada belə səmimi übudiyyət olduğu üçün ondan bir an da olsun, cüda düşməməliyik. Şübhəsiz ki, Allah bəndələrinin duasını eşidir. Ancaq bəzən dualarda yanlış şeylər istəyirlər, Cənabi-Haqq da onlara istədiklərini deyil, xeyirli olanını verir. Bədiüzzamanın sözü ilə desək, bəndə bir oğlan uşağı istəyir, Allah da ona Hz. Məryəm kimi xeyirli bir qız övladı verir.

Ədəb anlayışımız

Bu gün cəmiyyətdə çox geniş yayılan elə hərəkət və davranışlar var ki, dində xoş qarşılanmamış və pislənmişdir. Hətta Peyğəmbərimiz (sallallahu aleyhi vəsəlləm) onlardan bəzilərini sadalayaraq, məsələn, əli belə qoymaq, əlləri arxada birləşdirmək kimi hərəkətləri təkəbbür əlaməti saymışdır. Ayağı ayaq üstünə atmaq bizim adət-ənənəmizə, tərbiyə sistemimizə yaddır. Başqalarının yanında uzanmaq, yayxanmaq, ayaqlarını uzatmaq, ayağı ayaq üstünə atmaq mədəniyyətimizə uyğun olmadığı kimi, kiməsə üzünü turşutmaq, sərt baxışlarla baxmaq, yersiz əl-qol hərəkətləri, ağız büzmək də bizim ədəb anlayışımıza ziddir. Mömin heç vaxt bu cür hərəkət və davranışlarla kimisə alçaltmamalı, buna bənzər hərəkətlərdən uzaq olmalıdır. Bəzi insanlar yorulanda ayağı ayaq üstünə atsa da, Haqq dostları gecə yatağa girəndə belə ayaqlarını uzatmaqdan utanırlar. Bəzən yaddan çıxarıb ayağını ayaq üstə azacıq atsalar da, dərhal özünü yığışdırıb: “Əstağfirullah, ya Rəbbim! Sən görə-görə nə haqla belə oturaram?” deyib peşman olurlar. Bəzi insanlarda bu hərəkətlər vərdiş halına gəlibsə, böyüklərdən biri onu xəbərdar etməli, üzlərinə deməkdən inciyəcəklərsə, ümumi şəkildə hər kəsə deyib onlara da mətləbi çatdırmalıyıq.

Xülasə, biz hansı ədəb anlayışının övladlarıyıqsa, hansı ədəb mühitindən və hansı ədəb mədəniyyətindən çıxmışıqsa, onu canlandırmalı, yaşatmalı və o istiqamətdə ömür sürməliyik. Bizim öz mədəni köklərimiz var. Məhz həmin köklərə sadiq qalaraq canlandırdığımız pak ədəb anlayışı və haqq mədəniyyəti Allahı məmnun edəcək, Peyğəmbərimizi sevindirəcək və bir insana da xələl gətirməyəcəkdir. Biz bir ədəb toplumunun və köklü bir mədəniyyətin övladlarıyıq. Hərəkət və davranışlarımız da bu mədəniyyət və ədəbi ehtiva etməlidir.

Həftənin duası

Ya Rəbbim! Yeganə istəklim, məqsədim, mətləbim Sənsən! İnsanların qəlbi, alın yazısı Sənin əlindədir. Hər şey, hər kəs Sənə möhtacdır. Hüzuruna gələrək acizliyimizi, yoxsulluğumuzu və çarəsizliyimizi Sənə, yalnız Sənə ərz edirik. Sən bizi başqa qapılarda dilənçilik, Səndən qeyrisinə da gizli-açıq qulluq etməkdən qoru.

Sözün cövhəri

Əgər bu dünyanı ticarət yeri qəbul edib həyatımızı bu düşüncə ilə nizamlamasaq, hər şeyə cismani arzu-istəklərin prizmasından baxsaq, bir gün yəhər qoyub belimizə minsələr, heç təəccüblənməyin. İdealsız, əməlsiz, gözü yuxarılarda, burnu havada gəzən insanlar hər halda buna layiqdirlər. İnsanın dəyəri Allaha bağlılıqdan və Onunla səmimi münasibətdən asılıdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.